Məhkəmə qərarları › İş №e-2-2(121)-3662/2024

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-3662/2024

26.11.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-3662/2024 26.11.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Nəbiyev Rəmzi Sultan oğlu, İddiaçıSC-nin cavabdehlər "xxxx" Şirkəti və X5 qarşı “Əmlaklara dair mülki hüquqi müqavilələrin bağlanmasının qadağan edilməsi” barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyənetdi: İddiaçıSC cavabdehlər "xxxx" Şirkəti və X5 qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehlər "xxxx" Şirkəti və müəssisənin təsisçisi və direktoru X5 məxsus obyektlərə dair mülki hüquqi müqavilələrin bağlanmasının cavabdehlərə qadağan edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, AZ/037244 saylı xx.xx.2015-ci il tarixli “Əmlakın yanğından və digər əlavə risklərdən sığortası” şəhadətnaməsi ilə X2 mülkiyyətində olan Saatlı şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən daşınar əmlaka sığorta təminatı verilmişdir. 18 oktyabr 2015-ci il tarixində Saatlı şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən "xxxx" şirkətinə ticarət mərkəzində yanğın hadisəsi baş vermişdir. Hadisə nəticəsində X3 məxsus daşınar əmlaka 47527 (qırx yeddi min beş yüz iyirmi yeddi) manat məbləğində real zərər dəymişdir. Baş vermiş hadisə ilə bağlı 1361/FŞ//Fİ-082/2015-2016 nömrəli sığorta aktına əsasən X3 23760 (iyirmi üç min yeddi yüz altmış) manat məbləğində sığorta ödənişi ödənilmişdir. Onlar tərəfndən Şirvan Kommersiya Məhkəməsində cavabdehlər "xxxx" şirkətinə və X7 qarşı cavabdehlərdən 41196 manat pulun, 200 manat mediasiya xərcinin və 13,59 manat dövlət rüsumunun, ümumilikdə 41409,59 manat məbləğində pulun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə iddia qaldırılmış, Şirvan Kommersiya Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli e-2-2(121)- 334/2023 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh X1 qaydasında ödənilmiş pul vəsaitinin əvəzi olaraq 41196 manat məbləğində pul, 200 manat mediasiya xərci və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 13,59 manat olmaqla, ümumilikdə 41409,59 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi və ekspertiza tədqiqatının dəyəri olan 100 manatın iddiaçı "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. "xxxx" ASC tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilmişdir və Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(106)- 25/2024 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək, Şirvan Kommersiya Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli e-2- 2(121)- 334/2023 saylı qətnaməsinin mübahisələndirilən – iddianın cavabdeh "xxxx" Şirkətinə qarşı təmin edilməyən hissəsində ləğv edilərək, həmin hissədə iddia tələbinin təmin edilməsi, cavabdehlər "xxxx" şirkətindən və X1 qaydasında ödənilmiş pul vəsaitinin əvəzi olaraq 41196 manat, mediasiya xərcinin əvəzi olaraq 200 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 13,59 manat, ümumilikdə 41409 (qırx bir min dörd yüz doqquz) manat 59 (əlli doqquz) qəpik məbləğində pul vəsaitinin tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh "xxxx" şirkəti tərəfindən həmin qətnamədən kassasiya şikayəti verilmişdir, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 2(102)-402/2024 saylı qətnaməsi ilə kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024- cü il tarixli, 2-2(106)-25/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra "xxxx" ASC tərəfindən ödənilmiş 23760 (iyirmi üç min yeddi yüz altmış) manat məbləğində sığorta ödənişinin subroqasiya tələbi qaydasında cavabdeh "xxxx" Şirkəti və müəssisənin təsisçisi və direktoru X4 tutulmasına dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət etmişik. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(121)-2124/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, "xxxx" Şirkətindən 23760 (iyirmi üç min yeddi yüz altmış) manat məbləğində sığorta ödənişinin və161,28 (bir yüz altmış bir manat iyirmi səkkiz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar. Həmin Məcəllənin 936-cı maddəsi subroqasiya hüququnu təsbit edir vəsığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən, həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququnu təsbit edir. İddiaçı ASC-nin subroqasiya hüququndan istifadə etməsi nəticəsində ona geri qayıtmalı olan sığorta ödənişi məbləği iddiaçının mülkiyyətidir. Bu baxımdan cavabdehlər tərəfindən əmlaklarının satışı və ya həmin əmlaklar üzərində sərəncam verilməsinə dair başqa mülki hüquqi müqavilələrin bağlanması gələcəkdə təmin edilməsi gözlənilən iddia tələbi üzrə tutmanın həmin əmlaklara yönəldilməsi imkanını aradan qaldırır və iddiaçının mülkiyyət hüquqlarını pozur. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı ilə cavabdehlər arasında hüquqi mübahisə pul tələbi ilə əlaqədar olmuş və bu mübahisəyə müvafiq məhkəmələr tərəfindən hüquqi qiymət verilmişdir. Hazırki iddianın faktiki hüquqi əsasını cavabdehlər tərəfindən əmlaklarının satışı və ya həmin əmlaklar üzərində sərəncam verilməsinə dair başqa mülki hüquqi müqavilələrin bağlanması gələcəkdə iddia tələbi üzrə tutmanın həmin əmlaklara yönəldilməsi imkanını aradan qaldırması və bununla da iddiaçının hüquqlarını pozulması təşkil edir. İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddia ərizəsindən və ona əlavə edilmiş sənədləri nəzərdən keçirdikdə aydın olur ki, hazırki iddia üzrə iddiaçı ilə cavabdeh arasında mövcud olmuş mübahisəyə artıq müvafiq məhkəmə aktları ilə hüquqi qiymət verilmişdir. Hazırki iddia isə iddiaçının artıq təmin edilmiş tələblərinin icrasını təmin etmək məqsədi ilə qaldırılmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikası məhkəmələrinin, beynəlxalq arbitrajların və münsiflər məhkəmələrinin, xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının mülki və kommersiya mübahisələrinə dair işlər üzrə qərarlarının, cinayət işləri üzrə hökmlərinin və qərarlarının əmlakın alınmasına dair hissəsinin, habelə məhkəmə əmrlərinin, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərarlarının, inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) qərarlarının, alimentlərin ödənilməsi barədə notariat qaydasında təsdiq edilmiş sazişlərin, notariusun icra qeydlərinin, məişət zorakılığı ilə bağlı işlərə baxmaq səlahiyyəti olan orqanlar tərəfindən verilən qısamüddətli mühafizə orderlərinin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda digər orqanların (bundan sonra - məhkəmə və digər orqanların) qərarlarının məcburi icrası qaydalarını və şərtlərini müəyyən edir. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun İİİ və İV fəsillərində Məcburi İcra tədbirləri və onların tətbiqinin əsasları, həmçinin tələbin borclunun əmlakına yönəldilməsi qaydası nəzərdə tutulmuşdur. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. AR MPM-nin 234.1-ci maddəsiə əsasən Bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Qanunvericiliyin tələbindən göründüyü kimi Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra sənədi üzrə icra məmurunun məcburi icra tədbirləri görmək, o cümlədən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi hüququ vardır. Eyni zamanda icra sənədi üzrə tərəflərin icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının hazırki tələbi qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrası ilə əlaqədardır və iddiaçının müvafiq məhkəmə aktının icrası ilə bağlı həmin məhkəmə aktının icrasını həyata keçirən icra məmuruna müraciət etmək hüququ vardır. Bundan başqa, məhkəmə qeyd edir ki, AR MPM Xİİİ fəslində müvəqqəti təminat tədbirləri nəzərdə tutulmuşdur. Müvafiq əsaslar olduqda maraqlı şəxslər həmin tədbirlərin tətbiqi ilə bağlı məhkəməyə müraciət edə bilər. Lakin bu müraciət iddia icraatı qaydasında iddia ərizəsi ilə deyil, AR MPM 157-ci maddəsinin tələbi nəzərə alınmaqla ərizə ilə mümkündür. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153-cü maddəsini rəhbər tutaraq qəraraaldı: İddiaçıSC-nin cavabdehlər "xxxx" Şirkətinə və X5 qarşı cavabdehlər "xxxx" Şirkəti və müəssisənin təsisçisi və direktoru X5 məxsus obyektlərə dair mülki hüquqi müqavilələrin bağlanmasının cavabdehlərə qadağan edilməsinə dair iddia ərizəsi, iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. İddiaçıya izah edilsin ki, icra sənədi üzrə borclunun əmlakının satılmasının qarşısını alınması məqsədi ilə mülki hüquqi müqavilələrin bağlanmasının cavabdehlərə qadağan edilməsi məsələsi məcburi İcra tədbirləri çərçivəsində qanuna müvafiq olaraq icra məmuru tərəfindən həll edilməli məsələdir. İcra məmuru qanuni əsaslar olduqa əmlakı üzərinə həbs qoymaqla əmlakın siyahıya alınmasını, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasını, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasını, onun götürülməsini və ya saxlanmaq üçün verilməsini təmin edə bilər. Qərardaddan 10 gün müddətində Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rəmzi Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar