Məhkəmə qərarları › İş №e-2-2(121)-3125/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-3125/2025

04.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-3125/2025 04.11.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3 oğlunun katibliyi, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi”nə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Tələb:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehlər müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 11851.71 manat məbləğində əsas borcun, 1653.19 manat məbləğində faiz borcunun, 606.86 manat məbləğində cərimə, cəmi 14111.76 manat borcun və 160 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli Kredit sazişi müqaviləsinə əsasən bank Borcluya 36 ay müddətinə, illik 24% olmaqla 15000 manat məbləğində kredit vermişdir. Hazırda borclu “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit şərtlərinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən müddətlər kredit alan tərəfindən 2 (iki) aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 (iki) dəfə pozulduqda bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İddia ərizəsinə tələbimizin sübutu kimi kredit müqaviləsi, ödəniş cədvəli, pulun kredit alana verilməsini təsdiq edən sənəd (kassa məxaric orderi), kredit alanın şəxsiyyətini təsdiq edən sənədin surəti, borc barədə maliyyə arayışı, iddia ərizəsini imzalayan bankın nümayəndəsinin buna səlahiyyəti olması barədə etibarnaməsi, bankın əməkdaşı olması barədə əmək kitabçasından çıxarış, bankın sədrinin həqiqətən hazırda sədri olması barədə Vergilər Nazirliyinin “hüquqi şəxslərin qeydiyyatı barədə reyestr”dən çıxarış əlavə edilmişdir.

Tərəflərin izahatları:

3. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirdi ki, o, krediti sahibkarlıq məqsədilə götürmüşdür. Əsas və faiz borcunu qəbul edir, lakin maddi imkanı olmadığından cərimənin azaldılmasında köməklik göstərilməsini məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirdi ki, o, əsas və faiz borcunu qəbul edir, lakin maddi imkanı olmadığından cərimənin azaldılmasında köməklik göstərilməsini məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə təqdim edərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, digər cavabdehlər isə məhkəmə iclasında iştirak etməməyinin səbəbləri barədə məlumat verməmişdir.

5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.

6. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Hakim işdə iştirak edən şəxsin vəsatəti ilə onun nümayəndəsinin, yaxud vəkilinin üzürlü səbəbdən gəlməməsi ilə əlaqədar işin baxılmasını təxirə sala bilər

8. Qeyd olunanlara əsasən məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehlər Cavabdeh4 və Cavabdeh3 iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edilmişdir.

İddia ərizəsinə etiraz:

9. Cavabdehlər tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.

Əsaslandırıcı hissə:

a) İş materialları və sübutların tədqiqi:

10. İş materiallarına olan İddiaçı ASC ilə Cavabdeh2 (Müştəri) və zaminlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MK/34881/93/16saylı Kredit sazişi müqaviləsinə əsasən bank müştəriyə dövvriyyə vəsaitlərinin alınması məqsədilə 36 ay müddətinə, illik 24% olmaqla 15000 manat məbləğində kredit vermişdir.

11. Həmin kredit müqaviləsinin şərtlərinə görə, tərəflərin hüquq və vəzifələri, məsuliyyəti, müqavilələrə xitam verilməsi əsasları və tərəflərin arasında Müqavilələrdən irəli gələn münasibətlərin tənzimlənməsi ilə bağlı digər şərtlər "xxxx" ASC-nin xx.xx.2014cü il tarixli Müştərilərinə Kreditləşmə və Xidmət Şərtləri ilə (bundan sonra "Xidmət şərtləri" və ya "Şərtlər" adlandırılacaq) müəyyən olunur. Şərtlər bu Sazişin ayrılmaz tərkib hissəsi sayılır və ona əlavə olunur.

12. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2014-cü il tarixli Müştərilərinə Kreditləşmə və Xidmət Şərtlərinin 6.12. bəndinə görə zamin, Müqavilədən irəli gələn pul öhdəliklərinin müştəri tərəfindən icra edilmədikdə həmin öhdəlikləri tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürür.

13. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş kassa məxaric orderindən görünür ki, iddiaçı təəfindən cavabdehin hesabına 14841 (on dörd səkkiz yüz qırx bir) manat köçürülmüşdür.

14. İş materiallarında olan “Ödəniş cədvəli”nin surətindən görünür ki, xx.xx.2023-cü il tarixli kredit sazişi üzrə son ödəniş tarixi xx.xx.2026-cı il kimi qeyd olunmuşdur.

15. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “Maliyyə arayışı”ndan görünür ki, Cavabdeh2nın xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 11851.71 manat əsas borc, 1653.19 manat faiz borcu, cərimə üzrə 606.86 manat təşkil edir.

16. İş materiallarında olan xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən yaranmış 11851.71 manat əsas borc, 1653.19 manat faiz borcu, cərimə üzrə 606.86 manat məbləğində borcun məktub alındığı tarixdən 3 gün ərzində tamamilə ödənilməsi xahiş edilmiş, həmçinin cavabdehlər tərəfindən öhdəliyin pozulduğuna görə kredit müqaviləsinin bir tərəfli qaydada ləğv edildiyi qeyd olunmuş, borcun ödənilməyəcəyi təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun İddiaçı ASC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh2 və X1 xəbərdarlıq edilmişdir.

17. İş materiallarında olan ********** nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən iddia ərizəsi verilməsi üçün ümumilikdə 160 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

b) Tətbiq edilən hüquq:

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaksiyada olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. - 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

- 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarı:

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır.

21. Məhkəmə baxışının hədləri:

AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

c) Məhkəmənin mövqeyi:

22. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir.

23. Məhkəmə əvvəla qeyd edir ki, iddia tələbinin maddi hüquqi əsasını 24 fevral 2023cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaksiyada olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin kredit hüquq münasibətlərini tənzimləyən müvafiq normaları təşkil edir. Mülki Məcəllənin qeyd olunan maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür.

24. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin müəyyən olunan hallarına əsasən hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında etibarlı şəkildə bağlanılmış kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə, İddiaçı ASC Cavabdeh2 borc (kredit) verməyi, Cavabdeh2 isə aldığı borcu (krediti) faizi ilə birgə hissə-hissə olmaqla iddiaçıya qaytarmağı öhdələrinə götürmüşlər. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqaviləni və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

25. Məhkəmə qeyd edir ki, iddianın əsasını, müqavilə üzrə öhdəliklərin lazımınca yerinə yetirilməməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə, tələb olunan əsas və faizdən ibarət borc qalığının iddiaçıya ödənilməsini sübut etmək vəzifəsi isə cavabdehlərin üzərinə düşür.

26. Məhkəmə hesab edir ki, idddiaçı öz tələbinin əsasını qanuna uyğun dəlillərlə sübut etmiş, lakin cavabdeh lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddia ərizəsinə etiraz verməmiş, iddianın əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə, kredit müqaviləsi üzrə öhdəliklərin cavabdehlər tərəfindən lazımınca yerinə yetirilməməsinin tam sübut olunduğu qənaətinə gəlir.

27. Məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də Cavabdeh2 müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və o, müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, həmçinin zaminlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 qeyd edilən kredit müqaviləsi üzrə iddiaçı qarşısında Cavabdeh2 ilə birlikdə eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürdüklərinə görə, onlar da iddiaçı qarşısında kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməməsinə görə birgə məsuliyyət daşımalıdırlar.

28. Məhkəmə yuxarıda göstərilənləri də nəzərə alaraq qeyd edir ki, tələb olunan əsas və faizdən ibarət borc qalığının iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehlərin üzərinə düşür. Lakin cavabdehlər lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaya qarşı etirazlarını bildirməmişlər, həmçinin iddia tələbinin tam və ya qismən əsassızlığına dair sübutları məhkəməyə təqdim etməmişlər. Belə olan halda məhkəmə işin müəyyən edilmiş hallarını, iş materiallarında olan sənədləri və müqavilənin ləğv edilməsini nəzərə alaraq hesab edir ki, iddiaçının tələbi əsas borca və faiz borcuna münasibətdə əsaslı olmaqla, cavabdehlərin borc məbləğinin əsas borc üzrə 11851.71 manat, faiz borcu üzrə isə 1653,19 manat təşkil etməsi öz təsdiqini tapır. Bu halda məhkəmə, cavabdehlər tərəfindən öhdəliklərinin lazımınca icra edilməməsinin tam sübut olunduğu qənaətinə gəlir.

29. Məhkəmə eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan mövqeydindən çıxış edərək qeyd edir ki, xəbərdarlıq məktubunun göndərildiyi tarixdən sonra müqavilə bir tərəfli qaydada ləğv edildiyindən, həmin tarixdən sonra müqavilə üzrə faizlər hesablana bilməz.

30. Məhkəmə iddiaçı tərəfindən hesablanan və tələb olunan 606.86 manat cəriməyə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hesablanmış cərimə borcu azaldılaraq 200 manat müəyyən edilməlidir.

31. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin kredit müqaviləsinə əsasən üzərinə götürdükləri öhdəlikləri vaxtında icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada 11851,71 manat əsas borc, 1653,19 manat faiz borcu, 200 manat cərimə, cəmi 13704,90 (on üç min yeddi yüz dörd manat, doxsan qəpik) manat məbləğində borc tutularaq iddiaçıya ödənilməli, qalan hissədə isə iddia təmin edilməməlidir.

Məhkəmə xərcləri:

32. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən hesab edir ki, ödənilmiş dövlət rüsumuna görə 160 manat pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

Nəticə:

33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qətetdi:

İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 11851,71 manat məbləğində əsas borc, 1653,19 manat məbləğində faiz borcu, 200 manat məbləğində cərimə olmaqla, cəmi 13704,90 (on üç min yeddi yüz dörd manat, doxsan qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 160 (bir yüz altmış) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Rəmzi Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar