Məhkəmə qərarları › İş №e-2-2(121)-2877/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-2877/2024

25.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-2877/2024 25.12.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbi barəsində iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı ASC Cavabdeh qarşı 5.241,28 manat və 72,41 manat dövlət rüsumu olmaqla, cəmi 5.313,69 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022cü il tarixli T006-2022- N003 saylı “mövcud borcun etirafı haqqında” müqaviləsi bağlanmışdır. Bu müqavilənin 1.1-ci bəndinə əsasən, borclu tələbkara cəmi 5.295 manat borcunun olduğunu etiraf edir. Müqavilənin 1.2-ci maddəsinə əsasən borclu borc məbləğini xx.xx.2023-cü il tarixinə qədər 5.295 manat məbləğində olmaqla, tələbkara ödəməyi öhdəsinə götürür. Lakin öhdəlik borclu tərəfindən tam yerinə yetirilməmiş və borcun bir hissəsini ödəmiş, yekun nəticədə 5.241,28 manat borcu qalmışdır. Bundan başqa ərizədə qeyd olunan “əməkdaşıyam” ifadəsi işçi-işəgötürən arasındakı əmək münasibətlərini əks etdirmir. Həmin ifadə iddia ərizəsində tələb edilən məbləğin cavabdehin özünün müstəqil formada həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən irəli gəlməsi ilə bağlıdır. Mübahisənin məhkəmədən kənar qaydada həll еtmək məqsədi ilə cavabdehə dəfələrlə şifahi, xx.xx.2024-cü il tarixində isə pretenziya qaydasında “borcun qaytarılması tələbi” ilə bağlı rəsmi хəbərdarlıq еdilmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(121)-2877/2024 saylı qərardadı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbi barəsində kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında materiala iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında T006- 2022-N003 nömrəli, xx.xx.2022-ci il tarixli “mövcud borcun etirafı haqqında” müqavilə bağlanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Cavabdeh tərəfindən İddiaçı ASC-yə ünvanladığı ərizənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdən müqavilə üzrə 5.295 manat borcu yaranmışdır. xx.xx.2023-cü il tarixə qədər borcu qaytaracaqdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli aktların surətindən görünür ki, cavabdehin 5.295 manat məbləğində borcu qalmışdır. İş materialında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh 5.241,28 manat məbləğində borcu qalmışdır. İş materialında olan İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubunun surətindən görünür ki, cavabdehə ödənilməmiş borcun ödənilməsinin təmin edilməsi barədə xəbərdarlıq edilmişdir. Beləliklə, işin həqiqi halları ilə, iddiaçının nümayəndəsinin izahatı və işin materialları ilə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında “mövcud borcun etirafı haqqında müqavilə” bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıya 5.241,28 manat məbləğində borcunun olmasını etiraf etmişdir. Qeyd edilən müqavilənin məzmunu, onun formasına uyğundur və onlar bir-birini tamamlayır. Müqavilənin məzmunundan görünür ki, borclu müəyyən borcu etiraf edir və onlar bununla bağlı öz iradə ifadələrini müqavilə bağlamaq yolu ilə rəsmiləşdirmişlər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə əsasən, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Göründüyü kimi, mövcud borcun etirafı haqqında mücərrəd müqavilə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini ehtiva edən müqavilədir. Belə müqavilə yalnız o halda qüvvəyə malik olur ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilmiş olsun. Borcun etirafı haqqında müqavilədə tərəflərin hüquq və vəzifələri müqavilənin məzmununu əmələ gətirir. Müqavilənin məzmunu dedikdə isə müqavilənin bağlandığı və tərəflərin razılığa gəldikləri bütün şərtlərin məcmusu başa düşülür. Tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliklərinin cavabdeh tərəfindən gecikdirilməsi işin materialları ilə təsdiq olunur. Odur ki, iddiaçı 5.241,28 manat məbləğində pul vəsaitinin ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də, iddia qeyd edilən hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh göstərilən borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh borcu qaytarmalı olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də, iddia təmin edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, iddia təmin edilməli olduğundan, məhkəmə xərcinə daxil olan 72,41 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-260-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. 5.241,28 manat məbləğində əsas borc və 72,41 manat məbləğində dövlət rüsumu, cəmi 5.313,69 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar