Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-310/2020 06.03.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi İsmayılov Rafiq Tofiq oğlu İddiaçı MMCnin cavabdeh “Cavabdeh” MMC-yə qarşı cavabdehdən 2.832 manat xidmət haqqının və ödənilmiş 30,40 manat dövlət rüsumunun, cəmi 2.862,40 manat borcun iddiaçının xeyrinə tutulması tələbinə dair işə məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı MMC cavabdeh “Cavabdeh” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2.832 manat xidmət haqqının və ödənilmiş 30.40 manat dövlət rüsumunun, cəmi 2.862,40 manat borcun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən abonent ona göstərilən rabitə xidmətlərinə görə xidmət haqqını cavabdehin müəyyən etdiyi son ödəmə tarixənədək ödəməli, əks təqdirdə hesab-fakturada göstərilən ödəniş şərtləri abonent tərəfindən pozularsa, cavabdeh tərəfindən gecikdirilən hər gün üçün gecikmə faizi tətbiq ediləcəyi qeyd edilmişdir. Beləliklə, borcluya aid GSM fakturalarından göründüyü kimi borclu müqavilənin şərtlərini pozaraq, göstərilən borcun ödənilməsini təmin etməmişdir. Qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli müqavilənin surətindən görünür ki, İddiaçı MMC ilə “Cavabdeh” MMC arasında internetə qoşulma xidmətlərinə dair müqavilə bağlanmışdır. İddiaçı MMC abunəçiyə bu müqavilənin müddəalarına uyğun olaraq, müştərinin internetə qoşulma xidmətləri ilə təmin edilməsi ilə bağlı texniki, iqtisadi, kommersiya və hüquqi münasibətləri, eləcə də əsas prinsip və şərtləri tənzimləməyi, həmçinin müştərini yerli və beynəlxalq internet trafiki ilə təmin etməyi, abunəçi də öz növbəsində razılaşdırılmış ödəmə şərtləri əsasında xidmətlər üzrə ödənişləri təmin etməyi öhdələrinə götürmüşlər. Müqavilənin 4.1-ci bəndinə əsasən internetə qoşulmaya dair xidmətlərin aylıq qiyməti Xidmət Sifariş Forması (XSF) əsasında təsdiqlənərək, müvafiq ödənişlər imzalanan Xidmət Sifariş Formasına və hesaba əsasən həyata keçirilir. 4.2-ci bəndinə əsasən İddiaçı aylıq hesab fakturanı hər təqvim ayının sonundan etibarən 7 (yeddi) iş günü ərzində müştəriyə təqdim edir. 4.3-cü bəndinə əsasən müştəri xidmətlərə görə aylıq ödənişi İddiaçı tərəfindən təqdim edilən hesab-fakturanın tarixindən etibarən 10 (on) iş günü ərzində həyata keçirməlidir. 4.4-cü bəndinə əsasən ödəniş 5 (beş) iş günündən çoc gecikdirildikdə, İddiaçı hər gecikdirilən təqvim gününə görə ümumi hesab faktura məbləğinin 0,1 faizi miqdarında dəbbə pulu tələb etmək hüququ vardır. 5.1-ci bəndinə əsasən hazırki müqavilə üzrə öhdəliklərini tam və ya qismən yerinə yetirə bilmədikdə müştəri təqsirkar hərəkətləri nəticəsində İddiaçı vurduğu ziyana görə məsuliyyət daşıyır və Azərbaycan Respublikasının qüvvədə olan qanunverciliyi ilə nəzərdə tutulmuş qaydada həmin itki və zərərlərin əvəzini ödəməlidir. İş materiallarında olan hesab-fakturanın surətindən görünür ki, abonent “Cavabdeh” MMC-nin faktura müddətinin sonuna olan borc məbləği 2.832 manat təşkil edir. İş materiallarında olan İddiaçı “Cavabdeh” MMC-yə ünvanladığı pretenziya məktubunun surətindən görünür ki, cavabdehdən yaranmış borcunun ödənilməsi tələb olunmuş və həmin borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, həmçinin Astara Rayon İcra Hakimiyyəti başçısının X1 Ərazi dairəsi üzrə Nümayəndəliyinə məktub ünvanlanaraq məktub ünvanlanaraq məhkəmə tərəfindən tərtib olunmuş sənədlərin “Cavabdeh” MMC-yə təqdim edilməsi qeyd olunmuş, lakin iddia tələbinə qarşı əsaslandırılmış etiraz müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada xx.xx.2017-ci il tarixli müqavilənin surəti, hesabfaktura, pretenziya məktubu və digər sənədlər məhkəməyə təqdim olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış müqavilənin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442). Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1). Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (maddə 448.2). Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə qiymətləndirilməlidir. Bu mənada öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə müəyyən etdi ki, İddiaçı MMC ilə abunəçi “Cavabdeh” MMC arasında xx.xx.2017-ci il tarixli müqavilə bağlanmışdır. Borclu “Cavabdeh” MMC İddiaçı MMC ilə bağladığı müqaviləyə əsasən İddiaçı MMC-nin internet xidmətlərindən istifadə etmişdir. Lakin istifadə etdiyi internet xidmətlərinin dəyirini ödəmədiyindən 2.832 manat xidmət haqqı borcu yaranmışdır. Borcun könüllü ödənilməsi ilə bağlı cavabdehə pretenziya göndərilməsinə baxmayaraq onun tərəfindən borc ödənilməmişdir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməlidir. Buna görə də tərəflər arasında bağlanmış müqaviləyə əsasən ödənilməli olan məbləğ cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 217.4-cü və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəlləyə görə, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır (maddə 284-5.3). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddia ərizəsinin verilməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 30.40 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı MMC-nin cavabdeh “Cavabdeh” MMC-yə qarşı iddia tələbi təmin edilməli, İddiaçı MMC ilə “Cavabdeh” MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə üzrə “Cavabdeh” MMC-dən 2.832 manat xidmət haqqı borcu və ödənilmiş 30.40 manat dövlət rüsumu olmaqla, ümumilikdə 2.862,40 manat məbləğində pul cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 227-ci, 233-cü, 357-ci və 360-cı maddələrinə əsasən məhkəmə qət etdi: İddia təmin edilsin. 2.832 manat xidmət haqqı borcu və ödənilmiş 30,40 manat dövlət rüsumu, cəmi 2.862,40 manat məbləğində pul cavabdeh “Cavabdeh” MMC-dən tutularaq İddiaçı MMCyə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2-2(121)-310/2020
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-310/2020
06.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver