Məhkəmə qərarları › İş №e-2-2(121)-34/2022

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-34/2022

02.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-34/2022 02.02.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh3 və digərlərinə qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı (bundan sonra İddiaçı QSC BOKT) cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı - Cavabdeh3 07.04.2015-ci il tarixli S-12-2015 saylı kredit müqaviləsi üzrə 8000,0 manat əsas borcun, 3710,33 manat faiz borcunun, cəmi 11710,33 (on bir min yeddi yüz on manat otuz üç qəpik) manat borc məbləğinin cavabdehdən tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə ödənilməsi; borc tələbinin Cavabdeh2 məxsus, ipoteka qoyulmuş Biləsuvar rayonu, Əskərabad kəndində yerləşən fərdi yaşayış evinə, habələ onun və ailə üzvü Cavabdeh1 paylı mülkiyyətində olan 0,34 ha torpaq sahəsinə yönəltməklə həmin əmlakın açıq hərraca çıxarılaraq satılması hesabına 11710,33 (on bir min yeddi yüz on manat otuz üç qəpik) manat borcun və 30,0 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Salyan filialı ilə Cavabdeh3 arasında bağlanmış 07 aprel 2015-ci il tarixli S-12-2015 saylı kredit müqaviləsinə əsasən Cavabdeh3 heyvandarlığın inkişafı məqsədi ilə illik 6%-lə 36 ay müddətinə 8000.0 (səkkiz min) manat məbləğində kredit verilmişdir. Qeyd olan müqavilə üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh2 məxsus olan Biləsuvar rayonu, Əskərabad kəndində yerləşən fərdi yaşayış evi və onun ailə üzvü Cavabdeh1 paylı mülkiyyətində olan 0,34 ha torpaq sahəsi ilə birlikdə ipoteka qoyulmuş və bununla bağlı İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Salyan filialı ilə ipoteka qoyanlar arasında 07 aprel 2015-ci il tarixli S-12-2015 saylı ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi notarial qaydada təsdiqlənmiş və İddiaçı SKT-nin Salyan filialının girovu kimi müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınmışdır. Cavabdeh3 ilə bağlanmış kredit müqaviləsinin 6.5-ci və 7.2-ci bəndinə əsasən, borcalan krediti və ona hesablanmış faizləri həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəmə cədvəlinə müvafiq olaraq ödənilməsini öhdəsinə götürür. Cavabdeh3 07.04.2015-ci il tarixli S-12-2015 saylı kredit müqaviləsi üzrə Kredit Təşkilatına olan əsas borcu 8000,0 manat, faiz borcu 3710,33 manat, cəmi borcu 11710,33 (on bir min yeddi yüz on manat otuz üç qəpik) manat təşkil edir. Borcun ödənilməsi barədə cavabdehə müraciət olunmasına, tərəfimizdən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazimi nəticə əldə olunmamış, borc ödənilməmiş qalmışdır. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Səhmdar Kredit Təşkilatı ilə Cavabdeh3 arasında bağlanmış 07 aprel 2015-ci il tarixli, S-12-2015 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh3 (VÖEN: **********) illik 6 faiz dərəcəsi olmaqla 36 ay müddətinə iri buynuzlu heyvanların alınması məqsədilə 8.000 (səkkiz min) manat məbləğində kreditin verilməsi barədə tərəflər razılığa gəlmişlər. İş materiallarında olan 22.04.2015-ci il tarixli, 707026 saylı məxaric orderindən görünür ki, Cavabdeh3 8.000 manat kredit verilmişdir. İş materiallarında olan İddiaçı Səhmdar Kredit Təşkilatı ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 07 aprel 2015-ci il tarixli, S-12-2015 saylı ipoteka müqaviləsinə əsasən, 07 aprel 2015-ci il tarixli, S-12-2015 saylı kredit müqaviləsin təminatı kimi Cavabdeh2 məxsus Biləsuvar rayonu, Əskərabad kəndində mülkiyyətində olan 0,34 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 67,2 kv.m yaşayış, 37,3 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və Cavabdeh2 və Cavabdeh1 paylı mülkiyyətində olan 0,34 ha torpaq sahəsi İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Biləsuvar rayonu, Əskərabad kəndində, 0,34 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 67,2 kv.m yaşayış, 37,3 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi Cavabdeh2 xüsusi mülkiyyət hüququ üzrə, 0,34 ha torpaq sahəsi isə paylı mülkiyyət hüququ üzrə Cavabdeh2 (1/2 hissə) və Cavabdeh1 (1/2 hissə) mülkiyyətindədir. İş materiallarında olan 17.04.2015-ci il tarixli, RX seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh2 və Cavabdeh1 məxsus Biləsuvar rayonu, Əskərabad kəndində yerləşən fərdi yaşayış evi, mülkiyyətində olan 0.34 ha torpaq sahəsi ilə birlikdə İddiaçı SKT-nin Salyan filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Biləsuvar rayonunda fəaliyyət göstərən fiziki şəxs Cavabdeh3 İddiaçı SKT-na 22 sentyabr 2020-ci il tarixinə olan kredit və faiz borcunun ödənilməsi barədə məlumatın surətindən görünür ki, 07 aprel 2015-ci il tarixli, S-12-2015 saylı kredit müqaviləsi üzrə cavabdehin 22.09.2020-ci il tarixə 8.000 manat əsas, 4.080 manat faiz, müqavilənin tələbləri əsasında yaranmış ümumi borcu 12.070,12 manat təşkil edir. İş materiallarında olan Biləsuvar rayonunda fəaliyyət göstərən fiziki şəxs Cavabdeh3 İddiaçı SKT-na 25 may 2021-ci il tarixinə olan kredit və faiz borcunun ödənilməsi barədə məlumatdan görünür ki, 07 aprel 2015-ci il tarixli, S-12-2015 saylı kredit müqaviləsi üzrə cavabdehin 25.05.2021-ci il tarixə 8.000 manat əsas, 4.929,89 manat faiz, müqavilənin tələbləri əsasında yaranmış ümumi borcu 12.929,89 manat təşkil edir. İş materialında olan, İddiaçı Səhmdar Kredit Təşkilatı Salyan filialı tərəfindən Cavabdeh3 və Cavabdeh1 ünvanlanmış 07.04.2021-ci il tarixli “ipoteka predmetinə tutmanının yönəldilməsi barədə” bildirişdən görünür ki, İddiaçı QSC BOKT ilə Cavabdeh3 arasında bağlanılmış 07 aprel 2015-ci il tarixli, S-12-2015 saylı kredit müqaviləsi əsasında aldığı 8.000 (səkkiz min) manat kredit müqaviləsi üzrə cəmi 12.769,89 manat borcunun olması və qeyd olunan borc ödənilmədiyi halda ipoteka predmetinə tutmanın yönəldilməsi üçün məhkəməyə müraciət olunacağı barədə Cavabdeh3 və Cavabdeh1 məlumatlandırılmışdır. İş materiallarında olan ləğv prosesində olan İddiaçı Səhmdar Kredit Təşkilatı Salyan filialı tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə ünvanlanmış 14 fevral 2029-cu il tarixli, 74 saylı ərizədən görünür ki, İddiaçı Səhmdar Kredit Təşkilatı Salyan filialı ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinə müraciət edərək, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınmasını xahiş etmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin İddiaçı SKT-nin Salyan filialına ünvanladığı bildirişdən görünür ki, 14 fevral 2019-ci il tarixli 74 nömrəli məktub əsasən Cavabdeh1 və Cavabdeh2 məxsus Biləsuvar rayonu, Əskərabad kəndində yerləşən fərdi yaşayış evinə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş qeydiyyata alınmışdır. İş materiallarında olan problemli kredit məlumatlarının sorğulanmasına dair portaldakı çıxarışdan görünür ki, cavabdehin borcu Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28.02.2019-cu il tarixli Fərmanının təsirinə düşmür, ona hazırki iş üzrə kreditin restrukturizasiya olunması təklif olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24 sentyabr 2021-ci il tarixli, 9/5452 saylı ekspert rəyində qeyd olunur ki, rəyin tətqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh3 tərəfindən kredit təşkilatına ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 07 aprel 2015ci il tarixli, S-12-2015 №-li kredit müqaviləsində qeyd olunan şərtlər və Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən Cavabdeh3 İddiaçı BOKT ASC-nə olan borcu 07 aprel 2018-ci il tarixə 8.659,42 manat - əsas borc üzrə 7.988 manat, faiz borcu üzrə 671,42 manat, 22 sentyabr 2020-ci il tarixə 9.041,28 manat əsas borc üzrə 7.988 manat, faiz borcu üzrə 71,42 manat, faiz borcu üzrə(illik 5%-lə hesablanmaqla) 981,86 manat, 17 mart 2021-ci il tarixə 9.310,87 manat - əsas borc üzrə 7.988 manat, faiz borcu üzrə 71,42 manat, faiz borcu üzrə (illik 5%-lə hesablanmaqla) 1.251,45 manat müəyyən edilir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 15 noyabr 2021-ci il tarixli, G-11/21-590 saylı məktubundan görünür ki, e-2-2(121)-513/2021 saylı, 25 may 2021-ci il tarixli qərardada əsasən əmlaka baxış keçirilməsinə cavabdehlər Cavabdeh3 və digərləri tərəfindən şərait yaradılmaması səbəbindən qərardad icra olunmadan geri qaytarılmışdır. Məhkəmə müəyyən etdi ki, İddiaçı BOKT ASC ilə Cavabdeh3 arasında 07 aprel 2015-ci il tarixli, S-12-2015 saylı kredit müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən Cavabdeh3 iri buynuzlu heyvanların alınması məqsədilə illik 6 faiz dərəcəsi ilə, 36 ay müddətinə 8.000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda İddiaçı BOKT ASC Cavabdeh1 və Cavabdeh2 arasında 07 aprel 2015-ci il tarixli, S-12-2015 saylı ipoteka müqaviləsi bağlanılmış və müqaviləyə əsasən Cavabdeh2 məxsus Biləsuvar rayonu, Əskərabad kəndində mülkiyyətində olan 0,34 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 67,2 kv.m yaşayış, 37,3 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və Cavabdeh2 və Cavabdeh1 paylı mülkiyyətində olan 0,34 ha torpaq sahəsi sözügedən kredit müqaviləsinin təminatı kimi, İddiaçı BOKT ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh3 həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin 18 iyun 2021-ci il tarixli, 9/3541 saylı ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, əsas və faiz borcları üzrə ekspertin gəldiyi nəticə iş materiallarına əlavə olunmuş sübutlara və işin həqiqi hallarına uyğundur, eyni zamanda kifayət qədər əsaslandırılmışdır. Məhkəmə hesab edir ki, Cavabdeh3 tərəflər arasında bağlanmış 07 aprel 2015-ci il tarixli, S-12-2015 saylı kredit müqaviləsi üzrə 7.988 manat əsas və 671,42 manat faiz borcunun olması iş materialları ilə öz təsdiqini tapmışdır. Qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, əsas və faiz borcunun tutulması hissəsində iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bundan əlavə, məhkəmə qeyd edir ki, İddiaçı BOKT ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında 07 aprel 2015-ci il tarixli, S-12-2015 saylı ipoteka müqaviləsi bağlanılmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə əsasən bina, tikili, qurğu və ya digər daşınmaz əşyalar yalnız onların yerləşdiyi, yaxud fəaliyyətini təmin etdiyi torpaq sahəsi ilə birlikdə ipoteka qoyulur. Daşınmaz əşyaya tutma yönəldildikdə, onu alan şəxs həmin daşınmaz əşyanın əvvəlki mülkiyyətçisinə əşyanın yerləşdiyi torpaq sahəsi üzərində mənsub olan hüququ əldə edir. Həmin Qanunun 34-cü maddəsində ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması əsasları göstərilmişdir. Həmin Qanunun 34.1.1-ci və 34.1.3-cü maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aiddir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndircinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli, 01 saylı Qərardadında qeyd olunmuşdur ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Həmin Qərardadın 21-ci bəndində bildirilir ki, ipotekaqoyanla ipotekasaxlayanın ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsində, Qanunun 10.5-ci maddəsinin tələbinə uyğun olaraq qeyd edilmiş qiymətlə müəyyən edilməsinə münasibəti öyrənilməlidir. Bununla bağlı razılıq olmadıqda isə, Qanunun 39.3.3-cü maddəsinə uyğun olaraq müqavilədə nəzərdə tutulduğundan fərqli həddə ilkin satış qiyməti ilə bağlı istinad edilən tərəflərin razılaşmasının olub-olmaması aydınlaşdırmalıdır. Məhkəmə qeyd edir ki, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş və S-12-2015 saylı, 07 aprel 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş ipoteka predmetinin qiyməti ilə bağlı münasibətini bildirməmişlər. Eyni zamanda, əmlaka baxış keçirilməsinə cavabdehlər tərəfindən şərait yaradılmaması səbəbindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 15 noyabr 2021-ci il tarixli, G-11/21-590 saylı məktubu ilə e-2-2(121)-513/2021 saylı, 25 may 2021-ci il tarixli qərardad icra olunmadan geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. İş materiallarında olan S-12-2015 saylı, 07 aprel 2015-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, tərəflər arasında tərtib olunmuş 18 fevral 2015-ci il tarixli qiymətləndirmə aktına əsasən ipoteka əmlakının razılaşdırılmış dəyəri 20.000 (iyirmi min) manat müəyyən edilir. Məhkəmə borcun ipoteka predmetinə yönəldilərək, həmin əmlakın açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, yuxarıda sadalanan hüquq normalarına əsasən iddia tələbi həmin hissədə əsaslıdır. Odur ki, iddia həmin hissədə təmin edilməli, ipoteka predmetinin, yəni Cavabdeh2 məxsus İddiaçı BOKT ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, Biləsuvar rayonu, Əskərabad kəndində 0,34 hekar torpaq sahəsində yerləşən fərdi yaşayış evinin və Cavabdeh2 və Cavabdeh1 paylı mülkiyyətində olan 0,34 ha torpaq sahəsinin ilkin satış qiyməti 20.000 manat müəyyən edilməklə, həmin əmlak açıq hərracda satılmalı və satışdan əldə ediləcək vəsait hesabına borc tələbi ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 8 manatı iddiaçıya aid edilməli, dövlət rüsumunun 22 manatı isə Cavabdeh3 iddiaçının xeyrinə tutulmalı, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın 74 (yetmiş dörd) manatı Cavabdeh3, 26 (iyirmi altı) manatı isə İddiaçı BOKT ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh3 7.988 manat əsas borc, 671,42 manat faiz borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 22 manat olmaqla, ümumilikdə 8.681,42 (səkkiz min altı yüz səksən bir manat, qırx iki qəpik) manat məbləğində pul tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilsin. İpoteka predmetinin ilkin satış qiyməti 20.000 (iyirmi min) manat müəyyən edilərək, tutulacaq məbləğ ipoteka qoyan Cavabdeh2 məxsus Biləsuvar rayonu, Əskərabad kəndində mülkiyyətində olan 0,34 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 67,2 kv.m yaşayış, 37,3 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və Cavabdeh2 və Cavabdeh1 paylı mülkiyyətində olan 0,34 ha torpaq sahəsinə yönəldilsin, həmin əmlak açıq hərrac yolu ilə satılsın, satışdan əldə ediləcək vəsait hesabına İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına olan borc ödənilsin. Fərdi yaşayış evinin açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsi Cavabdeh2, torpaq sahəsinin açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsi isə Cavabdeh2 və Cavabdeh1 paylarına mütənasib olaraq qaytarılsın. İddia tələbi qalan hissədə rədd edilsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın 74 (yetmiş dörd) manatı Cavabdeh3, 26 (iyirmi altı) manatı isə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar