Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-35/2020 27.02.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsi, hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənli Pərviz Taleh oğlunun katibliyi, İddiaçı, cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı aktın ləğv olunması və borcun silinməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı məhkəmədə iddia qaldıraraq, 024330 saylı aktın ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2019-cu il tarixli, R 024330 saylı aktın ləğv edilməsini və həmin akt əsasında hesablanmış 1.182,60 manat borcun silinməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olur və Neftçala rayonu, Sabir küçəsində ərzaq dükanı işlədir.Elektrik təchizatının təmin olunması məqsədi ilə 1998-ci ildə Neftçala rayon Elektrik idarəsi ilə müqavilə bağlayaraq bütün texniki şərtlərə riayət edərək elektrikdən istifadə etmişdir. Bu müddətdə Neftçala rayon elektrik idarəsinin əməkdaşları tərəfindən ona elektrikdən istifadə şərtlərini pozduğuna, digər qanunla müəyyən olunmuş qaydalara riayət etmədiyinə heç bir xəbərdarlıq və yaxud akt tərtib edilməmişdir. Lakin xx.xx.2019-cu il tarixində Neftçala rayon Elektrik idarəsinin əməkdaşları tərəfindən ona heç bir xəbərdarlıq edilmədən Neftçala şəhəri Sabir küçəsində yerləşən ona məxsus mağazanın elektrik xətti kəsilərək elektrik təchizatı dayandırılmışdır.Bu barədə 024330 saylı akt tərtib edilmişdir və bu akta əsasən abonent sayğacından kənar elektrik enerjisindən istifadə edilməsi əsas gətirilərək, ona məxsus sahibkarlıq obyektinə elektrik enerjisinin verilişi dayandırılmışdır. Sözügedən aktda video çəkilinin aparılması qeyd olunsa da həmin video çəkiliş bugünədək ona təqdim olunmamışdır. O, ona məxsus sahibkarlıq obyektində sayğacdan kənar elektrik enerjisindən istifadə etmir, həmin akt qanunsuzdur və ədavət nəticəsində yazılıb, bu səbəbdən aktı qanunsuz hesab edir və hesab edir ki, həmin akt ləğv olunmalıdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, barəsində tərtib olunmuş xx.xx.2019-cu il tarixli, R 024330 saylı akt qanunsuzdur. Həmin akt onun iştirakı olmadan tərtib olunmuşdur. Halbuki, akt tərtib olunan vaxtda o mağazada olmuşdur. Aktda qeyd olunan kənar xətt onun mağazasına aid deyildir. Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəmə iclasında iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan “xxxx” ASC-nin nümayəndələrinin iştirakı ilə tərtib olunmuş xx.xx.2019-cu il tarixli, R 024330 saylı aktda qeyd edilmişdir ki, abonent sayğacdan kənar elektrik enerjisindən istifadə edir. Mağazaya quraşdırılmış elektrik sayğacının giriş kabelindən kənar xətt vasitəsilə istifadə olunur. Tərəflərindən ölçü və video vasitəsilə çəkiliş aparıldı. İş materiallarında olan xx.xx.2019-cu il tarixli qeyri-əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və texniki sahələr üzrə tələblərdən görünür ki, abonent Qəhrəmanov Tahir sayğacdan kənar elektrik enerjisindən istifadə etdiyi üçün ona xx.xx.2019-cu il tarixli, R 024330 saylı akta əsasən, 1.182,60 manat borc hesablanmışdır. Məhkəmə qeyd edir ki, “xxxx” ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli, R 024330 saylı akta əsasən, sayğacdan kənar elektrik enerjisindən istifadə edildiyi, mağazaya quraşdırılmış elektrik sayğacının giriş kabelindən kənar xətt vasitəsilə istifadə olunduğu müəyyən olunmuşdur. İddiaçı isə həmin aktın qanunsuz olduğunu, həmçinin aktın mağazada olduğu halda onun iştirakı olmadan yazıldığını, aktda qeyd olunan kənar xəttin onun mağazasına aid olmadığını bildirmişdir. xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında xx.xx.2019-cu il tarixli, R 024330 saylı akt tərtib edilərkən cavabdeh tərəfindən aparılmış videoçəkilişə tərəflərin iştirakı ilə baxış keçirilmişdir. Qeyd olunan videoçəkilişdən görünür ki, bir neçə şəxs Tahir Qəhrəmanova məxsus qeyri-yaşayış sahəsinin (dükanın) arxa tərəfində sayğacdan kənar elektrik xəttinin mövcud olduğunu, həmin xəttin yuxarıdan (üst hissədən) qeyri-yaşayış sahəsinə daxil olduğunu bildirirlər. Sonradan həmin şəxslər sözügedən qeyri-yaşayış sahəsinə daxil olurlar. Tərəflər videoçəkiliş aparılan qeyri-yaşayış sahəsinin Tahir Qəhrəmanova məxsus olmasını təsdiq edirlər. Bu işin mübahisəsiz halıdır. Lakin qeyd olunan videogörüntüdən iddia edilən elektrik xəttinin həqiqətən də sayğacdan kənar xətt olduğu və Tahir Qəhrəmanova məxsus qeyri-yaşayış sahəsinə daxil olduğu müəyyən olunmur. İddiaçı isə həmin xəttin ona aid olmadığını bildirir. Digər tərəfdən, xx.xx.2019-cu il tarixli qeyri-əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və texniki sahələr üzrə tələblərdən görünür ki, sayğacdan kənar elektrik enerjisindən istifadə etdiyi üçün Tahir Qəhrəmanova 3 kVt X 12 saat X 90 gün = 3.240 kvTs = 291,60 manat borc hesablanması təklif olunsa da, ona 3 kvT X 12 saat X 365 gün = 13.140 kvTs = 1.182,60 manat borcun hesablanması qərara alınmışdır. Göründüyü kimi, cavabdeh həm də iddiaçıya hesablanmış borcun 1.182,60 manat olmasını əsaslandıra bilməmişdir. Belə ki, təklif olunan borc məbləği ilə, hesablanmış (qərara alınan) borc məbləği arasında ziddiyyət vardır. Bundan başqa, videogörüntüdən göründüyü kimi, çəkiliş aparıldığı və akt tərtib edildiyi zaman iddiaçıya məxsus qeyri-yaşayış sahəsi (dükan) işlək vəziyyətdə olmuşdur. Aktda abonentin, yəni Tahir Qəhrəmanovun adı qeyd olunsa da, nəticədə onun tərəfindən aktın imzalanmasından imtina edildiyi qeyd edilmişdir. İddiaçı isə aktdan və videogörüntüdən məlumatsız olduğunu, ona hər-hansı bir akt təqdim edilmədiyini bildirmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş videogörüntüyə baxış keçirilən zaman, iddiaçıya məxsus qeyri-yaşayış sahəsi (dükan) işlək vəziyyətdə olmasına, yəni iddiaçı tərəfdən ən azından orada nümayəndə qismində dəvət ediləcək şəxsin olmasına baxmayaraq, həqiqətən də iddiaçının və onun tərəfindən hər-hansı nümayəndənin həmin çəkilişdə iştirak etmədiyi müəyyən olundu. Məhkəmə müəyyən etdi ki, tərəflər arasında yaranmış mübahisə enerji təchizatı müəssisəsi ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan abonent arasında elektrik enerjisindən istifadə qaydalarının pozulmasını müəyyən edən yoxlamanın nəticələri üzrə yaranan münasibətdir. Belə ki, cavabdeh tərəfindən tərtib edilmiş R 024330 saylı aktdan göründüyü kimi cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə Elektrik enerjisi uçotu və EEİ Qaydalarına riayət olunmasının yoxlanılması keçirilmiş və yoxlamanın (baxışın) nəticələri xx.xx.2019-cu il tarixli aktla rəsmiləşdirilmişdir. Daha sonra isə həmin aktın məlumatları əsas götürülməklə iddiaçıya borc hesablanmışdır. İddiaçının obyektdə sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu işin mübahisələndirilməyən halıdır. Buna görə də, həmin obyektdə cavabdehin əməkdaşları tərəfindən aparılmış elektrik enerjisindən istifadə qaydalarına riayət olunması vəziyyətinin yoxlanılmasının “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və əlaqədar digər qanunvericilik aktlarının tələblərinə uyğun aparılıb-aparılmadığı yoxlanılmaldır. Həmin qanunvericilik aktları hazırkı mübahisəyə tətbiq edilməlidirlər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanun və əlaqədar digər qanunvericilik aktları hazırkı mübahisəyə tətbiq edilməlidirlər. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlama (bundan sonra - yoxlama) yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Həmin Qanunun 2-ci maddəsində təsbit edilmişdir ki, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Bu Qanun (bu Qanunun 3.2-ci, 7.1-7.3-cü, 7.5- 7.10-cu, 8-ci, 11.1-ci, 12-ci, 13-cü və 34.1ci maddələri istisna olmaqla) vergi yoxlamalarına şamil edilmir. Bu Qanun cinayət təqibinin həyata keçirilməsi və ya məhkəmə icraatı çərçivəsində aparılan yoxlamalara şamil edilmir. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Həmin Qanunun 3.1 və 3.2-ci maddələrində isə təsbit edilmişdir ki, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-13.4-cü maddələrinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Bundan başqa, “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasi Prezidentinin xx xxxxx 2010-cu il tarixli, 246 saylı fərmanının 1.2-ci bəndində sahibkarlıq sahəsində yoxlamaların mütəmadiliyi haqqında məlumatın əldə edilməsini mümkün edən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrinin formasını və aparılması qaydasını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi qərara alınmışdır. Həmin Fərmanın 2-ci bəndində isə göstərilmişdir ki, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama bu Fərmanın 1.2-ci bəndində göstərilən reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin: - 1.1-ci bəndinə görə, bu Əsasnamə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra - Qanun) və “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. - 1.4-cü bəndinin tələbinə görə, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. - 1.5-ci bəndinin tələbinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. - 1.6-cı maddəsinə görə, bu Əsasnamənin 3.2.3-cü, 3.4.12-ci, 3.4.15-ci, 4.3-2-ci, 4.5- 4- cü, 5.1.9-cu və 5.1.13-cü yarımbəndləri vergi yoxlamalarına şamil edilmir. - 5.2-ci bəndinə görə, yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik Enerjisindən istifadə” Qaydalarının 8.34-cü bəndinə əsasə isə enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərində hesablaşma elektrik sayğacına baxış keçirərkən, xidməti vəsiqə ilə yanaşı baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidirlər. Göründüyü kimi cavabdeh tərəfindən aparılmış yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılmışdır. Ona görə də, qanunvericiliyin tələblərinə əsasən həmin yoxlamanın hüquqi nəticəsi yoxdur və yoxlama nəticəsində müəyyən olunmuş faktlardan çıxış etməklə iddiaçının barəsində məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Məhkəmə bir daha qeyd edir ki, enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərində hesablaşma elektrik sayğacına baxış keçirərkən, xidməti vəsiqə ilə yanaşı baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidirlər, lakin bu iş materiallarında öz təsdiqini tapmır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, xx.xx.2019-cu il tarixli, R 024330 saylı akt ləğv edilməli və həmin akt əsasında hesablanmış 1.182,60 manat borcun silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 121.1, 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, R 024330 saylı akt ləğv edilsin və həmin akt əsasında İddiaçı hesablanmış 1.182,60 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2-2(121)-35/2020
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-35/2020
27.02.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver