Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-369/2025 20.02.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi ilə, İddiaçı Cavabdeh MMC-nə qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ERS-002-2024-002 saylı daşınar əmlakın icarə müqaviləsi yaranmış üzrə ƏDV daxil, cəmi 21.584,92 manat qalıq borcunun, həmin vəsaitin gecikdirilməsinə görə müqavilənin 4.4-cü bəndinə əsasən 755,47 dəbbə pulunun, əldə çıxmış faydaya görə Mərkəzi Bankın uçot faiz dərəcəsinə uyğun olaraq 4.532,82 manat və 170.40 manat dövlət rüsumunun tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixli, ERS-002-2024-00 saylı daşınar əmlakın icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İcarəyə verən İddiaçı MMC icarəçi "xxxx" MMC-ə müqavilə üzrə razılaşdırılmış FL-052 Diesel Telehandler JCB 540-140 texnikasını 2024-cü ilin fevral, mart, aprel və may ayları üzrə icarəyə vermişdir. İddiaçı İcarəyə verən İddiaçı MMC cavabdehə indiyədək özünə məxsus texnikalarla ümumi dəyəri ƏDV daxil 27.902,46 manat dəyərində xidmətlər həyata keçirtmişdir. Cavabdeh MMC göstərilmiş xidmətlər qarşılığında indiyədək iddiaçıya qeyd olunan ümumi müqavilə dəyərinin ƏDV daxil xx.xx.2024-cü il tarixdə 3.000 manat, xx.xx.2024-cü il tarixdə isə yenə ƏDV daxil cəmi 3.317,54 manat ödəniş etmişdir. Lakin cavabdehin iddiaçı göstərdiyi xidmətlərə görə ona ƏDV daxil, cəmi 21.584,92 manat borcu qalmaqda davam edir. Şirkətimiz tərəfindən hazırlanmış xx.xx.2024-cü il tarixli maliyyə arayışı bunu təsdiq edir. Cavabdeh müqavilə üzrə icarədə olan texnika ilə göstərilmiş xidmətlər və onların dəyərinə idair ddiaçı ilə 05 mart, 06 may və 04 iyun 2024-cü il tarixlərində üzləşmə aktları tərtib edərək, səlahiyyətli nümayəndəsi tərəfindən imza və möhürlə təsdiqləmişdir. Cavabdehə göndərilmiş eqaimələrin hamısı vergi sistemi tərəfindən avtomatik olaraq təsdiq edilmişdir. Bu da onun göstəricisidir ki, cavabdeh tərəfindən qaimələr üzrə xidmət haqqı və öhdəliyi mübahisə edilməmiş, bu barədə heç vaxt düzəliş və ya dəqiqləşməyə dair ehtiyac və ya zərurət görmədiklərindən geri dönüş edilməmişdir. Müvafiq sübut DVX-nin vergi kabinetindən ərizəyə əlavə olunur. Tərəflər arasında imzalanmış sözügedən müqavilənin 13-cü bəndində “bu icarə müqaviləsi ilə əlaqədar meydana gələn bütün münaqişələr İcarəçi ilə İcarəyə verən arasında əvvəlcə danışıqlar yolu ilə həll edilməlidir” qaydası razılaşdırılmışdır. Bunu rəhbər tutaraq iddiaçı borcunu ödəməsi barədə cavabdehə elektron məhkəmə kabineti vasitəsi ilə 15.07.24-cü il tarixdə pretenziya məktubu göndərmiş, borcunu ödəməsi üçün 3 günlük möhlət verilmişdir (bu barədə sübut ərizəyə əlavə olunur). Lakin pretenziyada göstərilən möhlətdən də kifayət qədər zaman keçməsinə baxmayaraq cavabdeh iddia ilə məhkəməyə müraciət edilən ana qədər borca və hansı qaydada ödəniləcəyinə dair münasibət bildirməmiş, bununla da məsələnin məhkəmədən kənar sülh yolu ilə həllində də maraqlı olmadığını nümayiş etdirmişdir. Tərəflər arasında imzalanmış sözügedən müqavilənin 4.2-ci maddəsinə əsasən İcarəçinin hüquq və öhdəlikləri sırasında “bu Müqavilənin şərtlərinə uyğun olaraq təhvil-təslim aktını aldıqdan sonra 7 iş günü ərzində icarə haqqını ödəmək” öhdəliyi müəyyən edilmişdir. Cavabdeh tərəfindən bu şərt indiyədək kobud şəkildə pozulmuş və ödəniş öhdəliyindən əsassız olaraq yayınmış və bu barədə iddiaçıya heç bir məlumat verməmişdir. Həmin maddənin davamı olaraq razılaşdırılmışdır ki, əks halda İcarəçi ödəniş şərtlərini pozduğu halda icarəyə verən tərəfindən gecikdirilən hər həftə üçün gecikmə məbləğinin 0.5% həcmində cərimə olunacaqdır. Nəzərə alınsa ki, cavabdehdən tələb edilən yekun iddia məbləği 21.584,92 manat təşkil edir və borca dair sonuncu dəfə e-qaimə 12 İyun 2024-cü il tarixində vurulmuşdur həmin tarixdən sonra gələn 7 iş gününü çıxmaqla 24 iyun tarixindən etibarən məhkəməyə iddia verilən tarixədək 7 həftə keçmişdir bu hesablama ilə bir həftəlik cərimə məbləği 107.92 manat etsə, o zaman bu məbləğ 7 həftə üçün 107.92 x 7 = 755,47 manat edəcəkdir. Bundan başqa cavabdehin borcunu indiyədək ödəməməsi nəticəsində iddiaçı əlavə zərərə də məruz qalmışdır. Belə ki, həmin vəsait vaxtında cavabdehdən əldə edilmiş olsaydı bu zaman iddiaçı da ondan öz sahibkarlıq fəaliyyətində səmərəli istifadə edib faydalana bilərdi. Bununla da iddiaçı həmçinin əldə çıxmış əlavə zərərə də məruz qalmaqda davam edir. Bununla əlaqədar MM-nin 449-cu maddəsi “pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət” adlı norma müəyyən etmişdir. Həmin maddənin birinci bəndində əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər (449.1). Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir (449.2). Mərkəzi Bankın rəsmi saytına istinad edərək bildirilir ki, 21.584,92 manat vəsaitin iyun, iyul və avqust ayları üzrə uçot faiz dərəcəsini minimum 7% ilə götürsək bu aylıq 1.510,94 manat etməklə üç ay üzrə cəmi 4.532,82 manat edəcəkdir. Mərkəzi Bankın rəsmi saytına diqqət edilərsə sonuncu dəfə may ayı üzrə uçot faiz dərəcəsi 7.25% olmuşdur və ondan əvəlki aylar üzrə də 7% üzərində olmuşdur. Bu baxımdan əldə çıxmış faydanı hesablamada minimum 7% ilə hesablama aparılmışdır. İddiaçı nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək. məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiq olunan digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı (İcarəyə verən) ilə Cavabdeh (İcarəçi) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ERS-002-2024-002 nömrəli icarə müqaviləsinə əsasən, İcarəyə verən, texniki göstəriciləri bu müqaviləyə edilmiş əlavədə müfəssəl qeyd olunan və icarəyə verilən zaman özünün qanuni istifadəsində olan və icarəyə verilməsinə hüququ olan avadanlığı (və ya avadanlıqları) bu icarə müqaviləsində göstərilən müddət və şərtlərə müvafiq olaraq İcarəçiyə icarəyə verməyi və icarəçi isə öz növbəsində həmin avadanlıqları bu müqavilədə (əlavədə) göstərilən tarixdən etibarən İcarəyə verəndən icarəyə götürmək barədə razılığa gəlirlər. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ERS-002-2024-002 nömrəli müqaviləyə 1 nömrəli əlavəyə əsasən : Avadanlıqla təchiz olunma şərti - Təklif edilən avadanlıq digər markalı lakin eyni uyğun xarakteristikalı (spesifikasiyalı) avadanlıqla əvəz edilə bilər. Bildirişlərin tarixi - Tərəflər müqavilənin bitmə tarixindən 10 gün əvvəl müqavilə ilə bağlı hər hansısa bir bildiriş göndərə bilər. İstifadə - Müştəri öz səhfi ucbatından icarədə olan avadanlığa istifadə zamanı hər hansısa bir zərər (zədə) yetirərsə bu zaman dəymiş ziyanı və eləcə də təmir müddəti ərzində avadanlığın aylıq icarə haqqını ödəməyi öhtəsinə götürür. Əgər texnika nasazlığına görə servisə dayanarsa təmirdə olma saatlarının pulu çıxılacaq. Xidmət - Bütün texniki xidmət və cari təmir işləri ERS tərəfində həyata keçiriləcək. Yanacaq / enerji təchizatı - Yüksək keyfiyyətli dizel və eneqi təchizatı müştəri tərəfindən təmin ediləcək. Yanacaq sistemində hər hansısa bir nöqsan yaranarsa bu zaman təmir xərcləri müştəri tərəfindən ödəniləcək. Yüklənmə - Müştəri yükləniləcək, qaldırılacaq, boşaldılacaq yüklərin avadanlığın texniki göstəricilərinə həmçinin yük daşıma qabiliyyətinə uyğun gəldiyinə əmin olmalıdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ERS-002-2024-002 nömrəli müqaviləyə 2 nömrəli əlavədən görünür ki, müqavilə xx.xx.2024 tarixindək bağlanır, əgər müqavilə bitdikdən 10 təqvim günü ərzində tərəflərdən birinin təşəbbüsü ilə müqaviləyə xitam verilməsinə dair bildiriş göndərilməzsə müqavilə daha 1 il uzadılmış olur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ERS-002-2024-002 nömrəli müqaviləyə 3 nömrəli əlavədən görünür ki, Diesel Telehandler JCB 540-140 (90-H-260) texnikasının aylıq icarə haqqı qiyməti 5800 manat təşkil edir. İş materiallarında olan hər iki tərəfin nümayəndəsinin imzası və hüquqi şəxslərin möhürü ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli 3696 nömrəli akta əsasən FL-052 Diesel Telehandler JCB 540-140 Aghdam texnikasının icarə haqqı borcunun məbləği 2024-cü il mart ayı ərzində ƏDV daxil 6054,31 manat, xx.xx.2024-cü il tarixli 3751 nömrəli akta əsasən 2024-cü il may ayı ərzində ƏDV daxil 8160,15 manat, xx.xx.2024-cü il tarixli 3751 nömrəli akta əsasən 2024-cü il aprel ayı ərzində 7370,46 manat təşkil etmişdir. İş materiallarında olan elektron qaimələrin surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdehnə ümumilkdə ƏDV daxil 21584,92 manat dəyərində icarə xidməti göstərilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “maliyyə arayışı”nın surətindən görünür ki, xx.xx.2024-cü il tarixli, ERS-002-2024-002 nömrəli icarə müqaviləsinə əsasən Cavabdeh icarə haqqı borcunun məbləği 21584,92 manat təşkil edir. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdehnə ünvanlanmış xx.xx.2024cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ERS-002-2024-002 nömrəli icarə müqavilə üzrə ödənilməli olan 21584,30 manat məbləğində borcun 3 iş günü müddətində ödənilməsi Cavabdehndən tələb olunmuş, əks təqdirdə qeyd edilən icarə haqqı borcunun ödənilməsi ilə bağlı tədbirlər görüləcəyi barədə cavabdehə xəbərdarlıq edilmişdir. Məhkəmənin, iş materiallarında olan sənədlərə, məhkəmə iclasında tədqiq olunmuş dəlillərə əsasən müəyyən etdiyi işin faktiki halları belədir ki, iddiaçı tərəfindən ona məxsus olan xüsusi texnikanın razılaşdırılmış məqsədlə istifadə edilməsi üçün cavabdehin icarəsinə verilməsinə, cavabdehin isə təhvil aldığı texnikanın icarəsinə görə şərtləşdirilmiş icarə haqqının iddiaçıya ödənilməsinə dair tərəflər arasında razılıq əldə olunmuşdur və həmin razılığı onlar xx.xx.2024-cü il tarixli “Daşınar əmlakın icarə müqaviləsi” ilə rəsmiləşdirmişlər. İddiaçı qeyd edilən müqavilə üzrə üzərinə düşən öhdəliyi icra edərək icarə obyektini (texnikanı) cavabdehə təhvil verdiyini, lakin cavabdehin müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməyərək icarə haqqını tam ödəmədiyini iddia edir. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq bu qənaətə gəlir ki, iddia tələbinin maddi hüquqi əsasını icarə müqaviləsinə dair münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34-cü fəslində yer alan normalar təşkil edir. Belə ki, işin faktiki hallarına Mülki Məcəllənin 700.1-ci maddəsində nəzərdə tutulan icarə müqaviləsinin dispozisiya şərtləri uyğun gəlir. Məhkəmə tərəflər arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yarandığını müəyyən edərək qeyd edir ki, tərəflər arasında xüsusi texnikanın icarəyə verilməsinə dair müqavilənin bağlandığı, həmin müqavilənin etibarsızlığına dəlalət edən halların olmadığı, iddiaçının icarə müqaviləsinin obyekti olan texnikanı cavabdehə təhvil verməsi, cavabdehin 2024-cü ilin fevral, mart, aprel və may ayları üçün icarə haqqı üzrə borcunun ümumi məbləğinin 21584,92 manat təşkil etməsi işin mübahisəsiz hallarını təşkil edir. İşin mübahisəli halları belədir ki, iddiaçı, cavabdehin müqavilə üzrə öhdəliyini tam icra etməyərək icarə obyektinin istifadəsində olduğu 2024-cü ilin fevral, mart, aprel və may ayları üçün icarə haqqını (ƏDV-daxil 21584,92 manat pulu) ödəmədiyini iddia edir, həmin icarə haqqının ödənilməsini tələb etməklə yanaşı cavabdehlə aralarında bağladıqları müqavilə şərtlərinə əsasən cavabdehin icarə haqqının ödənişini gecikdirdiyi üçün nəzərdə tutulan cərimə pulunun və əldən çıxmış fayda şəklində zərərin də cavabdehdən tutulmasını xahiş edir. Məhkəmə qeyd edir ki, iddiaçı icarə obyekti olan texnikanın cavabdehin istifadəsinə verilməsini, icarə haqqı üzrə cavabdehin borcunun ümumi məbləğinin 21584,92 manat təşkil etməsini mötəbər və yetərli dəlillərlə sübut edə bilmişdir. Tələb olunan 21584,92 manat məbləğində icarə haqqı borcunun iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin, lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmn etməmişdir, həmçinin onun tərəfindən iddiaçının qeyd olunan tələbinə etiraz, tələbin tam və ya qismən əsassızlığına dair sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə, tərəflərin iradə ifadəsini əks etdirən müqaviləni, işdə olan sənədləri və işin müəyyən edilmiş digər hallarını nəzərə alaraq hesab edir ki, iddia edildiyi kimi cavabdeh tərəfindən icarə haqqının şərtləşdirilmiş müddətdə ödənilməməsi öz təsdiqini tapır. Bu halda məhkəmə əsas borc kimi tələb olunan 21584,92 manat məbləğində pulun cavabdeh tərəfindən iddiaçıya ödənilməməsinin tam sübut olunduğu qənaətinə gəlir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki halları belədir ki, iddiaçı müqavilə üzrə öhdəliyini icra edərək icarə obyekti olan texnikanı cavabdehin istifadəsinə vermişdir, lakin cavabdeh texnikanı təhvil alaraq istifadəsində saxlasa da icarə haqqını tam şəkildə ödəməmişdir. Buna görə də, iddiaçının ödənilməmiş icarə haqqının cavabdehdən tutulması tələbinə dair iddiası qanuni və əsaslıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçının cavabdehə qarşı pul tələbinin təmin edilməsi üçün hüquqi əsas, tərəflər arasında mövcud olmuş icarə müqaviləsi üzrə icarəçinin vəzifə və məsuliyyətini müəyyən edən, həmçinin öhdəlik hüquq münasibətlərini tənzimləyən Mülki Məcəllənin müvafiq normalarının tələblərindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Beləliklə, sadalanan maddi hüquq normalarının tələblərini baxılan işin faktiki hallarına tətbiq edərək məhkəmə bu qənaətə gəlir ki, tərəflər arasında bağlanmış müqavilədən yaranan öhdəlik cavabdeh tərəfindən lazımi qaydada icra edilmədiyinə görə müqavilə üzrə borcun cavabdehdən tutulması barədə iddiaçının hazırki tələbi irəli sürməsi üçün subyektiv hüququ vardır və həmin hüquq cavabdehin qanunsuz hərəkətləri nəticəsində pozulmuşdur. Buna görə də, iddia tələbi əsas borca (icarə haqqı tələbinə) münasibətdə tam təmin edilməlidir. Məhkəmə, iddia tələbini cərimənin (dəbbə pulunun) tutulması hissəsində qismən əsaslı hesab edərək qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə icarə haqqının ödənişi gecikdirildikdə cərimə ödəmək öhdəliyini cavabdeh öz üzərinə götürmüşdür. İşin halları ilə cavabdehin icarə haqqı ödənişini gecikdirdiyi müəyyən olunduğuna görə, onun iddiaçıya cərimə ödəmək öhdəliyi yaranmışdır. Məhkəmə, cərimə tələbinin əsaslılığı ilə bağlı məsələyə qiymət verərkən tərəflər arasında razılaşdırılmış dəbbənin hüquqi təbiətinə aydınlıq gətirilməsini də vacib hesab edir. Mülki qanunvericilikdə dəbbə (cərimə, penya) həm öhdəliyi icra etməməyə görə mülki məsuliyyət sanksiyası, həm də öhdəliyin lazımınca icra edilməsinin təminatı üsulu kimi nəzərdə tutulmuşdur. Birinci halda, yəni mülki məsuliyyət tədbiri kimi nəzərdə tutulan dəbbə pulu (cərimə, penya) öhdəlik münasibətinin bir tərəfinə öz üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyinə görə digər tərəfin məruz qaldığı zərərin kompensasiya edilməsi məqsədi ilə tətbiq edilən mülki hüquq sanksiyası funksiyasını, təminat üsulu kimi nəzərdə tutulan digər halda isə dəbbə pulu (cərimə, penya) öhdəliyin lazımınca icra edilməsinə borclunun kreditor qarşısında əlavə öhdəliyi funksiyasını yerinə yetirir. Mülki hüquq sanksiyası olaraq nəzərdə tutulan dəbbə pulunun tətbiq edilməsinin başlıca şərtləri, öhdəliyin lazımınca icra edilməməsi nəticəsində tələb hüququ yaranan tərəfə zərər vurulması (1-ci şərt) və öhdəliyi lazımınca icra etməyən tərəfin təqsirinin müəyyən edilməsidir (2-ci şərt). Bu iki şərtin mövcud olduğu təqdirdə mülki məsuliyyət tədbiri qismində dəbbənin (cərimə, penya) tətbiq edilməsi üçün əsas yaranır. Öhdəliyin təmin üsulu kimi nəzərdə tutulan dəbbə pulunun tətbiq edilməsi üçün isə tələb hüququ yaranan tərəfin zərərə məruz qalması mühüm şərt deyildir. Burada əsas olan borclunun öhdəliyini icra etmədiyi, lazımınca icra etmədiyi və ya icranı gecikdirməsi faktının və dəbbə pulu ödənilməsi barədə müqavilə şərtinin olmasının kreditor tərəfindən sübut edilməsidir. Dəbbə pulunun anlayışını verən Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Dəbbə puluna verilən leqal tərifdən müəyyən olunur ki, dəbbə pulunun ödənilməsi tələbi borclu tərəfindən öhdəliyin pozulması ilə yaranır. Bunun üçün əlavə olaraq kreditora zərər vurulması faktının baş verməsi tələb olunmur. Qeyd olunanları hazırki işin faktiki hallarına tətbiq etdikdə müəyyən olunur ki, tərəflər arasında bağlanmış müqavilədə qeyd olunan cərimə öhdəliyi, cavabdehin üzərinə götürdüyü icarə haqqının şərtləşdirilmiş vaxtda ödənilməsi ilə bağlı öhdəliyinin lazımınca icra olunmasının təmin edilməsi üsulu kimi nəzərdə tutulmuşdur. Buna görə də, cərimə ödənilməsi üçün iddiaçının öhdəliyin pozulması nəticəsində zərərə məruz qalmasını sübut etmək vəzifəsi yaranmır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd edilən maddi hüquq normalarının tələblərinə görə borclu pul vəsaitinin qaytarılmasına dair öhdəliyini pozduqda və ya lazımınca icra etmədikdə kreditorun əsas borcun qaytarılmasını tələb etməklə yanaşı, gecikmə nəticəsində cavabdehin vurduğu zərərin də ödənilməsini tələb etmək hüququ vardır. Mülki qanunvercilik belə vəziyyətlərdə müqavilə şərtlərindən asılı olaraq kreditora dəymiş zərərin əvəzi olaraq borcun məbləğindən faiz tələb etmək və ya dəbbə (cərimə, penya) tələb etmək kimi alternativ tələb imkanları tanımışdır. Hazırki işdə tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə gecikdirmə nəticəsində dəyən ziyanı qarşılamaq üçün cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Buna görə də iddiaçının cərimə tələbi mahiyyət etibarı ilə əsaslıdır. Lakin məhkəmə, cərimənin məbləğinin əsas borca nisbətini, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun satıcının əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini nəzərə alaraq hesab edir ki, iddia tələbi cavabdehdən 755,47 manat məbləğində cərimənin tutulması hissəsində əsaslı və mütənasib deyildir. Buna görə də məhkəmə bu nəticəyə gəlir ki, cavabdehdən tutulacaq cərimə məbləğinin azaldılaraq 30 manat məbləğində müəyyən edilməsi işin hallarına mütənasib və ədalətli olar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 iyul 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir.” Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin olunduğuna görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddia tələbinin əldə çıxmış faydaya görə Mərkəzi Bankın uçot faiz dərəcəsinə uyğun olaraq 4.532,82 manat məbləğində pulun cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə iddia əsassız olduğuna görə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Göründüyü kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, normada qeyd olunan dörd hərəkət nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Məhkəmə həmçinin qeyd edir ki, vəsaitdən qanunsuz istifadə nəticəsində kreditora zərər vurulubsa, o, Mülki Məcəllənin 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmaına dair” 09 iyul 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Beləliklə, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün iddiaçı cavabdehin onun pul vəsaitini qanunsuz saxlamasını, onu qaytarmaqdan boyun qaçırmasını, onun ödənilməsini digər şəkildə gecikdirməsini və ya pul vəsaitini əsassız əldə etməsini və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyr əldə etməsini sübut etməlidir. İddiaçı isə qeyd olunan halların təsdiqi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçının pul vəsaitindən faydalanması, gəlirin, artım, bəhər və ya sair maddi xeyir qazanması iş materialları ilə sübuta yetirilmədiyindən, iddia göstərilən hissədə rədd edilməlidir. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, İddiaçı Cavabdehnə qarşı icarə müqaviləsi üzrə pul tələbi qismən əsaslıdır və buna görə də iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10- 1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2024-cü il tarixli müqavilə üzrə 21584,92 manat məbləğində əsas, 30 manat məbləğində cərimə borcu və ödənilmiş 170,40 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 21785,32 manat məbləğində pul tutularaq İddiaçı MMC-nə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-369/2025
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-369/2025
20.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver