Məhkəmə qərarları › İş №e-2-2(121)-36/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-36/2024

12.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-36/2024 12.03.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı xxxxn nümayəndəsi X1 iştirakı ilə İddiaçı xxxxn Cavabdeh qarşı - kredit müqaviləsi üzrə tələblərin təmin edilməsi üçün ipoteka predmetinə tutma yönəldilməsi barədə iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bank Cavabdeh qarşı - xx.xx.2019-cu il tarixli **********89219/İM saylı ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən və mülkiyyət hüququ əsasında Cavabdeh məxsus olan Neftçala şəhəri, X7 küçəsində istifadəsində olan 0.0294 ha torpaq sahəsində yerləşən 6 nömrəli, 2 mərtəbəli binanın, 2ci mərtəbəsində yerləşən 36.7 kv.m ümumi, 22.3 kv.m yaşayış, 14.4 kv.m yardımçı sahədən ibarət, 2 otaqlı 2 nömrəli mənzilə tutma yönəldilməsi, ipoteka predmeti açıq hərracda satılması və xx.xx.2019-cu il tarixli **********89219 saylı kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı ASC "xxxx" Bankı qarşısında 2532,28 manat məbləğində əsas borcu, kreditdən istifadəyə görə hesablanmış 439,05 manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2023-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 495,26 manat məbləğində penya, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 12% dərəcəsi ilə hesablanmış 224,90 manat məbləğində əldən çıxmış faydanın əvəzi, cəmi 3691,49 manat və xx.xx.2023-cü il tarixindən başlayaraq kredit müqaviləsi üzrə iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 12% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış fayda və illik 15% dərəcəsi ilə hesablanan penya, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 45 manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən iddiaçının xeyrinə tutulması; ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 60 manat məbləğində pul vəsaiti, iddia ərizəsinin verilməsinə görə 56,92 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər cavabdehdən iddiaçının xeyrinə tutulması; ipoteka predmetinin ilkin satış qiymətinin (likvid qiymətin) tərəflərin qarşılıqlı razılıqla seçərək ipoteka müqaviləsində təsbit etdikləri müstəqil qiymətləndiricilərdən ("xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC) birinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ASC "xxxx" Bankı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli **********89219 saylı kredit müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə, illik 12% ödənilməsi şərtilə 4000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ASC "xxxx" Bankı ilə Cavabdeh arasında sonuncuya məxsus Neftçala şəhəri, X8 küçəsində istifadəsində olan 0.0294 ha torpaq sahəsində yerləşən 6 nömrəli, 2 mərtəbəli binanın, 2-ci mərtəbəsində yerləşən 36.7 kv.m ümumi, 22.3 kv.m yaşayış, 14.4 kv.m yardımçı sahədən ibarət, 2 otaqlı 2 nömrəli mənzilin ipoteka qoyulması barədə xx.xx.2019-cu il tarixli **********89219/İM saylı ipoteka müqaviləsi bağlanmışdır. Qeyd edilən ipoteka predmetinə ipoteka hüququnun qeydiyyata alınmasına dair ASC "xxxx" Bankına Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən müvafiq olaraq xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Cavabdeh kredit müqaviləsinin 2.4-cü bəndinə və həmin müqavilənin 1 saylı əlavəsi olan ödəniş cədvəlinə əsasən hər ay bərabər məbləğdə ödəniş cədvəlində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə annuitet ödənişlərin ödənilməsini öhdəsinə götürmüşdür. Lakin Cavabdeh öz öhdəliklərinin icrasına laqeyd yanaşmaqla onları kobud şəkildə pozmuş, kreditin qaytarılması müddətinin bitməsinə baxmayaraq kredit müqaviləsi üzrə əsas borc məbləğinin mühüm hissəsini banka qaytarmamış və əsas borca hesablanmış faizlərin bir hissəsini ödəməmişdir. Belə ki, kreditin qaytarılma müddətin bitdiyi xx.xx.2022-ci il tarixinə borc alanın kreditor qarşısında 2759,79 manat məbləğində gecikdirilmiş borcu yaranmışdır ki, bunun da 2661,09 manatını vaxtı keçmiş əsas borc, 98,70 manatını isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği təşkil edir. Qeyd edilən tarixdən sonra Borc alan tərəfindən ümumilikdə 59,64 məbləğində ödəniş həyata keçirilmişdir ki, bunun da hamısı vaxtı keçmiş əsas borc məbləğindən silinmişdir. Cavabdeh kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozması ilə əlaqədar olaraq iddiaçının öz tələblərini “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34cü maddəsinə əsasən ipoteka qoyulmuş əmlak hesabına təmin etmək hüququ yaranmışdır. İddiaçı tərəfindən “İpoteka haqqında” Qanunun 36-cı maddəsinə uyğun olaraq, Cavabdeh ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2022-ci il tarixli NÇ-001 nömrəli bildiriş göndərilmiş və iddiaçı qarşısında yaranmış borc məbləğinin ipoteka predmeti hesabına ödənilməsi üçün bu əmlak obyektinin 30 gün müddətindən gec olmayaraq satılması tələb edilmişdir. İddiaçı tərəfindən ipoteka qoyulmuş əmlak obyektinə tutmanın yönəldilməsi haqqında xx.xx.2022-ci il tarixli NÇ-002 №-li ərizə ilə DƏDKR PHŞnin 13 saylı Şirvan şəhər Ərazi İdarəsinə müraciət edilmiş və həmin İdarə tərəfindən bildirişin qeydə alınması barədə müvafiq məktubla Banka məlumat verilmişdir. İddiaçı tərəfindən Cavabdeh ipoteka predmetinin satılması və iddiaçının tələblərinin ödənilməsi üçün kifayət qədər vaxt verilməsinə baxmayaraq, bu günə kimi borcun ödənilməsi üçün heç bir əməli addım atılmamışdır. Beləliklə, borcalan Cavabdeh xx.xx.2023-cü il tarixinə kreditor qarşısında gecikdirilmiş ümumi borcu 2971.33 manat təşkil edir ki, bununda 2532,28 manat vaxtı keçmiş əsas borc məbləğindən, 439,05 manatı isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləğindən ibarətdir. Bundan əlavə, borc alan kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq banka kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən gecikdirilmiş məbləğə gecikdirmənin hər günü illik 15% dərəcəsi penya ödəməlidir ki, bu da xx.xx.2023-cü il tarixinə 495,26 manat təşkil edir. Bankın daxili qərarına əsasən kredit müqaviləsi üzrə cərimə faizlərinin hesablanması borc alanın xeyrinə olaraq xx.xx.2020 -ci il tarixdən xx.xx.2022-ci il tarixinə kimi dayandırılmışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq iddiaçı tərəfindən kredit müqaviləsi üzrə kreditin qaytarılması müddətinin bitdiyi vaxtdan etibarən hazırkı iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixə qədər olan dövr ərzində eyni növlü və oxşar şərtlərlə iddiaçı tərəfindən verilmiş kreditlər barədə statistik məlumatları əks etdirən arayış əlavə olunur. Təqdim edilmiş bu arayışdan göründüyü kimi, bank (iddiaçı) tərəfindən daşınmaz əmlakın girovu ilə biznes məqsədləri üçün verilmiş kreditlər üzrə orta faiz dərəcəsinin miqdarı illik 12% təşkil edir. Qeyd olunana əsasən xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinə kimi faizlər formasında əldən çıxmış faydanın hesablanmasında yuxarıda göstərilmiş faiz dərəcəsini əldə rəhbər tutmağı əsaslı hesab edirlər. Beləliklə, müvafiq hesablanma aparıldıqdan sonra kreditin qaytarılma müddətinin bitdiyi tarixdən (xx.xx.2022-ci il) xx.xx.2023-cü il tarixədək olan dövr üçün müvafiq məbləğ 224,90 manat təşkil edir. Həmçinin “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı mediasiya prosesi keçirilmiş, lakin cavabdeh mediasiya prosesində iştirak etməmiş və bununla bağlı xx.xx.2023-cü il tarixdə “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış verilmişdir. İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək, xx.xx.2019-cu il tarixli **********89219/İM saylı ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən və mülkiyyət hüququ əsasında Cavabdeh məxsus olan Neftçala şəhəri, X7 küçəsində istifadəsində olan 0.0294 ha torpaq sahəsində yerləşən 6 nömrəli, 2 mərtəbəli binanın, 2-ci mərtəbəsində yerləşən 36.7 kv.m ümumi, 22.3 kv.m yaşayış, 14.4 kv.m yardımçı sahədən ibarət, 2 otaqlı 2 nömrəli mənzilə tutma yönəldilməsi, ipoteka predmeti açıq hərracda satılması və xx.xx.2019-cu il tarixli **********89219 saylı kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı ASC "xxxx" Bankı qarşısında 2400 manat məbləğində əsas borcu, xx.xx.2024-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 621,55 manat məbləğində penya, xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək vaxtı keçmiş əsas borc məbləğində illik 12% dərəcəsi ilə hesablanmış 447,67 manat məbləğində əldən çıxmış faydanın əvəzi, cəmi 3469,22 manat və xx.xx.2024-cü il tarixdən başlayaraq kredit müqaviləsi üzrə iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 12% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış fayda və illik 15% dərəcəsi ilə hesablanan penya, ipoteka predmetinə tutmanın yönəldilməsi bildirişin dövlət qeydiyyatına alınmasına görə 45 manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC "xxxx" Bankın nümayəndəsi X4 məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı ASC "xxxx" Bankı ilə Cavabdeh arasında xx.xx.2019-ci il tarixdə bağlanmış **********89219 saylı kredit müqaviləsi əsasında cavabdehə 36 ay müddətinə illik 12% ödəməsi şərti ilə 4000 manat məbləğində kredit verilmişdir. İşdən görünür ki, ASC "xxxx" Bankı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən, xx.xx.2019-ci il tarixdə bağlanmış **********89219 saylı kredit müqaviləsi üzrə Cavabdeh mülkiyyətində olan Neftçala şəhəri, X8 küçəsində 0.0294 ha torpaq sahəsində yerləşən 6 nömrəli, 2 mərtəbəli binanın, 2-ci mərtəbəsində yerləşən 36.7 kv.m ümumi sahədən ibarət, 2 otaqlı 2 nömrəli mənzil kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İşin materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış(lar)ın surət(lər)indən görünür ki, Neftçala şəhəri, X8 küçəsi, ev 6, mənzil 2 ünvanında yerləşən mənzil Cavabdeh mülkiyyətindədir və kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan X2 və X3 notariat qaydasında təsdiq edilmiş xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli ərizələrinin məzmunundan aydın olur ki, o, mənzilin ipoteka qoyulmasına etiraz etməmişlər. İşdən görünür ki, iddiaçı cavabdeh(lər)ə borcun ödənilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli pretenziya məktubu göndərmişdir. İş materiallarından görünür ki, iddiaçı cavabdeh(lər)ə “ipoteka predmetinə tutmanın yönəldilməsi” barədə xx.xx.2022-ci il tarixli bildiriş(lər) göndərmişdir. İşdən görünür ki, iddiaçı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına dair xx.xx.2022-ci il tarixli ərizə(lər) ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 4876 saylı məktubunun surətindən görünür ki, Neftçala şəhəri, X8 küçəsi ev 6 ünvanında yerləşən 2 saylı mənzil üzərində ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyatı aparılmışdır. İş materiallarına əlavə edilən cavabdehin xx.xx.2024-cü il tarixə kimi borcuna dair məlumatdan görünür ki, cavabdehin iddiaçı qarşısında 2400 manat məbləğində əsas borcu, xx.xx.2024-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 621,55 manat məbləğində penya, xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək vaxtı keçmiş əsas borc məbləğində illik 12% dərəcəsi ilə hesablanmış 447,67 manat məbləğində əldən çıxmış faydanın əvəzi, cəmi 3469,22 manat məbləğində borcunun olması göstərilmişdir. İşə əlavə olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/7523 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim edilmiş hesabdan çıxarış məlumatları xx.xx.2019-cu il tarixli, **********89219 nömrəli kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixə ASC "xxxx" Banka olan borcunun xx.xx.2022-ci il tarixə (müqavilə müddətinin sonuna) 3100,44 manat məbləğində müəyyən edilir: o cümlədən, əsas borc üzrə 2661,09 manat, faiz borcu üzrə 439,35 manat müəyyən edilir. Cavabdeh xx.xx.2023-cü il tarixə (iddia tarixinə) ASC "xxxx" Banka olan borcu 3691,79 manat məbləğində müəyyən edilir: o, cümlədən, əsas borc üzrə 2532,28 manat, faiz borcu üzrə 439,35 manat, cərimə üzrə 495,26 manat, faiz borcu (illik 12%-lə ə.ç.f) üzrə 224,90 manat müəyyən edilir. İş materiallarından görünür ki, məhkəmənin qərardadı ilə göstərilən daşınmaz əmlak(lar)ın bazar qiymətinə uyğun qiymətləndirilməsi "xxxx" MMC-yə həvalə olunmuş və həmin MMC-nin əmlak(lar)ın dəyərinin müəyyən etmək üçün xx.xx.2023-cü il tarixli qiymətləndirmə hesabatı (rəyi) ilə Cavabdeh mülkiyyətində olan Neftçala şəhəri, X8 küçəsində, 0.0294 torpaq sahəsində yerləşən 6 saylı 2 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşən 36.7 kv.m ümumi sahədən ibarət 2 otaqlı 2 saylı mənzilin likvid dəyəri 9909 manat məbləğində müəyyən olunmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ASC "xxxx" Bankı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********89219 saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə, kreditdən istifadəyə görə illik 12% ödənilməsi şərtilə 4000 manat məbləğində kreditin verilməsi, bu müqavilə üzrə borc alanın öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə isə iddiaçı ASC "xxxx" Bankı və Cavabdeh arasında mülkiyyət hüququ ilə sonuncuya məxsus Neftçala şəhəri, X8 küçəsi, 6 saylı evin, 2 nömrəli mənzilin ipoteka qoyulması xx.xx.2019-cu il tarixli, **********89219/İM saylı ipoteka müqaviləsi bağlanması, borc alanın bu öhdəliklərinin icrasına laqeyd yanaşmaqla onları kobud şəkildə pozması, kreditin verilməsi müddətinin bitməsinə baxmayaraq bu günə qədər kredit üzrə əsas borc məbləğinin mühüm hissəsini banka qaytarmaması və əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsini ödəməməsi, bununla da borc alanın kredit müqaviləsinin şərtlərinə əməl etməməsi işin hallarındandır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsi və ona əlavələrdən irəli gələn öhdəliklər borclu tərəfindən yerinə yetirilmədiyindən, bank tələbin ipotekaya yönəldilməsi proseduruna başlamaq hüququna malik olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Qeyd olunan Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Göstərilən Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 47.5-ci maddəsinə əsasən, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Qeyd olunan Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Göründüyü kimi qanunvericilik heç bir halda ipoteka predmetinə tutma yönəldilməsi imkanını ilk növbədə əsas öhdəlik üzrə borcluya qarşı tələbin irəli sürülməsi ilə şərtləndirməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göstərilən Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqavilə(ləri)si (razılaşma(lar)sı) əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə(lər) əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddia tələbi qeyd edilən hissələrdə əsaslıdır. Buna görə də, iddia həmin hissələrdə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Məhkəmə həmçinin hesab edir ki, ipoteka predmet(lər)inin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə tərəfindən müəyyən edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ipoteka predmet(lər)inin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmet(lər)inin ilkin satış qiyməti qiymətləndiricinin hesabat(lar)ı əsasında məhkəmə tərəfindən edilməklə, qeyd edilən daşınmaz əmlak(lar) açıq hərracdan satılmalı və həmin əmlak(lar)ın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 01 saylı, xx.xx.2020-ci il tarixli qərardadında göstərilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə iddianın penyanın ödənilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən penya əsassız və şişirdilmiş məbləğdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia ərizəsində göstərilən kredit müqaviləsi (sazişi) üzrə penyanın 621,55 manat məbləğində deyil, 43 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq və ədalətli sayır. Məhkəmə iddianın “xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək vaxtı keçmiş əsas borc məbləğində illik 12% dərəcəsi ilə hesablanmış 447,67 manat məbləğində əldən çıxmış faydanın əvəzinin tutulması”na dair hissəsini araşdıraraq, hesab edir ki, iddianın qeyd edilən hissəsi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən, bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Göründüyü kimi, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Həmçinin, vəsaitdən qanunsuz istifadə nəticəsində kreditora zərər vurulubsa, o, Mülki Məcəllənin 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçının pul vəsaitindən faydalanması, gəlirin, artım, bəhər və ya sair maddi xeyir qazanması işin materialları ilə sübuta yetirilmədiyindən, iddia göstərilən hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, “xx.xx.2024-cü il tarixdən başlayaraq kredit müqaviləsi üzrə iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 12% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış fayda və illik 15% dərəcəsi ilə hesablanan penyanın tutulması” kimi tələb qeyri-müəyyən olmaqla təmin oluna bilməz. Çünki, belə bir tələbin təmin edilməsi gələcəkdə məhkəmə qətnaməsinin icrası mərhələsində qeyri-müəyyənlik yaradacaqdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbinin göstərilən hissələri qeyri-müəyyən olduğundan, iddia tələbi qeyd edilən hissələrdə təmin edilə bilməz. Məhkəmə iddianın “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat xərcin ödənilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə əsaslıdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının, o cümlədən ipotekanın dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi üçün sahəsində aşağıdakı xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumu ödənilir: 6.1.2. Bölünmə nəticəsində əvvəlki hüquq sahibində qalan hissə üzərindəki hüquqların, yüklülüyün (ipoteka, icarə, istifadə, lizinq, servitut və s.), icarə və istifadə hüquqlarının yüklülüyünün və özgəninkiləşdirilməsinin dövlət qeydiyyatının aparılması ilə bağlı çıxarışın verilməsi; 6.1.4. ipotekanın əlavə dövlət qeydiyyatına alınması, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması, daşınmaz əmlakın yüklülükdən (ipoteka, icarə, istifadə, lizinq, servitut və s.) azad edilməsi, daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) dublikatının verilməsi. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə əsasən, bölünmə nəticəsində əvvəlki hüquq sahibində qalan hissə üzərindəki hüquqların, yüklülüyün (ipoteka, icarə, istifadə, lizinq, servitut və s.), icarə və istifadə hüquqlarının yüklülüyünün və özgəninkiləşdirilməsinin dövlət qeydiyyatının aparılması ilə bağlı çıxarışın verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 26.4-cü maddəsinə əsasən, ipotekanın əlavə dövlət qeydiyyatına, alınması, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması, daşınmaz əmlakın yüklülükdən (ipoteka, icarə, istifadə, lizinq, servitut və s.) azad edilməsi, daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) dublikatının verilməsi üçün 15 manat məbləğində dövlət rüsumu tutulur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması ilə əlaqədar dövlət rüsumunu və xidmət haqqını ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, iddia bu hissədə də qismən təmin edilməklə, iddiaçının dövlət rüsumunu və xidmət haqqını ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza xərci cavabdehdən tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, tələb olunan məbləğ ekspertiza ilə müəyyən edilən məbləğdən az olduğundan, ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə daşınmaz əmlak(lar)ın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyəri də cavabdehlərdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddia əmlaka dair hissədə qismən təmin edildiyindən, məhkəmə hesab edir ki, işə baxılması ilə əlaqədar məsrəflər də – əmlak(lar)ın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatının dəyəri olaraq 300 manat məbləğində (300 manatı iddiaçı tərəfindən ödənilmişdir) pul vəsaiti cavabdehdən alınaraq "xxxx" MMCnin hesabına ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. **********89219 saylı, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin təminatı olaraq **********89219/İM saylı, xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka qoyulmuş və Cavabdeh mülkiyyətində olan Neftçala şəhəri, X8 küçəsi, 6 saylı evin, 2 nömrəli mənzilinə tutma yönəldilsin. Həmin mənzil ilkin satış qiyməti 9909 manat məbləğində olmaqla açıq hərracdan satılsın və mənzilin satışından əldə olunan vəsaitdən ASC "xxxx" Bankı ilə Cavabdeh arasında bağlanmış **********89219 saylı, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 2400 manat əsas borc, 43 manat penya olmaqla, cəmi 2443 manat məbləğində pul vəsaiti və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 45 manat məbləğində çəkilmiş xərc Cavabdeh alınaraq ASC "xxxx" Bankına ödənilsin. Əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsi Cavabdeh qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatının dəyəri olan 300 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar