Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-2848/2025 26.11.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X1, Cavabdeh QSC-nin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh QSC-yə qarşı pul və s. tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh QSC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanındakı əmlak kompleksi kimi müəssisənin yerləşdiyi 180913.8 kv.m torpaq sahəsinin boşaldılaraq Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməsi və dövlət mülkiyyətində olan həmin torpaq sahəsindən icarə müqaviləsi bağlanılmadan istifadə edilməsi ilə bağlı əsassız varlanma nəticəsində vurulmuş zərərin əvəzi olaraq 2008-ci ilin mart ayından xx.xx.2016- cı il tarixinə qədər 58050,71 manat və xx.xx.2016-cı il tarixdən 2025-ci ilin aprel ayına kimi 371007,66 manat, ümumilikdə 429058,38 manat məbləğində vəsaitin Əmlak Məsələləri Dövlət Xidmətinə ödənilməsi vəzifəsinin Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin üzərinə qoyulmasına qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** nömrəli çıxarışa əsasən, ünvan 1 ünvanındakı ümumi sahəsi 31660.1 kv.m təşkil edən əmlak kompleksi kimi müəsissə Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin xüsusi mülkiyyətində, həmin əmlak kompleksinin yerləşdiyi 180913.8 kv.m torpaq sahəsi isə dövlət mülkiyyətində olmaqla onun istifadəsindədir. Aşağıdakı səbəblərdən hesab edilir ki, ünvan 1 ünvanında yerləşən, dövlət mülkiyyətində olan 180913.8 kv.m torpaq sahəsi Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən boşaldılaraq Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməli və həmin torpaqdan hüquqi əsas olmadan istifadə edilməsi ilə bağlı əsassız varlanma nəticəsində dövlətə vurulmuş 429058,38 (dörd yüz iyirmi doqquz min əlli səkkiz manat otuz səkkiz qəpik) manat məbləğində zərər dövlət büdcəsinə ödənilməlidir. Belə ki, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən, dövlət mülkiyyətində olan 180913.8 kv.m torpaq sahəsi Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin istifadəsində olmaqla dövlət mülkiyyətindədir. Çıxarışda torpaq sahəsinin Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin istifadəsində olmasının qeyd edilməsi torpağın onun hüquqi əsasla deyil, faktiki istifadəsində olmasını nəzərdə tutur. Çünki aşağıda qeyd edilən hallar torpaq sahəsinin cavabdehin qanuni istifadəsində olmadığını təsdiq edir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51-ci maddəsinin altıncı hissəsinə və “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin ikinci hissəsinə əsasən Azərbaycan Respublikasında icarə münasibətlərinin obyektləri olan dövlət və bələdiyyə torpaqlarımənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə, qanunvericiliklə müəyyən edilmiş qaydada icarə əsasında verilir. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”nin 11-ci bəndinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Xidməti özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsini satın alınması üçün həmin sahənin üstündə yerləşən müəssisə və obyektin mülkiyyətçisinə təklif etməlidir. Əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli, 659 nömrəli Fərmanının 3-cü bəndinə əsasənhüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması həmin Fərmanla müəyyən edilmiş qaydada həyata keçirilir, bir şərtlə ki, dövlət mülkiyyətində olan həmin torpaq sahələri belə fiziki və hüquqi şəxslərin qanuni istifadəsində və ya icarəsində olsun. Qeyd edilən Əsasnamənin 2-ci bəndinə əsasən özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri dedikdə dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi zamanı onların texniki pasportlarında göstərilmiş hüdudlar daxilində istifadəsində olan torpaqlar nəzərdə tutulur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 50-ci maddəsinin 1-ci hissəsinə əsasən torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Həmin maddənin 2-ci hissəsi ilə dövlət torpaqlarının daimi istifadəyə verildiyi subyektlərin dairəsi müəyyən edilmişdir. Hazırkı iş üzrə cavabdeh həmin subyektlərin sırasına daxil deyildir. Həmçinin “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 29.6-cı maddəsinə əsasən özəlləşdirilmiş obyektlərin mülkiyyətçiləri həmin obyektlərin yerləşdiyi torpaq sahələrinin müvafiq normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada satın ala və ya satınalma hüququ ilə icarəyə götürə bilər, habelə müvafiq qərar (müqavilə) əsasında həmin torpaqdan daimi və ya müvəqqəti istifadə edə bilər. Bu sahədə məhdudiyyət olduğu halda, o cümlədən, özəlləşdirilmiş obyektlərin mülkiyyətçiləri əcnəbi və ya vətəndaşlığı olmayan şəxs, xarici hüquqi şəxs olduqda isə o, torpaq sahəsini satınalma hüququ olmadan icarəyə götürə bilər. Bildirilir ki, qeyd edilən torpaq sahəsinin cavabdehin qanuni istifadəsində olmasına dair qərar və müqavilə mövcud deyildir. Cavabdeh dövlət torpaq sahəsinə dair icarə müqaviləsi bağlamadan istifadə etməklə hüquqdan sui-istifadəyə yol verir ki, bu da qanunvericiliklə qadağan edilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Məcəllənin 560.3.1-ci maddəsinə əsasən qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi hüquqdan sui-istifadəyə aiddir. Cavabdeh onun mülkiyyətində olan qeyri-yaşayış binasının yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahəsindən istifadə etmək hüququna malikdir. Lakin o, bu hüququnu qanunvericiliyə əsasən həmin torpaq sahəsinə dair icarə müqaviləsi bağlamaqla icarə müqaviləsi əsasında həyata keçirə bilər. Bu hal yuxarıda qeyd edildiyi kimi, Torpaq Məcəlləsinin 51-ci maddəsində təsbit edilmişdir. Həmin maddəyə əsasən dövlət torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə, qanunvericiliklə müəyyən edilmiş qaydada icarə əsasında verilir. Lakin cavabdeh torpaq sahəsindən istifadə hüququnu qeyri-qanuni şəkildə həyata keçirir. Bildirilir ki, dövlət əmlakından səmərəli istifadə edilməsi vəziyyətinin yoxlanılması ilə bağlıƏmlak Məsələləri Dövlət Xidməti tərəfindən aparılmış monitorinqlər zamanı fiziki və hüquqi şəxslər tərəfindən dövlət mülkiyyətində olan torpaq sahələrindən icarə müqaviləsi bağlanılmadan mənfəət əldə etmək məqsədilə istifadə edilməsi hallarının kütləvi xarakter daşıdığı müəyyən edilmişdir. Sahibkarlıq məqsədilə istifadə edilən qeyri-yaşayış tikililərin mülkiyyətçiləri tərəfindən öz hüquqlarından sui-istifadə edilərək, dövlət mülkiyyətində olan torpaq sahələrindən icarə müqaviləsi bağlanılmadan istifadə edilməsi hər il dövlət büdcəsinə külli miqdarda ziyan vurulması ilə nəticələnir. Qeyd edilənlərdən əlavə bildirilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.3-cü maddəsində mülki hüquq subyektlərinin müqavilə azadlığı prinsipi nəzərdə tutulmuşdur. Lakin aşağıda göstərilən səbəblərdən hesab edilir ki, qeyd edilən prinsip hazırkı iddianın predmeti olan dövlət mülkiyyətində olan torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanılmasından imtina edilməklə həmin torpaq sahəsindən icarə müqaviləsi olmadan istifaddə edilməsi üçün əsas kimi qəbul edilə bilməz. Belə ki, müqavilə azadlığı tərəflər arasında heç bir münasibətin və ya ortaq mənafeyin olmadığı hallarda hüquq münasibətinə girməmişdən əvvəl subyektin azadlığını əhatə edə bilər. Digər şəxslərinə hüquqlarına toxunula biləcək hər hansı şəraitin mövcudluğu isə “müqavilə azadlığı”na məhdudiyyət qoyulmasına və hətta bəzi hallarda müəyyən hüquq münasibətlərinə daxil olmasına məcburetməyə belə gətirib çıxara bilər. Çünki hazırkı vəziyyətdə olduğu kimi, tərəflər arasında faktiki olaraq müəyyən münasibətlərin mövcudluğu qaçılmazdır və bu halda hansısa tərəfin müqavilə azadlığı prinsipinə əsaslanaraq müqavilə bağlamaqdan imtina etməsi iradə ifadəsindən qəsdən qarşı tərəfin əleyhinə istifadə edilməsinin nəticəsində mümkündür. Bu isə hüquqdan sui istifadəyə gətirib çıxarır. Çünki cavabdeh hüquqi şəxsə məlumdur ki, qeyd edilən tikilinin altında yerləşən torpaq sahəsini birinci halda alqı-satqı yolu ilə mülkiyyətinə almalı, həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, ikinci halda onda bu sahə qanunvericiliklə müəyyən edilmiş qaydada onun satınalma hüququ ilə icarəsinə verilməli və sonuncu halda obyektin mülkiyyətçisi icarə müqaviləsi bağlamaqdan imtina etdikdə, torpaq sahəsi hərrac vasitəsi ilə başqa şəxsə satıla bilər. Sonuncu halın hazırkı iş üzrə baş verməsi mümkün olmur, çünki bu halda obyektin mülkiyyətçisinin hüquqları pozula bilər. Belə olan halda yuxarıda sadalanan mülkiyyət hüququnun məhdudlaşdırılması və müqavilə azadlığı ilə bağlı qanunvericiliyin prinsipləri əsas götürülməlidir. Cavabdehin bu məhdudiyyətlərə əməl etmək vəzifəsi qanundan irəli gələn öhdəlikdir. Cavabdehlə satınalma hüququ ilə müqavilə bağlanılması onun mülkiyyət hüququna hər hansı müdaxilə təşkil etmir və ya onun müqavilə azadlığı hüququnu pozmur. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək hesab edilir ki, tikilinin mülkiyyətçisinin (cavabdehin) dövlət mülkiyyətində olan torpaq sahəsindən icarə müqaviləsi olmadan istifadə etməsi hüquqdan sui-istifadədir və bu əsassız varlanmaya səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Mülki Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Qeyd edilən mülki hüquq normalarından göründüyü kimi varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli, 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”nin 8-ci bəndinə əsasən özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin illik icarə haqqı Bakı şəhəri üzrə torpağın bazar dəyərinin 3 faizi həcmində müəyyən edilir. Respublikanın digər şəhər və rayonlarında icarə haqqı torpağın bazar dəyərinin 2 faizi həcmində müəyyən edilir. Qanunvericilikdə edilmiş qeyd edilən dəyişikliyə qədər isə torpaq sahələrinin icarə haqqının məbləği torpaq sahələrinin həmin Əsasnaməyə uyğun hesablanan normativ qiymətinə əsasən müəyyən edilirdi. Beləliklə iddianın predmeti olan torpaq sahələrinin xx.xx.2016-cı il tarixinə qədər torpağın normativ qiyməti və həmin tarixdən sonra torpağın bazar qiyməti əsasında müəyyən edilmiş aylıq icarə haqları aşağıdakı kimidir: 1. ünvan 1 ünvanında əmlak kompleksinin yerləşdiyi torpaq sahəsinin: - xx.xx.2016-cı il tarixinə qədər aylıq icarə haqqı – 384.44 manat; - xx.xx.2016-cı il tarixindən sonra aylıq icarə haqqı – 3637.33 manat. Eyni zamanda bildirilir ki, cavabdeh qeyd edilən dövlət mülkiyyətində olan torpaq sahəsindən hüquqi əsas (icarə müqaviləsi) olmadan istifadə etdiyindən, həmin torpaq sahəsi boşaldılaraq Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməlidir. Beləliklə, yuxarıda şərh edilənlərdən göründüyü kimi cavabdeh ünvan 1 ünvanında yerləşən, dövlət mülkiyyətində olan 180913.8 kv.m torpaq sahəsindən qanunvericiliyin tələb etməsinə baxmayaraq icarə müqaviləsi bağlamadan istifadə edərək əsassız varlanmaqla dövlətə ziyan vurur və həmin torpaq sahəsindən qeyri-qanuni istifadə edilməsini davam etdirir. Qeyd edilənlərə əsasən hesab edilir ki, məhkəmə tərəfindən cavabdehin üzərinə əsassız varlanma nəticəsində torpaq sahəsinin mülkiyyətçisi olan dövlətə vurulmuş zərərin əvəzinin ödənilməsi və torpaq sahəsinin boşaldılaraq dövlətə (onun adından çıxış edən Əmlak Məsələləri Dövlət Xidmətinə) təhvil verilməsi vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin: - 3.0.48-ci bəndinə əsasən dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqları (sənaye, yaxud texnologiyalar parkları üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri istisna edilməklə) icarəyə və istifadəyə vermək; - 3.0.4.-cü bəndinə əsasən dövlət əmlakının idarə edilməsini və özəlləşdirilməsini, onun barəsində sərəncam verilməsini, qeydiyyatının aparılmasını, özəlləşdirilən dövlət müəssisələrinə investisiyaların cəlb olunmasını təmin etmək; - 3.0.5-ci bəndinə əsasən dövlət əmlakının mühafizəsinə və qorunub saxlanılmasına nəzarəti həyata keçirmək, dövlətə məxsus olan hüquqi şəxslər tərəfindən dövlət əmlakının inventar siyahılarının tərtib olunmasını təşkil etmək, əmlakdan istifadə barədə hesabatlar əsasında dövlət əmlakından təyinatı üzrə səmərəli istifadə olunması vəziyyətini təhlil etmək, daşınmaz dövlət əmlakının təyinatının dəyişdirilməsinə razılıq vermək Xidmətin səlahiyyətləri sırasına daxildir. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X2 iddia tələbini müdafiə etdiyini bildirdi və iddianın təmin olunmasını xahiş etdi.. Cavabdeh QSC-nin nümayəndəsi və vəkili Vəkil iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarını nəzərə alaraq, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiq olunan digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli, 270 nömrəli Sərəncamından görünür ki, həmin sərəncamla Azərbaycan Respublikasında 1995-1998-ci illərdə “Dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na və “Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsi qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq dövlət müəssisələrinin səhmdar cəmiyyətinə çevrilməsini təmin etmək məqsədi ilə qərara alınmışdır:
1. Əli-Bayramlı Yağ-Piy kombinatının balansında "xxxx" X4 Cəmiyyəti təsis edilsin.
2. "xxxx" Səhmdar Cəmiyyətinin nizamnaməsi və özəlləşdirmə planı (emissiya prospekti) təsdiq edilsin.
3. Hüquq idarəsi açıq tipli "xxxx" Səhmdar Cəmiyyətinin təsis sənədlərini dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdim etsin. İş materiallarında olan Əli-Bayramlı şəhər Yağ-Piy kombinatının “Özəlləşdirmə planı”ndan (Emissiya prospekti), Çek Auksiyonlarında səhmlərı satılacaq Əli-Bayramlı "xxxx" Səhmdar Cəmiyyətləri haqqında məlumatdan və Əli-Bayramlı "xxxx" Səhmdar Cəmiyyətinin torpaq sahəsinin planından görünür ki, özəlləşdirməyə çıxarılan Əli-Bayramlı Yağ-Piy kombinatının balansında olan torpaq sahəsinin ölçüsü 21 ha-dır. İş materiallarında olan “Kommersiya hüquqi şəxslərinin Dövlət reyestrindən Çıxarış”dan görünür ki, Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti xx.xx.2000-ci il tarixdə ********** VÖEN-lə reyestrdə qeydiyyata alınmışdır. Cəmiyyətin təsisçiləri nizamnamə kapitalında mayalarının miqdarı 98,46 % olmaqla "xxxx" MMC, 0,86 %-lə "xxxx" MMC və Milli Depozit Mərkəzinin xx.xx.2013-cü il tarixli reyestrində göstərilən digər şəxslərdir. Cımiyyətin hüquqi ünvanı ünvan 2rünür ki, ünvan 3 ünvanında Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə məxsus əmlak kompleksi kimi müəssisənin yerləşdiyi 180913,8 kv.metr ölçüdə torpaq sahəsi Şirvan Şəhər İcra Hakimiyyətinin sərəncamında olan daşnmaz dövlət əmlakı kimi qeydiyyata alınmışdır. İş materiallarında olan “Hüquqların Dövlər qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”dan görünür ki, ünvan 5 ünvanında yerləşən ölçüsü 31660,1 kv.metr olan “Əmlak kompleksi kimi müəssisə” üzərində mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin adına qeydiyyata alınmışdır. Çıxarışa əsasən əmlak kompleksi kimi müəssisənin yerləşdiyi torpaq sahəsinin ölçüsü 18,09138 ha, mülkiyyət növü dövlət, torpaq sahəsi üzərində hüququn növü istifadədir. İş materiallarında olan iddiaçı Əmlak Məsələləri Dövlət Xidmətinin sifarişinə əsasən "xxxx" MMC tərəfindən tərtib olunmuş 14 may 2024-cü il tarixli “Daşınmaz əmlakın qiymətləndirilməsi barədə Rəy”dən görünür ki, ünvan 6 ünvanında yerləşən 180913,8 kv m torpaq sahəsinin 14 may 2024-cü il tarixinə icarə məqsədi ilə bazar dəyəri ******* ( iki milyon yüz səksən iki min üç yüz doxsan səkkiz) manat təşkil edir. İş materiallarında olan 08 may 2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh QSC-nə xx.xx.2024-cü il tarixə dövlət büdcəsinə 429058,38 manat məbləğində vəsaitin Əmlak Məsələləri Dövlət Xidmətinə ödənilməsi, borcun 10 iş günü ərzində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Məhkəmə müəyyən edir ki, iddia tələbi iki hissədən ibarətdir. Belə ki, iddiaçı, dövlət mülkiyyətində olan torpaq sahəsindən icarə müqaviləsi bağlanılmadan istifadə edilməsi ilə bağlı əsassız varlanma nəticəsində vurulmuş zərərin əvəzinin cavabdehdən tutulması və həmin torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə tələb irəli sürmüşdür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2021-ci il 2 aprel tarixli Qərarında qeyd etdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə mü-əyyən etməlidir. Məhkəmə müəyyən edir ki, əsassız varlanma nəticəsində vurulmuş zərərin cavabdehdən tutulması hissəsində iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin əsassız varlanmaya dair münasibətləri tənzimləyən 58-ci fəslində yer alan normalar, torpaq sahəsinin boşaldılaraq geri qaytarılması hissəsində isə mülkiyyətin müdafiəsinə dair hüquqi tənzimləməni nəzərdə tutan 157-ci maddəsi təşkil edir. Məhkəmə qeyd edir ki, iddianın uğurluluğu işin müəyyən edilmiş faktiki hallarının iddia tələbinin maddi hüquqi əsası kimi çıxış edən maddi hüquq normalarının dispozisiya şərtlərini ödəməsindən asılıdır. Buna görə də, ilk olaraq baxılan işin faktiki halları işdə olan sübutların qiymətləndirilməsi yolu ilə müəyyən edilməlidir. İşin məhkəmə araşdırması nəticəsində müəyyən edilən faktiki hallarına görə, cavabdeh dövlət mülkiyyətində olan müəssisələrin özəlləşdirilməsi yolu ilə səhmdar cəmiyyətə çevrilməsi prosesində yaradılmış səhmdar cəmiyyətdir. Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli sərəncamı ilə çevrilmə yolu ilə yaradılmış cavabdeh səhmdar cəmiyyətin özəlləşdirmə planında (emissiya prospekti) cəmiyyətin balansına digər əmlaklarla yanaşı, həmçinin 21 hektar ölçüdə torpaq sahəsinin də verildiyi qeyd olunmuşdur. Səhmdar cəmiyyətin balansına verilmiş əmlaklar xx.xx.2019-cu il tarixində daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə, torpaq sahəsi isə istifadə hüququ ilə həmin cəmiyyətin adına qeydiyyata alınmışdır. Adı çəkilən əmlaklar, o cümlədən torpaq sahəsi cəmiyyətin çevrilmə yolu ilə yaradıldığı tarixdən hal-hazıradək cavabdeh səhmdar cəmiyyətin faktiki sahibliyində və istifadəsindədir. İddiaçı, cavabdehin mülkiyyətində olan qeyri-yaşayış binasının yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahəsindən istifadə etmək hüququna malik olsa da, bu hüququnu qanunvericiliyə əsasən həmin torpaq sahəsinə dair icarə müqaviləsi bağlamaqla icarə müqaviləsi əsasında həyata keçirə biləcəyinə istinad edərək hesab edir ki, cavabdehin bu müddət ərzində həmin torpaq sahəsindən istifadəsi qanunsuz olmuşdur və buna görə də, qanunsuz istifadə nəticəsində varlanmış cavabdeh əldə etdiklərini geri qaytarmalı, eləcə də həmin torpaq sahəsi boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Məhkəmə qeyd edir ki, baxılan işin əsas mübahisəli məqamını cavabdehin mülkiyyətində olan əmlakların yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahəsindən istifadəsinin qanuni olub-olmamasının müəyyən edilməsi təşkil edir. Belə ki, iddia tələbinin maddi hüquqi əsasını təşkil edən həm əsassız varlanmaya, həm də mülkiyyətiçinin ona məxsus olan əşyanın geri tələb edilməsinə dair normaların əsas dispozisiya şərti ilk növbədə məhz qarşı tərəfin sahibliyində olan əşyadan (əmlakdan) onun qanunsuz istifadə etməsi faktının mövcud olmasına dair dispozisiya şərti təşkil edir. Məhkəmə hesab edir ki, mübahisə obyekti olan əmlak özəlləşdirilən dövlət müəssisəinin balansında olan torpaq sahəsi olduğuna görə, həmin torpaq sahəsindən istifadənin qanuni olub-olmaması barədə mübahisə mülki qanunvericiliyin, eləcə də torpaq sahəsindən istifadəyə və dövlət mülkiyyətinin özəlləşdirilməsinə dair sahəvi qanunvericilik normalarına əsasən həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 241.2-ci maddəsinə əsasən, Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. 241.3-cü maddəsinə əsasən, Bu Məcəllənin 243-cü maddəsində nəzərdə tutulan hallarda torpaq sahəsindən istifadə hüququnu binanın, qurğunun və digər daşınmaz əmlakın mülkiyyətçisi də əldə edə bilər. 241.4-cü maddəsinə əsasən, Hüquqi şəxs yenidən təşkil edilərkən ona mənsub torpaq sahəsindən istifadə hüququ onun hüquq varisinə keçir. 243.1-ci maddəsinə əsasən, Başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir. Azərbaycan RespublikasıTorpaq Məcəlləsinin 50-ci maddəsinin 1-ci hissəsinə əsasən, Torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Torpağın istifadəyə verilməsinə görə torpaq vergisindən başqa haqq alınmır. Əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab olunur. Həmin Məcəllənin 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, Dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, özəlləşdirilən müəssisənin (obyektin) mülkiyyətçisi kimi çıxış edən Azərbaycan Respublikasının hüquqi və ya fiziki şəxsi həmin müəssisənin (obyektin) yerləşdiyi torpaq sahəsini müvafiq normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydada satın ala və ya satınalma hüququ ilə icarəyə götürə bilər. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 29.6-cı maddəsinə əsasən, Özəlləşdirilmiş obyektlərin mülkiyyətçiləri həmin obyektlərin yerləşdiyi torpaq sahələrinin müvafiq normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada satın ala və ya satınalma hüququ ilə icarəyə götürə bilər, habelə müvafiq qərar (müqavilə) əsasında həmin torpaqdan daimi və ya müvəqqəti istifadə edə bilər. Bu sahədə məhdudiyyət olduğu halda, o cümlədən, özəlləşdirilmiş obyektlərin mülkiyyətçiləri əcnəbi və ya vətəndaşlığı olmayan şəxs, xarici hüquqi şəxs olduqda isə o, torpaq sahəsini satınalma hüququ olmadan icarəyə götürə bilər. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 19 dekabr tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”nin: 2-ci bəndinə əsasən, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri dedikdə dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi zamanı onların texniki pasportlarında göstərilmiş hüdudlar daxilində istifadəsində olan torpaqlar nəzərdə tutulur. 4-cü bəndinə əsasən, özəlləşdirilmiş müəssisə və obyektlərin mülkiyyətçilərinin torpaq sahələrini ilk növbədə satın almaq hüququ vardır. 11-ci bəndinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Dövlət Xidməti) əvvəl torpaq sahəsinin satın alınmasını həmin sahənin üstündə yerləşən özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisinə təklif etməlidir. Əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir. Özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisi icarə müqaviləsi bağlamaqdan imtina etdikdə torpaq sahəsi hərrac vasitəsilə başqa şəxslərə satıla bilər. Azərbaycan Respublikasının 1996-cı il 29 noyabr tarixli, 208-1Q nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə”nin: 1-ci bəndinə əsasən, bu Əsasnamə dövlət əmlakının özəlləşdirilməsi zamanı dövlət müəssisələrinin səhmdar cəmiyyətlərinə çevrilməsinin qaydalarını müəyyən edir. 7.2-ci bəndinə əsasən, müvafiq icra hakimiyyəti orqanı müəssisənin özəlləşdirmə planına uyğun olaraq səhmdar cəmiyyətini təsis edir və onun “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına alınmasını təmin edir. 7.3-cü bəndinə əsasən, dövlət müəssisəsinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətinə çevrilməsi nəticəsində təsis edilmiş səhmdar cəmiyyəti dövlət qeydiyyatına alındığı andan nazirliklərin, dövlət komitələrinin, konsernlərin, şirkətlərin, birliklərin və digər sahə idarəetmə və yerli icra hakimiyyəti orqanlarının tabeliyindən çıxır (səhmlərin nəzarət zərfi dövlətin mülkiyyətində saxlanılan hallar istisna edilməklə). Dövlət müəssisələrinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətlərə çevrilməsi nəticəsində təsis edilmiş səhmdar cəmiyyəti dövlət qeydiyyatına alındığı andan müəssisə çevrilmiş, onun əmlakı isə səhmdar cəmiyyətinin balansına verilmiş hesab olunur. Səhmdar cəmiyyətinin balansına onun nizamnamə kapitalını təşkil edən dövlət müəssisəsinin əmlakı verilir. 7.5-ci bəndinə əsasən, dövlət müəssisəsinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətinə çevrilməsi nəticəsində təsis edilmiş səhmdar cəmiyyəti çevrilən müəssisənin hüquqi varisi sayılır. Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarının tələblərindən göründüyü kimi, dövlət müəssisəsinin özəlləşdirmə nəticəsində səhmdar cəmiyyət çevrilməsi zamanı həmin dövlət müəssisəsinin əmlakı səhmdar cəmiyyətinin balansına verilmiş hesab olunur. Bu zaman nəzərə alınmalıdır ki, özəlləşdirilən dövlət müəssisənin yerləşdiyi torpaq sahələri dedikdə, dövlət müəssisənin özəlləşdirilməsi zamanı onun texniki pasportunda göstərilmiş hüdudlar daxilində istifadəsində olan torpaqlar nəzərdə tutulur. Dövlət müəssisəsinin özəlləşdirilməsi anından onların yerləşdiyi torpaq sahələri üzərində özəlləşdirilmiş obyektlərin mülkiyyətçilərinin istifadə hüquqları mövcud olur ki, sonradan mülkiyyətçilər həmin torpaq sahələrini satın ala və ya satınalma hüququ ilə icarəyə götürə bilərlər. Burada nəzərə alınması zəruridir ki, özəlləşdirilmiş obyektlərin mülkiyyətçilərinin istifadələrinə verilmiş torpaq sahələrini satın almaları və ya satınalma hüququ ilə icarəyə götürmələri onların vəzifələri kimi deyil, hüquqları kimi nəzərdə tutulmuşdur. O da nəzərə alınmalıdır ki, torpaq sahəsinin istifadəçisindən istifadəyə görə torpaq vergisindən başqa haqq alınmır. Qanunvericilik nəzərədə tutur ki, özəlləşdirilmiş müəssisə və obyektlərin mülkiyyətçilərinin torpaq sahələrini ilk növbədə satın almaq hüququ vardır. Özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqları icarəyə və istifadəyə vermək, həmçinin həmin torpaq sahələrinin satılmasını həyata keçirmək Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifələrindən biri kimi müəyyən edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti qeyd edilən torpaq sahələrinin satın alınmasını ilk növbədə həmin sahənin üstündə yerləşən özəlləşdirilmiş müəssisənin mülkiyyətçisinə təklif etməlidir, əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə satınalma hüququ ilə onun icarəsinə verilir. Özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisi icarə müqaviləsi bağlamaqdan imtina etdikdə torpaq sahəsi hərrac vasitəsilə başqa şəxslərə satıla bilər. Məhkəmə, baxılan işin müəyyən edilmiş faktiki hallarını yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından qiymətləndirərək bu nəticəyə gəlir ki, mübahisəli torpaq sahəsi tamamilə qanuni əsaslarla cavabdehin istifadəsindədir və həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində cavabdehin adına qeydiyyata alınmışdır. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən istifadədə olan torpaq sahəsinin satılmasının cavabdehə təklif edilməsinə, cavabdehin torpaq sahəsinin satın alınmasından imtina etdiyi halda həmin sahənin satınalma hüququ ilə onun icarəsinə verilməsinə cəhd edilməsinə dair sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, cavabdehin qanuni əsaslarla istifadəsində olan torpaq sahəsindən qanunsuz istifadə etməsini iddia edərək ondan əsassız varlanma nəticəsində vurulmuş ziyanın tələb edilməsi heç bir hüquqi və faktiki əsasa söykənmir. Məhkəmə tərəfindən də cavabdehin hərəkətlərində əsassız varlanmaya səbəb ola biləcək hər hansı bir hal aşkar edilməmişdir. Belə ki, əvvəla cavabdeh mübahisəli torpaq sahəsi üzərində istifadə hüququnu yuxarıda şərh olunduğu kimi tamamilə qanuni əsaslarla əldə etmişdir, həmçinin mübahisəli torpaq sahəsindən istifadə nəticəsində cavabdehin varlanmasına dair sübutlar da iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1091.1-ci maddəsinə əsasən, Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən, Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Göründüyü kimi, baxılan işdə cavabdehin başqasının (iddiaçının) hesabına əmlak əldə etməsi və həmin əmlak hesabına varlanmasına dair heç bir fakt aşkar edilməmişdir. Buna görə də həmin hissədə iddia əsassızdır. Məhkəmə, iddia tələbinin torpaq sahəsinin boşaldılaraq geri qaytarılması hissəsində də əsassız olduğu qənaətinə gələrək qeyd edir ki, bu hissədə iddianın maddi hüquqi əsasını təşkil edən Mülki Məcəllənin 157.2-ci maddəsinin tələbinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göründüyü kimi, qeyd olunan normanın əsas dispozisiya şərtləri tələb edənin mülkiyyətçi (və ya digər əşya hüququ sahibi) olması, həmçinin özgənin sahibliyinin qanunsuz olması şərtləridir. Məhkəmə hesab edir ki, iddianın uğurlu həlli baxılan işin müəyyən edilmiş faktiki hallarının Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərini ödəməsindən asılıdır. Məhkəmə qeyd edir ki, mübahisəli torpaq sahəsi dövlət mülkiyyətində olmaqla, onun üzərində hüquqların həyata keçirilməsi üzrə səlahiyyətli orqan iddiaçıdır. Belə ki, özəlləşdirilmiş dövlət müəssisə və obyektinin yerləşdiyi torpaq sahələrinin mühafizəsini, monitorinqini, satışını, istifadəyə və ya icarəyə verilməsini həyata keçirmək səlahiyyətləri iddiaçıya məxsusdur (Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.4-cü, 3.0.5-ci, 3.0.48-ci və s. bəndləri). Bu baxımdan Mülki Məcəllənin 157.2-ci maddəsinin, tələb edənin mülkiyyətçi (və ya digər əşya hüququ sahibi) olmasına dair dispozisiya şərti baxılan işdə mövcuddur. Lakin, adı çəkilən maddi hüquq normasının digər dispozisiya şərtini təşkil edən, özgənin sahibliyinin qanunsuz olması şərti hazırki işdə mövcud deyildir. Belə ki, məhkəmə araşdırması zamanı mübahisəli torpaq sahəsinin cavabdehin qanuni sahibliyində olması tam sübuta yetirilmiş fakt olaraq müəyyən edilmişdir. Bu səbəbdən Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtləri tam şəkildə ödənilmədiyinə görə, iddiaçının əmlakın geri alınmasına dair tələbi də təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5).
Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi: İddia ərizəsi təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zaur Abbasov