Məhkəmə qərarları › İş №e-2-2(121)-30/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-30/2024

30.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-30/2024 30.05.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı – kredit müqaviləsi üzrə əsas borcun, ona hesablanmış faiz və cərimənin tutulması barəsində iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı ASC Cavabdeh qarşı – DCL00317586-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 100000 manat əsas borc, 532,84 manat faiz borc, 14844,45 manat cərimə borcu olmaqla, cəmi 115377,29 manat, DCL00317586-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 100000 manat əsas borc, 5619,44 manat faiz borcu, 5511,11 manat cərimə borcu olmaqla, cəmi 111130,55 manat borcun, mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının və 117 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2021-ci il tarixli 1.0.3 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC/SE/8610 saylı razılaşma imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş ümumi şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Sonradan tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2021-ci il tarixli DCL00317586-01 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 100.000 manat məbləğində mal alışı məqsədi ilə kredit xətti açılmışdır; xx.xx.2022-ci il tarixli DCL00317586-03 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 100.000 manat məbləğində mal alışı məqsədi ilə kredit xətti açılmışdır. Lakin borcalan qeyd edilən saylı DCL00317586-01 maliyyələşdirmə üçün ərizə üzrə öhdəliklərini 174 gün, DCL00317586-03 maliyyələşdirmə üçün ərizə üzrə öhdəliklərini 152 gün icra etməyərək kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Bank tərəfindən borcalana xəbərdarlıq məktubu göndərilmiş və bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın xx.xx.2023-cü il tarixə DCL00317586-01 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 100,000 manat əsas borc, 532.84 manat faiz, 14,844.45 manat cərimə borcu olmaqla, cəmi 115,377.29 manat təşkil edir; DCL00317586-03 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 100,000.00 manat əsas borc, 5,619.44 manat faiz borcu, 5,511.11 manat cərimə borcu olmaqla, cəmi 111,130.55 manat təşkil edir. Bundan başqa mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə mediasiya institutunun tətbiqi qaydasında mediasiya təşkilatına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir. İddiaçı mediasiya prosesi üzrə 400 manat məbləğində xidmət haqqı ödəmişdir. İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, DCL00317586-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 100000 manat əsas borc, 532,84 manat faiz borcu, 19111,11 manat cərimə borcu olmaqla, cəmi 119643,95 manat, DCL00317586-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 100000 manat əsas borc, 5619,44 manat faiz borcu, 9777,78 manat cərimə borcu olmaqla, cəmi 115397,22 manat məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının və 126 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Eyni zamanda göstərdi ki, ekspert rəylərinin təhlili zamanı qeyri-müəyyənliklər müşahidə olunur. Ekspert rəylərində qeyd edilmişdir ki, DCL00317586-03 saylı, xx.xx.2022-ci il tarixli maliyyələşdirmə üçün ərizə üzrə xx.xx.2023cü il tarixədək 14.213,90 manat məbləğində ödəniş aparılmışdır. Aparılmış 14.213,90 manat ödəniş faiz borcuna silinmişdir. Beləliklə, xx.xx.2023-cü il tarixinə 1.322,22 manat faiz borcu hesablanmışdır. DCL00317586-03 saylı, xx.xx.2022-ci tarixli maliyyələşdirmə üçün ərizə üzrə öhdəlik kredit xəttidir. xx.xx.2023-cü il, yəni kredit müqaviləsinin bitmə tarixinədək hesablanmış faiz borcunun cəmi 15.536,11 manat təşkil edir. Faiz borcundan ümumilikdə 9.916,67 manat ödəniş edilmişdir. Beləliklə, faiz borcunun ödənilməyən hissəsi 5.619,44 manat məbləğidir. Göründüyü kimi, faiz borcundan ödəniş 9.916,67 manat olduğu halda, ekspert tərəfindən bu məbləğ 14.213,90 manat olaraq qeyd edilmişdir. Belə olan halda isə, faiz borcuna silinən məbləğlərdə 4.297,23 manat fərq yaranmışdır ki, bu da öz növbəsində sualda qeyd edilən tarixə faiz borcunun səhv hesablanması ilə nəticələnmişdir. Faiz borcundan sonuncu ödəniş məbləği xx.xx.2022-ci il tarixdə 1.463,07 manat məbləğində olmuşdur. Ekspert rəylərində isə əlavə olaraq xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində cəmi olaraq 4.297,22 manat ödənişin faiz borcuna silindiyi qeyd edilmişdir ki, həmin məbləğlər bank hesabından çıxarışda öz əksini tapmamışdır. Kreditin müddəti bitdiyi tarixdən başlayaraq kreditə faiz deyil, cərimə borcu hesablanmışdır. Buna görə də, maliyyə arayışında faiz məbləği əlavə ödəniş edilmədiyi üçün 5.619,44 manat olaraq qalmışdır. Hesabdan çıxarışda texniki səhv olaraq artıq ödənişlər göstərilmişdir. Sonradan həmin səhv iddiaçı tərəfindən düzəldilərək, yeni hesabdan çıxarış iş materiallarına əlavə edilmişdir. Cavabdeh isə, məhkəmə iclasında iştirak etməyərək, həqiqətən belə bir ödənişlərinin olması barədə sübut təqdim etməmişdir. Halbuki, cavabdeh tərəfindən belə bir ödənişlər edilməmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının namyəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 1.0.3 nömrəli, xx.xx.2021-ci il tarixli versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC/SE/8610 saylı razılaşma imzalanmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, DCL00317586-01 saylı Maliyyələşdirmə üçün ərizədən (kredit əməliyyatı üzrə) görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 100.000 manat məbləğində mal alışı məqsədi ilə kredit verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli DCL00317586-03 saylı Maliyyələşdirmə üçün ərizədən (kredit əməliyyatı üzrə) görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 100.000 manat məbləğində mal alışı məqsədi ilə kredit verilmişdir. İşdən görünür ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə xx.xx.2023cü il və xx.xx.2023-cü il tarixli xəbərdarlıq (pretenziya) məktubu (bildirişi) göndərilmişdir. İş materiallarından görünür ki, texniki səhv olması bildirilən bank hesabından çıxarışda xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində cəmi olaraq 4.297,22 manat ödənişin faiz borcuna silindiyi qeyd edilmişdir, lakin sonradan verilən bank hesabından çıxarışda bu ödənişlər öz əksini tapmamışdır. İş materiallarına əlavə edilən PB/BPŞ-OUT-00849-2023/3 nömrəli, xx.xx.2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh DCL00317586-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 100.000 manat əsas borc, 532,84 manat faiz borcu, 19.111,11 manat cərimə borcu olmaqla, cəmi 119.643,95 manat; DCL00317586-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 100.000 manat əsas borc, 5.619,44 manat faiz borcu, 9.777,78 manat cərimə borcu olmaqla, cəmi 115.397,22 manat məbləğində borcu təşkil edir. İşdə olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/7134 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış DCL00317586-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən kredit vəsaiti üzrə İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixinə 100.000 manat məbləğində əsas, 1.368,5 manat məbləğində faiz borcu, DCL00317586-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən kredit vəsaiti üzrə İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixinə 100.000 manat məbləğində əsas, 10.435,61 manat məbləğində faiz borcu, DCL00317586-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən kredit vəsaiti üzrə İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixinə 100.000 manat məbləğində əsas, 11.852,28 manat məbləğində faiz borcu, DCL00317586-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən kredit vəsaiti üzrə İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixinə 100.000 manat məbləğində əsas, 1.322,22 manat məbləğində faiz borcu, DCL00317586-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən kredit vəsaiti üzrə İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixinə 100.000 manat məbləğində əsas, 6.516,67 manat məbləğində faiz borcu, DCL00317586-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən kredit vəsaiti üzrə İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixinə 100.000 manat məbləğində əsas, 7.933,33 manat məbləğində faiz borcu müəyyən edilir. İşdə olan məhkəmənin qərardadı əsasında təyin edilmiş təkrar məhkəməmühasibatlıq ekspertizasının 9/2070 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, DCL00317586-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən kredit vəsaiti üzrə İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixinə 100.000 manat məbləğində əsas, 1.322,22 manat məbləğində faiz borcu müəyyən edilir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göstərilən Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə(lər) (ərizə(lər)) əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Ona görə ki, texniki səhv olması bildirilən bank hesabından çıxarışda xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində cəmi olaraq 4.297,22 manat ödənişin faiz borcuna silindiyi qeyd edilmişdir, lakin sonradan verilən bank hesabından çıxarışda bu ödənişlər öz əksini tapmamışdır. Lakin, cavabdeh tərəfindən belə bir ödənişlər edilməməsi məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. Belə ki, həmin məbləğlərin iddiaçıya ödənilməsini sübuta yetirmək vəzifəsi cavabdehə keçmişdir. Odur ki, göstərilən halın iddiaçı tərəfindən mübahisələndirildiyini nəzərə alaraq, məhkəmə qeyd edilən hallara mülki prosessual qanunvericiliyin tələbləri baxımından hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə vurğulayır ki, qeyd edilən mübahisəli hallara məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”. Belə ki, məhkəmə iddianın bu hissədə təmin edilməsi qənaətinə gələrkən, prosessual qanunvericiliyin tələblərini və daxili inamını rəhbər tutmuşdur. Bununla yanaşı, göstərilən məbləğdə pul vəsaitinin məhz iddiaçıya ödənilməsini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin tələbinə görə, bu halın sübut edilməsi məhz cavabdehin vəzifəsidir. Göstərilənlər isə ona dəlalət edir ki, iddiaçı iddia etdiyi halları sübuta yetirmiş, cavabdeh isə həmin məbləği iddiaçıya ödəməsini sübuta yetirə bilməmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə bu qənaətə gəlmişdir ki, cavabdeh iddiaçı ilə aralarında olan müqavilə(lər)ə razılaşma(lara)ya əsasən krediti qaytarmağı öhdəsinə götürmüşdür. Buna baxmayaraq cavabdeh öhdəliyini pozaraq krediti və ona hesablanmış faizləri iddiaçıya tam şəkildə ona ödəməmişdir. Məhkəmə iddianın cərimələrin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən DCL00317586-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən hesablanmış 19.111,11 manat cərimə və DCL00317586-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 9.777,78 manat məbləğində cərimə əsassız və şişirdilmiş məbləğlərdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə DCL00317586-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 19.111,11 manat cərimə borcu məbləğində deyil, 1900 manat məbləğində və DCL00317586-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 9.777,78 manat cərimə borcu məbləğində deyil, 970 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Məhkəmə həmçinin iddianın 400 manat mediasiya xərcinin cavabdeh(lər)dən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. Ona görə ki, cavabdeh(lər) iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilə(lər)dən irəli gələn vəzifələrini icra etməmə(lər)si nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəmişdir. Odur ki, mediasiya xərci də cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli olduğundan, iddia tələbi bu hissədə də qismən təmin edilərək cavabdehdən 395 manat məbləğində mediasiya xərci tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya və dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli, iddia qismən təmin edilməli olduğundan, iddiaçı isə dövlət rüsumunu ödəməkdən qismən (belə ki, 126 manatı iddiaçı tərəfindən ödənilmişdir) azad olunduğundan, məhkəmə xərcinə daxil olan 525,04 manat dövlət rüsumunun 120 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 373,02 manatı yəni, 209022,28 manata (102432,84+106589,44=209022,28 manata) münasibətdə isə cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə həmçinin hesab edir ki, ekspertiza xərci cavabdehdən tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 400 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddianın borc məbləği qismən təmin edildiyindən ekspertiza tədqiqatının dəyəri olaraq 400 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. DCL00317586-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 100.000 manat əsas borc, 532,84 manat faiz borcu, 1.900 manat cərimə borcu olmaqla, cəmi 102.432,84 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilsin. DCL00317586-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 100.000 manat əsas borc, 5619,44 manat faiz borcu, 970 manat cərimə borcu olmaqla, cəmi 106.589,44 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilsin. 395 manat məbləğində mediasiya xərci və 120 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 373,02 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Ekspertiza tədqiqatlarının dəyəri olaraq 400 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar