Məhkəmə qərarları › İş №e-2-2(121)-3498/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-3498/2025

29.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-3498/2025 29.01.2026 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X7 oğlunun katibliyi ilə, İddiaçı X3 Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Tələb:

1. İddiaçı X6 Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, 25 aprel 2025-ci il tarixli icarə müqaviləsinə əsasən 01 sentyabr 2025-ci il tarixdən hesablanmaqla 01 may 2026-cı il tarixədək, hər ay üçün 800 manat olmaqla, ümumulikdə 6400 manat pul cavabdeh X1 tutularaq iddiaçı X4 ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 25 aprel 2025-ci il tarixli icarə müqaviləsinə əsasən İddiaçı məxsus olan Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Yesenin 8B ünvanında yeləşən qeyri-yaşayış sahəsi cavabdeh X2 icarayə verilmişdir. İcarə müaviləsinin maddələrinə əsasən həmin müqavilə 1 illik bağlanılmışdır. Həmçinin müqavilənin 6.4-cü bəndinə əsasən müqaviləyə birtərəfli qaydada xitam verilərsə bu hal icarəçini illik icarə haqqını ödəməkdən azad etmir. Həmin müqavilənin tələblərini pozaraq cavabdeh 01 sentyabr 2025-ci il tarixdə qeyri-yaşayış sahəsini iddiaçıya təhvil vermiş və icarə haqqını ödəməkdən imtina etmişdir. Qeyd edir ki, müqavilə şərtlərinə əsasən həmin müqaviləyə birətərəfli qaydada xitam verildikdə bu hal icarəçini illik icarə haqqını ödəməkdən azad etmir. Müqavilənin 6.4-cü bəndinə istinad edərək, həmin müqavilə üzrə öhdəliklərini 5 gün ərzində icra olunması üçün cavabdeh rəsmi pretenziya məktubu göndərsək də heç bir cavab verilməmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qaldı.

Tərəflərin izahatları:

3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclaslarının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianıntəmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, cavabdeh isə gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

4. Məhkəmə AR MPM-nin 185.6-cı maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edilmişdir.

5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.

6. Məhkəmə, həmçinin Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

7. Qeyd olunanlara əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir.

İddia ərizəsinə etiraz:

8. Cavabdeh tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı yazılı qaydada etiraz məhkəməyə təqdim edilməmişdir.

Əsaslandırıcı hissə:

a) İş materialları və sübutların tədqiqi:

9. Elektron Məhkəmə İnformasiya sistemində vergi məlumatlarından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixdə, ona VÖEN: ********** verilmişdir.

10. İş materiallarından görünür ki, X6 (icarəyəverən) ilə Cavabdeh (icarəçi) arasında bağlanmış xx.xx.2025-ci il tarixli “İcarə Müqaviləsi”nin: - 1.1. Bu müqaviləyə əsasən, İcarəyə verən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 40 kv.m olan qeyri-yaşayış sahəsini sahibkarlıq məqsədilə İcarəçinin müvəqqəti istifadəsinə verir. - 2. İcarə haqqının məbləği və ödəniş qaydası - 2.1. İllik icarə icarəyə verilən 1km sahə üçün 240 AZN məbləğində müəyyən edilir. İllik icarə haqqı: 9600 AZN (ƏDV-siz) - 2.2. Aylıq icarə haqqı: 800 AZN məbləğində icarəyə verənə nağd şəkildə ödənilməlidir. - 2.3. İcarə haqqı ölkə üzrə müəyyən edilmiş tarifləri dəyişdikdə icarə haqqının məbləği dəyişir. - 2.4. İcarə haqqına görə tutulan vergi icarəçi tərəfindən ödənilir. - 3. İcarənin müddətləri - 3.1. İcarə Müqaviləsinin müddəti 01 may 2025-ci il tarixindən 01 may 2026-cı il tarixədək qüvvədədir. - 3.2. İcarə Müqaviləsi hər iki tərəfin imzalandığı tarixdən hüquqi qüvvəyə minir. - 6. Xüsusi şərtlər: - 6.1. İcarəyə verənin yazılı razılığı olmadan icarəçi tərəfindən əmlakın üçüncü şəxslərə istifadəyə verilməsi, o cümlədən ikinci dəfə icarəyə (subicarəyə) verilməsi qəti qadağandır. - 6.2. İcarəyə verənin yazılı icazəsi olmadan icarəçi tərəfindən icarəyə verilən sahədə əmlak üzərində hər hansı rekonstruksiya və dəyişiklik aparılması qəti qadağandır. - 6.3. Bu müqavilədə qeyd olunmamış hallarda tərəflər Azərbaycan Respublikasının Mülki Məcəlləsini və digər müvafiq qanunvericilik aktlarını rəhbər tuturlar. - 6.4. Müqaviləyə birtərəfli qaydada xitam verilməsi icarəçini illik icarə haqqını ödəmək öhdəliyindən azad etmir. - 7. Müqaviləyə xitam verilməsi - 7.1. İcarə haqqı növbəti ay üçün ödənilmədikdə bu hal icarəçinin müqavilənin icrasından birtərəfli imtinası kimi qəbul edilir və icarə müqaviləsi ləğv oluna bilər. - 7.2. Müqavilənin müddəti başa çatdıqda müqavilə üzrə hüquq münasibətlərinə xitam verilir. - 7.3. Müqavilə üzrə hüquq münasibətləri aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir: - 7.3.1. Tərəflərin razılığı ilə. - 7.3.2. İcarəçi, icarəyə verəni bir ay əvvəlcədən xəbərdar etməklə icarə müqaviləsi üzrə hüquq münasibətlərindən imtina etdikdə. - 7.3.3. İcarəçi tərəfindən müqavilənin şərtləri əhəmiyyətli dərəcədə pozulduqda – İcarəyə verilmiş əmlak icarəyə verənin razılığı olmadan icarəçi tərəfindən ikinci dəfə icarəyə (subicarəyə)verildikdə; – İcarəçinin fəaliyyəti nəticəsində qonşulara, ətraf mühitə, dövlət və ictimai mənafelərə zərər vurulduqda. - 7.3.4. Tərəflərin iradəsindən asılı olmayan səbəblər üzündən icarəyə verilmiş əmlak istifadəyə yararsız vəziyyətə düşdükdə. - 7.3.5. İcarəyə verilmiş əmlakdan dövlət və ya ictimai ehtiyaclar üçün istifadə zərurəti yarandıqda. - 7.4. İcarə müqaviləsinə xitam verildikdən sonra icarəçi icarəsində olan əmlakı icarəyə verənə qaytarmağa borcludur. Əgər icarəçi əmlakı qaytarmırsa, icarəyə verən əmlakın saxlanıldığı müddət üçün icarə haqqının və dəymiş zərərin əvəzinin ödənilməsini, habelə əmlakın məcburi qaydada geri alınmasını tələb edə bilər. - 7.5. Müqaviləyə xitam verilməsi onun qüvvədə olduğu müddət ərzində icarə haqqı üzrə yaranmış borcların ödənilməsindən və icra olunmamış öhdəliklərin yerinə yetirilməsindən icarəçini azad etmir. - 7.6. İcarə müqaviləsinin müddəti başa çatdıqda və onun yeni müddətə uzadılması məsələsinə icarəçinin yazılı müraciəti əsasında icarəyə verən tərəfindən baxılır.

11. İş materiallarında olan X6 tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli, pretenziya məktubunun surətindən görünür ki, X6 ilə Cavabdeh arasında yaranmış borcun 5 gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh məlumatlandırılmışdır.

12. ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən ərizə ilə məhkəməyə müraciət etmək üçün 84 manat dövlət rüsumu ödənilmişdir.

b) Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır. - 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. - 324.2-ci maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. - 324.3-ci maddəsinə əsasən, Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. - 324.4-ci maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. - 324.5-ci maddəsinə əsasən, İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. - 324.6-ci maddəsinə əsasən, əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. - 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. - 329.3-ci maddəsinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. - 337.1-ci maddəsinə əsasən, Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər - 389.1-ci maddəsinə əsasən, Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. - 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. - 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. - 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. -390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir. - 425.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442-ci maddəsinə əsasən Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1. maddəsinə əsasən Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 443.2. maddəsinə əsasən Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. - 560.1-ci maddəsinə əsasən, Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən, Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3-ci maddəsinə əsasən, Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; -700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. -700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. -700.3-cü maddəsinə əsasən Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. - 685.1. Əgər kirayəçi və ya onun kirayəyə götürdüyü əşyanı istifadəyə verdiyi hər hansı digər şəxs kirayəyə verənin xəbərdarlığına baxmayaraq müqaviləyə uyğun olmayan və kirayəyə verənin hüquqlarını əhəmiyyətli dərəcədə pozan istifadəni davam etdirirsə, o cümlədən əşyanı üçüncü şəxsin qeyri-hüquqi istifadəsində saxlayırsa və ya təhlükəyə məruz qoyursa, bununla da özünün vicdanlı kirayəçi vəzifələrini pozursa, kirayəyə verən kirayə müqaviləsini xəbərdarlıq müddətini gözləmədən ləğv edə bilər. Kirayəçi müqavilənin ləğvinə dair bildiriş vermək əvəzinə neqator iddiası da irəli sürə bilər. - 685.2-ci maddəsinə əsasən Kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: - 685.2.1-ci maddəsinə əsasən kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; - 685.2.2-ci maddəsinə əsasən ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə. - 685.3-ci maddəsinə əsasən Bu Məcəllənin 685.2-ci maddəsinə uyğun olaraq müqavilə ləğv edilənədək kirayəyə verən təmin edilərsə, müqavilənin ləğvi istisna edilir. Əgər kirayəçi qarşılıqlı əvəzləşdirmə çərçivəsində öz borcundan azad edilərsə və müqavilənin ləğvi bəyan edildikdən dərhal sonra borcunun ləğvini elan edərsə, müqavilənin ləğvi etibarsız olur. - 685.4-cü maddəsinə əsasən Kirayəyə verilmiş yaşayış otağına bu Məcəllənin 685.2-ci maddəsindən əlavə, aşağıdakı göstərişlər tətbiq edilir: - 685.4.1-ci maddəsinə əsasən bu Məcəllənin 685.2.1-ci maddəsində nəzərdə tutulan halda əmlak kirayəsi haqqının ödənilməmiş hissəsi yalnız bir aylıq əmlak kirayəsi haqqının məbləğindən yüksək olduqda əhəmiyyətli sayılır (lakin yaşayış otağı yalnız müvəqqəti istifadə üçün kirayəyə verilirsə, bu, tətbiq edilmir); - 685.4.2-ci maddəsinə əsasən əgər əmlak kirayəsi haqqının vaxtında ödənilməməsi nəticəsində otaqdan çıxarma hüququ haqqında və kirayəyə verənin bu Məcəlləyə uyğun icra edilməli digər hüquqları haqqında iş icraata qəbul edildikdən sonra bir ay başa qurtaranadək kirayəyə verən təmin edilərsə və ya onu təmin etmək vəzifəsini hər hansı dövlət orqanı öz öhdəsinə götürərsə, müqavilənin ləğvinin qüvvəsi yoxdur; - 685.4.3-cü maddəsinə əsasən kirayəyə verənin ziyanına olaraq bundan kənaraçıxmalar barəsində razılaşmanın qüvvəsi yoxdur. - 697.1-ci maddəsinə əsasən Kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Torpaq sahəsinin kirayəçisi kirayəyə götürdüyü torpaq sahəsini kirayəyə verənə qarşı pretenziyaları əsasında saxlamaq hüququna malik deyildir. Kirayəçi əşyanı hər hansı üçüncü şəxsin istifadəsinə verdikdə kirayəyə verən kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra üçüncü şəxsdən həmin əşyanı qaytarmağı tələb edə bilər. - 697.2-ci maddəsinə əsasən Əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər; otaqların kirayəsi üzrə hüquq münasibətlərində bunun əvəzinə kompensasiya kimi o, həmin ərazidə bu cür otaqların kirayəsi üçün adətən tutulan məbləğdə kirayə haqqı verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ da istisna edilmir. Lakin yaşayış otaqlarını kirayəyə verən digər zərərin əvəzinin ödənilməsini yalnız o halda tələb edə bilər ki, əşya kirayəçinin cavabdeh olduğu halların nəticəsində qaytarılmasın; zərərin əvəzi yalnız həmin şəraitdə haqqədalətin tələb etdiyi dərəcədə ödənilir. Əgər kirayəçi ləğvetməyə dair bildiriş verərsə, bu müddəa tətbiq edilmir. - 697.3-ci maddəsinə əsasən Kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəyə verən hər hansı müddət üçün qabaqcadan verilmiş kirayə haqqını qaytarmalıdır. - 705-ci maddəsinə əsasən əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. - 424.5. Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. - 21.1-ci maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

14. “İcarə haqqında” Azərbaycan Respublikasının Qanununun:

7-ci maddəsinin 1-ci bəndinə əsasən İcarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. 8-ci madddəsinin 1-ci bəndinə əsasən İcarə haqqının məbləği və ödənilməsi qaydası müqavilədə şərtləşdirilir. həm də icarə ödənişinin məbləği icarəyə götürülən əsas fondların dəyəri və vəziyyəti, müəssisənin inkişaf perspektivləri və digər amillər, habelə icarəyə götürülmüş əmlakın istismarından əldə edilməli olan minimum gəlir nəzərə alınmaqla müəyyənləşdirilir.

15. Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarı: Konstitusiya Məhkəməsinin mövqeyinə görə, Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Məhkəmə qeyd edir ki, lizinq müqaviləsinin ləğvi zamanı tərəfin iradə ifadəsinin təfsirində həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Mülki hüquqda daxili iradənin ifadə üsulları üç qrupa bölünür: düzünə iradə ifadəsi (şifahi və ya yazılı qaydada); dolayı iradə ifadəsi (konklyudent hərəkətlər) və susmaq nəticəsində iradə ifadəsi. Göründüyü kimi, iradə yalnız verbal nitqlə və ya yazılı qaydada deyil, həmçinin konklyudent hərəkətlərdə də ifadə oluna bilir. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 329.3-cü maddəsində təsbit edilmişdir ki, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Bu isə onu göstərir ki, lizinq münasibətlərində lizinq alanın lizinq obyektinə sahiblik və istifadədən lizinq verən tərəfindən məhrum edilməsi də özüözlüyündə konklyudent hərəkətdə ifadə olunan, lizinq verənin müqavilənin ləğvinə yönəlik iradə ifadəsidir (şifahi əqd).

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə № 02/2022 saylı, 14 iyun 2022-ci il tarixli qərardadı”nın:

13-cü bəndinə əsasən, məlum olduğu kimi məhkəmələrdə əqdə əsaslanan müxtəlif növ iddialara baxılır. Bu xarakterli mübahisələrin ortaq cəhəti irəli sürülən tələblərin və ya etirazların əsasını hər hansı əqdin təşkil etməsidir. Ona görə də, belə mübahisələr üzrə işin düzgün həlli üçün tərəflərin istinad etdikləri əqdin mövcud olub-olmaması, əqd bağlandığı halda isə onun etibarlı olub-olmaması mütləq qaydada müəyyən edilməlidir. Bunun üçün mülki prosesdə tətbiq edilən dispozitivlik, çəkişmə, hüquqi həqiqət kimi prinsip və şərtlər də nəzərə alınmaqla məhkəmənin həmin xüsusatlar üzrə araşdırma aparması zəruridir.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

- 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

18. Məhkəmə baxışının hədləri:

- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

c) Məhkəmənin mövqeyi:

19. Məhkəmə işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir.

20. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin müəyyən olunan hallarına əsasən hesab edir ki, hazırki mübahisə iddiaçı ilə cavabdeh arasında bağlanmış icarə müqaviləsindən irəli gəlir. Eyni zamanda, tərəflər arasında bağlanmış icarə müqaviləsinin şərtlərinə əsasən iddiaçı ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 40 kv.m olan qeyri-yaşayış sahəsini sahibkarlıq məqsədilə İcarəçi qismində cavabdehin müvəqqəti istifadəsinə vermişdir (müqavilənin 1. bəndi). İlk olaraq qeyd olunmalıdır ki, mübahisənin əsasında xüsusi mülkiyyətdə olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 40 kv.m olan qeyri-yaşayış sahəsinin (bundan sonra “obyekt) sahibkarlıq subyektinə gəlir (mənfəət) əldə etmək məqsədilə müqavilə əsasında icarəyə verilməsi dayanır. Mülki-hüquqi əqd olan icarə müqaviləsi mahiyyət etibarı ilə gəlir (mənfəət) əldə edilməsi məqsədi ilə bağlandığına görə həmin müqavilədən yaranan münasibətin iqtisadi xarakterli olması şübhəsizdir.

21. İşin araşdırılan hallarından əsasən müəyyən olunur ki, tərəflər “obyekt”in icarəsinə dair müqavilə bağlamışlar. Müqaviləyə əsasən iddiaçı (icarəyə verən) tərəfindən qeyriyaşayış sahəsinin cavabdehə (icarəçiyə) müddətli icarəyə verilmiş və tərəflər arasında icarə haqlarının ödənilməsi ilə bağlı razılıq əldə olunmuşdur. Aylıq icarə haqq 800 manat olmaqla İllik icarə haqqı 9600 manat (ƏDV-siz) müəyyən edilmişdir. İcarə Müqaviləsinin müddəti 01 may 2025-ci il tarixindən 01 may 2026-cı il tarixədək qüvvədədir. Cavabdeh 01 sentyabr 2025-ci il tarixdə qeyri-yaşayış sahəsini iddiaçıya təhvil vermişdir. Həmin tarixədək olan icarə haqları cavabdeh tərəfidən ödənilmişdir.

22. İddia ərizəsindən göründüyü kimi iddianın faktiki hüquqi əsasını 25 aprel 2025-ci il tarixli icarə müqaviləsinə əsasən İddiaçı məxsus olan Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Yesenin 8B ünvanında yeləşən qeyri-yaşayış sahəsinin cavabdeh X2 1 illik müddətə icarayə verilməsi, lakin cavabdehin həmin müqavilənin tələblərini pozaraq 01 sentyabr 2025-ci il tarixdə obyekti iddiaçıya təhvil verməsi və qalan müddətin icarə haqlarını ödəməməsi təşkil edir. İcarə müqaviləsinin 6.4-cü bəndinə əsasən müqaviləyə birtərəfli qaydada xitam verilərsə bu hal icarəçini illik icarə haqqını ödəməkdən azad etmir. Ona görə də, iddiaçı tərəfindən hesab olunur ki, 01 sentyabr 2025-ci il tarixdən hesablanmaqla 01 may 2026-cı il tarixədək, hər ay üçün 800 manat olmaqla, ümumulikdə 6400 manat cavabdeh X1 tutularaq iddiaçı X4 ödənilməlidir.

23. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, əvvəlcə tətəflər arasında bağlanmış icarə müqaviləsinin hüquqi qüvvəsi məsələsinin şərh edilməsi zəruridir.

24. İş müəyyən olunan hallarından göründüyü kimi 25 aprel 2025-ci il tarixli icarə müqaviləsinə əsasən İddiaçı məxsus olan Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Yesenin 8B ünvanında yeləşən qeyri-yaşayış sahəsi cavabdeh X2 1 illik müddətə icarayə verilmiş, lakin cavabdehin həmin həmin obyekti 01 sentyabr 2025-ci il tarixdə iddiaçıya təhvil vermişdir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan mövqeyinə görə: Müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Mülki hüquqda daxili iradənin ifadə üsulları üç qrupa bölünür: düzünə iradə ifadəsi (şifahi və ya yazılı qaydada); dolayı iradə ifadəsi (konklyudent hərəkətlər) və susmaq nəticəsində iradə ifadəsi. Göründüyü kimi, iradə yalnız verbal nitqlə və ya yazılı qaydada deyil, həmçinin konklyudent hərəkətlərdə də ifadə oluna bilir. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 329.3-cü maddəsində təsbit edilmişdir ki, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Bu isə onu göstərir ki, lizinq münasibətlərində lizinq alanın lizinq obyektinə sahiblik və istifadədən lizinq verən tərəfindən məhrum edilməsi də özü-özlüyündə konklyudent hərəkətdə ifadə olunan, lizinq verənin müqavilənin ləğvinə yönəlik iradə ifadəsidir (şifahi əqd).

25. Məhkəmə Konstitusiya Məhkəməsinin qeyd olunan hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, cavabdeh qeyri-yaşayış sahəsini qaytarmaqla iddiaçı ilə aralarında olan icarə müqaviləsini konklyudent hərəkətdə ifadə olunan iradə ifadəsi (şifahi əqd) ilə birtərəfli qaydada ləğv etmişdir. Məhkəmə, eyni zamanda nəzərə alır ki, iddiaçı obyekti təhvil almaqla cavabdehin müqavilənin ləğvinə dair iradə ifadəsini (şifahi əqdi) mübahisələndirməmiş, dolayısıyla razılığını ifadə etmişdir.

26. Hazırda iddiaçı cavabdeh ilə aralarında bağlanmış İcarə müqaviləsinin 6.4-cü bəndinə istinad edərək, 01 sentyabr 2025-ci il tarixdən hesablanmaqla 01 may 2026-cı il tarixədək, hər ay üçün 800 manat olmaqla, ümumulikdə 6400 manat pul cavabdeh X1 tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Müqavilənin qeyd olunan bəndinə əsasən, müqaviləyə birtərəfli qaydada xitam verilərsə bu hal icarəçini illik icarə haqqını ödəməkdən azad etmir.

27. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən qeyd edir ki, mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimlənməyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın.

28. Məhkəmə qeyd edir ki, İcarə müqaviləsinin 6.4-cü bəndi ilə müqaviləyə birtərəfli qaydada xitam verildiyi halda icarəçinin bütün illik icarə haqqını ödəmək öhdəliyinin saxlanılması nəzərdə tutulmuşdur. Lakin həmin şərtin etibarlılığı qiymətləndirilərkən müqavilə azadlığı prinsipi ilə yanaşı mülki qanunvericiliyin imperativ normaları da nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.5-ci maddəsinə əsasən tərəflər müqavilə şərtlərini sərbəst müəyyən etsələr də, bu şərtlər qanunvericiliyin imperativ normalarına zidd ola bilməz. Eyni zamanda Mülki Məcəllənin 425-ci maddəsinə görə öhdəlik onun mahiyyətinə uyğun icra edilməlidir. İcarə münasibətlərinin mahiyyəti isə MM-in 700.1-ci maddəsindən irəli gəlir və icarə haqqının əmlakdan faktiki istifadə müqabilində ödənilməsini nəzərdə tutur. İstifadə dayandırıldıqdan və əmlak icarəyə verən tərəfindən qəbul edildikdən sonra gələcək dövr üçün ödəniş öhdəliyinin saxlanılması icarə institutunun hüquqi təbiətinə uyğun hesab edilmir.

29. Məhkəmə, əlavə olaraq qeyd edir ki, yuxarıda qeyd olunduğu kimi icarə müqaviləsinin şərtlərinə əsasən tərəflər arasında yaranmış hüquq münasibətləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsi ilə tənzimlənir və həmin normaya görə icarə haqqı əmlakdan müvəqqəti istifadə müqabilində ödənilən haqq hesab olunur. İş materiallarından görünür ki, cavabdeh icarəçi icarə predmetini müqavilə müddəti başa çatmamış geri qaytarmış, obyekt iddiaçı tərəfindən qəbul edilmiş və əmlakdan faktiki istifadə dayandırılmışdır. İcarəçi əmlakdan istifadə etdiyi dövr üzrə icarə haqlarını tam ödədiyindən onun həmin müddət üzrə öhdəliyi icra olunmuş hesab edilməlidir (MM-in 425ci maddəsi). Mülki Məcəllənin 421-ci maddəsinə əsasən müqaviləyə xitam verilməsi tərəflərin hüquq və vəzifələrinin gələcək dövr üçün dayandırılmasına səbəb olur. Əmlakın icarəyə verən tərəfindən qəbul edilməsi faktiki olaraq müqavilə münasibətlərinin dayandırıldığını göstərir və bu andan sonra icarəyə verən əmlak üzərində sərəncam vermək, o cümlədən onu digər şəxslərə icarəyə təqdim etmək imkanını əldə edir. Bu səbəbdən istifadə olunmayan gələcək dövr üzrə icarə haqqının tələb edilməsi icarə münasibətlərinin hüquqi mahiyyətinə uyğun hesab edilə bilməz.

30. Eyni zamanda, məhkəmə izah edir ki, cavabdehin müqaviləni vaxtından əvvəl ləğv etməsi iddiaçıya zərər dəyməsi ilə nəticələnmişdirsə, o, qanunla müəyyən edilmiş qaydada həmin zərərin ödənilməsini tələb edə bilər. Hazırda iddiaçı yuxarıda qeyd olunan icarə haqlarını tələb edir. AR MPM-nin tələbinə əsasən, Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

31. Beləliklə, məhkəmə iş materiallarını və yuxarıda qeyd oluna hüquq normalarının tələblərini nəzərə belə nəticəyə gəlir ki, iddia tələbi əsassız hesab edilərək təmin edilməməlidir.

Məhkəmə xərcləri:

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 84 manat dövlət rüsumu iddiaçının özünə aid edildiyindən, cavabdehdən iddiaçının xeyrinə tutula bilməz.

Nəticə

33. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

q ə t e t d i:

İddiaçı X3 Cavabdeh qarşı “pul tələbi”nə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Rəmzi Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar