Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-2854/2023 21.12.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abbasov Zaur Vahid oğlu, İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinə, Cavabdeh2 Kamil qızına və “X3 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı çıxarışın etibarsız hesab edilməsi və pul tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinə, Cavabdeh2 Kamil qızına və “X3 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X3 Təsərrüfatı” MMC-nin adına rəsmiləşdirilmiş Kürdəmir rayonu, Mollakənd kəndi ərazisində 0.0104 ha torpaq sahəsində yerləşən 86.0 kv.metr sahəsi olan qeyri-yaşayış binasının “X3 Təsərrüfatı” MMC-nin xüsusi mülkiyyətinə verilməsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsi tərəfindən verilmiş “Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış”ın (Daşınmaz Əmlakın Dövlət reyestrində 3 nömrəli kitabının 11 nömrəli vərəqində, reyestr nömrəsi **********86-06301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2020-ci il) etibarsız hesab edilməsinə dair, Cavabdeh2 Kamil qızının iddiaçıdan obyektin və torpaq sahəsinin alqı-satqısı üçün almış olduğu 5.000 (beş min) ABŞ dollarının, həmçinin tikiliyə xərclənmiş 3192 (üç min yüz doxsan iki) manatın, o cümlədən 2010-cu ildən hesablanmaqla cavabdehin bu pulları iddiaçıya qaytaracağı günə qədər 5.000 (beş min) ABŞ dollarına və 3192 (üç min yüz doxsan iki) manata hesablanacaq faizlə bağlı bank uçot dərəcəsinin müəyyən edəcəyi məbləğin Cavabdeh2 Kamil qızından iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsinə aid hissədə iddia ərizəsinin qəbulundan imtina olunmalıdır. Belə ki, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin ilkin araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisələndirilən daşınmaz əmlakın Dövlət reyestrində 3 nömrəli kitabının 11 nömrəli vərəqində **********86-06301 reyestr, ********** qeydiyyat nömrələri ilə qeydiyyata alınmış xx.xx.2020-ci il tarixli çıxarışın verilməsinə əsas, Kürdəmir rayon X2 xx.xx.1995-ci il tarixli, 49 nömrəli qərarı, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin xx.xx.2003cü il tarixli, 72 saylı Qeydiyyat vəsiqəsi və 107 inventar nömrəli texniki pasportu təşkil etmişdir. Bununla da müəyyən olunur ki, mübahisələndirilən çıxarışa əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər inzibati orqan tərəfindən verilmişdir və reyestrdəki qeydiyyat inzibati akt əsasında aparılmışdır. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Qanunun tələblərinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.5-ci maddəsinə əsasən, inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 4 nömrəli Qərarının 17-ci bəndində göstərilir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər.” Həmin Qərarın 15.4-cü və 16.3-cü bəndlərində isə qeyd olunmuşdur ki, “ Eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cu və 153.4-cü maddələrinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Məhkəmə şərh olunanları yekunlaşdıraraq bu nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinə, Cavabdeh2 Kamil qızına və “X3 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı çıxarışın etibarsız hesab edilməsi və pul tələbinə dair tələbinə dair iddia ərizəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsinə aid hissədə mülki icraat qaydasında deyil, inzibati icraat qaydasında baxılmalı olduğundan iddia ərizəsinin həmin hissədə icraata qəbul olunmasından imtina edilməli, iddiaçıya aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 268 və 269–cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinə, Cavabdeh2 Kamil qızına və “X3 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi, “cavabdeh “X3 Təsərrüfatı” MMC-nin adına rəsmiləşdirilmiş Kürdəmir rayonu, Mollakənd kəndi ərazisində 0.0104 ha torpaq sahəsində yerləşən 86.0 kv.metr sahəsi olan qeyri-yaşayış binasının “X3 Təsərrüfatı” MMC-nin xüsusi mülkiyyətinə verilməsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsi tərəfindən verilmiş “Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış”ın (Daşınmaz Əmlakın Dövlət reyestrində 3 nömrəli kitabının 11 nömrəli vərəqində, reyestr nömrəsi **********86-06301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2020-ci il) etibarsız hesab edilməsinə” aid hissədə iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. İddiaçıya həmin tələbi ilə əlaqədar inzibati icraat qaydasında aidiyyəti inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-2854/2023
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-2854/2023
21.12.2023 · Torpaq mübahisələri - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver