Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-3471/2025 25.02.2026 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi tələbi”nə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Tələb:
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurulmuş ziyanın əvəzi olaraq 5760 manat məbləğində pul vəsaitinin, vəkilə göstərdiyi hüquqi yardıma görə ödənilmiş 300 manatın və ödənilmiş 81 manat məbləğində dövlət rüsumunun tutularaq mənə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, ALY-107 nömrəli X1 əsasən “Ravon Nexia 3” markalı, **- PK-*** qeydiyyat nişanlı avtomobil istifadəsinə və sahibliyinə verilmişdir. Həmin lizinq müqaviləsinin 4.1.5-ci bəndinə əsasən ona qeyd olunan avtomobili (lizinq obyektini) sublizinqə və ya kirayəyə vermək hüququ verilmişdir. Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsinə əsasən həmin avtomobil iddiaçıya icarəyə verilmiş və "xxxx" MMC tərəfindən həmin avtomoilin idarə edilməsinə dair cavabdehə etibarnamə verilmişdir. Həmin icarə müqaviləsinin 1.8-ci bəndinə əsasən “İcarəyə götürən” yol nəqliyyatı, yanğın, oğurluq hadisələri zamanı nəqliyyat vasitəsinə dəyən ziyanı ödəməyə borcludur. Cavabdeh xx.xx.2023-cü il tarixində həmin avomobili idarə edən zaman Bakı şəhəri, A.Cəlilov küçəsində yol nəqliyyat hadisəsi törətmiş və yol nəqliyyat hadisəsi nəticəsində həmin avtomobilə ümumilikdə 5760 manat məbləğində maddi ziyan vurulmuşdur. Cavabdeh həmin yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli bilinərək xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli “inzibati tənbeh vermə haqqında” Qərara əsasən İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 60 manat məbləğində cərimə edilmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli Pretenziya məktubu (elektron formada) göndərilərək həmin avtomobilə ümumilikdə 5760 manat məbləğində maddi ziyanın 10 gün müddətində ödənilməsi xahiş olunsa da, cavabdeh tərəfindən həmin pretenziya məktubuna münasibət bildirilməmişdir.
Tərəflərin izahatları:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı “İddiaçı nümayəndəsi və vəkili Nümayəndə izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.
4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.
5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.
6. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İddia ərizəsinə etiraz:
7. Cavabdeh tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.
Əsaslandırıcı hissə:
a) İş materialları və sübutların tədqiqi:
8. “Elektron Məhkəmə” informasiya Sistemində vergi məlumatlarından görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alınaraq, ona VÖEN: ********** verilmişdir.
9. İş materiallarından görünür ki, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, ALY-107 nömrəli “X3”nə əsasən “Ravon Nexia 3” markalı, **-PK-*** qeydiyyat nişanlı avtomobil istifadəsinə və sahibliyinə verilmişdir. Həmin lizinq müqaviləsinin 4.1.5-ci bəndinə əsasən ona qeyd olunan avtomobili (lizinq obyektini) sublizinqə və ya kirayəyə vermək hüququ verilmişdir.
10. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixli icarə müqaviləsindən görünür ki, İddiaçı qız (icarəyəverən) ilə X4 (icarəçi) arasında nəqliyyat vasitəsinin icarəyə verilməsi barədə müqavilə bağlanmışdır. Həmin Müqavilənin: 1.1-ci bəndinə əsasən, icarəçi ona etibar edilmiş nəqliyyat vasitəsinin qorunub saxlanılmasını və təhlükəsizliyini təmin etməlidir. 1.2-ci bəndinə əsasən, icarəçi nəqliyyat vasitəsini vaxtında yanacaq və sürtgü materialları ilə təmin etməli və texniki xidmətini təşkil etməlidir. 1.3-cü bəndinə əsasən, icarəçi nəqliyyat vasitəsinin istifadəsi və istismar qaydalarına tam riayət etməlidir. 1.4-cü bəndinə əsasən, nəqliyyat vasitəsinin icbari sığortasını qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə öz vəsaiti hesabına təmin etməlidir. 1.5-ci bəndinə əsasən, nəqliyyat vasitəsinin heç bir halda kənar şəxslər tərəfindən istifadə və idarə edilməsinə yol verilməməlidir. 1.6-cı bəndinə əsasən, nəqliyyat vasitəsinin sıradan çıxmış hissələri (şinlər, akkumulyator və s.) rəsmi servisdə öz hesabına yenisi ilə əvəz edilməlidir. 1.7-ci bəndinə əsasən, nəqliyyat vasitəsinin hərəkəti və ya hərəkətsizliyi nəticəsində yaranmış məsuliyyət, o cümlədən nəqliyyat vasitəsini idarə etmək səlahiyyətinin müddəti bitdikdən sonra istifadəsi ilə bağlı məsuliyyət icarəçinin üzərinə düşür. 1.8-ci bəndinə əsasən, yol-nəqliyyat hadisəsi, yanğın, oğurluq və digər hadisələr zamanı nəqliyyat vasitəsinə dəyən zərər icarəçi tərəfindən ödənilməlidir. 1.9-cu bəndinə əsasən, nəqliyyat vasitəsi hər hansı səbəbdən icarəyə verənə təhvil verilərkən nasaz hala salınmış hissələrin dəyəri və yaranmış borc qalığı tam şəkildə ödənilməlidir.
10. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, “Ravon Nexia 3” markalı, **-PK-*** qeydiyyat nişanlı avtomobil texniki cəhətdən istismara yararlı olmaqla saz vəziyyətdə İddiaçı tərəfindən Cavabdeh istifadəsinə və sahibliyinə verilmişdir.
11. İş materiallarında olan "xxxx" MMC tərəfindən həmin avtomoilin idarə edilməsinə dair Cavabdeh etibarnamə verilmişdir. Etibarnamənin müddəti xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi qeyd olunmuşdur.
12. İş materiallarında olan Cavabdeh yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli bilinərək xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli “inzibati tənbeh vermə haqqında” Qərara əsasən İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 60 manat məbləğində cərimə edilmişdir.
13. İş materiallarında olan xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixində “Ravon Nexia 3” markalı, **-PK-*** qeydiyyat nişanlı avomobili idarə edən zaman Bakı şəhəri, A.Cəlilov küçəsində yol nəqliyyat hadisəsi törətmiş və yol nəqliyyat hadisəsi nəticəsində həmin avtomobilə ümumilikdə 5760 manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilmişdir
14. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2025-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən yaranmış 5760 manat məbləğində borcun ödənilməsi tələbi ilə 10 gün müddətində məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir.
15. İş materiallarına əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli rəyindən və müşayiət məktubundan görünür ki, Aparılmış hesablamalar nəticəsində "Ravon Nexia 3" markalı, buraxılış ili 2020-ci il, mühərrik nömrəsi 79RXX0288, ban nömrəsi XWBTF69V9LA05113, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərər real bazar qiymətləri ilə (köhnəlmə faizi nəzərə alınmaqla zədələnmiş hissələrin təmirinin və bərpa edilməsi üçün tələb olunan ehtiyat hissələrinin dəyərinin respublika daxili orta bazar qiymətləri 2.412,00 (iki min dörd yüz on iki ) manat qeyd edilən zərərin aradan qaldırılması üçün usta haqları ilə birlikdə ümumi məbləğ 4.782,00 m (dörd min yeddi yüz səksən ik i) manat səksən qəpik təşkil edir.
16. İş materiallarına əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşayiət məktubundan görünür ki, qiymətləndirmə xidmətinin haqqı 100 (bir yüz) manat təşkil edir.
17. İş materiallarında olan **********34 nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi verilməsi üçün ümumilikdə 81 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
18. İş materiallarında olan xx.xx.2025-ci il tarxli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən Bakı şəhəri 24 saylı vəkil bürosunun hesabına 300 manat vəsait köçürülmüşdür.
19. İş materiallarına əlavə edilmiş İddiaçı nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2026-cı il tarixli “Məlumat”dan görünür ki, “RAVON NEXİA 3" markalı, **-PK-*** qeydiyyat nişanlı avtomobilin Cavabdeh geri alınması ilə bağlı məlumat verilməsi barədə məktuba cavab olaraq bildirir ki, Cavabdeh xx.xx.2023-cü il tarixində həmin avomobili idarə edən zaman Bakı şəhəri, A.Cəlilov küçəsində yol-nəqliyyat hadisəsi törətdikdən təxminən 10 gün sonra həmin avtomobili xüsusi daçıyıcı vasitə ilə (evakuator) İddiaçı qardaşı X2 qəsəbəsində yerləşən "Avtomobil Bazarı" ərazisindəki iş yerinə gətirmiş və avtomobilin geri alınması barədə hər hansı akt tərtib edilməmişdir. Həmin vaxtdan sonra Cavabdeh həmin avtomobili təmir etdirəcəyinə dair dəfələrlə vəd versə də, avtomobili təmir etdirməkdən yayınmışdır.
b) Tətbiq edilən hüquq:
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. -700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. -700.3-cü maddəsinə əsasən Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. - 697.4-cü maddəsinə əsasən kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
- 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.5-ci və 115.0.6-cı maddələrinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. -121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 mart 2020ci il tarixli Qərarı:
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyə əsasən iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir. Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır.
23. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 aprel 2021-ci il tarixli qərarı: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyə əsasən kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur.
24. Məhkəmə baxışının hədləri:
- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi:
25. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsinə əlavə edilmiş sənədləri və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən rədd edilməlidir.
26. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin müəyyən olunan hallarına əsasən hesab edir ki, hazırki mübahisə iddiaçı ilə cavabdehin sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə etibarlı şəkildə bağladığı icarə müqaviləsindən irəli gəlir. Belə ki, xx.xx.2023-cü il tarixli icarə müqaviləsindən görünür ki, İddiaçı qız (icarəyəverən) ilə X4 (icarəçi) arasında nəqliyyat vasitəsinin icarəyə verilməsi barədə müqavilə bağlanmışdır. ilk olaraq qeyd olunmalıdır ki, mübahisənin əsasında nəqliyyat vasitəsinin sahibkarlıq subyektinə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olaraq icarəyə verilməsi dayanır. Mülki-hüquqi əqd olan icarə müqaviləsi mahiyyət etibarı ilə gəlir (mənfəət) əldə edilməsi məqsədi ilə bağlandığına görə həmin müqavilədən yaranan münasibətin iqtisadi xarakterli olması şübhəsizdir. Digər bir hal ondan ibarətdir ki, iddiaçının tələbi də mahiyyətcə iqtisadi məzmunludur.
27. Hazırda iddiaçı Cavabdeh vurulmuş ziyanın əvəzi olaraq 5760 manat məbləğində pul vəsaitinin tutulmasını xahiş edir.
28. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, “Ravon Nexia 3” markalı, **- PK-*** qeydiyyat nişanlı avtomobil texniki cəhətdən istismara yararlı olmaqla saz vəziyyətdə İddiaçı tərəfindən Cavabdeh istifadəsinə və sahibliyinə verilmişdir. Cavabdeh yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli bilinərək xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli “inzibati tənbeh vermə haqqında” Qərara əsasən İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 60 manat məbləğində cərimə edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, "Ravon Nexia 3" markalı, buraxılış ili 2020-ci il, mühərrik nömrəsi 79RXX0288, ban nömrəsi XWBTF69V9LA05113, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərər real bazar qiymətləri ilə (köhnəlmə faizi nəzərə alınmaqla zədələnmiş hissələrin təmirinin və bərpa edilməsi üçün tələb olunan ehtiyat hissələrinin dəyərinin respublika daxili orta bazar qiymətləri 2.412,00 (iki min dörd yüz on iki ) manat qeyd edilən zərərin aradan qaldırılması üçün usta haqları ilə birlikdə ümumi məbləğ 4.782 manat səksən qəpik təşkil edir.
29. Eyni zamanda iddiaçının nümayəndəsi tərəfindən təqdim olunmuş xx.xx.2026-cı il tarixli məlumatdan müəyyən edilmişdir ki, Cavabdeh “RAVON NEXİA 3" markalı, **-PK- *** qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixində həmin avomobili idarə edən zaman Bakı şəhəri, A.Cəlilov küçəsində yol-nəqliyyat hadisəsi törətdikdən təxminən 10 gün sonra həmin avtomobili xüsusi daçıyıcı vasitə ilə (evakuator) İddiaçı qardaşı X2 qəsəbəsində yerləşən "Avtomobil Bazarı" ərazisindəki iş yerinə gətirmiş və avtomobilin geri alınması barədə hər hansı akt tərtib edilməmişdir. Göründüyü kimi nəqliyyat vasitəsinin geri alınması 2023-cü ilin may ayına təsadüf edir.
30. Məhkəmə qeyd edir ki, tərəflər arasında icarə müqaviləsindən irəli gələn münasibətlər mövcud olsa da, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.3-cü maddəsi həmin münasibətlərə Mülki Məcəllənin əmlak kirayəsi haqqında müddəalarının müvafiq surətdə tətbiqini mümkün hesab edir.Belə ki, Mülki Məcəllənin qeyd olunan maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
31. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının dəymiş maddi ziyanla bağlı tələbi Mülki Məcəllənin 697.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla həll edilməlidir. Həmin maddəyə əsasən kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür.
32. Məhkəmə, qanunvericiliyin yuxarıda qeyd olunan normasının məzmununa əsasən qeyd edir ki, kirayəyə verənin (hazırki işdə icarəyə verənin) maddi zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun icarəyə verilmiş əşyanı, əmlakı geri aldığı andan başlanır. Həmin normada müəyyən edilmiş 6 aylıq müddət kəsici müddətdir və qanunda bu müddətin dayandırılması və ya kəsilməsi mümkünlüyü müəyyən edilməmişdir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, iddiaçı əmlakı icarəçidən geri aldığı andan 6 (altı) ay ərzində həmin əmlaka dəymiş maddi ziyanın ödənilməsinə dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə iddiaçı bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir.
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 mart 2020-ci il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir. Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır.
34. İş materiallarından müəyyən olunur ki, “RAVON NEXİA 3" markalı, **-PK-*** qeydiyyat nişanlı avtomobil 2023-cü ilin may ayında iddiaçıya təhvil verilmiş və həmin vaxtdan nəqliyyat vasitəsinə ziyan dəyməsi iddiaçıya məlum olmuşdur. Belə olduğu təqdirdə iddiaçı öz hüquqlarının cavabdeh tərəfindən pozulduğunu 2023-cü ilin may ayından bilmiş, hazırkı iddianı isə xx.xx.2025-ci ildə, yəni hüququnun pozulduğunu bildiyi vaxtdan 2 il sonra qaldırmışdır.
35. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 aprel 2021-ci il tarixli qərarındakı hüquqi mövqeyə əsasən kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur.
36. Məhkəmə, qanunvericiliyin yuxarıda sadalanan normalarına əsasən hesab edir ki, tərəflər arasında bağlanılmış icarə müqaviləsinin şərtlərinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq normalarına əsasən iddiaçının cavabdehə qarşı maddi zərərin ödənilməsi ilə bağlı tələb hüququ olsa da, onun tələb etmək hüququ Mülki Məcəllənin 697.4-cü maddəsinin tələbinə uyğun olaraq müddətin keçməsinə görə qüvvədən düşdüyündən, iddia tələbi təmin edilə bilməz.
Məhkəmə xərcləri:
37. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən və iddiaçı məhkəmə xərclərindən azad edilmədiyindən iş üzrə iddiaçı tərəfindən ödənilmiş 81 manat dövlət rüsum İddiaçı aid edilməlidir. Həmçinin iş üzrə əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyəri olan 100 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN:**********, hesab nömrəsi: AZ85ACAB********************, Mücbir hesab: AZ10NABZ**********000005644, bank kodu: 505000) ödənilməlidir.
Nəticə:
38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi tələbi”nə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 81 manat dövlət rüsumu özünə aid edilsin. İş üzrə əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyəri olan 100 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN:**********, hesab nömrəsi: AZ85ACAB********************, Mücbir hesab: AZ10NABZ**********000005644, bank kodu: 505000) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Rəmzi Nəbiyev