Məhkəmə qərarları › İş №e-2-2(121)-374/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-374/2025

02.04.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-374/2025 02.04.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı və cavabdeh Salyan Su X1 İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Salyan Su X1 İdarəsinə qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh Salyan Su X1 İdarəsinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 7080 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə “Cavabdeh”nin rəisi X3 arasında 05 yanvar 2022-ci il tarixdə alqı-satqı müqaviləsi imzalanmışdır. Alqı satqı müqaviləsinin şərtlərinə əsasən satıcı alıcını onun sifariş etdiyi bütün növ ehtiyat hissələri və tikinti materialları ilə təmin edir, alıcı ilə satıcı arasında mal dövriyyəsi hər iki tərəfdən imzalanmış elektron qaimə əsasında həyata keçirilir. Alıcının sifarış etmiş olduğu malları ayın əvvəlindən axırınadək hissə-hissə alır və ayın sonunda malın dəyərini ödəyir. 04 aprel 2024-cü il tarixli üzləşmə aktından göründüyü kimi 04 aprel 2024-cü il tarixə İddiaçı oğlu tərəfindən Cavabdehnə göstərilmiş xidmətlərə görə hesablaşmaları qarşılıqlı surətdə üzləşdirən zaman Cavabdeh iddiaçıya 7080 manat borcu aşkarlanmışdır. 30 dekabr 2022ci il tarixli elektron qaiməni ərizəyə əlavə etmişdir. 05 aprel 2024-cüil tarixdə Salyan Meloservis İdarəsi X5 idarəsi ilə birləşdirilmişdir. İddaçı Salyan rayon Suvarma Sistemləri İdarəsinə rəsmi məktubla müraciət etmiş və heç bir nəticə əldə edə bilməmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin olunmasını xahiş etdi. Cavabdeh Salyan Su X1 İdarəsinin nümayəndəsi X6 məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul etmədiklərini, Cavabdeh təhvil-təslim sənədlərində tələb olunan borcla bağlı heç bir məlumat olmadığını bildirdi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə, iş materiallarında olan sənədlərə, iddiaçının və cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdikləri izahatlarına və məhkəmə iclasında tədqiq olunan digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan “fiziki şəxsin sahibkarlıq uçotu haqqında Şəhadətnamə”nin surətindən və “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2004-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə (VÖEN) sahibkarlıq subyekti kimi qeydiyyata alınmışdır. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Salyan Su X1 İdarəsi xx.xx.2004-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə (VÖEN) sahibkarlıq subyekti kimi qeydiyyata alınmışdır. İş materiallarında olan iddiaçı (İcarəyə verən) İddiaçı ilə cavabdeh (İcarəçi) Salyan Su X1 İdarəsi arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 01 nömrəli “Alqı-satqı müqaviləsi”nin: 1.1-ci bəndinə əsasən, Satıcı Alıcını onun sifariş etdiyi bütün növ ehtiyat hissələri və tikinti materialları ilə təmin edir. 1.2-ci bəndinə əsasən, Alıcı ilə Satıcı arasında mal dövriyyəsi hər iki tərəfdən imzalanmış Elektron Qaimə əsasında həyata keçirilir. 2.1-ci bəndinə əsasən, Müqavilənin məbləği 200000 manatdır və malların dəyəri Elektron Qaimədə gösətrildiyi kimi müəyyənləşdirilmişdir. 3.1-cü bəndinə əsasən, Bu müqavilə imzalandığı gündən qüvvəyə minir və 30 dekabr 2022-ci il tarixə kimi etibarlıdır. İş materiallarında olan elektron qaimənin surətindən görünür ki, İddiaçı tərəfindən cavabdeh Salyan Su X1 İdarəsi ümumi dəyəri 7080 manat olan mal təqdim olunmuşdur. İş materiallarında olan “Üzləşmə aktı”ndan görünür ki, tərəflər həmin aktı imzalamaqla Cavabdeh xx.xx.2024-cü il tarixə 7080 manat məbləğində borcunun olmasını təsdiq etmişlər. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, 7080 manat məbləğində borcun ödənilməsi barədə Cavabdehnə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Rafiq Aslanovun xx.xx.2024-cü il tarixli əmrinin surətindən görünür ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin struktur vahidləri üzrə idarəetmənin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması tədbirləri barədə” xx.xx.2024-cü il tarixli əmri ilə Salyan Su Cavabdeh, Salyan Su X1 İdarəsinə birləşdirilmişdir. Beləliklə, iş materiallarına əsasən müəyyən edilən işin faktiki halları belədir ki, iddiaçı ehtiyat hissələri və tikinti materiallarını cavabdehin sifarişi ilə razılaşdırılmış miqdarda və qiymətə cavabdehə təhvil vermək, cavabdeh isə təhvil aldığı malların qiymətini təşkil edən pul məbləğini şərtləşdirilən müddətdə iddiaçıya ödəməklə bağlı razılığa gəlmişlər. İddiaçı razılaşma üzrə üzərinə düşən öhdəliklərinə yerinə yetirərək sifariş olunan malı cavabdehə təhvil verdiyini, cavabdehin isə təhvil aldığı malların dəyərini ödəmək öhdəliyini lazımınca yerinə yetirmədiyini iddia edir. Məhkəmə işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq bu qənaətə gəlir ki, iddia tələbinin maddi hüquqi əsasını alqı-satqı müqaviləsinə dair münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 29-cu fəslinin 1-ci paraqrafında yer alan normalar təşkil edir. Belə ki, işin faktiki hallarına Mülki Məcəllənin 567-ci maddəsində nəzərdə tutulan alqı-satqı müqaviləsinin dispozisiya şərtləri uyğun gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə tərəflər arasında etibarlı şəkildə bağlanılmış alqı-satqı müqaviləsindən (əşyaların nisyə satışından) irəli gələn öhdəlik hüquq münasibətləri yarandığını müəyyən edərək bu nəticəyə gəlir ki, iddiaçının tələb olunan malları cavabdehə təhvil verməsi və cavabdehin həmin mallara görə ödənilməmiş 7080 manat məbləğində borcunun qalması iş materialları və işdə olan üzləşmə aktı ilə təsdiq olunur. Bu halda məhkəmə tələb olunan 7080 manat məbləğində pulun cavabdeh tərəfindən iddiaçıya ödənilməməsinin tam sübut olunduğu qənaətinə gəlir. İşin mübahisəli halları belədir ki, Cavabdeh hüquqi varisi Salyan Su X1 İdarəsinin nümayəndəsi iddianı qəbul etməyərək təhvil-təslim sənədlərində Cavabdeh sözügedən alqı-satqı müqaviləsi üzrə borcunun olduğunun müəyyən edilmədiyini bildirir. Məhkəmə, işin mübahisəli halları ilə bağlı tərəflərin gətirdikləri dəlillərə qiymət verərək hesab edir ki, cavabdehin etirazı əsassızdır. Belə ki, ləğv edilmiş İdarənin təhvil-təslim sənədlərində alqı-satqı müqaviləsi üzrə borcun qeyd edilməməsi, iddiaçının yarandığı mübahisə predmeti olmayan alqı-satqı münasibətləri üzrə cavabdehə qarşı tələbinin mövcud olmamasına səbəb ola bilməz. İşdə olan sənədlər ləğv edilmiş İdarə ilə iddiaçı arasında alqı-satqı hüquq münasibətlərinin mövcud olmasını tam təsdiq edir. Buna görə də, ləğv edilmiş İdarə ilə hüquqi varis arasında aparılan təhvil-təslim işlərinə dair sənədlərdə alqı-satqı müqaviləsi üzrə borcun qeyd edilməməsi faktı iddiaçının hazırki tələblə çıxış etməsi üçün subyektiv hüququnun yaranıb-yaranmamasına heç bir hüquqi təsiri ola bilməz. Məhkəmə qeyd edir ki, cavabdeh Salyan Su X1 İdarəsi alqı-satqı münasibətlərinin tərəfi olmuş ləğv edilmiş Cavabdeh hüquqi varisi olduğuna görə, universal hüquq varisliyi qaydasında onun bütün öhdəliklərinə görə, o cümlədən baxılan iş üzrə iddiaçı ilə bağlanmış alqı-satqı müqaviləsi üzrə öhdəliklərə görə cavabdehlik daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 55.1-ci maddəsinə əsasən, hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər. 56.1-ci maddəsinə əsasən, hüquqi şəxslər birləşdikdə onlardan hər birinin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. 57.1-ci maddəsinə əsasən, təhvil aktında və bölünmə balansında yenidən təşkil edilmiş hüquqi şəxsin bütün kreditorları və borcluları barəsində öhdəliklərinin hamısı, o cümlədən tərəflərin mübahisə etdikləri öhdəliklər üzrə hüquqi varislik haqqında müddəalar olmalıdır. 58.1-ci maddəsinə əsasən, hüquqi şəxsin yenidən təşkili haqqında qərar qəbul etmiş hüquqi şəxsin təsisçiləri (iştirakçıları) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanı, bu Məcəllənin 55.3-cü maddəsində nəzərdə tutulan hallarda isə kənar idarəçi hüquqi şəxsin yenidən təşkili barəsində onun kreditorlarına yazılı bildiriş göndərməyə borcludurlar. 58.2-ci maddəsinə sasən, yenidən təşkil edilən hüquqi şəxsin kreditorunun ixtiyarı var ki, yenidən təşkil edilən hüquqi şəxsin borclu olduğu öhdəliklərə xitam verilməsini və ya onların vaxtından əvvəl icra olunmasını və zərərin əvəzinin ödənilməsini tələb etsin. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki halları belədir ki, iddiaçı müqavilə üzrə öhdəliyini icra edərək müqavilə obyekti olan malları cavabdehə təhvil vermişdir, lakin cavabdeh malları təhvil alsa da, onların dəyərini ödəməmişdir. Buna görə də, iddiaçının ödənilməmiş malların dəyərinin cavabdehdən tutulması tələbinə dair iddiası qanuni və əsaslıdır. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki halları belədir ki, iddiaçı razılaşma üzrə öhdəliyini icra edərək alqı-satqı obyekti olan malları cavabdehin mülkiyyətinə vermişdir, lakin cavabdeh malları təhvil alsa da, dəyərini tam ödəməmişdir. Buna görə də, iddiaçının pul tələbinə dair iddiası qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 597.1-ci maddəsinə əsasən, alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin olunduğuna görə iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdeh Salyan Su X1 İdarəsindən 7080 manat məbləğində borc və ödənilmiş 91 manat dövlət rüsumu olmaqla, ümumilikdə 7171 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar