Məhkəmə qərarları › İş №e-2-2(121)-30/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-30/2025

03.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-30/2025 03.10.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynli Əli Nizami oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi”nə dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Tələb:

1. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2 İyun 2021-ci il tarixli, RB/SHF-6737 saylı kredit müqaviləsi üzrə əsas borca görə 3461,72 manat, faiz borcuna görə 396,24 manat,cərimə borcuna görə 180,07 manat olmaqla, cəmi 4038,03 manat və Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində DƏDKR Publik Hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 51 manat rüsumun və X4 iştirak üçün ödənilmiş 70 manat məbləğində pulun tutulması; Tələbin Cavabdeh2 mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0.0599 ha torpaq sahəsindən, 137,30 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ilkin satış qiyməti müəyyənləşdirilməklə bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1nın 2 İyun 2021-ci il tarixli, RB/SHF-6737 saylı kredit müqaviləsi üzrə cəmi 4038,03 manat və bildirişlərin qeydə alınması üçün ödənilmiş 51 manat rüsumun və X4 iştirak üçün ödənilmiş 70 manat məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi; İpoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan 2 İyun 2021-ci il tarixli, RB/SHF- 6737 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, borcun qalan hissəsinin Cavabdeh1 və Cavabdeh2 tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. İddiaçı "xxxx" ASC xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə əmlakın qiymətləndirilməsi barədə təyin edilmiş ekspertizanın keçirilməsi üçün "xxxx" MMC-yə xidmət haqqı olaraq 400 manat məbləğində pulun Rabitəbank” ASC tərəfindən ödənildiyini bildirmiş və həmin məbləğin – 400 manat pulun cavabdehdən İddiaçı ASC-nin xeyrinə tutulması məsələsini mülki iş üzrə yekun məhkəmə qərarı qəbul edilərkən nəzərə alınmasını xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

3. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 02 İyun 2021-ci il tarixli, RB/SHF-6737 saylı kredit müqaviləsinə əsasən illik 22 faiz dərəcəsi olmaqla, 36 ay müddətinə 10 000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 2 İyun 2021-ci il tarixdə İddiaçı ASC ilə digər Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin 02 İyun 2021-ci il tarixli, RB/SHF-6737saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyırlar. 02 İyun 2021-ci il tarixli, RB/SHF-6737 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq, Cavabdeh1 öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh1 02 İyun 2021-ci il tarixli, RB/SHF-6737 saylı kredit müqaviləsi üzrə borcunun məbləğiəsas borca görə 3461,72 manat, faiz borcuna görə 396,24 manat,cərimə borcuna görə 180,07 manat olmaqla cəmi 4038,03 manat təşkil edir. 02 İyun 2021-ci il tarixli, RB/SHF-6737 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimiCavabdeh2 mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0.0599 ha torpaq sahəsindən, 137,30 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi İddiaçı ASC qarşısında 2 İyun 2021-ci il tarixli, İpoteka müqaviləsinə əsasən yüklü edilmişdir. İpoteka notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Tərəflər arasında bağlanmış 2 İyun 2021-ci il tarixli, RB/SHF-6737 saylı kredit müqaviləsinə əsasən, “müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girovsaxlayan (Bank) girova ödəniş yönəldə bilər”. Eyni zamanda həmin Müqaviləyə əsasən (borcluya aid hissədə), “müştəri bir dəfə bu Müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməzsə, o cümlədən Bankın tələb və göstərişlərinə əməletməzsə, kredit faizlərini ödəmə müddətini pozarsa çəkilən xərcləri ödəməzsə və digər şərtlərə əməl etməzsə, Bankın bu Müqaviləni pozmağa və bütün tələblərini vaxtından əvvəl ödəməyə hüququ vardır”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü (Öhdəliyin icrası müddəti) maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının “İpoteka” haqqında Qanunun 36-cı maddəsinin imperativ tələblərinə riayət olunaraq iddiaçı bank tərəfindən ipoteka qoyan cavabdehə müvafiq bilidirişlə müraciət etmişdir və ipoteka predmeti kimi çıxış edən əmlaka tutmanın yönəldiməsi barədə bildirişin rəsmi qaydada qeydə alınması barədə müvafiq reyestr orqanına müraciət olunmuşdur və bildiriş həmin orqanda qeydə alınmışdır. AR MM-nin 385.1-cimaddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlərietməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. AR MM-nin 442-cimaddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. AR MM-nin 445.1-cimaddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. AR MM-nin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. AR MM-nin 279-cu maddəsinə görə əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. AR MM-nin 295ci maddəsinə görə girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. «İpoteka haqqında» AR Qanununun 34.1.1-ci maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. «İpoteka haqqında» AR Qanununun 39.1-ci maddəsinə görə ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 172.1.2-ci maddəsinə əsasən belə işlərə məhkəmə ərizənin daxil olduğu gündən 3 ay müddətində baxır. «İpoteka haqqında» AR Qanununun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə, qeyri-yaşayış sahəsinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsindən tərk etməlidirlər. “İpoteka haqqında” AR Qanunun 37.2-ci bəndinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət verildikdə, ipoteka müqaviləsində nəzərdə tutulan faizlər dəbbə pulu və sair haqlar müvafiq olaraq hesablanır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 36.2.-ci maddəsinə əsasən, rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Kredit avtomobil alışı (X8) ticarət və xidmət məqsədilə götürüldüyü və Cavabdeh1 oğlu vergi ödəyicisi olduğu üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və Mediasiya haqqında qanun tələblərinə əsasən tərəfimizdən iddia ərizəsi ilə məhkəməyə müraciət etmədən əvvəl cavabdehlərə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. Müraciətimizə əsasən Masallı 1 saylı Mediasiya Təşkilatının mediatoru X3 tərəfindən mediasiya prosesi təşkil olunmuş, ilkin mediasiya sessiyası xx.xx.2024-cü il tarixinə təyin edilmişdir. Mediasiya xərci kimi hesablanmış 70 AZN mediasiya xərciİddiaçı ASC tərəfindən xx.xx.2024-cü il tarixində ödənilmişdir. X1 tərəfindən İddiaçı ASC-yə “X4 (İMS) iştirak edilməməsi barədə Arayış” təqdim edilmişdir. Tələblərimizin əsası kimi istinad etdiyimiz fakt və hallar yuxarıda göstərilmişdir. Onları təsdiq edən sübutların siyahısı isə iddia ərizəsinə əlavə olunan sənədlərin siyahıda da göstərildiyi kimi kredit, zaminlik və ipoteka müqavilələrinin surəti, ödəniş qrafikinin surəti, borc haqqında arayışın əsli, kassa məxaric orderinin surəti, İpoteka predmetlərinin yüklülüyünə dair çıxarışların surəti və iddia ərizəsinə əlavə olunan digər sənədlərdir. Qeyd olunanlara əsasən kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2 İyun 2021-ci il tarixli, RB/SHF-6737 saylı kredit müqaviləsi üzrə əsas borca görə 3461,72 manat, faiz borcuna görə 396,24 manat, cərimə borcuna görə 180,07 manat olmaqla cəmi 4038,03 manat məbləğində pul tutulmalı, tələb ipoteka predmetinə yönəldilməli, ipoteka predmeti satıldıqdan sonra cavadehlər ipoteka predmetindən çıxarılmalı, həmin ipoteka predmeti boşaldılmış vəziyyətdə təhvil verilməlidir.

Tərəflərin izahatları:

4. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 izahatında bildirdi ki, müqavilə üzrə borcu qəbul edir. Lakin cərimə hissəsində qəbul etmir. O, həmçinin qeyd etmişdir ki, işə yeni girmişdir. Ödəniş hər ay 1000 manat olarsa ödəyib borcu bağlaya bilər. Bütün qeyd etdiklərini, nəzərə alaraq qanuna müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin iddiaçının nümayəndəsi və Cavabdeh1 məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, təyin olunmuş məhkəmə baxış iclasının iştirakları olmadan keçirilməsini, iş üzrə iddia tələblərinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş emiş, cavabdeh isə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.

7. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

8. Qeyd olunanlara əsasən məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edilmişdir.

İddia ərizəsinə etiraz:

9. Cavabdehlər tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.

Əsaslandırıcı hissə:

a) İş materialları və sübutların tədqiqi:

10. “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə olan vergi məlumatlarından görünür ki, Cavabdeh1 vergi ödəyicisi kimi xx.xx.2021-ci il tarixdə qeydiyyata alınaraq VÖEN: ********** verilmişdir.

11. İş materiallarından görünür ki, İddiaçı ASC (“Borcverən”) ilə Cavabdeh1 (“Borcalan”) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, RB/SHF-6737 saylı kredit müqaviləsinə əsasən illik 22 faiz dərəcəsi olmaqla, 36 ay müddətinə 10 000 manat məbləğində kredit verilmişdir (Müqavilənin 1 və 2-ci bəndləri). Həmin kredit müqaviləsinin: - 2.13. Borc üzrə əldə edilmiş vəsaitlərin silinməsi aşağıdakı ardıcıllıqla aparılır: - 2.13.1. birinci növbədə - cərimə, dəbbə, xərclər; - 2.13.2. ikinci növbədə - hesablanmış faizlər; - 2.13.3. üçüncü növbədə - əsas məbləğ. 2.14.2. bəndinə əsasən Borcalan tərəfindən öhdəliklər vaxtında və lazımınca icra eilmədikdə, müqavilənin müddəti ərzində kreditin ödəniş cədvəli üzrə ödənişlərin gecikməsi zamanı vaxtında ödənilməmiş məbləğin 1 (bir) faizi (gecikmənin birinci günündən başlayaraq gündəlik olaraq) məbləğində Borcverən tərəfindən cərimələr hesablanır.

12. İş materiallarında olan xx.xx.2021-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 10000 manat məbləğində kredit vəsaiti verilmişdir.

13. İş materiallarından görünür ki, xx.xx.2021-ci il tarixli, RB/SHF-6737 saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təminatı olaraq İddiaçı ASC ilə Cavabdeh2 (“Zamin”) arasında xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin xx.xx.2021-ci il tarixli, RB/SHF-6737saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyəti öz üzərinə götürmüşdür.

14. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, RB/SHF/6737 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2021-ci il tarixli, RB/SHF-6737 saylı kredit müqaviləsi üzrə borcalanın öhdəliklərin icrasının təmini məqsədilə Rabitəbank” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və ipoteka hüququ qeydiyyata alınmışdır.

15. İş materiallarından görünür ki, ipoteka bildirişlərinin qeydə alınması üçün iddiaçı tərəfindən 15 və 36 manat olmaqla ümumilikdə 51 manat rüsum ödənilmişdir.

16. İş materiallarında olan xx.xx.2024-cü il tarixli X4 iştirak edilməməsi barədə Arayışdan və ödəniş tapşırığının surətindən görünür ki, iddiaçı tərəfindən X4 iştirak etmək üçün 70 manat məbləğində pul vəsaiti ödənilmişdir.

17. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Maliyyə arayışı”nın surətindən görünür ki, Cavabdeh1 qeyd edilən tarixə onun kredit müqaviləsinə əsasən əsas borcu 3461,72 manat əsas, 396,24 manat faiz və 180,07 manat cərimə borcu olmaqla ümumilikdə cəmi borc 4038,03 manat təşkil edir.

18. xx.xx.2023-cü il tarixli Xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, RB/SHF-6737 saylı kredit müqaviləsinə əsasən yaranmış 3461,72 manat əsas, 294,96 manat faiz və 98,56 manat cərimə borcunun məktub alındığı tarixdən 3 iş günü ərzində tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun İddiaçı ASC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehlərə xəbərdarlıq edilmişdir.

19. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/3625 saylı ekspert rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2021-ci il tarixli, RB/SHF-6737 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 xx.xx.2023-cü il tarixə (xəbərdarlıq məktubunun göndərildiyi tarixə) İddiaçı ASC-yə olan borcu – 3478,13 manat əsas, 291,20 manat faiz borcu, xx.xx.2024-cü il tarixə (maliyyə arayışında qeyd olunan) 3478,13 manat əsas, 384,72 manat faiz borcu müəyyən edilir. Eyni zamanda qeyd edilir ki, hazırki ekspertiza zamanı hesabdan çıxarış məlumatlarından göründüyü kimi, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdən sonra 301 manat məbləğində ödəniş aparılmışdır. Lakin iş materiallarında borc məbləğinin hesablanma tarixi xx.xx.2024-cü il tarixə göstərildiyindən sonradan ödənilən 301 manat məbləğində ödəniş nəzərə alınmamışdır.

20. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, 9/3625 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manat təşkil edir.

21. İş materiallarına əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli rəyindən və müşayiət məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin bazar dəyəri 30000 manat, likvid dəyəri 25000 manat məbləğində müəyyən edilmişdir. Qiymətləndirmə xidmətinin haqqı iddiaçı tərəfindən ödənilmişdir. Ona görə də qalan 300 manatın cavabdehin üzərinə qoyulması xahiş olunur.

22. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına 400 manat ödənilmişdir.

23. İş materiallarına əlavə edilmiş “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli, 136 nömrəli rəyindən və müşayiət məktubundan görünür ki, Cavabdeh2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin bazar dəyəri 47000 manat, likvid dəyəri 32250 manat məbləğində müəyyən edilmişdir. Qiymətləndirmə xidmətinin haqqı 500 (beş yüz) manat təşkil edir.

b) Tətbiq edilən hüquq:

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaksiyada olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. - 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

25. “İpoteka haqqında” Qanunun:

- 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqısatqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. - 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 46. 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; - 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; - 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. - 41.1-ci maddəsinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. - 47.5-ci maddəsinə görə ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır.

26. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu:

- 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. - 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. - 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarı:

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır.

28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli, 01 saylı Qərardadı: “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.

29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

- 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

30. Məhkəmə baxışının hədləri:

Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

c) Məhkəmənin mövqeyi:

31. Məhkəmə cavabdehin izahatını nəzərə alıb, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir.

32. Məhkəmə əvvəla qeyd edir ki, iddia tələbinin maddi hüquqi əsasını 24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaksiyada olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin borc (kredit) hüquq münasibətlərini tənzimləyən müvafiq normaları təşkil edir. Belə ki, işin müəyyən edilmiş faktiki halları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin əvvəlki redaksiyasında olan 739.1-ci maddəsinin dispozisiya şərtləri uyğun gəlir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

33. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin müəyyən olunan hallarına əsasən hesab edir ki, İddiaçı ASC (“Borcverən”) ilə Cavabdeh1 (“Borcalan”) arasında etibarlı şəkildə bağlanılmış kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə, İddiaçı ASC Cavabdeh1 borc (kredit) verməyi, Cavabdeh1 isə aldığı borcu (krediti) faizi ilə birgə hissə-hissə olmaqla iddiaçıya qaytarmağı öhdələrinə götürmüşlər. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqaviləni və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

34. Məhkəmə qeyd edir ki, iddianın əsasını, müqavilə üzrə öhdəliklərin lazımınca yerinə yetirilməməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə, tələb olunan əsas və faizdən ibarət borc qalığının iddiaçıya ödənilməsini sübut etmək vəzifəsi isə cavabdehlərin üzərinə düşür.

35. Məhkəmə hesab edir ki, idddiaçı öz tələbinin əsasını qanuna uyğun dəlillərlə sübut etmiş, lakin cavabdeh lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddia ərizəsinə etiraz verməmiş, iddianın əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə, kredit müqaviləsi üzrə öhdəliklərin cavabdeh (borcalan) tərəfindən lazımınca yerinə yetirilməməsinin tam sübut olunduğu qənaətinə gəlir.

36. Məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh (borcalan) müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və o, müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, həmçinin zamin Cavabdeh2 qeyd edilən kredit müqaviləsi və onun əsasında bağlanmış kredit müqaviləsi üzrə iddiaçı qarşısında cavabdeh (borcalan) ilə birlikdə eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürdüyünə görə, o da iddiaçı qarşısında kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməməsinə görə birgə məsuliyyət daşımalıdır.

37. Məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarına və iş materiallarına əsasən hesab edir ki, cavabdeh (borcalan) kredit razılaşması üzrə öhdəliklərini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməmiş, nəticədə isə iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 9/3625 saylı ekspert rəyində göstərildiyi kimi onun xx.xx.2023-cü il tarixə (xəbərdarlıq məktubunun göndərildiyi tarixə) İddiaçı ASC-yə olan borcunun əsas borc üzrə 3478,13 manat, faiz borcu üzrə 291,20 manat, xx.xx.2024-cü il tarixə (maliyyə arayışında qeyd olunan) isə, əsas borc üzrə 3478,13 manat, faiz borcu 384,72 manat təşkil edir.

38. Eyni zamanda ekspert rəyindən müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdən sonra 301 manat məbləğində ödəniş aparılmışdır. Lakin iş materiallarında borc məbləğinin hesablanma tarixi xx.xx.2024-cü il tarixə göstərildiyindən sonradan ödənilən 301 manat məbləğində ödəniş nəzərə alınmamışdır.

39. Məhkəmə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/3625 saylı ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə iş materiallarına əlavə olunmuş sübutlara və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır.

40. Məhkəmə ilk öncə əsas borca münasibətdə qeyd edir ki, iddia həmin hissədə tam olaraq əsaslıdır. Ona görə ki, iddia ərizəsindən göründüyü kimi iddiaçı əsas borc üzrə 3461,72 manat pul tələb edir. Ekspert rəyi ilə xx.xx.2024-cü il tarixə (maliyyə arayışında qeyd olunan) tarixə əsas borcun 3478,13 manat olduğu müəyyən edilmişdir.

41. Məhkəmə 396,24 manat faiz borcuna münasibətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan mövqeyindən çıxış edərək qeyd edir ki, xəbərdarlıq məktubunun göndərilməsilə müqavilə iddiaçı tərəfindən ləğv edildiyindən, həmin tarixdən sonra müqavilə üzrə faiz hesablana bilməz. Lakin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Ekspert rəyindən göründüyü kimi xəbərdarlıq məktubunun göndərildiyi tarixə cavabdehin (borcalan) iddiaçıya olan faiz borcu 291,20 manat təşkil edir. Ona görə də, məhkəmə iddianı faiz borcuna münasibətdə 291,20 manat hissədə əsaslı hesab edir.

42. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hesablanmış 180,07 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

43. Məhkəmə kredit müqaviləsinə əsasən hesablanmış 180,07 manat cərimə borcuna münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki qanunvericiliyində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Məhkəmə hesab edir ki, müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilələradə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Lakin, məhkəmə cərimənin tutulmasına aid hissəsində kredit müqaviləsinin ləğvini və ləğv tarixinə cərimənin məbləğini nəzərə alaraq, iddianı qismən - 98,56 manat hissədə əsaslı hesab edir.

44. İşin müəyyən edilən hallarından göründüyü kimi cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdən sonra 301 manat məbləğində ödəniş aparılmışdır. Lakin iş materiallarında borc məbləğinin hesablanma tarixi xx.xx.2024-cü il tarixə göstərildiyindən sonradan ödənilən 301 manat məbləğində ödəniş nəzərə alınmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən edilmiş həmin ödənişlər, tərəflərin sərbəst iradə ifadəsi ilə müqavilədə müəyyən etdikləri, kredit müqaviləsinin 2.13-cü bəndində nəzərdə tutulan müqavilə üzrə mövcud borc öhdəliklərinin ödənilməsi ardıcıllığına uyğun olaraq, ilk öncə cavabdehin müəyyən edilən 98,56 manat məbləğində cərimə borcundan, qalan məbləğ isə 291,20 manat məbləğində faiz və 3461,72 manat əsas borcundan çıxılmalıdır (301-98,56- 291,20=88,76). Belə olan halda cavabdehlərin iddiaçıya qalıq borcu 3461,72 manat əsas və 88,76 manat faiz olmaqla, cəmi 3550,48 manat təşkil edir.

45. Ona görə də, məhkəmə belə qənaətə gəlir ki, 3461,72 manat əsas və 88,76 manat faiz borcu olmaqla, cəmi 3550,48 manat məbləğində borc cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

46. İş materiallarından göründüyü kimi ipoteka bildirişlərinin qeydə alınması üçün iddiaçı tərəfindən 15 və 36 manat olmaqla ümumilikdə 51 manat rüsum ödənilmişdir. Hazırda iddiaçı həmin məbləğin də cavabdehlər tərəfindən ödənilməsini tələb edir ki, məhkəmə hesab edir ki, iddia həmin hissədə də əsaslı olduğundan təmin edilməlidir.

47. İddia ərizəsində eyni zamanda ipoteka predmetinə tutma yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi tələbi də irəli sürülmüşdür.

48. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, RB/SHF/6737 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2021-ci il tarixli, RB/SHF-6737 saylı kredit müqaviləsi üzrə borcalanın öhdəliklərin icrasının təmini məqsədilə Rabitəbank” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir və ipoteka hüququ qeydiyyata alınmışdır.

49. Məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli, RB/SHF-6737 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi tam mülkiyyət hüququ ilə Cavabdeh2 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçı qarşısında xx.xx.2021-ci il tarixdə etibarlı şəkildə bağlanmış ipoteka ilə yüklü edildiyindən və cavabdeh (borcalan) Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etmədiyindən və risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, iddiaçı tələbin ipoteka predmeti əşyalara yönəldilməsini tələb etməkdə haqlı olmuşdur.

50. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin bazar dəyəri 30000 manat, likvid dəyəri 25000 manat məbləğində müəyyən edilmişdir. Həmçinin iş materiallarında olan “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli, 136 nömrəli rəyindən müəyyən olunur ki, Cavabdeh2 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin bazar dəyəri 47000 manat, likvid dəyəri 32250 manat məbləğində müəyyən edilmişdir.

51. Məhkəmə işin faktiki hallarına daha çox uyğun gəldiyinə görə “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəyinin əsas götürülməsini məqsədəuyğun hesab edir.

52. Məhkəmə hesab edir ki, işin araşdırılan hallarından cavabdehlərin iddiaçıya 3461,72 manat əsas borc və 88,76 manat faiz borcunun olması müəyyən edildiyindən, iddia tələbi həmin hissələrdə də əsaslı olduğu üçün təmin edilməli, göstərilən borcların ödənilməsinin təmin edilməsi məqsədilə ipoteka predmetinin açıq hərracda satışı həyata keçirilməli, satışdan əldə edilən vəsait hesabına göstərilən borc məbləğləri tutularaq iddiaçıya ödənilməlidir.

53. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli, 01 saylı Qərardadındakı hüquqi mövqedən çıxış edərək hesab edir ki, hazırki iş üzrə ipoteka predmeti olan əmlakların ilkin satış qiyməti müəyyənləşdirilərkən likvid qiyməti əsas götürülməli, bu baxımdan Cavabdeh2 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 32250 manat məbləğində müəyyən edilməlidir.

54. Məhkəmə iddia tələbinin “hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması”na dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır. Ona görə ki, işin müəyyən edilən hallarından göründüyü kimi hazırki iş üzrə ipoteka predmetinin satış qiyməti cavabdehin iddiaçıya olan borcunun ümumi məbləğindən çoxdur. Bundan əlavə, sadalanan maddi hüquq normalarının tələblərindən göründüyü kimi Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun İİİ və İV fəsillərində Məcburi İcra tədbirləri və onların tətbiqinin əsasları, həmçinin tələbin borclunun əmlakına yönəldilməsi qaydası nəzərdə tutulmuşdur. Belə ki, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Qeyd olunanlarla əlaqədar məhkəmə qeyd etməyi vacib hesab edir ki, qətnamə icra məmuru tərəfindən qanunvericiliyin tələbinə uyğun olaraq tam icra edilməlidir. Məhkəmə hesab edir ki, qətnaməni tam icra etmək icra məmurunun onsuz da qanundan irəli gələn vəzifəsi olduğundan, qətnamənin məcburi icrası çərçivəsində icra məmurunun yerinə yetirməli olduğu hərəkətlərin məhkəmə qətnaməsində xüsusi vurğulanmasına lüzum yoxdur.

Məhkəmə xərcləri:

55. Məhəmə, iddiaçı tərəfindən ödənilmiş 70 manat mediasiya xərcinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 70 manat mediasiya xərcinin 66,76 manatı cavabdehlərə aid edilməli və onlardan tutularaq iddiaçıya ödənilməli, qalan 3,24 manat isə iddiaçının özünə aid edilməlidir.

56. Bundan başqa, məhkəmə qeyd edir ki, iş üzrə təyin edilmiş məhkəməmühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan ümumilikdə 100 manatın 95,38 manatı cavabdehlərdən müştərək qaydada, 4,62 manatı isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X2, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülməlidir.

57. Məhkəmə, eyni zamanda qeyd edir ki, iş üzrə ipoteka predmeti əmlakın qiymətləndirilməsi üzrə "xxxx" MMC tərəfindən keçirilmiş tədqiqatın dəyəri olan 700 manatın 400 manatının iddiaçı tərəfindən ödənilməsi nəzərə alınaraq, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, cavabdehlərdən müştərək qaydada 367,66 manat tutularaq iddiaçıya, 300 manat tutularaq "xxxx" MMC-nin hesabına (Kod: 512275, Vöen: **********, MH Acc: AZ41NABZ********************, Swift: MUGAAZ22, Client Name: PREMİUM QİYMATLANDİRMA MMC, Client Acc: AZ37MUGA**********00274AZM70, Client Vöen: **********) ödənilməli, iddiaçı tərəfindən "xxxx" MMC-yə ödənilmiş qalan 32,34 manat isə iddiaçının özünə aid edilməlidir.

58. Məhkəmə, həmçinin hesab edir ki, iş üzrə ipoteka predmeti əmlakın qiymətləndirilməsi üzrə “X5” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən keçirilmiş tədqiqatın dəyəri olan 500 manatın iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 476,9 manatı cavabdehlərdən müştərək qaydada, 23,1 manat isə iddiaçıdan tutularaq “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital bank ASC “Sahil” filialı, Kod: 201218, VÖEN: **********, Swift kod: AİİBAZ2X, M/h: AZ37NABZ013501**********1944, VÖEN: **********, Hesab: AZ64AİİB400900C**********208) ödənilməlidir.

Nəticə:

59. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qətetdi:

İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3461,72 manat əsas borc və 88,76 manat faiz borcu, cəmi 3550,48 manat borc, 66,76 manat mediasiya xərci, 51 manat ipoteka bildirişlərinin qeydə alınması üçün ödənilmiş rüsum və 367,66 manat əmlakın qiymətləndirilməsi üzrə ödənilən xərc olmaqla, ümumilikdə cəmi 4035,9 (dörd min otuz beş manat, doxsan qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tələb Cavabdeh2 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilsin. Cavabdeh2 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 32250 (otuz iki min iki yüz əlli) manat məbləğində müəyyən edilsin, həmin ev açıq hərracda satılsın və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan ümumilikdə 4035,9 (dörd min otuz beş manat, doxsan qəpik) manat məbləğində borc ödənilsin. Əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsi Cavabdeh2 qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan cəmi 100 (bir yüz) manatın 95,38 (doxsan beş manat, otuz səkkiz qəpik) manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, 4,62 (dörd manat, altmış iki qəpik) manatı İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X2, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. İş üzrə ipoteka predmeti olan bağ evinin qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyərinin qalıq 300 (üç yüz) manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, "xxxx" MMC-nin hesabına (Kod: 512275, Vöen: **********, MH Acc: AZ41NABZ********************, Swift: MUGAAZ22, Client Name: PREMİUM QİYMATLANDİRMA MMC, Client Acc: AZ37MUGA**********00274AZM70, Client Vöen: **********) ödənilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" MMC-yə ödənilmiş qalan 32,34 (otuz iki manat, otuz dörd qəpik) manat iddiaçının özünə aid edilsin. İş üzrə ipoteka predmeti əmlakın qiymətləndirilməsi üzrə “X5” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən keçirilmiş tədqiqatın dəyəri olan 500 manatın iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 476,9 (dörd yüz yetmiş altı manat, doxsan qəpik) manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, 23,1 (iyirmi üç manat, on qəpik) manatı İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq, “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital bank ASC “Sahil” filialı, Kod: 201218, VÖEN: **********, Swift kod: AİİBAZ2X, M/h: AZ37NABZ013501**********1944, VÖEN: **********, Hesab: AZ64AİİB400900C**********208) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Rəmzi Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar