Məhkəmə qərarları › İş №e-2-2(121)-3589/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-3589/2025

18.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-3589/2025 18.12.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı BOKT ASC-nin Cavabdeh “kredit müqaviləsi üzrə borcun tutulması tələbi”nə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Tələb:

1. İddiaçı Bank Olmayan Kredit X4 Cəmiyyəti iddia ərizəsi ilə Beyləqan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı BOKT ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli, 360/A saylı kredit müqaviləsinə əsasən 6286,65 manat əsas borc, 188,26 manat hesablanmış faiz borcu və 1257,33 manat dəbbə pulu olmaqla, cəmi 7732,24 manat kredit borcu və 99 manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Beyləqan Rayon Məhkəməsinin 2(020)-1400/2-25 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı BOKT ASC-nin Cavabdeh “kredit müqaviləsi üzrə borcun tutulması tələbi”nə dair iddia ərizəsi baxılması üçün Şirvan Kommersiya məhkəməsinə göndərilmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı BOKT ASC arasında xx.xx.2019-cu il tarixli, 360/A saylı kredit müqaviləsi imzalanmışdır. Müvafiq olaraq xx.xx.2019-cu il tarixli, 360/A saylı kredit müqaviləsi üzrə 5 il müddətinə, 1 faizlə, 7672 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.1.3-cü maddəsinə əsasən Kreditor müştərinin əmlak vəziyyəti pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, habelə güzəştli kredit müqaviləsi üzrə ödənişlər vaxtında və lazımı qaydada icra edilməzsə borcun qaytarılmasını tələb etmək hüququ vardır. xx.xx.2019-cu il tarixli, 360/A saylı kredit müqaviləsinə əsasən Cavabdeh BOKT-a 6286,65 manat əsas borc, 188,26 manat hesablanmış faiz borcu, 1257,33 manat dəbbə pulu olmaqla, cəmi 7732,24 manat borcu vardır. Eyni zamanda, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış əvvəlki problemli kredit müqaviləsi restruktrizasiya edilmiş və cavabdehlə hazırkı müqavilə bağlanmışdır. Təəssüf ki, cavabeh bu müqavilə üzrə də borc öhdəliyini qəsdən icra etməkdən imtina edir. Cavabdeh xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə borcun ödənilməsi tələbinə dair cavabdehə bildiriş verilmişdi. Tərəflərin izahatları:

4. Məhkəmə iclasında iştirak edən cavabdeh X2 iddianı qismən qəbul edərək izahatında bildirdi ki, hazırki iş üzrə iddiaçı ilə bağlanmış xx.xx.2029-cu il tarixli kredit müqaviləsi sahibkarlıq məqsədilə ilə bağlanmışdır. O, iddianı əsas və faiz borcu hissələrdə qəbul edir. Maddi imkanı olmadığından, hesablanmış cərimə borcunun azaldılmasını məhkəmədən xahiş etdi.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə təqdim edərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Məhkəmə qeyd olunanları nəzərə alaraq məhkəmə iclasını iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.

İddia ərizəsinə etiraz:

7. Cavabdehlər tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.

Əsaslandırıcı hissə:

a) İş materialları və sübutların tədqiqi:

8. İş materiallarında olan “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə olan vergi məlumatlarından görünür ki, iş üzrə Cavabdeh vergi ödəyicisi kimi xx.xx.2011-ci il tarixdə qeydiyyata alınaraq VÖEN: ********** verilmişdir.

9. İş materiallarında olan İddiaçı Bank Olmayan Kredit X4 Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 19 dekabr 2019-cu il tarixli, 360/A №-li Kredit (Restrukturizasiya) müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən kreditor borclunun vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 7672 manat qalıq məbləğini ödəməsi məqsədi ilə güzəştli kreditin verilməsi, borclu isə verilmiş güzəştli krediti və ona hesablanan faizləri bu müqavilənin təkib hissəsi olan ödəniş cədvəli üzrə kreditora ödəməklə öhdəliyini tam şəkildə yerinə yetirilməsini öz öhdəsinə götürür. Kredit illik faiz dərəcəsi 1 % olmaqla, 5 il (1-ci il güzəşt müddəti müəyyən edilməklə) müddətinə verilir. Güzəşt müddəti ərzində borcalan tərəfindən əsas kredit borcunun ödənilməsi hüququna malikdir.

10. İş materiallarında olan “Ödəniş cədvəli”nin surətindən görünür ki, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əlavə üzrə son ödəniş tarixi xx.xx.2024-cü il kimi qeyd olunmuşdur.

11. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, «PARA” BOKT Açıq Səhmdar Cəmiyyətinin müştərisi olan xx.xx.2019-cü il tarixli, 360/A saylı kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı BOKT ASC-yə 6286,65 manat məbləğində əsas bоrcu, 188,26 manat məbləğində faiz bоrcu və 1257,33 manat məbləğində cərimə olmaqla, ümumilikdə 7732,24 manat borcu vardır.

12. İş materiallarında olan iddiaçının cavabdehə xx.xx.2025-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, İddiaçı BOKT ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 360/A saylı kredit müqaviləsi üzrə borcunun ödənilməsi tələb olunmuş və borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə cavabdehə xəbərdarlıq edilmişdir.

13. ********** nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı BOKT ASC tərəfindən iddia ərizəsi verilməsi üçün ümumilikdə 98,60 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

14. İş materiallarında olan Cavabdeh nümayəndəsi X1 məhkəmə iclasında təqdim etdiyi xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi sahibkarlıq məqsədi ilə bağlandığını, iddianı əsas və faiz borca münasibətdə qəbul etdiyini, lakin cərimə borcuna münasibətdə isə imkanı olmadığı üçün azaldılmasını xahiş etmişdir.

b) Tətbiq edilən hüquq:

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaksiyada olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

- 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarı:

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır.

18. Məhkəmə baxışının hədləri:

AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

c) Məhkəmənin mövqeyi:

19. Məhkəmə cavabdehi dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir.

20. Məhkəmə əvvəla qeyd edir ki, iddia tələbinin maddi hüquqi əsasını 24 fevral 2023cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaksiyada olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin borc (kredit) hüquq münasibətlərini tənzimləyən müvafiq normaları təşkil edir. Belə ki, işin müəyyən edilmiş faktiki halları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin əvvəlki redaksiyasında olan 739.1-ci maddəsinin dispozisiya şərtləri uyğun gəlir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

21. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin müəyyən olunan hallarına əsasən hesab edir ki, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında etibarlı şəkildə bağlanılmış kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə, İddiaçı BOKT ASC Cavabdeh borc (kredit) verməyi, Cavabdeh isə aldığı borcu (krediti) faizi ilə birgə hissə-hissə olmaqla iddiaçıya qaytarmağı öhdələrinə götürmüşlər. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqaviləni və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

22. Məhkəmə qeyd edir ki, iddianın əsasını, müqavilə üzrə öhdəliklərin lazımınca yerinə yetirilməməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə, tələb olunan əsas və faizdən ibarət borc qalığının iddiaçıya ödənilməsini sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür.

23. Məhkəmə hesab edir ki, idddiaçı öz tələbinin əsasını qanuna uyğun dəlillərlə sübut etmiş, lakin cavabdeh lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddia ərizəsinə etiraz verməmiş, iddianın əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmiş, əksinə məhkəmə iclasında iddianı əsas və faiz borcuna aid hissələrdə qəbul etdiyini bildirmişdir. Belə olan halda məhkəmə, kredit müqaviləsi üzrə öhdəliklərin cavabdehlər tərəfindən lazımınca yerinə yetirilməməsinin tam sübut olunduğu qənaətinə gəlir. Belə olan halda məhkəmə işin müəyyən edilmiş hallarını, iş materiallarında olan sənədləri nəzərə alaraq hesab edir ki, iddiaçının tələbi əsas və faiz borcuna münasibətdə tam əsaslı olmaqla, cavabdehin borc məbləğinin əsas borc üzrə 6286,65 manat, faiz borcu üzrə isə 188,26 manat təşkil etməsi öz təsdiqini tapır.

24. Məhkəmə iddiaçı tərəfindən hesablanan və tələb olunan 1257,33 manat cəriməyə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hesablanmış cərimə borcu azaldılaraq 200 manat müəyyən edilməlidir.

25. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 6286,65 manat məbləğində əsas, 188,26 manat məbləğində faiz borcu və 200 manat cərimə tutularaq iddiaçıya ödənilməli, qalan hissədə isə iddia təmin edilməməlidir.

Məhkəmə xərcləri:

26. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən hesab edir ki, ödənilmiş dövlət rüsumuna görə 86,78 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 11,82 manat isə iddiaçının özünə aid edilməlidir.

Nəticə:

27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qətetdi:

İddia qismən təmin edilsin. Cavabdeh 6286,65 manat məbləğində əsas, 188,26 manat məbləğində faiz borcu və 200 manat cərimə olmaqla, cəmi 6674,91 (altı min altı yüz yetmiş dörd manat, doxsan bir qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 86,78 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissdə təmin edilməsin. Ödənilmiş qalan 11,82 manat dövlət rüsumu İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Rəmzi Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar