Məhkəmə qərarları › İş №e-2-2(121)-3684/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-3684/2025

15.01.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-3684/2025 15.01.2026 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 28045,75 məbləğində ziyanın əvəzinin və 175 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçının Cavabdeh ilə münasibətləri 2017-ci ildən yaranmışdır. Həmin ildə iddiaçı öz vəsaiti hesabına həyat yoldaşı X1 məxsus mağazada mobil telefon aparatlarının və telefon aksesuarlarının satışını təşkil etməyi qərara almışdır. Bu məqsədlə X3 və Cavabdeh ilə şifahi razılıq əldə olunmuşdur. Razılaşmaya görə, mağazaya maliyyə vəsaitini iddiaçı qoyacaq, malların alınması və çatdırılması X3 tərəfindən həyata keçiriləcək, satış isə cavabdeh tərəfindən təşkil ediləcəkdi. Müqabilində gəlirin 50%-i iddiaçıya, 25%-i X2, 25%-i isə cavabdehə məxsus olmalı idi. Lakin fəaliyyət dövründə cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya əvvəlcə 11400 manat, daha sonra aparılan araşdırmalar nəticəsində isə 13900 manat maddi ziyan dəymişdir. İddiaçı dəfələrlə cavabdehdən vurduğu ziyanın ödənilməsini tələb etsə də, cavabdeh bu öhdəliyi qəsdən yerinə yetirməkdən boyun qaçırmışdır. İddiaçı bu məsələ ilə əlaqədar xx.xx.2020-ci il tarixdə Füzuli RPŞ-yə müraciət etmişdir. Toplanmış materiallar Füzuli rayon Prokurorluğuna göndərilmiş və müstəntiq Rəhim Sadıqovun xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli qərarları ilə cinayət işi başlanmasından imtina edilmişdir. İddiaçıya məhkəməyə mülki qaydada müraciət etməyi tövsiyə edilmişdir. Sonradan müstəqil qiymətləndirici “X11” MMC-nin rəyi əsasında dəymiş ziyan 28045,75 manat məbləğində hesablanmışdır. Cavabdeh məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə müraciət edərək, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə iddia müddətini tətbiq edərək iddianın rədd edilməsi barədə qətnəmə çıxarılmasını xahiş etmişdir. İddia müddətinin tətbiq edilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, iddia müddətini ötürülmüşdür. Belə ki, iddia ərizəsində göstərilir ki, guya cavabdehin borcu 2017-ci il tarixdə yaranmağa başlanmışdır. Sonradan guya tərəflər aralarında alqı satqı ilə bağlı razılaşma pozulduğu üçün münasibətlər pisləşmişdir. Münasibətlərinin pisləşməsi iddiaçının Füzuli rayon prokurorluğuna cavabdeh barəsində verdiyi şikayət ərizələrindən də bilmək olar. Belə ki, iddiaçının haqsız şikayətlərinə baxılmış və yekunda Prokurorluğun 07 iyul 2020 və 20 aprel 2021-ci il tarixli qərarları ilə şikayət təmin edilməmiş və iddiaçıya mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Yəni İddiaçı barəsində edilmiş şikayətin nəticəsi barədə qərarlardan sonra mülki məhkəmə qaydasında müraciət etmək hüququ tam aydın idi. Lakin sonuncu prokurorluğun qərarından 4 ildən çox, ümumi olaraq guya cavabdehə mal verilməsindən isə 8 ildən çox vaxt keçmişdir. Əvvəlcə Füzuli Rayon Məhkəməsinə müraciət edilmiş, həmin vaxt məhkəmə aidiyyatı qaydaları pozulduğundan məhkəmənin 13 sentyabr 2024-cü il tarixli qərardadı ilə ərizə aidiyyatı üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir. Şirvan Kommersiya Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli qərardadı ilə ərizə geri qaytarılmışdır. Lakin sonuncu qərardaddan 1 il keçdikdən sonra iddiaçı yenidən məhkəməyə müraciət etməklə, iddia müddətini pozmaqla iddia tələbi irəli sürmüşdür. Bundan başqa iddia aşağıdakı səbəblərə görə absurd və əsassızdır. Belə ki, iş materillarına malların təhvilinə dair 22 noyabr 2017-ci il tarixli akt əlavə edilmişdir. Həmin akt ümumiyyətlə cavabdehin iddiaçı qarşısında hər hansı öhdəliyini müəyyən etmir. Həmin aktı və Füzuli Rayon Prokurorluğunun qərarını birlikdə araşdırarkən aydın olur ki, cavabdeh iddiaçının işçisi olubdur və akt malların bir işəgötürən tərəfindən işçiyə təhvil verilməsini ehtiva edir. Yəni burada hər hansı öhdəlikdən söhbət gedə bilməz. Həmin malların satışının pulu iddiaçı tərəfindən işçisi kimi cavabdehden götürülmüşdür. Yəni hazırda tələb olunan prokurorluğunun qərarında olan araşdırma rəqəmləri arasında heç rəqəmlə bir uyğunluq yoxdur. Bu da iddiaçıya özlüyündə iddia müddətini ötürməklə ümumiyyətlə iddiasının da əsaslı olmaması qənaətinə gəlinməsinə əsas verir. İddiaçı 2017-ci ildən 2021-ci ilədək mülki məhkəmə qaydasında ondan heç bir şəkildə pul tələb irəli sürməmişdir. 2021-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edildikdən sonra cavabdeh barədə 1 il ərzində iddiaçı yenə məhkəməyə müraciət etməmişdir. İddiaçı 2017-ci il tarixdən başlamaqla 2020-ci ilin oktyabr ayına qədər məhkəməyə iddia verilə bilərdi. Füzuli Rayon Məhkəməsinə onun tərəfindən müraciət edilməsi və sonradan iddianın geri qaytarılması Mülki Məcəllənin müvafiq normalarına əsasən iddia müddətinin axımını dayandırmırdı. Əgər iddia etdiyi kimi təhvil təslim aktına alqı-satqı müqaviləsi kimi yanaşaraq guya ona mal vermişdisə müqavilə münasibətlərinə əsasən 3 illik iddia müddəti tətbiq edilməlidir. İddia müddəti ötürülmüşdür. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, həmçinin gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarını nəzərə alaraq, iş materiallarında olan sənədlərə, işdə iştirak edən iddiaçının məhkəmə iclasında verdiyi izahatına və digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İddiaçı, Cavabdeh və X3 tərəfindən imzalanmış 27 noyabr 2013-ci il tarixli “Təhvil-təslim aktı”ndan görünür ki, “İcarəyə verən” İddiaçı məxsus Füzuli rayonu, Horadiz şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən qeyri-yaşayış sahəsini “İcarəçi” Cavabdeh istifadəsinə təhvil verdi, “İcarəçi” isə təhvil aldı. 30 adda 48 ədəd mobil telefon və planşet. Ümumi dəyəri 6487 manat, 84 adda 341 ədəd telefon aksesuarları, ümumi dəyəri 1089,30 manat, 10 nəfərdə ümumi dəyəri 1875 manat kreditdə olan məbləğ, kassada 264 manat nəğd pul olmaqla, cəmi 9715,30 manat dəyərində mal təhvil verilmişdir. İş materiallarında olan 07 iyul 2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarla, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh əməlində cinayət tərkibinin olması müəyyən edilmədiyindən barəsində cinayət işinin başlanmasının rədd edilməsi, İddiaçı mülki qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi, qərarın surəti İddiaçı göndərilməklə qərardan narazı qaldığı halda ibtidai araşdrımaya prosessual rəhbərliyi həyata keçirən Füzuli rayon prokuroruna, yuxarı prokurora, yaxud məhkəməyə şikayət vermək hüququnun izah olunması, material saxlanılması üçün rayon prokurorluğunun arxivinə verilməsi qərara alınmışdır. Qərardan görünür ki, İddiaçı öz izahatında bildirmişdir ki, Cavabdeh 5 ildir tanıyır. 2017-ci ilin oktyabr-noyabr aylarında xüsusi mülkiyyət hüququ əsasında həyat yoldaşı Radə Ocaqverdiyevaya məxsus qeyri-yaşayış sahəsində Cavabdeh və Daşqın Quluzadə ilə birlikdə mobil telefon və telefon aksesuarları satışı mağazası açmışlar. Həmin vaxt Cavabdeh və Daşqın Quluzadə ilə aralarında olan razılaşmaya əsasən əldə olunan aylıq gəlirin 50% özünə, 50% isə Cavabdeh və Daşqın Quluzadəyə çatmalı idi. 22 noyabr 2017ci il tarixdə 9715,30 manat (doqquz min yeddi yüz on beş manat otuz qəpik) məbləğində olan mobil telefon və aksesuarları Cavabdeh Daşqın Quluzadənin iştirakı ilə təhvil almışdır. Həmin vaxt təhvil-təslim aktı tərtib olunmuş və özü də həmin aktı imzalamışdır. Cavabdeh həmin vaxtdan etibarən mağazada satıcı kimi işləmiş, Daşqın Quluzadə isə Bakı şəhərindən mobil telefonları və telefon aksesuarlarını alaraq mağazaya göndərilməsini təmin etmişdir. Təxminən 7-8 ay keçdikdən sonra X10 Bayramzadənin mağazadan icazəsiz pul götürdüyünü ona bildirmişdir. Özü də, dərhal Cavabdeh yanına çağırmış və ona bildirmişdir ki, kassadan götürdüyü pulları geri qaytarsın. Sonuncu da onunla razılaşaraq bildirmişdir ki, anası xəstə olduğu üçün pula ehtiyacı olduğundan kassadan xəbərsiz pul götürmüş, həmin pulu qaytarıb kassaya qoyacaqdır. Cavabdeh bildirmişdir ki, bundan sonra ondan xəbərsiz mağazanın kassasından pul götürməsin. 2020-ci ilin yanvar ayında obyektə gələn zaman obyektin boş olduğunu, az sayda mobil telefon və telefon aksesuarları olduğunu görmüşdür. Cavabdeh bunun səbəbini soruşanda, sonuncu bildirmişdir ki, telefonları kreditlə satmış, pulu isə yığa bilməmişdir. Həmin vaxt Daşqın Quluzadə ilə söhbət etmiş və Cavabdeh bu məsələni dəqiqləşdirməsini xahiş etmişdir. Daşqın Quluzadə ona bildirmişdir ki, Cavabdeh mobil telefonlarını satışından əldə olunmuş pulu özünə əməkhaqqı kimi götürmüşdür. Özü də, Cavabdeh ilə bu barədə danışmış və bildirmişdir ki, "aramızda əməkhaqqı ilə bağlı söhbət olmamışdır, biz əldə olunan gəlirin 50 faizinin mənə, 50 faizinin isə səninlə Daşqina çatacağı barədə razılığa gəlmişik". 2020-ci ilin mart ayında Cavabdeh mağazaya telefon və aksesuarlar alması üçün 2500 manat məbləğində pul vermiş və ona kassadan götürdüyü pulu geri qaytarmasını, əks halda isə onun barəsində şikayət edəcəyini bildirmişdir. Cavabdeh də ona həmin ilin sentyabr ayında bütün pulu toplayıb kassaya qoyacağını bildirmişdir. Özü də ona inanmadığı üçün şikayət ərizəsi ilə Füzuli rayon Polis şöbəsinə müraciət etmişdir. Cavabdeh ilə aralarında heç bir müqavilə bağlanmamışdır. Lakin 22 noyabr 2017-ci il tarixdə həmin mağazadan 9715,30 manat dəyərində olan telefon və telefon aksesuarlarını Cavabdeh ondan təhvil almışdır. Cavabdeh fərdi sahibkar kimi VÖEN əsasında fəaliyyət göstərmişdir. Mağaza fəaliyyətə başladığı yaxtdan 7 ay sonra Daşqın Quluzadə ona Cavabdeh kassadan xəbərsiz olaraq pul götürdüyünü bildirmişdir. Elmir Bağırzadə mağazada işlədiyi vaxt ərzində telefon və aksesuarların satışından əldə olunmuş 11400 manat məbləğində pulu mənimsəmiş və bundan əlavə olaraq da, bu ilin mart ayında ona mağazaya telefon və aksesuarlar alması üçün 2500 manat məbləğində pul vermişdir. Cavabdeh ümumilikdə onun 13900 manat məbləğində pulunu mənimsəmişdir. Həmin mağaza fəaliyyətə başlamazdan əvvəl Elmir Bağırzadə onun sürücüsü olmuş və ona hər ay 300 manat məbləğində əməkhaqqı vermişdir. Lakin sonradan maddi imkanı zəif olduğu üçün və Cavabdeh işsiz qalmaması üçün Daşqın Quluzadə ilə birlikdə Elmirlə razılaşmışlar ki, telefon mağazası işlətsinlər və əldə olunan gəlirin 50 faizi onlara, 50 faizi isə ona çatsın. Həmin mağaza fəaliyyətə başladığı vaxtdan etibarən Elmir onun sürücüsü olmayıb və Elmirə hər ay 300 manat məbləğində pul verəcəyini vəd etməmişdir. Cavabdeh izahatında bildirmişdir ki, 2017-ci ilin oktyabr ayında İddiaçı onu yanına çağıraraq özünün sürücüsü kimi işləməyi təklif etmiş, bunun müqabilində ona hər ay 300 manat əmək haqqı verəcəyini bildirmiş və sonuncunun təklifi ilə razılaşmışdır. Həmin ilin noyabr ayında İddiaçı ona bildirmişdir ki, ona məxsus olan telefon mağazasında satıcı kimi işləsin, mağazadan əldə olunan gəlirdən 25 faizi ona, 25 faizi Daşqın Quluzadəyə veriləcək, qalan 50 faizi isə onun özünə çatacaqdır. Eyni zamanda da sürcüsü kimi işlədiyinə görə də ona aylıq 300 manat əmək haqqı verəcəkdir. Camalla razılaşmış və 22 noyabr 2017-ci il tarixdə Füzuli rayonu, Horadiz şəhərində yerləşən telefon və telefon aksessuarları mağazasında İddiaçı və Daşqın Quluzadənin iştirakı ilə 9715,30 manatlıq malı təhvil almışdır. 23 noyabr 2017-ci il tarixdən 31 may 2020-ci il tarixədək İddiaçı məxsus telefon mağazasında satıcı kimi, eyni zamanda da onun sürücüsü kimi işləmişdir. Qeyd etdiyi müddət ərzində dəfələrlə İddiaçı və onun ailə üzvlərini Bakı şəhərinə və digər rayon və şəhərlərə şəxsi işlərinə görə aparıb gətirmişdir. Bundan başqa, mağazada işlədiyi müddət ərzində şəxsən İddiaçı göstərişi ilə kassadan müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə pul götürərək onun dediyi şəxslərə vermiş və bunların hamısının qeydiyyatını da aparmışdır. Mağazada satılan telefon və telefon aksesuarlarının yazılı şəkildə uçotunu apararaq Daşqın Quluzadəyə təqdim etmişdir. İddiaçı mağazasında işlədiyi müddət ərzində əvvəlcədən razılaşdıqları qaydada əldə olunan gəlirin 25 faizini ona verməmiş, özü hər dəfə ona bu barədə bildirəndə, sonuncu onu aldadaraq əldə olunan gəlirin xərclərə sərf edildiyini, buna görə də kassada pul olanda ona 25 faizi verəcəyini demişdir. Eləcə də o, sürücüsü kimi işləməsinə görə ona vəd verdiyi aylıq 300 manat əmək haqqını da verməmiş, buna görə də özü hər ay kassadan əmək haqqı kimi ona verilməli olan 300 manat məbləğində olmaqla, ümumilikdə 25 ayın əmək haqqını, yəni 7500 manat məbləğində pulu götürmüşdür. İddiaçı məxsus telefon mağazasından 11400 manat pulu mənimsəməmişdir. İş materiallarında olan 16 mart 2021-ci il tarixli DX01 saylı “Qiymətləndirmə rəyi”ndən görünür ki, müstəqil qiymətləndiricinin araşdırmalarının sonunda gəldiyi nəticəyə görə, şərikləri X4 və X5 tərəfindən İddiaçı mübahisələndirilən dövr ərzində əldə olunmuş gəlirdən 8954,45 manat (12954,45-4000,00); ilkin maliyyə vəsaiti olaraq mağazaya qoyduğu 9715,30 manat və maliyyə dəstəyi olaraq mağaza qoyduğu 9376,00 manatla birlikdə cəmi 28045,75 manat (tyirmi səkkiz min qırx beş manat 75 qəpik) ödəməli olduqları real sayıla bilməklə ədalətli təsəvvür yaradır. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, borcun 5 gün müddətində tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı cavabdehə xəbərdarlıq olunmuşdur. Məhkəmənin, iş materiallarında olan sənədlərə, tərəflərin iştirak etdikləri məhkəmə iclaslarında verdikləri izahatlarına və təqdim olunmuş dəlillərə əsasən müəyyən etdiyi işin faktiki halları belədir ki, iddiaçı ona məxsus olan qeyri-yaşayış sahəsində (mağazada) telefon və telefon aksesuarları satışının həyata keçirilməsi, satışdan əldə ediləcək gəlirin öz aralarında bölüşdürülməsi məqsədi ilə cavabdeh və üçüncü şəxslə razılığa gələrək, bu barədə onlarla xx.xx.2017-ci il tarixli “Təhvil-təslim aktı” imzaladığını, həmin akta əsasən iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsi və orada olan ümumi dəyəri 9715,30 manat təşkil edən malların cavabdehə təhvil verildiyini, bundan əlavə cavabdehə nağd qaydada pul verdiyini, lakin cavabdehin təhvil aldığı malların və ona verilmiş pulun qarşılığında iddiaçıya pul vermədiyini, ona həvalə edilmiş malların satışından əldə olunmuş vəsaiti mənimsədiyini iddia edir. Cavabdeh iddianı qəbul etmədiyini, iddiaçı ilə əmək münasibətləri çərçivəsində iddiaçıya məxsus olan mağazada satışdan əldə olunacaq gəlirin müəyyən hissəsinin ona verilməsi şərti ilə satıcı kimi işlədiyini, həmçinin iddiaçıya aylıq haqq müqabilində sürücü xidməti göstərdiyini, iddiaçının sözünə əməl etməyərək satışdan əldə olunan vəsaitdən ona düşən payı, eləcə də sürücü xidməti üçün ona vəd edilmiş vəsaiti ona vermədiyini, buna görə də hər ay kassadan əmək haqqı kimi ona verilməli olan 300 manat məbləğində olmaqla, ümumilikdə 25 ayın əmək haqqını təşkil edən 7500 manat məbləğində pulu götürdüyünü, iddiaçıya məxsus telefon mağazasından 11400 manat pulu mənimsəmədiyini bildirir. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarına əsasən belə qənaətə gəlir ki, tərəflər arasında telefon və onun aksesuarlarının satışına dair razılaşmaya əsasən yaranmış münasibətləri əmək və ya xidmət müqaviləsindən irəli gələn münasibətlər kimi xarakterizə etmək olmaz. İşin hallarında görünür ki, tərəflər arasında birgə fəaliyyət nəticəsində əldə olunacaq gəlirin bölüşdürülməsinə dair razılıq öldə olunmuşdur. Bu zaman, hər bir tərəf öz üzərinə müəyyən vəzifəni yerinə yetirmək haqqında öhdəlik götürmüşdür. Məhkəmə, işin yuxarıda göstərilən faktiki hallarına əsasən iddia tələbinin maddi hüquqi əsasının müəyyən edilməsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsində birbaşa şərikli ticarət (biznes) fəaliyyəti ilə bağlı münasibətləri tənzimləyən müqavilə konstruksiyası nəzərdə tutulmamışdır. Lakin, Mülki Məcəllənin 6.2ci maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmçinin, Mülki Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsində isə, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər göstərilmişdir. Məhkəmə hesab edir ki, işin hallarına əsasən tərəflər arasında şifahi qaydada bağlanmış əqd üzrə hüquq və vəzifələr yarandığına görə, mübahisə öhdəlik hüquq münasibətlərini tənzimləyən normalar tətbiq edilməklə həll edilməlidir. Məhkəmə qeyd edir ki, mübahisəni tətbiq ediləcək maddi hüquq normalarına əsasən həll etməzdən əvvəl ilk olaraq işin mübahisəsiz və mübahisəli halları müəyyən edilməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsi qaydalarına uyğun olaraq tərəflərin öz tələb və etirazlarının əsası kimi gətirdikləri dəlillərə hüquqi qiymət verilməlidir. Məhkəmə, işdə olan sənədlərə, tərəflərin məhkəmə iclasında verdikləri izahatlarına və digər sübut əhəmiyyətli materiallara əsasən bu qənaətə gəlir ki, tərəflər arasında şərikli ticarət fəaliyyəti göstərilməsi barədə şifahi razılaşmanın olduğu, bu məqsədlə iddiaçının cavabdehə xx.xx.2017-ci il tarixdə qeyri-yaşayış sahəsini (mağazanı) və orada mövcud olan 9715,30 manat dəyərində mal təhvil verdiyi və tələb hüququnu ötürdüyü, cavabdehin mağazada fəaliyyət göstərdiyi müddətdə kassadan ümumilikdə 7500 manat məbləğində pul götürdüyü işin mübahisəsiz hallarını təşkil edir. Məhkəmə hesab edir ki, işin mübahisəli halını Cavabdeh qanunsuz hərəkətləri nəticəsində 28045,75 məbləğində ziyana məruz qalması barədə iddiaçının tələbi təşkil edir. Məhkəmə, tərəflərin öz tələb və etirazlarının əsası kimi istinad etdikləri hallara və dəlillərə qiymət verərək bu qənaətə gəlir ki, iddiaçının tələbi məhkəmə araşdırması nəticəsində öz təsdiqini tapmamış, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya 28045,75 manat məbləğində zərər vurulmasına dair mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Məhkəmə ilk olaraq qeyd edir ki, iş materiallarına iddiaçının mağazaya əlavə olaraq 9176 manat vəsait qoymasına və cavabdehə 2500 manat pul verməsinə dair hər hansı bir sübut əlavə edilməmişdir. İşdə olan kredit verilməsinə dair məlumatdan isə həmin kredit məbləğinin məhz cavabdehə verilməsi məqsədi ilə iddiaçı tərəfindən götürüldüyü müəyyən edilmir. Bununla yanaşı, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş qiymətləndirmə rəyi öz məzmun və forması etibarı ilə mötəbər sübut qismində qəbul edilə bilməz. Belə ki, rəydə mübahisələndirilən dövr ərzində əldə olunmuş gəlirin məbləği 8954,45 manat, iddiaçı tərəfindən maliyyə dəstəyi olaraq mağazaya əlavə qoyulan vəsaitin həcminin 9376 manat təşkil etməsi göstərilsə də, bu məbləğlərin hansı əsaslarla, hansı sənədlərə və faktlara əsasən, hansı təhqiqat metodları tətbiq edilməklə müəyyən olunması qeyd edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdehə yalnız 9715,30 manat dəyərində mal təhvil verdiyi və tələb hüququnu ötürdüyü faktı işdə olan sənədlərlə və tərəflərin izahatları ilə öz təsdiqini tapmışdır. Lakin cavabdehin həmin məbləği mənimsəməsi faktı həm baxılan işdə, həm də iddiaçının şikayəti əsasında polis orqanında aparılmış araşdırma nəticəsində sübut olunmamışdır. Malların satışından əldə olunan gəlirin 25 %-nin cavabdehə verilməsinin razılaşdırılması, cavabdehin 2017-ci ilin noyabr ayından 2020-ci ilin yay aylarına kimi iddiaçıya məxsus olan mağazada malların satışını həyata keçirməsi baxılan işin sübuta yetirilmiş hallarıdır. Bununla yanaşı, iddiaçı bu müddət ərzində hansı məbləğdə satışın həyata keçirildiyini, hansı məbləğdə gəlir əldə edildiyini, əldə edilmiş gəlirdən cavabdehə hansı məbləğdə pul vəsaitinin verildiyini, ümumiyyətlə cavabdehə onun tərəfindən pul verildiyini heç bir dəlillə əsaslandıra bilməmişdir. Məhkəmə, yuxarıda şərh olunanları ümumiləşdirərək bu qənaətə gəlir ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir və buna görə də onun iddiası əsassız sayılmalıdır. Hazırki mübahisəyə iddia müddətinin tətbiqinə dair məsələylə əlaqədar məhkəmə qeyd edir ki, cavabdeh ona qarşı yönəldilmiş pul öhdəliyinin mövcud olduğunu mübahisələndirməklə yanaşı, həmin pulun tələb edilməsi üçün qanunla müəyyən edilmiş iddia müddətinin iddiaçı tərəfindən ötürüldüyünə dair məhkəməyə ərizə vermişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddia tələbi əsassız olduğuna görə təmin edilmədiyi üçün iddia müddətinin ötürülməsi əsası ilə iddianın rədd edilməsi öz hüquqi əhəmiyyətini itirmişdir. Bununla yanaşı, iddia tələbinin əsasını təşkil edən hallar öz təsdiqini tapacağı halda belə iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyü aşkar edilir. Belə ki, Mülki Məcəllənin 372.1-ci, 372.2-ci, 373.2-ci, 375.1, 375.2-ci, 377.1, 377.2, 377.3-cü və 380.1-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Sadalanan maddi hüququ normalarının tələblərindən aydın olur ki, bir şəxsin başqa şəxsdən tələb etmək hüququna müddət şamil edilir və bu müddət əgər pozulmuş hüququn bərpası məhkəmə müdafiəsi yolu ilə həyata keçirilirsə iddia müddəti sayılır. İddia müddətinin keçməsi hüququ pozulmuş şəxsin tələblə məhkəməyə müraciət etməsinə mane olmasa da, digər tərəfin iddia müddətinin keçməsinə istinad etməsi və bu barədə məhkəməyə ərizə verməsi məhkəmənin həmin əsasla iddianı rədd etməsi üçün hüquqi zəmin yaradır. O da qeyd edilməlidir ki, iddia müddətinin tətbiqinə dair məsələlərin həlli zamanı həmin müddətin axımının başlanması anının dəqiq müəyyən edilməsi, həmçinin hər bir konkret iş üzrə iddia müddətinin axımının dayandırılması və ya kəsilməsi hallarının mövcud olub-olmamasının araşdırılması zəruridir. Hazırki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının hazırki tələblə çıxış etməsi üçün hüquqi əsas ən gec İddiaçı Cavabdeh şikayətinə əsasən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarın tarixi olan xx.xx.2020-ci il tarixindən etibarən yaranmışdır. Tərəflər arasında mövcud olmuş münasibət hüquqi mahiyyəti etibarı ilə birgə (şərikli) fəaliyyətlə bağlı münasibətləri tənzimləyən müqavilə xarakteri daşıdığı və bu münasibətlərdən irəli gələn tələb hüquqları üç illik müddətlə məhdudlaşdığı üçün iddiaçının iddia müddətini ötürdüyü müəyyən olunur. Belə ki, tərəflər arasında mövcud olmuş birgə fəaliyyətlə bağlı müqavilə üzrə tələblərə dair iddia müddətinin axımının başlanğıc tarixi ən gec xx.xx.2020-ci il kimi müəyyən olunduğuna görə, iddiaçının, cavabdehə qarşı tələb irəli sürmək hüququ üzrə iddia müddəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixdə bitmişdir. İşdən görünür ki, iddia ərizəsi isə məhkəməyə xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. Bununla da müəyyən olunur ki, iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür. Yuxarıda şərh olunanlara yekun vuraraq məhkəmə müəyyən edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür, həmçinin iddia müddətinin axımının dayandırılması və ya kəsilməsi, eləcə də iddia müddətinin bərpası üçün üzürlü hallar aşkar edilməmişdir. Buna görə də, iddia tələbinin əsaslılığı işin faktiki hallarına əsasən təsdiq olunduğu halda belə, iddia müddəti ötürüldüyü üçün iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddətinin tətbiqinin əsaslarını və nəticələrini tənzimləyən maddi hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək məhkəmə bu nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia tələbi əsassız olmaqla yanaşı, iddia müddəti keçdiyinə görə həmin tələb üzrə hüququn dövlət məcburetmə vasitələri ilə həyata keçirilməsi imkanını da iddiaçı itirmişdir. Buna görə də, iddiaçının həmin iddiası təmin edilə bilməz. Beləliklə məhkəmə yekunda bu nəticəyə gəlir ki, iddia tələbi əsassızdır və buna görə də təmin edilməməlidir. İddia ərizəsi təmin edilmədiyinə görə həmin ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu və işə baxılması ilə əlaqədar digər məsrəflər iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.1, 217.3 və 217.4-cü maddələrinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar