Məhkəmə qərarları › İş №e-2-2(121)-3141/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-3141/2025

03.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-3141/2025 03.11.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi”nə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Tələb:

1. İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh 41040AZNSC********** saylı kart hesabı üzrə 1,358.76 (bir min üç yüz əlli səkkiz manat, yetmiş altı qəpik) manat əsas (overdraft) borc, 1,107.26 (bir min bir yüz yeddi manat, iyirmi altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 2466.02 (iki min dörd yüz altmış altı manat iki qəpik) manat borcun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 44.67 (qırx dörd manat altmış yeddi qəpik) manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (bundan sonra “Bank”) ilə Cavabdeh (bundan sonra “Borcalan”) arasında xx.xx.2022-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X1 xx.xx.2022-ci il tarixli 1.0.5 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC/SE/00284399 saylı Razılıq ərizəsi imzalanmışdır. Həmin Razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş Ümumi Şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul etmişdir. Borclu Cavabdeh 41040AZNSC********** nömrəli hesabından xx.xx.2023 tarixində müştərinin digər hesabında olan borcun silinməsi üçün qeyd olunan hesabdan köçürülmələr icra olunmuş, lakin silinmə end of day (günün sonu) zamanı keçdiyindən xx.xx.2023-cü il tarixdə FLEX gün bağlanılan zaman (End of Day) kart hesabından digər kreditin ödənişinə görə vəsait tutulmuşdur. Hesabda olan real (CMS) balans yoxlanılmamış və bu səbəbdən hesabında vəsait olmadığı halda belə silinmə icra olunduğundan cavabdehin balansı mənfiyə enmişdir. Qeyd edilən əməliyyatların aparılması Borclunun bank hesabından çıxarışda öz əksini tapmışdır. Bildirilir ki, müştəri ilə bank arasında bağlanmış ümumi şərtlər toplusunda “overdraft” imkanı olması öz əksini tapmış və müştəriyə “overdraft” formasında kredit xəttindən istifadə imkanı verilmişdir. Bu səbəbdən də qeyd edilən borc müştərinin iradəsi əsasənda yaranmışdır. Belə ki, X1 Ödəniş Kartı bölməsi üzrə Karta dair ümumi məlumatların V bölməsinin, dördüncü hissəsinin “Debet kartı üzrə overdraft” hissəsində qeyd edilir ki, Bank hesabı üzrə mənfi qalıqdır. Əmək haqqı kartı üzrə overdraft limiti xalis əmək haqqı məbləğinə bağlı olan və əmək haqqı hesabına ödənilən kredit xəttidir (4.1.1). Texniki overdarft razılaşdırılmış overdraft məbləğini aşan məbləğdir. Məzənnə fərqi və ya digər səbəblərdən Kart hesabının overlimitə keçməsi halıdır(4.1.9). Hər hansı bir səbəbdən aylıq əmək haqqı ödənilmədiyi halda (Cari borcun Bank tərəfindən avtomatik silinməsi mümkün olmadığı halda) və ya Overdraft üzrə cari öhdəliyin ödənilməsi üçün müvafiq hesabda kifayət qədər vəsait olmadığı halda, Banka Cari borc üzrə ödənişini ayda bir dəfədən az olmamaq şərti ilə nağd və ya köçürmə yolu ilə ödəmək; Müqavilə ilə müəyyən olunan və Banka Müqaviləni ləğv etmək hüququ verən hallardan hər hansı biri mövcud olduqda, onun tələbnaməsində göstərilən müddətdə Cari borcu Banka qaytarmaq və Xidmət haqqını ödəmək; Müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra etmək və onların pozulmasına yol verməmək müştərinin vəzifəsidir.(4.2.4). Kart üzrə texniki overdraft, yəni Hesabın məzənnə fərqi və ya digər səbəblərdən mənfi balansa keçməsi halı baş verərsə, bu zaman, bu növdən olan kart üzrə Bankın mövcud cərimə faizləri tətbiq olunacaq. Cərimə faizləri möhlət müddəti tətbiq olunmadan, texniki overdraft halının baş verdiyi gündən hesablanmağa başlayır. Bank tərəfindən Borcalana xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın xx.xx.2025-ci il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri 41040AZNSC********** saylı kart hesabı üzrə overdraft əməliyyatına əsasən 1,358.76 (bir min üç yüz əlli səkkiz manat yetmiş altı qəpik) manat əsas (overdraft) borc, 1,107.26 (bir min bir yüz yeddi manat iyirmi altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 2466.02 (iki min dörd yüz altmış altı manat iki qəpik) manat təşkil edir. Gecikmə günü: 846 İddiaçı ASC iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün 44.67 (qırx dörd manat altmış yeddi qəpik) manat dövlət rüsumu ödəmişdir.

Tərəflərin izahatları:

3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Həmçinin, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə iş üzrə yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş və məhkəməyə teleqram ünvanlayaraq yol uzaq olduğundan məhkəmə iclasında iştirak edə bilmədiyini, iddianı 1,358.76 (bir min üç yüz əlli səkkiz manat, yetmiş altı qəpik) manat əsas borc hissəsində qəbul etdiyini bildirdi və təqaüdçü olmasını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.

6. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehləriin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

7. Məhkəmə, qeyd olunanlara əsasən iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan məhkəmə iclasını keçirilməsini mümkün hesab etmişdir.

İddia ərizəsinə etiraz:

8. Cavabdehlər tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.

Əsaslandırıcı hissə:

a) İş materialları və sübutların tədqiqi:

9. İş materiallarından görünrü ki, İddiaçı ASC (bundan sonra “Bank”) ilə Cavabdeh (bundan sonra “Borcalan”) arasında xx.xx.2022-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X1 xx.xx.2022-ci il tarixli 1.0.5 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC/SE/00284399 saylı Razılaşma imzalanmışdır. Həmin Razılaşmanın: - 1. bəndinə görə, Tamara Qulıyeva (VÖEN: **********) şəxsində (bundan sonra "Müştəri" adlandırılacaq), bu Razılaşmanı (bundan sonra "Razılaşma" adlandırılacaq) imzalamaqla, Bank xidmətlərinin göstərilməsinə dair X1 Bankın rəsmi internet səhifəsində https://www.pashabank.az/gsa_addendum /lang,az/ link üzrə yerləşdirilən xx.xx.2022-ci il tarixli 1.0.5 №-li versiyasının (bundan sonra "Müqavilə" adlandırılacaq) şərtlərini diqqətlə oxuduğunu, onun bütün müddəalarını başa düşdüyünü, Müqavilə üzrə müəyyən edilən xidmətlərin istifadəsinə dair öz öhdəliyinə düşən şərtlərə riayət olunmasına görə məsuliyyət daşıdığını və əks halda yaranan hər hansı maddi zərər vəya məsuliyyəti birbaşa olaraq öz hesabına daşıdığını qəbul edir. - 2. bəndinə görə, müştəri özü/hüquqi şəxs olduqda onun adından imzalayan şəxs "ASAN Finans" sistemi vasitəsilə şəxsiyyət vəsiqəsi və iş yeri üzrə müəyyən olunan məlumatların Banka təqdim olunmasına özü tərəfindən razılıq geri götürülmədiyi təqdirdə, Bank ilə Müqavilə münasibətlərinə xitam verilənə və/və ya onun qarşısındakı öhdəlikləri tam icra olunan müddətədək təqdim olunmasına razılıq verir. - 3. bəndinə görə, Bank və Müştəri link üzrə yerləşdirilən Müqaviləni imzalanmış Müqaviləyə bərabər tutur və bununla bağlı bir-birinə qarşı heçbir iddia qaldırmayacaqlarını bildirir. - 4. bəndinə görə, Bank, Müqaviləyə edilən hər bir əlavə və dəyişiklik haqqında Müştəriyə yazılı xəbərdarlıq göndərməklə, Müqavilənin yenilənmiş versiyasını link üzrə yerləşdirir. Müştəri isə, əlavə və dəyişikliklərlə tanış olur və onlarla razı olmadığı təqdirdə, bu haqda xəbərdarlığın ona göndərildiyi tarixdən etibarən 3 (üç) gün ərzində Banka yazılı məlumat verir. Bu halda Müştəri göstərilən xidmətlərdən istifadəni dayandıra və ya Bank ilə Müqavilə münasibətlərinə Müqaviləyə uyğun olaraq xitam verə bilər. - 5. bəndinə görə, Müştəri təsdiq edirki, onun Banka təqdim etdiyi yeganə əlaqə vasitəsi mobil telefon nömrəsidirsə və SMS məlumatlandırma xidməti üçün müvafiq mobil nömrədə kütləvi xarakterli mesajların alınmasına məhdudiyyət qoyulmuşdursa, habelə Banka təqdim etdiyi əlaqə vasitələrində dəyişiklik olmuş, lakin bu barədə Banka yazılı məlumat verməmişdirsə, Bank əlavə və dəyişikliklər barədə məlumatın Müştəriyə çatımlı olması üçün heç bir məsuliyyət daşımır. Bu halda, Müştəri daim Bankın rəsmi internet səhifəsindən Müqavilə üzrə yenilikləri özü izləməlidir. - 6. bəndinə görə, Bu Razılaşmada izahı verilməyən anlayışlar Müqavilədə ifadə olunduğu mənanı daşıyır. Bu Razılaşma ilə Müqavilə arasında hər hansı ziddiyyət və ya uyğunsuzluq aşkar olunduğu təqdirdə isə bu Razılaşmanın müddəalarına üstünlük verilir. - 7. bəndinə görə, bu Razılaşma imzalandığı gündən qüvvəyə minir və müddətsiz olaraq bağlanır. Razılaşma əsasında qəbul edilən Müqaviləyə xitam verilməsi şərtləri ilə tənzimlənir.

10. “BANK XİDMƏTLƏRİNİN GÖSTƏRİLMƏSİNƏ DAİR ÜMUMİ ŞƏRTLƏR TOPLUSU”nun: - 1. bəndinə görə, Bu Müqavilədə, Müştərinin müraciəti əsasında ona bank hesabının açılması, depozitin yerləşdirilməsi, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya limitin ayrılması), ticarətin maliyyələşdirilməsi (akkreditiv, qarantiya, stand-by akkreditiv, inkasso), ödəniş kartlarının verilməsi, depozit qutularının icarəsi və bu xidmətlərin göstərilməsindən irəli gələn şərtlər müvafiq adlı bölmələrdə öz əksini tapmışdır. - 2. bəndinə görə, Müqavilədə qeyd olunan xidmətlərdən hər hansı birinin Bank tərəfindən bu Müqavilənin şərtlərini qəbul etmiş Müştəriyə təqdim olunması üçün müvafiq xidmətin təqdim olunmasını nəzərdə tutan Ərizə formalarının Banka təqdim olunması və ya bu Müqavilə ilə müvafiq xidmətin göstərilməsi üçün Ərizə formalarında qeyd edilməsi nəzərdə tutulan məlumatların https://Pashabank.digital və ya https://ib.pashabank.az internet səhifəsi üzrə Müştəri üçün fərdi qaydada yaradılmış modullar vasitəsilə Müştərinin özü və/və ya səlahiyyətli nümayəndəsi tərəfindən doldurularaq təqdim edilməsi tələb olunur (bundan sonra “Ərizə” dedikdə hər iki qaydada təqdim olunmuş sifariş nəzərdə tutulacaq). Müştərinin təklifinin (sifarişi) qəbul edilməsi Bankın yazılı məlumatı və ya xidməti təqdim etmək hərəkəti əsasında iradəsinin bəyanı ilə təsdiq olunur. - 3. bəndinə görə, Müştəriyə yalnız sifariş edilən və Ərizədə qeyd edilən xidmət təqdim olunacaq. Ərizə Müştərinin imza və möhürü ilə, yaxud gücləndirilmiş elektron imzası ilə təsdiqləndiyi halda Bank tərəfindən icraya qəbul ediləcək. - 4. bəndinə görə, Hər bir bank xidməti üzrə həmin xidmətin başlama və bitmə tarixləri, faiz, xidmət haqqı, xidmətin göstərilmə yeri və sair şərtlər xidmətin sorğu edildiyi Ərizədə öz əksini tapacaq. - 5. bəndinə görə, Bu Müqavilə çərçivəsində təqdim olunan Ərizə bu Müqavilənin ayrılmaz hissəsini təşkil edir. Müvafiq Ərizə ilə və Müqavilə şərtləri arasında uyğunsuzluq olarsa, Ərizə şərtləri üstünlük təşkil edəcək. - 6. bəndinə görə, Tərəflər arasında bu Müqavilədə qeyd olunmuş xidmətlər üzrə daha əvvəl imzalanmış və xitam verilməmiş digər müqavilələr mövcud olduğu halda, bu Müqavilənin şərtlərinin Müştəri tərəfindən qəbul edilməsi əvvəlki müqavilə şərtlərini qüvvədən salır və hal-hazırda göstərilməkdə olan xidmətlərə də bu Müqavilə şərtləri tətbiq olunur. - 2.3. Müştərinin vəzifələri: - 2.3.1. Banka təqdim olunan tapşırıqların AR Mərkəzi Bankının qüvvədə olan normativ sənədlərinə və Bankın daxili qaydalarına uyğunluğunu təmin etmək. - 2.3.2. Hesabın açılması üçün Banka təqdim edilmiş sənədlərdəki məlumatlarda olan bütün dəyişikliklər haqqında Bankı 3 (üç) iş günü ərzində yazılı qaydada xəbərdar etmək. - 2.3.3. Hesabın açılması üçün Banka təqdim olunan sənədlərdəki məlumatların dəqiqliyini təmin etmək. - 2.3.4. Bank tərəfindən bu bölmənin 2.2.6-cı yarımbəndinə uyğun olaraq əlavə sənədlər tələb edildikdə, həmin sənədləri ona təqdim etmək. - 2.3.5. Bank qarşısında hər hansı bir icra olunmamış öhdəliyi (kredit ödənişi, ipoteka və/və ya girovla bağlı xərclər və s.) yarandıqda, həmin borcun öz hesabından mübahisəsiz (akseptsiz) qaydada silinməsinə razılıq vermək. - 2.3.6. Hesabına səhvən vəsait(lər) daxil olduqda, bu barədə Bankı dərhal məlumatlandırmaq və həmin vəsaiti Banka geri qaytarmaq. - 2.3.7. Bu bölmənin 2.2.7. yarımbəndində göstərilən halda baş verdikdə Bankın tərtib etdiyi müvafiq aktı mübahisəsiz qəbul etmək. - 2.3.8. Bankın qüvvədə olan tarifləri ilə xidmət haqlarını Banka ödəmək; - 2.3.9. Bankın tələb etdiyi sənədləri vaxtında, tam və düzgün şəkildə Banka təqdim etmək. 2.4. Müştərinin hüquqları: 2.4.1. Qüvvədə olan qanunvericiliklə müəyyən olunmuş qaydada hesabında olan pul vəsaitinə müstəqil olaraq sərəncam vermək. 2.4.2. Hesablaşma-kassa xidmətləri üzrə Banka tapşırıq vermək, məlumat istəmək, onun yerinə yetirdiyi tapşırıqlar üzrə hesabat tələb etmək. - 6. Overdraftın xüsusiyyətləri: - 6.1. Bu Müqavilə üzrə Müştəriyə “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən məbləğdə, valyuta və müddətdə güzəşt müddətli kredit xətti (bundan sonra “Overdraft limiti”) verilir. - 6.2. Müştəri Overdraftdan istifadə etdiyi zaman ona həmin tarixdən “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan müddətdə Güzəşt müddəti verilir. - 6.3. X3 limitinin istifadə olunmuş hissəsini Güzəşt müddəti bitməzdən əvvəl Banka tam olaraq qaytararsa, ona heç bir faiz hesablanmır və 1 (bir) iş günü ərzində Bank qarşısında bu məhsul üzrə heç bir ödəniş öhdəliyi olmazsa, overdraft limitindən yenidən istifadə etmək hüququ yaranır. Əgər Overdraft limitinin istifadə olunmuş hissəsi Güzəşt müddəti bitməzdən əvvəl tam olaraq bağlanmazsa Müştəriyə faiz güzəşt müddətinə daxil olan günlər üçün də hesablanır. - 6.4. Overdraftın istifadə olunmuş hissəsi üzrə faizlər “Maliyyələşdirmə üçün ərizə” formasında müəyyən olunan qaydada hesablanaraq ödənilir. “Maliyyələşdirmə üçün ərizə” formasında müəyyən olunan qaydada Müştərinin hesabında vəsait olduğu təqdirdə hesablanmış faizlər Müştərinin hesabından akseptsiz qaydada silinir. - 6.5. Overdraftın istifadə olunmuş hissəsi üzrə əsas məbləğ müəyyən tarix olmadan, yəni Müştərinin hesabına vəsait daxil olduqca akseptsiz qaydada silinir. - 6.6. Overdraftın istifadə olunmuş hissəsi üzrə əsas məbləğ və faizlər “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan tarixdə Müştəri tərəfindən ödənilmədiyi təqdirdə, Overdraft limiti birtərəfli qaydada ləğv olunur və gecikdirilmiş əsas borc öhdəlikləri üzrə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan cərimə faizləri hesablanır. - 6.7. Bank Müştəriyə ayrılan Overdraft limitini ildə 1 (bir) dəfə nəzərdən keçirə və Müştərinin maliyyə göstəricilərindən asılı olaraq birtərəfli qaydada dəyişə və ya ləğv edə bilər. - 6.8. Müştəri açılan Overdraftdan “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən müddətdə istifadə edilə bilər və həmin müddətin sonunda Overdraftın istifadə olunmuş hissəsi Banka tam olaraq qaytarılır. - 6.9. Müştərinin cari hesabına yönəldilmiş hər-hansı tələb (vergi orqanları, DSMF, məhkəmə və digər səlahiyyətli qurumlar tərəfindən sərəncamlar) yalnız Müştərinin yazılı müraciəti əsasında Overdraft limiti hesabına ödənilə bilər. - 6.10. Müştərinin müvafiq cari hesabı bağlandığı təqdirdə Overdraft limiti avtomatik olaraq ləğv olunur.

11. İş materiallarından görünrü ki,Borclu Cavabdeh 41040AZNSC********** nömrəli hesabından xx.xx.2023 tarixində müştərinin digər hesabında olan borcun silinməsi üçün qeyd olunan hesabdan köçürülmələr icra olunmuş, lakin silinmə end of day (günün sonu) zamanı keçdiyindən xx.xx.2023-cü il tarixdə FLEX gün bağlanılan zaman (End of Day) kart hesabından digər kreditin ödənişinə görə vəsait tutulmuşdur.

12. İş materiallarında olan borcalanın xx.xx.2025-ci il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri 41040AZNSC********** saylı kart hesabı üzrə overdraft əməliyyatına əsasən 1,358.76 (bir min üç yüz əlli səkkiz manat yetmiş altı qəpik) manat əsas (overdraft) borc, 1,107.26 (bir min bir yüz yeddi manat iyirmi altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 2466.02 (iki min dörd yüz altmış altı manat iki qəpik) manat təşkil edir. Gecikmə günü: 846 İddiaçı ASC iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün 44.67 (qırx dörd manat altmış yeddi qəpik) manat dövlət rüsumu ödəmişdir.

13. İş materiallarında olan “Ödəniş planı”nın surətindən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə son ödəniş tarixi xx.xx.2025-ci il kimi müəyyən edilmişdir.

14. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xəbərdarlıq məktubundan görünür ki borcun məktub alındığı tarixdən 7 iş gün ərzində tamamilə ödənilməsi xahiş edilmiş, həmçinin cavabdehlər tərəfindən öhdəliyin pozulduğuna görə kredit müqaviləsinin bir tərəfli qaydada ləğv edildiyi qeyd olunmuş, borcun ödənilməyəcəyi təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun İddiaçı ASC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehlərə xəbərdarlıq edilmişdir.

15. İş materiallarında olan ********** nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən iddia ərizəsi verilməsi üçün ümumilikdə 44,67 manat məbləğində dövlət rüsumu ödənilmişdir. b) Tətbiq edilən hüquq:

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 21-ci maddəsinə görə hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərər və əldən çıxmış faydanın) əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır.

17.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

-14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

18. Məhkəmə baxışının hədləri:

-AR MPM-non 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

c) Məhkəmənin mövqeyi:

19. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir.

20. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin müəyyən olunan hallarına əsasən hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında etibarlı şəkildə bağlanılmış kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır.

21. Məhkəmə qeyd edir ki, iddianın əsasını, müqavilə üzrə öhdəliklərin lazımınca yerinə yetirilməməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə, tələb olunan əsas və faizdən ibarət borc qalığının iddiaçıya ödənilməsini sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür.

22. Məhkəmə iş materiallarına əsasən hesab edir ki, idddiaçı öz tələbinin əsasını qanuna uyğun dəlillərlə sübut etmiş, lakin cavabdeh lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddia ərizəsinə etiraz verməmiş, iddianın əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmiş, əksinə məhkəməyə teleqram ünvanlayaraq iddianı əsas borca aid hissədə qəbul edir. Belə olan halda məhkəmə, kredit müqaviləsi üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımınca yerinə yetirilməməsinin tam sübut olunduğu qənaətinə gəlir.

23. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, idia tələbi əsas borca münasibətdə əsaslı olduğundan həmin hissədə idd atəmin edilməlidir.

24. Bundan əlavə, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində eyni zamanda borcun ödənilməsinin gecikdirilməsinə görə 1,107.26 manat cərimə cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

25. Məhkəmə iddiaçı tərəfindən hesablanmış və tələb olunan 1107,26 manat cərimə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki qanunvericiliyində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Məhkəmə hesab edir ki, iddia tələbi cəriməyə aid hissədə mahiyyəti üzrə əsaslıdır. Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Ona görə də məhkəmə bu nəticəyə gəlir ki, cavabdehdən tutulacaq cərimə məbləğinin azaldılaraq 100 manat məbləğində müəyyən edilməsi işin hallarına mütənasib və ədalətli olar.

26. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin kredit müqaviləsinə əsasən üzərinə götürdükləri öhdəlikləri vaxtında icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 1358,76 manat əsas borc, 100 manat cərimə olmaqla, cəmi 1458,76 manat borc tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

Məhkəmə xərcləri:

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumuna görə 44,67 manat pul vəsaiti cavabdehdən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir.

Nəticə:

28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qətetdi:

İddia qismən təmin edilsin. Cavabdeh 1358,76 manat əsas borc, 100 manat cərimə olmaqla, cəmi 1458,76 (bir min dörd yüz əlli səkkiz manat yetmiş altı qəpik) manat borc və ödənilmiş dövlət rüsumuna görə 44,67 (qırx dörd manat altımış yeddi qəpik) manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissdə təmin edilməsin Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Rəmzi Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar