Məhkəmə qərarları › İş №e-2-2(121)-338/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-338/2024

16.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-338/2024 16.04.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Astanov Amid Gülbala oğlunun katibliyi, iddiaçı xxxxn nümayəndəsi X2 iştirakı ilə, İddiaçı xxxxn Cavabdeh qarşı icarə müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı xxxx Cavabdeh qarşı icarə müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçı qarşısında mövcud olan 43000 (qırx üç min) manat məbləğində icarə haqqı üzrə borcun və nüqavilənin ləğv edildiyi 01 iyul 2023-cü il tarixinə qədər hesablanmış 2250 (iki min iki yüz əlli) manat məbləğində penya borcunun, ümumilikdə 45250 (qırx beş min iki yüz əlli) manat məbləğində pul vəsaitinin, ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqının və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 225,75 (iki yüz iyirmi beş manat 75 qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdeh iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə iddiaçı ASC "xxxx" Bankı (bundan sonra “Bank” və ya “İcarəyə verən”adlandırılacaq) ilə Cavabdeh (bundan sonra “İcarəçi” və ya “Cavabdeh” adlandırılacaq) arasında “Qeyri-yaşayış sahəsinin icarəsi haqqında” Müqavilə (bundan sonra – “İcarə müqaviləsi” və ya “Müqavilə” adlandırılacaq) bağlanmış və AR ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında DƏDR-dən Çıxarışa əsasən Bankın mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 21 ünvanında yerləşən ümumi sahəsi 594.7 kv.m olan qeyri-yaşayış sahəsinin 180 kv.m hissəsi (bundan sonra – “Qeyri-yaşayış sahəsi” adlandırılacaq) İddiaçı tərəfindən Cavabdehə mağaza kimi istifadə (qadın geyimlərinin satışı) üçün icarəyə verilmişdir. Qeyri yaşayış sahəsi İcarəyə verən tərəfindən İcarəçiyə xx.xx.2022-ci il tarixindən təhvil verilmişdir. İcarə müqavilənin 3.1-ci bəndinə əsasən qeyri-yaşayış sahəsinin ilk 4 ay üçün (aprel, may, iyun və iyul ayları) ƏDV daxil olmaqla 7500 (yeddi min beş yüz) manat, sonrakı aylar üçün isə ƏDV daxil olmaqla aylıq 10 000 (on min) manat məbləğində icarə haqqı müəyyən edilmişdir. Müqavilənin 1.1-ci bəndinə əsasən İcarəçi qeyri-yaşayış sahəsini qəbul etməyi və İcarəyə verənə icarə haqqını ödəməyi, 3.2-ci bəndinə əsasən isə o, may, iyun, iyul ayları üzrə aylıq icarə haqqını xx.xx.2022-ci il tarixinədək, növbəti ayların aylıq icarə haqqını isə hər ayın 15-dək İcarəyə verənin bank hesabına köçürülməsi yolu ilə ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin, Cavabdeh müqavilə ilə öz üzərinə götürdüyü icarə haqqının ödənilməsinə dair öhdəlikləri tam şəkildə yerinə yetirməyərək müqavilə şərtlərini pozmuş və bununla da onun icarə haqqı üzrə borcu yaranmışdır. Cavabdeh tərəfindən Banka ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən də göründüyü kimi Cavabdeh tərəflər arasında bağlanmış İcarə müqaviləsinin xx.xx.2023-cü il tarixində ləğv edilməsini xahiş etmiş və həmin tarixə qədər icarə haqqı üzrə gecikdirilmiş məbləğin ödənilməsi barədə öhdəliyi üzərinə götürmüşdür. Cavabdehin müqavilənin ləğv edildiyi 01 iyul 2023-cü il tarixinə qədər, həmin ilin fevral, mart,aprel, may və iyun ayları üçün icarə haqqı üzrə ödənilməmiş borcu qalmışdır ki, bu da ümumilikdə cəmi 43000 (qırx üç min) manat təşkil edir. Bundan başqa, Müqavilənin 4.2-ci bəndinə əsasən icarə haqqının ödənilməsi üzrə öz öhdəliklərinin icrasının gecikdirilməsinə görə İcarəçi gecikdirmənin hər günü üçün gecikdirilmiş məbləğin 0,1 (sıfır tam onda bir) %-i miqdarında, lakin aylıq icarə haqqı məbləğinin 5 (beş)%- dən artıq olmayan miqdarda penyanı (cərimə sanksiyası) Bankın xeyrinə ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə 01 iyul 2023-cü il tarixindən xitam verildiyi nəzərə alındığında cavabdehin icarə haqqının gecikdirilməsinə görə müqavilə üzrə 01 iyul 2023-cü il tarixinə qədər hesablanmış 2250 (iki min iki yüz əlli) manat məbləğində penya (cərimə) borcu mövcuddur. Müqavilənin 7.2-ci bəndinə əsasən tərəflər arasında müqavilə ilə bağlı və ya ondan irəli gələn mübahisələr, fikir ayrılıqları və ya tələblər tərəflər arasında danışıqların aparılması yolu ilə həll edilir. Tərəflər arasında danışıqların aparılması nəticəsində razılıq əldə edilmədiyi halda yaranan mübahisələr məhkəmə qaydasında həll edilir. Lakin, İcarə müqaviləsi üzrə Cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq sonuncu ilə, bir neçə dəfə əlaqə saxlanılmasına və ona borcun ödənilməsinin tələb edilməsinə dair müvafiq olaraq xx.xx.2023-cü il tarixli BO-XO-xx.xx.2023-008 №-li xəbərdarlığın göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır. Odur ki, göstərilənlərə əsasən hesab edirik ki, iddiaçı ASC "xxxx" Bankı tərəfindən qeyri-yaşayış sahəsinin icarəsinə dair müqavilənin ləğv edilməsi ilə əlaqədar olaraq icarə haqqı üzrə yaranmış borcun tutulması barədə iddiası tamamilə əsaslıdır. Həmçinin “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı mediasiya prosesi keçirilmiş, lakin cavabdeh mediasiya prosesində iştirak etməmiş və bununla bağlı xx.xx.2023-cü il tarixdə “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış verilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim etdiyi iddia tələbinə qarşı yazılı etirazında, iddia tələbini əsassız hesab etdiyini, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 21 ünvanında yerləşən ümumi sahəsi 594.7 kv.m olan qeyri-yaşayış sahəsinin 180 kv.m hissəsinin xx.xx.2022-ci il tarixdə ona təhvil verilmədiyini, həmin sahənin istifadəçisinin xx.xx.2022-ci il tarixə kimi X1 olduğunu, mübahisəli qeyri-yaşayış sahəsinin iddiaçı tərəfindən ona xx.xx.2022-ci il tarixdə təhvil verildiyini, həmin tarixdən sonra müqavilə öhdəliklərinə tərəfindən tam olaraq riayət edildiyini, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək iddiaçıya ümumilikdə 86999,84 manat məbləğində pul ödədiyini bildirərək iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahuiş etmişdir. İddiaçı xxxxn nümayəndəsi X4 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin olunmasını xahiş etdi. Cavabdeh vəkili və nümayəndəsi Vəkil xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, səhhətində yaranmış problemlə əlaqədar olaraq məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak edə bilməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, iş materiallarında olan sənədlərə, iddiaçının və cavabdehin nümayəndələrinin məhkəmə iclaslarında verdikləri izahatlarına və məhkəmə iclasında tədqiq olunan digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “fiziki şəxsin sahibkarlıq oçotu haqqında Şəhadətnamə”nin surətindən və “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə (VÖEN) sahibkarlıq subyekti kimi qeydiyyata alınmışdır. İş materiallarında olan daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli “Çıxarış”ın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 21 ünvanında yerləşən ümumi sahəsi 594.7 kv.m olan qeyri-yaşayış sahəsi mülkiyyət hüququ ilə xxxxna məxsusdur. İş materiallarında olan iddiaçı (İcarəyə verən) ASC "xxxx" Bankı ilə cavabdeh (İcarəçi) Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Qeyri-yaşayış sahəsinin icarəsi haqqında” müqavilənin: 1.1-ci bəndinə əsasən, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada İcarəyə verən Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 21 ünvanında yerləşən ümumi sahəsi 594.7 kv.m olan əmlak kompleksinin 180 kv.m sahəsini icarəyə verməyi və İcarəçi isə qeyri-yaşayış sahəsini qəbul etməyi və İcarəyə verənə icarə haqqını ödəməyi öz öhdəsinə götürür. 1.4-cü bəndinə əsasən, bu müqavilənin 1.1-ci bəndində göstərilən qeyri-yaşayış sahəsinin icarə məqsədləri üçün İcarəçiyə təhvil verilməsi 2 nüsxədə tərtib edilən və hər iki tərəfdən imzalanan təhvil-təslim aktı üzrə həyata keçirilir və bu müqavilə üzrə icarə haqqının hesablanması həmin sahənin İcarəçiyə faktiki təhvil verildiyi tarixdən etibarən hesablanacaqdır. Qeyri-yaşayış sahəsi İcarəyə verən tərəfindən İcarəçiyə xx.xx.2022-ci il tarixindən təhvil verilmişdir. 3.1-ci bəndinə əsasən, qeyri-yaşayış sahəsindən istifadəyə görə İcarəçi İcarəyə verənə ilk 4 ay üçün (aprel, may, iyun və iyul ayları) ƏDV daxil 7500 manat, sonrakı aylar üçün isə ƏDV daxil aylıq 10000 manat məbləğində aylıq icarə haqqı ödəyir. 3.2-ci bəndinə əsasən, İcarəçi İcarəyə verənə may, iyun, iyul ayları üzrə aylıq icarə haqqını xx.xx.2022-ci il tarixinədək, növbəti ayların aylıq icarə haqqını isə hər ayın 15-dək İcarəyə verənin bank hesabına köçürülməsi yolu ilə ödəyir. 4.2-ci bəndinə əsasən, icarə haqqının ödənilməsi üzrə öz öhdəliklərinin icrasının gecikdirilməsinə görə İcarəçi gecikdirmənin hər günü üçün gecikdirilmiş məbləğin 0,1% miqdarında, lakin aylıq icarə haqqı məbləğinin 5%-dən artıq olmayan miqdarda İcarəyə verənin xeyrinə ödənilməli olan cərimə sanksiyaları şəklində məsuliyyət daşıyır. 5.1-ci bəndinə əsasən, bu müqavilə üzrə icarə müddəti xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər olan 12 aylıq dövrü əhatə edir. İş materiallarında olan “Ödəniş tapşırıqları”nın surətlərindən görünür ki, Cavabdeh tərəfindən iddiaçı ASC "xxxx" Bankının hesabına xx.xx.2022-ci il tarixdə 33898,3 və 6101,7 manat, xx.xx.2022-ci il tarixdə 8474,58 və 1525,42 manat, xx.xx.2022-ci il tarixdə 8474,58 və 1525,42 manat, xx.xx.2022-ci il tarixdə 8474,58 və 1525,42 manat,xx.xx.2023-cü iil tarixdə 8474,58 və 1525,42 manat, xx.xx.2023-cü il tarixdə 14406,78 və 2593,22 manat olmaqla, ümumilikdə cəmi 97000 manat məbləğində ödəniş həyata keçirilmişdir. İş materiallarında olan “maliyyə arayışı”nın surətindən görünür ki, xx.xx.2022-ci il tarixli icraə müqaviləsi üzrə Cavabdeh 2023-cü il üzrə gecikdirilmiş icarə haqqı məbləği cəmi 43000 manat, hesablanmış cərimə məbləği isə cəmi 2250 manat təşkil edir. İş materiallarında olan Cavabdeh tərəfindən ASC "xxxx" X6 sədri Kamran Məcidova ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Cavabdeh ASC "xxxx" Bankı ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli qeyri-yaşayış sahəsinin icarəsi haqqında müqavilənin xx.xx.2023-cü il tarixindən etibarən xitam olunmasına dair göstəriş verilməsini xahiş etmiş, həmin tarixədək icarə haqqı üzrə gecikmiş bütün ödənişləri ödəməklə bağlı öhdəlik götürmüşdür. İş materiallarında olan ASC "xxxx" Bankı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci tarixli icarə müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə 43000 manat məbləğində 245 gün gecikdirilmiş icarə haqqı borcunun və icarə haqqının gecikdirilməsinə görə 2500 manat məbləğində cərimə borcunun 3 iş günü ərzində ödənilməsi Cavabdeh tələb olunmuşdur. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ın surətindən görünür ki, iddiaçı ASC "xxxx" Bankının ərizəsinə əsasən xx.xx.2023cü il tarixinə təyin edilən ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. İş materiallarında olan ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı ASC "xxxx" Bankı ilkin mediasiya sessiyasının keçirilməsi üçün Salyan 1 X3 hesabına 200 manat vəsait ödəmişdir. Məhkəmə, iş materiallarında olan sənədlərə və digər dəlillərə əsasən müəyyən edir ki, tərəflər arasında yaranmış mübahisənin predmetini, onların daxil olduqları müqavilə münasibətləri üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində subyektiv hüququnun pozulmasını iddia edərək həmin hüquqlarının bərpa edilməsinə dair iddiaçının tələbi təşkil edir. Məhkəmə qeyd edir ki, mübahisə tərəflərinin hər ikisinin sahibkarlıq subyekti olmaları, mübahisənin predmetinin tərəflər arasında bağlanmış mülki hüquqi əqd (icarə müqaviləsi) üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində pozulmuş hüququnun bərpa edilməsinə dair iddiaçının tələbinin təşkil etməsi və tərəflərin daxil olduqları hüquq münasibətlərinin xarakterinin onların həm birgə, həm də ayrı-ayrı həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə bağlı olması hazırki mübahisənin kommersiya xarakterdə olmasını mübahisəsiz şəkildə şərtləndirir. Məhkəmənin, iş materiallarında olan sənədlərə, məhkəmə iclasında tədqiq olunmuş dəlillərə əsasən müəyyən etdiyi işin faktiki halları belədir ki, iddiaçı tərəfindən ona məxsus olan qeyri-yaşayış sahəsinin sahibkarlıq məqsədi ilə istifadə edilməsi üçün cavabdehin icarəsinə verilməsinə, cavabdehin isə icarəyə götürdüyü sahədən istifadəyə görə şərtləşdirilmiş icarə haqqının iddiaçıya ödənilməsinə dair tərəflər arasında razılıq əldə olunmuşdur və həmin razılığı onlar xx.xx.2022-ci il tarixli “Qeyri-yaşayış sahəsinin icarəsi haqqında” müqavilə ilə rəsmiləşdirmişlər. Sonradan tərəflərin qarşılıqlı razılaşması ilə icarə müqaviləsinə xx.xx.2023-cü il tarixdən etibarən xitam verilmişdir. İddiaçı qeyd edilən müqavilə üzrə müqavilənin qüvvədə olduğu dövrdə üzərinə düşən öhdəliyi icra edərək icarə obyektini cavabdehə təhvil verdiyini, lakin cavabdehin müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməyərək icarə haqqını tam ödəmədiyini iddia edir. Cavabdeh isə icarə haqqı borcunun olmadığını iddia edir və bunun onunla əsaslandırır ki, icarə müqaviləsinin obyekti olan qeyri-yaşayış sahəsi ona müqavilə bağlandığı tarixdə deyil, xx.xx.2022-ci tarixdə təhvil verilmişdir və həmin tarixdən sonra müqavilə öhdəliklərinə tərəfindən tam olaraq riayət edilmişdir. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq bu qənaətə gəlir ki, iddia tələbinin maddi hüquqi əsasını icarə müqaviləsinə dair münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34-cü fəslində yer alan normalar təşkil edir. Belə ki, işin faktiki hallarına Mülki Məcəllənin 700.1-ci maddəsində nəzərdə tutulan icarə müqaviləsinin dispozisiya şərtləri uyğun gəlir. Məhkəmə qeyd edir ki, mübahisəni tətbiq ediləcək maddi hüquq normalarına əsasən həll etməzdən əvvəl ilk olaraq işin mübahisəsiz və mübahisəli halları müəyyən edilməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsi qaydalarına uyğun olaraq tərəflərin öz tələb və etirazlarının əsası kimi gətirdikləri dəlillərə hüquqi qiymət verilməlidir. Məhkəmə tərəflər arasında etibarlı şəkildə bağlanılmış icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yarandığını müəyyən edərək işdə olan sənədlərə və digər sübut əhəmiyyətli materiallara əsasən bu qənaətə gəlir ki, tərəflər arasında qeyriyaşayış sahəsinin icarəyə verilməsinə dair müqavilənin bağlandığı, həmin müqavilənin etibarsızlığına dəlalət edən halların olmadığı, müqavilə şərtlərinə görə müqavilənin qüvvədə olduğu müddətdə cavabdeh tərəfindən ilk 4 ay üçün (aprel, may, iyun və iyul ayları) ƏDV daxil 7500 manat, sonrakı aylar üçün isə ƏDV daxil aylıq 10000 manat məbləğində icarə haqqı ödənilməsinin razılaşdırıldığı, cavabdeh tərəfindən icarə müqaviləsi qüvvədə olduğu dövrdə iddiaçıya ümumilikdə 97000 manat məbləğində icarə haqqı məbləği ödənildiyi, icarə müqaviləsinə tərəflərin razılaşmasında əsasən xx.xx.2023cü il tarixdən etibarən xitam verildiyi işin mübahisəsiz hallarını təşkil edir. İşin mübahisəli halları belədir ki, iddiaçı, icarə müqaviləsinin obyekti olan qeyriyaşayış sahəsinin cavabdehin istifadəsinə icarə müqaviləsinin bağlandığı tarixdən, yəni xx.xx.2022-ci il tarixdən təhvil verildiyini və icarə haqqının da həmin tarixdən etibarən hesablandığını bildirir, cavabdeh isə icarə müqaviləsinin obyekti olan qeyri-yaşayış sahəsinin onun istifadəsinə xx.xx.2022-ci il tarixdə təhvil verildiyini, həmin tarixdən sonra icarə haqqlarını tam şəkildə ödədiyini iddia edir. İddiaçı öz tələbinin faktiki əsası kimi tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ərizəyə, ödəniş tapşırıqlarına, icarə haqqı üzrə borcun ödənilməsi ilə bağlı cavabdehə qarşı məhkəməyə qədər həm pretenziya qaydasında, həm də mediasiya prosesində tələblə çıxış etməsinə istinad edir. Cavabdeh isə öz etirazının faktiki əsası kimi iddiaçı tərəfindən icarə obyektinin iddia edildiyi kimi müqavilə bağlandığı xx.xx.2022-ci il tarixdən ona təhvil verilməsinə dair sübutun olmamasına, vergi orqanı tərəfindən verilmiş arayışlarda olan məlumatlara, ödəniş tapşırıqlarına istinad edir. Məhkəmə, işin mübahisəli halları ilə bağlı tərəflərin gətirdikləri dəlillərə qiymət verərək hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları mötəbər sübut dəlillərlə sübut edə bilmişdir, cavabdeh isə etirazının əsasını təşkil edən halları sübut edə bilməmişdir. Məhkəmə, ilk növbədə baxılan işin başlıca və mübahisənin qanuni və ədadlətli həlli baxımından həlledici əhəmiyyət daşıyan əsas mübahisəli halını təşkil edən icarə müqaviləsinin obyekti olan qeyri-yaşayış sahəsinin nə vaxt cavabdehin istifadəsinə verilməsinin müəyyən edilməsini vacib sayaraq qeyd edir ki, tərəflər arasında münasibətlər onların bağladıqları yazılı müqaviləyə əsasən yarandığına görə, həmin münasibətlərdən irəli gələn mübahisələr də ilk növbədə həmin müqavilə şərtləri çərçivəsində qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, mülki hüquq münasibətlərinə daxil olan içitrakçıların hüquq və vəzifələri, o cümlədən daxil olduqları münasibətlərin şərtləri, riayət etmələri zəruri olan qaydalar əsas olaraq onların iradə ifadələrinin açıq və mübahisəsiz təzahürünü əks etdirən müqavilə bağlanması yolu ilə rəsmiləşdirilir. Tərəflərin əməl edilməsində razılığa gəldikləri müqavilə şərtləri, onların öz üzərlərinə götürdükləri öhdəliklərə müvafiq olaraq məcburi davranış qaydalarını, öhdəliklərin icrası qayda və şərtlərini müəyyən edir. Müqavilə şərtlərinə əməl edilməsi həm “müqavilələr icra edilməlidir” prinsipindən irəli gəldiyi kimi, həm də gələcəkdə tərəflər arasında yarana biləcək mübahisələrin obyektiv həll edilməsində mühüm rol oynayır. Buna görə də müqavilə əsasında yaranan mülki hüquq münasibətlərinin tərəflərindən ilk növbədə müqavilə şərtlərinə əməl etmələri tələb olunur. Müqavilə və daha sonra qanunla tənzimlənməyən münasibətlərdən yaranan mübahisələrin həll edilməsində işgüzar adətlər və s. rol oynaya bilər. Buradan belə nəticə çıxır ki, əgər mülki hüquq subyektləri arasında müqavilə münasibətləri ilə əlaqədar mübahisə yaranmışdırsa, həmin mübahisələrin həlli üçün ilk növbədə müqavilə şərtlərinə baxılmalı və müqavilənin şərtlərinə əsasən mübahisə həll edilməlidir. Məhkəmə qeyd edilənlərin yekunu olaraq bu nəticəyə gəlir ki, əgər tərəflər arasında bağlanmış müqavilə varsa və müqavilə şərtləri onun iştirakçıları tərəfindən mübahisələndirilməmişdirsə, həmin müqavilənin şərtlərinə əsasən mübahisənin həlli qanuni və buna görə də ədalətli hesab edilməlidir. İş üzrə tərəflər arasında bağlanmış müqavilənin 1.4-cü bəndi ilə icarə obyekti olan qeyri-yaşayış sahəsinin İcarəçiyə təhvil verilməsi təhvil-təslim aktı üzrə həyata keçirilməsi və müqavilə üzrə icarə haqqının da həmin sahənin İcarəçiyə faktiki təhvil verildiyi tarixdən etibarən hesablanacağı şərtləşdirilmişdir. Cavabdeh məhz müqavilənin bu qeyd olunan bəndinə istinad edərək iddiaçı ilə aralarında icarə obyektinin təhvil verilməsinə dair müvafiq aktın tərtib edilmədiyinə görə, icarə obyektinin ona müqavilə bağlandığı tarixdə təhvil verilməsinə dair sübutun olmadığını bildirir. Məhkəmə, cavabdehin bu arqumentinə tənqidi yanaşaraq qeyd edir ki, əvvəla tərəflər arasında bağlanmış müqavilənin yuxarıda göstərilən bəndinin son cümləsindən göründüyü kimi, tərəflər öz imzaları ilə təsdiq etmişlər ki, qeyri-yaşayış sahəsi İcarəyə verən tərəfindən İcarəçiyə xx.xx.2022-ci il tarixindən təhvil verilmişdir. Məhkəmə hesab edir ki, müqavilədə icarə obyektinin müqavilə bağlandığı tarixdən təhvil verildiyi təsbit edildiyinə görə, bu faktın təsdiqi üçün ayrıca təhvil-təslim sənədinin tərtib edilməsinə zərurət qalmamışdır. Digər tərəfdən məhkəmə qeyd edir ki, işin mübahisəli halını təşkil edən göstərilən xüsusat iş üzrə müəyyən edilmiş digər hallarla da öz təsdiqini tapmışdır. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli, OD3 və OD1EDV nömrəli ödəniş tapşırıqlarından görünür ki, cavabdeh tərəfindən iddiaçının hesabına xx.xx.2022-ci il tarixli müqavilənin icrası ilə əlaqədar cəmi 40000 manat pul vəsaiti ödənilmişdir. Bu məbləğ isə tərəflərin arasında bağlanmış müqavilə üzrə icarə haqqlarının ödənilməsi barədə razılaşmaya tam uyğun gəlir. Belə ki, müqavilə şərtlərinə (3.1-ci bənd) əsasən, qeyri-yaşayış sahəsindən istifadəyə görə İcarəçi İcarəyə verənə ilk 4 ay üçün (aprel, may, iyun və iyul ayları) ƏDV daxil 7500 manat, sonrakı aylar üçün isə ƏDV daxil 10000 manat məbləğində aylıq icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İcarə müqaviləsinin bağlandığı tarixdən sonrakı ilk aylar üzrə ödəmələrin cəmi 30000 manat təşkil edir (4 ay X 7500 manat). 2022-ci ilin avqust ayı üçün icarə haqqının 10000 manat təşkil etdiyini nəzərə aldıqda, buradan belə nəticə hasil olur ki, cavabdeh xx.xx.2022-ci il tarixdə məhz əvvəlki 5 ay (2022-ci ilin aprel, may, iyun, iyul və avqust ayları) üçün istifadəsində olan icarə obyektinin icarə haqqının cəmini təşkil edən 40000 manat məbləğində ödənişi həyata keçirmişdir. Məhkəmə, cavabdehin nümayəndəsinin iştirak etdiyi məhkəmə iclasında xx.xx.2023cü il tarixindəki ödənişləri icarə obyektinin əldən çıxmaması üçün həyata keçirmələri barədə dəlilinə tənqidi yanaşaraq qeyd edir ki, həmin arqument işdə olan sənədlərlə təkzib olunur. Belə ki, işdə olan Cavabdeh tərəfindən ASC "xxxx" X6 sədri Kamran Məcidova ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizənin məzmunundan aydın olur ki, Cavabdeh ASC "xxxx" Bankı ilə aralarında bağlanmış icarə müqaviləsinin xx.xx.2023-cü il tarixindən etibarən xitam verilməsini xahiş etməklə yanaşı, həmin tarixədək icarə haqqı üzrə gecikmiş bütün ödənişləri ödəyəcəyi ilə bağlı vəd vermişdir. Halbuki, cavabdeh müqavilə üzrə öhdəliklərini tam icra etdiyini bildirir və işdə olan ödəniş tapşırıqlarından göründüyü kimi cavabdeh tərəfindən son ödəniş xx.xx.2023-cü il tarixdə həyata keçirilmişdir. Belə olan halda son ödəniş tarixindən 1 ay sonra cavabdehin iddiaçıya ünvanladığı ərizəsində icarə haqqı üzrə gecikmiş bütün ödənişləri ödəyəcəyi ilə bağlı vəd verməsi təsdiq edir ki, cavabdehin icarə müqaviləsinə xitam verilərkən ödənilməmiş icarə haqqı borcu mövcud olmuşdur. Məhkəmə, həmçinin cavabdehin icarə obyekti olan qeyri-yaşayış sahəsinin 2022-ci ilin oktyabr ayına kimi digər şəxsin istifadəsində olması barədə dəlilinin sübutu kimi istinad etdiyi vergi orqanının arayışına hüquqi qiymət verərək bu qənaətə gəlir ki, həmin arayışlara əsasən sözügedən icarə obyektinin icarə müqaviləsinin bağlandığı tarixdə cavabdehin istifadəsinə verilib-verilməməsi faktının müəyyən edilməsi mümkün deyildir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki halları belədir ki, iddiaçı müqavilə üzrə öhdəliyini icra edərək icarə obyekti olan qeyri-yaşayış sahəsini cavabdehin istifadəsinə vermişdir, lakin cavabdeh sahəni təhvil alaraq istifadəsində saxlasa da icarə haqqını tam şəkildə ödəməmişdir. Buna görə də, iddiaçının ödənilməmiş icarə haqqının cavabdehdən tutulması tələbinə dair iddiası qanuni və əsaslıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçının cavabdehə qarşı pul tələbinin təmin edilməsi üçün hüquqi əsas, tərəflər arasında mövcud olmuş icarə müqaviləsi üzrə icarəçinin vəzifə və məsuliyyətini müəyyən edən, həmçinin öhdəlik hüquq münasibətlərini tənzimləyən Mülki Məcəllənin müvafiq normalarının tələblərindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Beləliklə, sadalanan maddi hüquq normalarının tələblərini baxılan işin faktiki hallarına tətbiq edərək məhkəmə bu qənaətə gəlir ki, tərəflər arasında bağlanmış müqavilədən yaranan öhdəlik cavabdeh tərəfindən lazımi qaydada icra edilmədiyinə görə müqavilə üzrə borcun cavabdehdən tutulması barədə iddiaçının hazırki tələbi irəli sürməsi üçün subyektiv hüququ vardır və həmin hüquq cavabdehin qanunsuz hərəkətləri nəticəsində pozulmuşdur. Buna görə də, iddia tələbi əsas borca (ödənilməmiş icarə haqqı tələbinə) münasibətdə tam təmin edilməlidir. Məhkəmə, iddia tələbini cərimənin (penyanın) tutulması hissəsində qismən əsaslı hesab edərək qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci bəndinə əsasən, icarə haqqının ödənilməsi üzrə öz öhdəliklərinin icrasının gecikdirilməsinə görə İcarəçi gecikdirmənin hər günü üçün gecikdirilmiş məbləğin 0,1% miqdarında, lakin aylıq icarə haqqı məbləğinin 5%-dən artıq olmayan miqdarda İcarəyə verənin xeyrinə ödənilməli olan cərimə sanksiyaları şəklində məsuliyyət daşıyır. İşin halları ilə cavabdehin icarə haqqı ödənişini gecikdirdiyi müəyyən olunduğuna görə, onun iddiaçıya cərimə ödəmək öhdəliyi yaranmışdır. Məhkəmə, cərimə tələbinin əsaslılığı ilə bağlı məsələyə qiymət verərkən tərəflər arasında razılaşdırılmış cərimənin hüquqi təbiətinə aydınlıq gətirilməsini də vacib hesab edir. Mülki qanunvericilikdə dəbbə (cərimə, penya) həm öhdəliyi icra etməməyə görə mülki məsuliyyət sanksiyası, həm də öhdəliyin lazımınca icra edilməsinin təminatı üsulu kimi nəzərdə tutulmuşdur. Birinci halda, yəni mülki məsuliyyət tədbiri kimi nəzərdə tutulan dəbbə pulu (cərimə, penya) öhdəlik münasibətinin bir tərəfinə öz üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyinə görə digər tərəfin məruz qaldığı zərərin kompensasiya edilməsi məqsədi ilə tətbiq edilən mülki hüquq sanksiyası funksiyasını, təminat üsulu kimi nəzərdə tutulan digər halda isə dəbbə pulu (cərimə, penya) öhdəliyin lazımınca icra edilməsinə borclunun kreditor qarşısında əlavə öhdəliyi funksiyasını yerinə yetirir. Mülki hüquq sanksiyası olaraq nəzərdə tutulan dəbbə pulunun tətbiq edilməsinin başlıca şərtləri, öhdəliyin lazımınca icra edilməməsi nəticəsində tələb hüququ yaranan tərəfə zərər vurulması (1-ci şərt) və öhdəliyi lazımınca icra etməyən tərəfin təqsirinin müəyyən edilməsidir (2-ci şərt). Bu iki şərtin mövcud olduğu təqdirdə mülki məsuliyyət tədbiri qismində dəbbənin (cərimə, penya) tətbiq edilməsi üçün əsas yaranır. Öhdəliyin təmin üsulu kimi nəzərdə tutulan dəbbə pulunun tətbiq edilməsi üçün isə tələb hüququ yaranan tərəfin zərərə məruz qalması mühüm şərt deyildir. Burada əsas olan borclunun öhdəliyini icra etmədiyi, lazımınca icra etmədiyi və ya icranı gecikdirməsi faktının və dəbbə pulu ödənilməsi barədə müqavilə şərtinin olmasının kreditor tərəfindən sübut edilməsidir. Dəbbə pulunun anlayışını verən Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Dəbbə puluna verilən leqal tərifdən müəyyən olunur ki, dəbbə pulunun ödənilməsi tələbi borclu tərəfindən öhdəliyin pozulması ilə yaranır. Bunun üçün əlavə olaraq kreditora zərər vurulması faktının baş verməsi tələb olunmur. Qeyd olunanları hazırki işin faktiki hallarına tətbiq etdikdə müəyyən olunur ki, tərəflər arasında bağlanmış müqavilədə qeyd olunan cərimə öhdəliyi, cavabdehin üzərinə götürdüyü icarə haqqının şərtləşdirilmiş vaxtda ödənilməsi ilə bağlı öhdəliyinin lazımınca icra olunmasının təmin edilməsi üsulu kimi nəzərdə tutulmuşdur. Buna görə də, cərimə ödənilməsi üçün iddiaçının öhdəliyin pozulması nəticəsində zərərə məruz qalmasını sübut etmək vəzifəsi yaranmır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd edilən maddi hüquq normalarının tələblərinə görə borclu pul vəsaitinin qaytarılmasına dair öhdəliyini pozduqda və ya lazımınca icra etmədikdə kreditorun əsas borcun qaytarılmasını tələb etməklə yanaşı, gecikmə nəticəsində cavabdehin vurduğu zərərin də ödənilməsini tələb etmək hüququ vardır. Mülki qanunvercilik belə vəziyyətlərdə müqavilə şərtlərindən asılı olaraq kreditora dəymiş zərərin əvəzi olaraq borcun məbləğindən faiz tələb etmək və ya dəbbə (cərimə, penya) tələb etmək kimi alternativ tələb imkanları tanımışdır. Hazırki işdə tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə gecikdirmə nəticəsində dəyən ziyanı qarşılamaq üçün cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Buna görə də iddiaçının cərimə tələbi mahiyyət etibarı ilə əsaslıdır. Lakin məhkəmə, cərimənin məbləğinin əsas borca nisbətini, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun iddiaçının əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini nəzərə alaraq hesab edir ki, iddia tələbi cavabdehdən 2250 manat məbləğində cərimənin tutulması hissəsində əsaslı və mütənasib deyildir. Buna görə də məhkəmə bu nəticəyə gəlir ki, cavabdehdən tutulacaq cərimə məbləğinin azaldılaraq 200 manat məbləğində müəyyən edilməsi işin hallarına mütənasib və ədalətli olar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 iyul 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir.” Məhkəmə həmçinin iddianın 200 manat mediasiya xərcinin cavabdehdən alınmasına dair hissəsini də əsaslı hesab edir. Belə ki, cavabdeh imzaladığı müqavilədən irəli gələn vəzifələrini icra etmədiyinə görə iddiaçının məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə iddiaçıya əlavə zərər vurmuşdur. Buna görə də, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə xərc də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin oluduğuna görə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 225,75 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, iddiaçı xxxxn Cavabdeh qarşı icarə müqaviləsi üzrə borcun ödənilməsi tələbi qismən əsaslıdır və buna görə də iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli icarə müqaviləsi üzrə 43000 manat məbləğində əsas borc, 200 manat məbləğində cərimə borcu, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 200 manat və 225,75 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 43625,75 manat məbləğində pul tutularaq iddiaçı xxxxna ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar