Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-32/2023 02.02.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, Cavabdeh və onun vəkili X1 iştirakları ilə İddiaçı ləğv Prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqavilə üzrə yaranmış borcun ödənilməsi, tutmanın ipoteka müqaviləsinə yönəldilməsi və s. tələbinə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ləğv Prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı - 12407.05 (on iki min dörd yüz yeddi manat, 05 qəpik) manat əsas, 8291.88 (səkkiz min iki yüz doxsan bir manat, 88 qəpik) manat faiz, 14688.88 (on dörd min altı yüz səksən səkkiz manat, 88 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1778.48 (bir min yeddi yüz yetmiş səkkiz manat, 48 qəpik) manat faiz borcu və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiyaya dair xərcin və iş üzrə ödənilmiş 1.50 (bir manat, 50 qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müaciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sabirabad filialı ilə Cavabdeharasında bağlanmış xx.xx.2014-cü il tarixli BK-3003/35 saylı Baş Kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən müştəriyə illik 36 (otuz altı) faiz dərəcəsindən çox olmamaq şərti ilə 60 (altmış) ay müddətinə 100.000 (bir yüz min manat) AZN məbləğində kredit limiti ayrılmışdır. Baş kredit müqaviləsi əsasında "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 300314-B saylı kredit müqaviləsi üzə Bank tərəfindən müştəriyə illik 21 %-lə 24 ay müddətinə 32000 ABŞ Dolları məbləğində kredit verilmişdir. 300314-B nömrəli 28 avqust 2014-cü il tarixli Kredit Müqaviləsi üzrə 25 yanvar 2017-ci il tarixli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin əsas qalığı konvertasiya edilməklə (1 USD= 1.40 AZN) 17218.66 (on yeddi min iki yüz on səkkiz manat, 66 qəpik) manat təşkil etmiş, restrukturizasiya edilmiş kreditin müddəti isə xx.xx.2019-cu il tarixədək uzadılmışdır. Kredit müqaviləsinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “bank tərəfindən verilmiş kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin geri qaytarılması” mübahisəsi ilə əlaqədar xx.xx.2022-ci il tarixdə ilkin mediasiya sessiyası keçirilmiş, lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə razılığa gəlməmişdirlər. Bu barədə “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə 2022-18778 nömrəli xx.xx.2022-ci il tarixli Arayış tərtib edilmişdir. xx.xx.2022-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 37166.29 (otuz yeddi min bir yüz altmış altı manat, 29 qəpik) manat təşkil edir. Bundan 12407.05 (on iki min dörd yüz yeddi manat, 05 qəpik) manat əsas, 8291.88 (səkkiz min iki yüz doxsan bir manat, 88 qəpik) manat faiz, 14688.88 (on dörd min altı yüz səksən səkkiz manat, 88 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1778.48 (bir min yeddi yüz yetmiş səkkiz manat, 48 qəpik) manat faiz borcu təşkil edir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********487 saylı xx.xx.2022-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. İddiaçı sonradan “iddia tələbinin həcminin artırılması barədə” ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12407.05 (on iki min dörd yüz yeddi manat. 05 qəpik) AZN əsas, 8291.88 (səkkiz min iki yüz doxsan bir manat, 88 qəpik) AZN faiz, 14688.88 (on dörd min altı yüz səksən səkkiz manat, 88 qəpik) AZN cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1778.48 (bir min yeddi yüz yetmiş səkkiz manat, 48 qəpik) AZN faiz borcu olmaqla, ümumilikdə 37166.29 (otuz yeddi min bir yüz altmış altı manat, 29 qəpik) AZN məbləğində borcun, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiyaya dair xərcin və iş üzrə ödənilmiş 1.50 (bir manat, 50 qəpik) manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat rüsumun ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmasına, tutmanın Cavabdeh məxsus olan Sabirabad şəhəri, İsmət Qayıbov küçəsində 0.04 ha torpaq sahəsində yerləşən 13 nömrəli fərdi yaşayış evin hərracdan satışından əldə olunan vəsait hesabına ləğv prosesində olan “DəmirBank" ASC-yə ödənilməsinə, əmlakın ilkin satış qiymətinin (likvid dəyər) müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılmasına, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulmasına, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evinin boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin həcminin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, mövcud kredit öhdəliyinin təminatı kimi Cavabdeh məxsus olan Sabirabad şəhəri, İsmət Qayıbov küçəsində 0.04 ha torpaq sahəsində yerləşən 13 nömrəli fərdi yaşayış evi 28 avqust 2014cü il tarixli S1P1-3003/14-B saylı Sonrakı ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh ləğv prosesində olan “DəmirBank" ASC-nin xeyrinə ödənilməli olan ümumilikdə 37166.29 (otuz yeddi min bir yüz altmış altı manat, 29 qəpik) AZN məbləğində borcun, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiyaya dair xərcin və iş üzrə ödənilmiş 1.50 (bir manat. 50 qəpik) manat dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh məxsus Sabirabad şəhəri, İsmət Qayıbov küçəsində 0.04 ha torpaq sahəsində yerləşən 13 nömrəli fərdi yaşayış evinə yönəldilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək hesablanmış cərimə borcu ilə razılaşmadığını bildirərək qanuna müvafiq qaydada qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili X3 izahat verərək, məhkəmədən qanuna müvafiq qaydada qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Lakin, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddianı müdafiə etdiyini, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, iddia tələbinin həcminin artırılması barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında BK- 3003/35 saylı, xx.xx.2014-cü il tarixli baş kredit müqaviləsi bağlanmışdır. Göstərilən kredit müqaviləsinə əsasən cavabdehə illik 36 faiz ödəmək şərti ilə 60 ay müddətinə 100.000 manat məbləğində kredit limiti ayrılmışdır. İşin materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında 3003-14-B saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi bağlanmışdır. Göstərilən kredit müqaviləsinə əsasən cavabdehə illik 21 faiz ödəmək şərti ilə 24 ay müddətinə 32.000 ABŞ dolları məbləğində kredit verilmişdir. İşin materiallarında olan 3003-14-B saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli əlavə saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin əsas qalığı konvertasiya edilməklə (1 USD=1.40 AZN) 17.218,66 manat təşkil etmiş, restrukturizasiya edilmiş kreditin müddəti isə xx.xx.2019-cu il tarixədək uzadılmışdır. İşin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış SİP1-3003/14-B saylı, xx.xx.2014-cü il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən, Sabirabad şəhəri, İ.Qayıbov küçəsində mülkiyyətində olan 0,04 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilə ilə ipoteka predmeti tərəflərin razılığı ilə 40.000 manat məbləğində qiymətləndirilmişdir. İşin materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Sabirabad şəhəri, İ.Qayıbov küçəsi, 13 nömrəli, 0,04 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. İş materiallarından görünür ki, iddiaçı cavabdehə “ipoteka predmetinə tutmanın yönəldilməsi” barədə bildiriş göndərmişdir. İşdən görünür ki, iddiaçı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına dair xx.xx.2022-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmişdir. İşin materiallarında olan xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, cavabdehin qeyd edilən kredit müqaviləsi üzrə 12.407,05 manat məbləğində əsas borc, 14.688,88 manat məbləğində cərimə borcu, 8.291,88 manat faiz, 1.778,48 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu, cəmi 37.166,29 manat məbləğində kredit borcu vardır. İş materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 23 iyun 2022-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İşə əlavə olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/7200 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, 3003/14-B saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixə, əsas borcu üzrə 12.407,05 manat, faiz borcu üzrə 3.155,72 manat; xx.xx.2022-ci il tarixə əsas borcu üzrə 12.407,05 manat, faiz borcu üzrə 1.755,94 (5%-lə) manat borcunun olması müəyyən olunur. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 150 manat məbləğində təşkil edir. İş materiallarından görünür ki, məhkəmənin qərardadı ilə göstərilən daşınmaz əmlakın bazar qiymətinə uyğun qiymətləndirilməsi "xxxx" MMC-yə həvalə olunmuş və həmin MMC-nin əmlakın dəyərinin müəyyən etmək üçün xx.xx.2022-ci il tarixli qiymətləndirmə hesabatı (rəyi) ilə Cavabdeh mülkiyyətində olan Sabirabad şəhəri, İ.Qayıbov küçəsi, 13 nömrəli, 0,04 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin likvid dəyəri 67.516 manat məbləğində olması müəyyən olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, hazırkı işdə iddiaçının kredit müqaviləsi üzrə Cavabdeh kredit verməsi və sonuncunun həmin krediti alması işin mübahisəsiz halını təşkil edir. İddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Eyni zamanda iddiaçı ilə Cavabdeh arasında sözügedən kredit müqavilələrinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh mülkiyyətində olan Sabirabad şəhəri, İ.Qayıbov küçəsində 0,04 ha torpaq sahəsində yerləşən 13 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/7200 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, 3003/14-B saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsində faiz borcu və müqavilə müddəti bitdikdən sonra hesablanmış faiz borcu üzrə ekspertin gəldiyi nəticə iş materiallarına əlavə olunmuş sübutlara və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 3003/14-B saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 12.407,05 manat əsas, 3.155,72 manat faiz borcunun və 1.755,94 manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olması iş materialları ilə öz təsdiqini tapmışdır. Qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, 3003/14-B saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas borcun tutulması hissəsində iddia tam, faiz və müqavilə müddətdi bitdikdən sonra hesablanmış faiz borcunun tutulması hissəsində iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bununla belə, qeyd olunan Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərindən göründüyü kimi tərəflər arasında bağlanmış kredit müqaviləsi qanunvericliyin tələblərinə uyğun olaraq bağlanılmışdır. İddiaçı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməsinə baxmayaraq cavabeh həmin müqavilələrə əsasən öhdəliklərini yerinə yetirməmiş və bu səbəbdən də Cavabdeh iddiaçıya 3003/14-B saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən borcu yaranmışdır. Odur ki, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını cavabdehdən tələb etməkdə haqlıdır. Bundan əlavə, məhkəmə qeyd edir ki, 3003/14-B saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin təminatı olaraq İddiaçı ASC ilə Cavabdeh arasında SİP1-3003/14-B saylı, xx.xx.2014-cü il tarixli sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Məhkəmə borcun ipoteka predmetinə yönəldilərək, həmin əmlakın açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi tələbinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslıdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən qanunla və ya əvvəlki ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka qoyan digər öhdəliklərini təmin etmək üçün əvvəldən ipoteka qoyulmuş əşyanı yenidən girov qoya bilər (sonrakı ipoteka). Həmin Qanunun 34-cü maddəsində ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması əsasları göstərilmişdir. Həmin Qanunun 34.1.1-ci və 34.1.3-cü maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aiddir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndircinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli, 01 saylı Qərardadında qeyd olunmuşdur ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Yuxarıda sadalanan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsaslıdır. Odur ki, iddia həmin hissədə təmin edilməli, Cavabdeh məxsus Sabirabad şəhəri, İ.Qayıbov küçəsində 0,04 ha torpaq sahəsində yerləşən 13 nömrəli fərdi yaşayış evinin satışından əldə ediləcək vəsait hesabına 3003/14-B saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borc ödənilməlidir. Məhkəmə eyni zamanda, iddia tələbinin “ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evinin boşaldılması”na dair hissəsini araşdıraraq hesab edir ki, iddiaçının dəlilləri əsaslıdır və qeyd edilən fərdi yaşayış evi ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipotekaya qoyulduğundan, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Çünki, fərdi yaşayış evi ipotekaya qoyulmuşdur və borc ödənilmədiyi təqdirdə ipoteka qoyan ipoteka predmeti olan əmlakdan çıxacağını və boşaldılmasını öhdəsinə götürmüşdür. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Bundan başqa, “İpoteka haqqında” Qanunda ipoteka predmetinin boşaldılmasının göstərilməməsi iddiaçıya bu cür tələb irəli sürməyə maneə olmur. Əksinə bu cür vəziyyətdə buna bir zərurət yaranır. Çünki, ipoteka qoyanlar və onların ailə üzvləri yaxud digər şəxslər əmlaklara tutma yönəldikdən sonra və həmin əmlaklar satıldıqdan sonra əmlakları tərk etməlidirlər. Həmin əmlaklarda yaşayarkən və ya fəaliyyət göstərərkən sözsüz ki, yaşayış və fəaliyyət üçün lazım olan əşyalar da həmin əmlaklarda olur. Cavabdehlər əmlakları tərk edərkən təbii ki, özlərinə məxsus müxtəlif əşyaları da həmin əmlaklardan çıxartmalıdırlar və sözsüz ki, bu zaman ipoteka predmetləri də həm insanlar, həm də fiziki baxımdan boşaldılmış vəziyyətə gəlir. Başqa sözlə, “İpoteka haqqında” Qanunda konkret olaraq tutmanın ipoteka predmeti olan əmlaka yönəldikdə və o satıldıqda ipoteka predmetinin boşaldılmasının nəzərdə tutulmaması da icra sənədinin tam icra olunmasını təmin edən bir vasitədir. Əks halda icra sənədinin icrası ilə əlaqədar əlavə mübahisələrin və yeni lüzumsuz iddiaların ortaya çıxmasına şərait yarana bilər. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mübahisəli fərdi yaşayış evi əmlakın mülkiyyətçisi tərəfindən sonrakı ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğundan, iddia qeyd edilən hissədə də təmin edilməlidir. Məhkəmə həmçinin iddia tələbinin “fərdi yaşayış evinin iddiaçıya təhvil verilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə əsassızdır. Belə ki, əmlakın təhvil verilməsi üçün əmlaka tutma yönəldilməli və o satılmalıdır. Digər tərəfdən, əmlak satıldıqdan sonra onun mülkiyyətçi iddiaçı olmaya da bilər. Buna görə də iddiaçının əmlakın ona təhvil verilməsini tələb etməsi əsassızdır. Məhkəmə iddia tələbinin “ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması”na dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-ci maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir. Odur ki, iddianın həmin hissəsi əsassızdır. Buna görə də iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İddia qismən təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 1,50 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat və mediasiya xərci olaraq ödənilmiş 200 manat Cavabdeh iddiaçının xeyrinə tutulmalı, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manatın 100 (bir yüz) manatı Cavabdeh, 50 (əlli) manatı isə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 12.407,05 manat məbləğində əsas borc, 3.155,72 manat məbləğində faiz borcu, 1.755,94 manat məbləğində müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu, 400 manat məbləğində cərimə borcu, 200 manat ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş məbləğ, iş üzrə ödənilmiş 1,50 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat rüsum olmaqla, ümumilikdə 17.965,21 manat məbləğində pul tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tələb Cavabdeh mülkiyyətində olan Sabirabad şəhəri, İ.Qayıbov küçəsində 0,04 ha torpaq sahəsində yerləşən 13 nömrəli fərdi yaşayış evinə yönəldilsin. Sabirabad şəhəri, İ.Qayıbov küçəsində 0,04 ha torpaq sahəsində yerləşən 13 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 67.516 manat məbləğində olmaqla açıq hərracda satılsın və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə olan ümumilikdə 17.965,21 manat məbləğində borc ödənilsin. Əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsi Cavabdeh qaytarılsın. Sabirabad şəhəri, İ.Qayıbov küçəsində 0,04 ha torpaq sahəsində yerləşən 13 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdə və satıldıqdan sonra 1 (bir) ay ərzində həmin fərdi yaşayış evi boşaldılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 150 (bir yüz əlli) manatın 100 (bir yüz) manatı Cavabdeh, 50 (əlli) manatı isə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X2, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-32/2023
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-32/2023
02.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver