Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-3010/2024 19.12.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas borca görə 5537 manat, hüquqi yardıma görə vəkilin bank hesabına ödənilmiş 500 manat, dövlət rüsumuna görə ödənilmiş 75 manat olmaqla, cəmi 6112 manat məbləğində pulun Cavabdeh alınaraq iddiaçıya verilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ********** qeydiyyat Şəhadətnaməsinə (VÖEN) əsasən həyətində yerləşən plastik qapı-pəncərə sexində usta kimi işləyir. 2021-ci ilin sentyabr ayında Cavabdeh işlədiyi sexə gələrək plastik pəncərə materialı və şüşə materialı şifariş vermişdir. Sifariş verdiyi mallar hazır olandan sonra pulunu hissə-hissə vermək şərti ilə həmin malları götürmüşdür. İddiaçı 2021-ci ilin dekabr ayına kimi hazır plastik pəncərələri pulunu hissə-hissə ödəmək şərti ilə cavabdehə vermişdir. 2022-ci ilin yanvar ayında yenidən iddiaçıdan hazır mal götürmək üçün müraciət etmişdir. Cavabdehə bildirmişdir ki, nisyə verilmiş malların pulunu tam ödəyəndən sonra ona nisiyə mal verilə bilər. Lakin cavabdehin böyük qardaşı X1 iddiaçının yanına gələrək bildirmişdir ki, Firudinin vəziyyəti ağırdır, ona kömək et, nisiyə mal ver, həm özü dolansın, həm də sənin pulunu qaytarsın. Borcu çoxdur, onu vəziyyətdən çıxart. Əgər malların pulunu Firudin verməsə, mən zamin dururam və pulu mən ödəyəcəyəm. Bundan sonra yenidən cavabdehə pulunu hissə-hissə ödəməklə nisiyə plastik material və hazır pəncərə vermişdir. 2022-ci ilin noyabr ayına qədər olan müddət ərzində cavabdehə pulunu hissə-hissə ödəmək şərti ilə nisyə mal və material vermişdir. Pulun müəyyən hissəsini ödəsə də, həmin ilin dekabr ayında cavabdehin iddiaçıya olan borcu 7333 manat olmuşdur. Cavabdeh pulunu vermədiyindən onun qanunsuz hərəkətləri barədə Biləsuvar rayon PŞ-nə şikayət etmişdir. Polisdə araşdırma aparılarkən cavabdeh iddiaçıya 5000 manat borcu olmasını etiraf etmişdir. Aralarında olan haqq-hesablardan, o cümlədən telefon danışıqlarında iddiaçıya 5537 manat borcu olmasını təsdiq etmişdir. Buna görə də cavabdehin hazırda iddiaçıya borclu olduğu 5537 manat pulu tələb etməyə zərurət yaranmışdır. Bundan başqa, Cavabdeh xx.xx.2023-cü il tarixdə iddiaçıya iltizam verərək borca görə 5537 manat, dövlət rüsumuna görə 75 manat və hüquqi yardıma görə vəkilin bank hesabına ödənilmiş 500 manat pulu hissə-hissə ödəyəcəyini bildirmişdir. Lakin hazırkı vaxta qədər vəd verdiyi pulu iddiaçıya qaytarmamışdır. İddiaçı və onun nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdilər. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddia tələbini tam qəbul etdiyini, ailə vəziyyəti ilə əlaqədar borcunu ödəyə bilmədiyini, bundan sonra borcunu qısa müddətdə ödəyəcəyini bildirdi. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə, tərəflərin izahatlarına və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli “İltizam”ın surətindən görünür ki, iş üzrə Cavabdeh həmin sənədi yazıb imzalayaraq, İddiaçı əsas borcuna görə 5537 manat, hüquqi yardıma görə vəkilin bank hesabına ödənilmiş 500 manat, dövlət rüsumuna görə ödənilmiş 75 manat olmaqla, cəmi 6112 manat məbləğində borcu olduğunu etiraf etmiş və həmin borcunu hissə-hissə qaytaracağına söz vermişdir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, cavabdehdən borclu olduğu cəmi 6112 manat məbləğində pulun 10 gün müddətində tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə borcun və digər xərclərin ödənilməsi barədə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Beləliklə, iş materiallarına əsasən müəyyən edilən işin faktiki halları belədir ki, iddiaçı emal etdiyi tikinti materialını cavabdehin sifarişi ilə razılaşdırılmış miqdarda və qiymətə cavabdehə təhvil vermək, cavabdeh isə təhvil aldığı malların qiymətini təşkil edən pul məbləğini şərtləşdirilən müddətdə iddiaçıya ödəməklə bağlı razılığa gəlmişlər. İddiaçı razılaşma üzrə üzərinə düşən öhdəliklərinə yerinə yetirərək sifariş olunan malı cavabdehə təhvil verdiyini, cavabdehin isə təhvil aldığı malların dəyərini ödəmək öhdəliyini lazımınca yerinə yetirmədiyini iddia edir. Məhkəmə işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq bu qənaətə gəlir ki, iddia tələbinin maddi hüquqi əsasını alqı-satqı müqaviləsinə dair münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 29-cu fəslinin 1-ci paraqrafında yer alan normalar təşkil edir. Belə ki, işin faktiki hallarına Mülki Məcəllənin 567-ci maddəsində nəzərdə tutulan alqı-satqı müqaviləsinin dispozisiya şərtləri uyğun gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə tərəflər arasında şifahi şəkildə bağlanılmış alqı-satqı müqaviləsindən (əşyaların nisyə satışından) irəli gələn öhdəlik hüquq münasibətləri yarandığını müəyyən edərək bu nəticəyə gəlir ki, iddiaçının tələb olunan malları cavabdehə təhvil verməsi və cavabdehin həmin mallara görə ödənilməmiş 5537 manat məbləğində borcunun qalması iş materialları, eləcə də cavabdehin etirafı ilə tam təsdiq olunur. Bu halda məhkəmə tələb olunan 5537 manat məbləğində pulun cavabdeh tərəfindən iddiaçıya ödənilməməsinin tam sübut olunduğu qənaətinə gəlir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki halları belədir ki, iddiaçı razılaşma üzrə öhdəliyini icra edərək alqı-satqı obyekti olan malları cavabdehin mülkiyyətinə vermişdir, lakin cavabdeh malları təhvil alsa da, dəyərini tam ödəməmişdir. Buna görə də, iddiaçının pul tələbinə dair iddiası qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 597.1-ci maddəsinə əsasən, alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin olunduğuna görə iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu və hüquqi yardım üçün ödənilmiş pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməli, müqavilə üzrə yaranmış borc məbləği, həmçinin məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş xərclər cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdeh 5537 manat məbləğində borc, hüquqi yardım üçün ödənilmiş 500 manat pul və 75 manat dövlət rüsumu olmaqla, cəmi 6112 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-3010/2024
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-3010/2024
19.12.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver