Məhkəmə qərarları › İş №e-2-2(121)-34/2023

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-34/2023

14.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-34/2023 14.04.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi ilə, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Ləğv Prosesində Olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31 avqust 2017-ci il tarixli KM011T08170080S01 nömrəli kredit müqaviləsi üzrə 6.604,85 manat əsas, 7.867,20 manat faiz, 5.870,65 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanmış 949,44 manat faiz borcu, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 200 manat məbləğində mediasiyaya dair xərcin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 31 avqust 2017-ci il tarixli KM011T08170080S01 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh3 dövriyyə vəsaitinin artırılması məqsədi ilə 24 ay müddətinə 8.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh3 verilən kreditin təminatı məqsədi ilə Cavabdeh2 və Cavabdeh1 ilə Bank arasında 31 avqust 2017-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinin 4.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinə əsasən cavabdehlər müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsələr də, bu öhdəliyi yerinə yetirməmişlər. LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh3 qarşı “bank tərəfindən verilmiş kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin geri qaytarılması” mübahisəsi ilə əlaqədar xx.xx.2022-ci il tarixdə ilkin mediasiya sessiyası keçirilmiş, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 ilkin mediasiya sessiyasında iştirak etməmiş, bu barədə “İlkin mediasiya prosesində iştirak edilməməsi” barədə MŞİH-18797 nömrəli xx.xx.2022-ci il tarixli arayış tərtib edilmişdir. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə Cavabdeh3 dəfələrlə şifahi müraciət olunmasına, habelə **********624 saylı, 29 iyun 2022-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq borc ödənilməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, Cavabdeh3 həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, verilmiş borc məbləği ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarılsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2022-ci il tarixə Cavabdeh3 kredit üzrə cəmi borcu 21.292,14 manat təşkil edir. Bundan 6.604,85 manat əsas, 7.867,20 manat faiz, 5.870,65 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 949,44 manat faiz borcu təşkil edir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iddianı müdafiə etdiklərini, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş, həmçinin gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarını nəzərə alaraq, iş materiallarında olan sənədlərə və digər sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi Cavabdeh3 münasibətdə qismən əsaslıdır və buna görə də ərizə Cavabdeh3 münasibətdə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 011T08170080 nömrəli Baş kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh3 illik 28 faiz ödəmək şərti ilə 24 ay müddətinə 8.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, 011T08170080 nömrəli kredit müqaviləsinə 1 saylı əlavə olan ödəniş cədvəlindən görünür ki, xx.xx.2019-cu il tarixədək 8.000 manat əsas, 2.538,61 manat faiz borcu, 160 manat komissiya xərci olmaqla, cəmi 10.698,61 manat məbləğində ödəniş edilməlidir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, ZM1/011T08170080 nömrəli zaminlik müqaviləsindən görünür ki, həmin müqavilənin 1.1-ci bəndinə əsasən, bu Müqavilənin predmeti xx.xx.2017-ci il tarixli, 011T08170080 nömrəli kredit müqaviləsi ilə bankdan kredit götürmüş Borcalan tərəfindən Kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminin öz üzərinə götürməsidir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, ZM2/011T08170080 nömrəli zaminlik müqaviləsindən görünür ki, həmin müqavilənin 1.1-ci bəndinə əsasən, bu Müqavilənin predmeti xx.xx.2017-ci il tarixli, 011T08170080 nömrəli kredit müqaviləsi ilə bankdan kredit götürmüş Borcalan tərəfindən Kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminin öz üzərinə götürməsidir. İş materiallarında olan “Hesabdan çıxarış”dan görünür ki, Cavabdeh3 əsas borc üzrə qalıq borcu 6.604.85 manat məbləğindədir. xx.xx.2021-ci il tarixli “Maliyyə arayışı”nın surətindən görünür ki, Cavabdeh3 borcu, xx.xx.2017-ci il tarixli, KM011T08170080S01 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 6.604,85 manat, faiz borcu üzrə 7.867,20 manat, cərimə borcu üzrə 5.870,65 manat, həmçinin Mülki Məcəllənin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 5%-lə hesablanan faiz borcu üzrə 949,44 manat olmaqla, cəmi 21.292,14 manat təşkil edir. İş materiallarında olan iddiaçının cavabdehlərə ünvanladığı xx.xx.2022-ci il tarixli bildirişin surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, KM011T08170080S01 nömrəli kredit müqaviləsinə əsasən yaranmış borcun məktub alındığı tarixdən 3 gün ərzində tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun İddiaçı ASC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 xəbərdarlıq edilmişdir. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ın surətindən görünür ki, İddiaçı ASC-nin ərizəsinə əsasən xx.xx.2022-cü il tarixinə təyin edilən ilkin mediasiya sessiyasında cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 iştirak etməmişdirlər. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ın surətindən görünür görünür ki, İddiaçı ASC ilkin mediasiya sessiyasının keçirilməsi üçün mediasiya təşkilatının hesabına 200 manat vəsait ödəmişdir. İş materiallarında olan problemli kreditlərin kompensasiyası üzrə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet portalından çıxarışdan görünür ki, Cavabdeh3 ləğv prosesində olan İddiaçı ASC-yə olan əsas kredit borcu 6.604,85 manat təşkil etmiş, həmin kreditin illik faiz dərəcəsi 1% olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə restrukturizasiya olunması təklif olunmuşdur. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(121)-2253\2022 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının nəticəsinə dair Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/8173 saylı rəyindən görünür ki, xx.xx.2017-ci il tarixli, KM011T08170080S01 nömrəli kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh3 xx.xx.2019-cu il tarixə banka olan əsas borc üzrə 6.617,11 manat, faiz borcu üzrə 3.413,06 manat (28%-lə); xx.xx.2022-ci il tarixə əsas borc üzrə 6.617,11 manat, 28%-lə faiz borcu üzrə 3.413,06 manat, 5%-lə faiz borcu üzrə 935,59 manat borcunun olması müəyyən olunur. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 200 manat məbləğində təşkil edir. Məhkəmə hesab edir ki, işin faktiki halları Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulan borc (kredit) müqaviləsinə dair müvafiq normaların dispozisiya şərtlərinə uyğun gəldiyinə görə iddia tələbinin maddi hüquqi əsası kimi həmin normalara istinad edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materiallarında olan sənədlərə əsasən aparılan araşdırma nəticəsində məhkəmə bu qənaətə gəlir ki, tərəflər arasında etibarlı şəkildə bağlanılmış kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun iddiaçının Cavabdeh3 kredit verməsi və sonuncunun həmin krediti alması (işdə olan məxaric qəbzinə əsasən) işin mübahisəsiz hallarını təşkil edir. İddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh3 həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim olunmuş sənədlərə (hesabdan çıxarış və maliyyə arayışı) əsasən müəyyən olunur ki, Cavabdeh3 tərəfindən kredit alındığı tarixdən xx.xx.2022-ci il tarixə kimi əsas borc üzrə ümumilikdə 6.604,85 manat, faiz borcu üzrə ümumilikdə 7.867,20 manat, cərimə borcu üzrə 5.870,65 manat, faiz borcu üzrə 935,59 (5%-lə) manat məbləğində borcu qalmışdır. Ekspert rəyində isə Cavabdeh3 kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə əsas borc üzrə 6.617,11 manat, 28%-lə faiz borcu üzrə 3.413,06 manat, 5%-lə faiz borcu üzrə 935,59 manat borcunun olması qeyd olunmuşdur. Bununla da, Cavabdeh3 kredit müqaviləsi üzrə yaranmış öhdəliklərini vaxtında və lazımınca icra etmədiyi aşkar olunur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına dair tələbi hüquqi və əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə, Cavabdeh3 qarşı irəli sürülmüş iddia tələbini mahiyyəti üzrə qanuni hesab etməklə yanaşı, iddianın obyektinin məbləğini, yəni tələb olunan borcun (pulun) məbləğini qismən əsaslı hesab edir. Belə ki, iş materiallarında olan, problemli kreditlərin kompensasiyasına dair çıxarışın surətindən görünür ki, Cavabdeh3 ləğv prosesində olan İddiaçı ASC-yə xx.xx.2019-cu il tarixinə 7031,35 manat əsas kredit borcundan 426,50 manat azaldılmaqla 6604,86 manat qalıq borc məbləği müəyyən edilmişdir. Göründüyü kimi, cavabdehin sözügedən borcunun Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanının təsir dairəsinə düşməsinə və problemli kreditlərin kompensasiyasına dair çıxarışda qalıq borc məbləğinin cəmi 6604,86 manat olmasının qeyd olunmasına baxmayaraq iddiaçı cavabdehlərdən əsas borc, faiz və cərimə olmaqla ümumilikdə 21.292,14 manat (mediasiya xərci nəzərə alınmamaqla) məbləğində borcun tutulmasını tələb edir. Halbuki, hazırkı iş üzrə kredit müqaviləsi həm bağlanma tarixi, həm tələb olunan əsas məbləğə və həm də digər əsaslara görə qeyd olunan Fərmanın təsiri altına düşür və həmin Fərmanın 6.2-ci bəndində qeyd edilmişdir ki, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən, o cümlədən, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi yalnız restrukturizasiya olunması təklif olunan borc məbləği həddində təmin edilməli, qalan hissədə (faiz, cərimə tutulması) iddia rədd edilməlidir. Belə ki, adı çəkilən Fərmanın tətbiqi ilə bağlı vətəndaşın müraciət edəcəyi halda da, iddiaçı hazırda irəli sürdüyü tələb üzrə borc məbləğinin yenidən güzəştli şərtlərlə qaytarılmasını deyil, restrukturizasiya olunması təklif olunan məbləği müəyyən edəcəkdi. Məhkəmə iddia tələbinin “müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcunun ödənilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə gecikdirmə nəticəsində dəyən ziyanı qarşılamaq üçün dəbbə pulu nəzərdə tutulmuşdur, yəni Mülki Məcəllənin 466.2.1-ci maddəsinə əsasən kredit müqaviləsi üzrə zərərin deyil, yalnız dəbbə pulunun tutulması barədə tərəflər razılaşmışlar. Bundan başqa dəbbə pulundan əlavə dəymiş ziyanla əlaqədar məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Odur ki, məhkəmə həmin tələbi əsassız hesab edir. Qeyd olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi Cavabdeh3 münasibətdə xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə əsas borcun tutulması hissəsində təmin, faiz, cərimə və müqavilə müddəti bitdikdən sonra hesablanmış faiz borcunun tutulması hissəsində isə rədd edilməlidir. Məhkəmə, həmçinin iddianın 200 manat mediasiya xərcinin Cavabdeh3 tutulmasına dair hissəsini də əsaslı hesab edir. Belə ki, Cavabdeh3 imzaladığı müqavilədən irəli gələn öhdəliklərini lazımınca icra etmədiyinə görə iddiaçının məhkəmədə iddia qaldırılması üçün mediasiya xərcini ödəməsi ilə iddiaçıya əlavə zərər vurmuşdur. Buna görə də, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə xərc də Cavabdeh3 alınaraq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə, iş üzrə əsas borclu ilə yanaşı digər cavabdehlərin (zaminlərin) iddiaçı qarşısında mülki məsuliyyətinin faktiki və hüquqi əsasları ilə əlaqədar qeyd edir ki, iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 imzaladıqları zaminlik müqavilələri ilə borclu Cavabdeh3 kredit müqaviləsi üzrə öhdəliyinin tamamı ilə icra edilməsini, o cümlədən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə və birgə məsuliyyəti üzərlərinə götürmüşlər. Lakin işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı zaminlərə qarşı zaminlik müqaviləsindən irəli gələn öhdəliyin icrası ilə bağlı tələb hüququnu itirmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İddiaçı ASC ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 31 avqust 2017-ci il tarixli zaminlik müqavilələrinin 5.1.4-cü bəndi ilə müəyyən olunmuşdur ki, zaminliyin təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə və ya zaminlərə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. "xxxx" ASC ilə Cavabdeh3 arasında bağlanmış kredit müqaviləsindən görünür ki, həmin müqavilə xx.xx.2017-ci il tarixində 24 ay müddətinə bağlanmışdır və müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən son kredit ödəniş tarixi xx.xx.2019-cu il tarixi kimi müəyyən edilmişdir. Beləliklə aşkar edilir ki, zaminlik müqavilələri ilə təmin edilmiş kredit müqaviləsi üzrə borclunun öhdəliyinin ən son icra vaxtı xx.xx.2019-cu il olmasına baxmayaraq, iddiaçı zaminlərə qarşı tələbini ilk olaraq mediasiya prosesinin tətbiqi barədə təklif formasında xx.xx.2022-ci il tarixində, yəni əsas öhdəliyin icrası vaxtının çatdığı tarixdən 2 il 6 aydan çox müddət keçdikdən sonra irəli sürmüşdür. Belə olan halda Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə qanunun imperativ tələbi əsasında xitam verildiyindən, məhkəmə hesab edir ki, Cavabdeh2 və Cavabdeh1 münasibətdə iddia tələbi əsassızdır, buna görə də təmin oluna bilməz. Məhkəmə, həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən, ekspertiza tədqiqatının dəyəri olaraq hesablanmış 200 manat məbləğində pul vəsaiti Cavabdeh3 alınaraq müvafiq hesaba ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh3 xx.xx.2017-ci il tarixli, 011T08170080 nömrəli kredit müqaviləsinə əsasən 6.604,85 manat məbləğində əsas borc, 200 manat ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş məbləğ olmaqla, ümumilikdə 6.804,85 manat məbləğində pul tutularaq iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə və digər cavabdehlərə münasibətdə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 200 manat məbləğində pul Cavabdeh3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar