Məhkəmə qərarları › İş №e-2-2(121)-3046/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-3046/2025

23.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-3046/2025 23.10.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin BOKT-nın nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin BOKT-nın cavabdeh X2 qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin BOKT-nın cavabdeh X2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3ndan əsas borc üzrə 1227,35 manat, faiz borcu üzrə 1618,33 manat olmaqla, cəmi 2845,68 manat məbləğində kredit borcunun, həmçinin ödənilmiş 48,45 manat məbləğində dövlət rüsumunu tutularaq İddiaçı QSC BOKT-nın xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cəlilabad şəhər sakini fərdi sahibkar X3 ilə İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Lənkəran filialı arasında 10 iyul 2018-ci il tarixli 40/18-LF-02 saylı kredit müqaviləsi bağlanmışdır. CavabdehX3 ilə bağlanmış kredit müqaviləsinin 6.5-ci bəndinə əsasən, borcalan krediti və ona hesablanmış faizləri həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəmə cədvəlinə müvafiq olaraq ödənilməsini öhdəsinə götürmşdür. Cavabdeh kreditor qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin iddiaçıya hazırda olan borcu əsas borc üzrə 1227,35 manat, faiz borcu üzrə 1618,33 manat olmaqla, cəmi 2845,68 manat təşkil edir. Tərəflərindən borcun ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilsə də, qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti BOKT məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə ilə müraciət edərək, cavabdeh X3ndan əsas borc üzrə 1227,35 manat, faiz borcu üzrə 1912,89 manat olmaqla, cəmi 3140,24 manat məbləğində kredit borcunun, həmçinin ödənilmiş 48,45 manat məbləğində dövlət rüsumunu tutularaq "xxxx" QSC BOKT-nın xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X3 xx.xx.2025-ci ildə məhkəməyə “iddia müddətinin tətbiqinə dair” ərizə ilə müraciət edərək, iddiaçı "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının cavabdeh X2 qarşı borc tələbinə dair iş üzrə iddia müddəti ötürüldüyündən iddia müddəti tətbiq olunmaqla iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 10 iyul 2018-ci il tarixdə kredit müqaviləsinə əsasən kredit 24 ay müddətinə götürülmüşdür və müqavilənin vaxtı 10 iyul 2020-ci il tarixdə bitmişdir. İddiaçı isə 2025-ci ilin avqust ayında məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ona qarşı iddia qaldırmışdır. Belə olan halda iddiaçı tərəf müddəti otürmüş və 5 ildən sonra məhkəməyə müraciət etmişdir. Buna görə də, iddia rədd edilməlidir. Məhkəmə iclasında itirak edən iddiaçının İddiaçı Qapalı Səhmdar Cəmiyyəti BOKTnın nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq pandemiya və eləcə də təmsil etdiyi təşkilatda ciddi struktur islahatları aparıldığ ilə əlaqədar vaxtında iddia qaldıra bilmədiklərini bildirdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh X3 məhkəmə iclasına gəlməmiş, həmçinin gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdeh X3nun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarını nəzərə alaraq, iş materiallarında olan sənədlərə, işdə iştirak edən iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatına və digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin BOKT ilə cavabdeh X3 arasında bağlanmış 10 iyul 2018-ci il tarixli 40/18-LF-02 saylı kredit müqaviləsinin: 1.1-ci bəndinə əsasən, Bu müqavilənin şərtləri ilə Borc verən pul vəsaitinin borc (bundan sonra «kredit» adlanacaq) verilməsini, Borcalan isə alınmış vəsaitin və hesablanmış faizlərin ödənilməsini öz öhdəsinə götürür. 2.1-ci bəndinə əsasən, borcverən Borcalana, bu müqavilənin şərtlərinə uyğun olaraq kredit verməyi öhdəsinə götürür. Kreditin qısa təsnifatı: Məbləği 3000 manat Müddəti 24 ay Təyinatı: Ərzaq mallarının alınması Məqsədi: Ticarət İllik faiz məzənnəsi: 25% İş materiallarında olan “Maliyyə arayışı”nın surətindən görünür ki, X3nun 10 iyul 2018-ci il tarixli 40/18-LF-02 nömrəli kredit müqaviləsinə əsasən 17 dekabr 2024-cü il tarixə əsas borcu 1227,35 manat, faiz borcu 1618,33 manat olmaqla, cəmi borc məbləği 2845,68 manat təşkil edir. İş materiallarında olan iddiaçının cavabdehlərə ünvanladığı xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti BOKT ilə cavabdeh X3 arasında bağlanmış 10 iyul 2018-ci il tarixli 40/18-LF-02 nömrəli kredit müqaviləsinə əsasən yaranmış borcun 3 gün ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin BOKT-na ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə X2 xəbərdarlıq edilmişdir. Məhkəmə, ilk növbədə iddiaçının hazırki tələb irəli sürməsi üçün subyektiv hüquqa malik olub-olmamasına və cavabdehlər tərəfindən həmin hüququn pozulubpozulmamasına münasibət bildirməyi vacib hesab edir. İşin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, tərəflər arasında etibarlı şəkildə bağlanılmış kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, bağlanmış kredit müqaviləsinin şərtlərinə görə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin BOKT cavabdeh X2 borc (kredit) verməyi, cavabdeh X3 isə aldığı borcu (krediti) faizi ilə birgə hissə-hissə olmaqla iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. İşin mübahisəsiz hallarına əsasən, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti BOKT kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirərək kredit məbləğini cavabdeh X2 vermişdir, X3 isə müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir və nəticədə onun iddiaçı Banka əsas və faiz borcu olmaqla, kredit borcu yaranmışdır. İşdə olan sənədlərlə də müəyyən olunur ki, X3nun kredit müqaviləsi üzrə ödənilməmiş borcu qalmışdır. Bununla da X3nın kredit müqaviləsi üzrə yaranmış öhdəliklərini vaxtında və lazımınca icra etmədiyi aşkar olunur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının cavabdeh X2 qarşı kredit müqaviləsi üzrə borcunun ödənilməsi barədə öhdəliklərinin icrasına dair tələbi qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Lakin, cavabdeh X3 ona qarşı yönəldilmiş iddia tələbinin obyekti olan borcun əsas və istifadə faizi hissəsinin məbləğini mübahisələndirməsə də, həmin borcun tələb edilməsi üçün qanunla müəyyən edilmiş iddia müddətinin iddiaçı tərəfindən ötürüldüyünə dair məhkəməyə ərizə vermişdir. Məhkəmə, cavabdeh X3nun iddia müddətinin tətbiqi barədə ərizəsinə hüquqi qiymət verərək qeyd edir ki, Mülki Məcəllənin 372.1-ci, 372.2-ci, 373.2-ci, 375.1, 375.2-ci, 377.1, 377.2, 377.3-cü və 380.1-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Sadalanan maddi hüququ normalarının tələblərindən aydın olur ki, bir şəxsin başqa şəxsdən tələb etmək hüququna müddət şamil edilir və bu müddət əgər pozulmuş hüququn bərpası məhkəmə müdafiəsi yolu ilə həyata keçirilirsə iddia müddəti sayılır. İddia müddəti isə müqavilə tələbləri üzrə 3 illə məhdudlaşır. İddia müddətinin keçməsi hüququ pozulmuş şəxsin tələblə məhkəməyə müraciət etməsinə mane olmasa da, digər tərəfin iddia müddətinin keçməsinə istinad etməsi və bu barədə məhkəməyə ərizə verməsi məhkəmənin həmin əsasla iddianı rədd etməsi üçün hüquqi zəmin yaradır. O da qeyd edilməlidir ki, iddia müddətinin tətbiqinə dair məsələlərin həlli zamanı həmin müddətin axımının başlanması anının dəqiq müəyyən edilməsi, həmçinin hər bir konkret iş üzrə iddia müddətinin axımının dayandırılması və ya kəsilməsi hallarının mövcud olubolmamasının araşdırılması zəruridir. Hazırki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti BOKT ilə cavabdeh X3 arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsi 24 ay müddətinə bağlanmışdır və kredit müqaviləsi üzrə son ödəniş tarixi kimi xx.xx.2020-ci il tarixi qeyd edilmişdir. Bununla da müəyyən olunur ki, tərəflər arasında kredit müqaviləsi 2 il (24 ay) müddətinə bağlanmışdır və həmin müqavilə üzrə öhdəliklərin son icra müddəti kimi xx.xx.2020-ci il tarixi nəzərdə tutulmuşdur. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarında göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Məhkəmə qeyd edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin BOKT ilə cavabdeh X3 arasında bağlanmış kredit müqaviləsindən yaranan tələblər üzrə iddia müddətinin axımı tərəflərin razılaşması ilə son icra müddəti kimi müəyyən edilmiş xx.xx.2020-ci il tarixindən etibarən başlamışdır və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixdə bitmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia müddətləri ötürülmüşdür. Belə ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin BOKT ilə cavabdeh X3 arasında bağlanmış kredit müqaviləsindən yaranan tələblər üzrə iddia müddətinin axımının tərəflərin razılaşması ilə son icra müddəti kimi müəyyən edilmiş xx.xx.2020-ci il tarixindən etibarən başlamasına və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixdə bitməsinə baxmayaraq, işdən görünür ki, iddiaçı hazırki iddiası ilə bağlı cavabdehə qarşı ilk tələbini, pretenziya məktubunu xx.xx.2024-cü il tarixdə c göndərmiş, iddia ərizəsi ilə məhkəməyə isə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. Yuxarıda şərh olunanlara yekun vuraraq məhkəmə müəyyən edir ki, iddiaçı tərəfindən iddia müddəti təxminən 2 il 1 aydan çox müddətdə ötürülmüşdür. İddia müddətinin ötürülməsi ilə bağlı iddiaçının nümayəndəsinin gətirdiyi dəlillər isə üzürlü hallar kimi qəbul oluna bilməz. Həmçinin, iddiaçı tərəfindən iddia müddətinin axımının kəsilməsi və ya dayanması ilə bağlı sübut məhkəməyə təqdim edilməmişdir. Buna görə də, iddia müddətinin tətbiqinə dair cavabdeh X3nun ərizəsi əsaslı hesab edilməli və hazırki mübahisə iddia müddəti tətbiq edilməklə həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddətinin tətbiqinin əsaslarını və nəticələrini tənzimləyən maddi hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək məhkəmə bu nəticəyə gəlir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin BOKT cavabdeh X3ndan kredit müqaviləsi üzrə borcu və həmin borca hesablanmış əlavə ödənişləri tələb etmək hüququ olsa da, iddia müddəti keçdiyinə görə həmin hüququn dövlət məcburetmə vasitələri ilə həyata keçirilməsi imkanını iddiaçı itirmişdir. Buna görə də, iddiaçının kredit müqaviləsi üzrə pul tələbinə dair iddiası təmin edilə bilməz. Məhkəmə, həmçinin hesab edir ki, iddia rədd edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu məbləği iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi iddia müddəti tətbiq edilməklə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar