Məhkəmə qərarları › İş №e-2-2(121)-377/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-377/2025

01.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-377/2025 01.08.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 11175,3 manat əsas; 2672,66 manat faiz; cəmi 13847,96 manat pul vəsaitinin və 131,54 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx/xx/2023-cü il tarixli KBSK2999875B252 saylı Kredit müqaviləsinə ona 24 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə 15000 manat olan kredit verilmişdir. Kredit online qaydada rəsmiləşdirilməsinə baxmayaraq 14851,49 manat cavabdeh tərəfindən kassadan nəğd formada əldə edilmişdir, qalan məbləğ isə cavabdehə məxsus hesaba köçürülmüşdür. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. iddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış Kredit müqaviləsi, bu müqavilə üzrə əsas və faiz borcunu özündə əks etdirən Maliyyə arayışı, vəsaitin cavabdehə verilməsini təsdiq edən Kassa Məxaric orderi,cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair ona ünvanladığımız bildiriş məktubu və məktubun göndərilməsini sübut edən poçt reyestridir. Cavabdehin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə 11175,3 manat əsas; 2672,66 manat faiz; cəmi 13847,96 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, həmçinin gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2023-cü il tarixli KBSK2999875B252 saylı müqavilə ilə, Cavabdeh 24 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə 15000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan “kassa məxaric orderi”nin surətindən görünür ki, xx.xx.2024cü il tarixdə İddiaçı ASC tərəfindən Cavabdeh 14851,49 manat pul (kredit) verilmişdir. İş materiallarında olan “ödəniş qrafiki”nin surətindən görünür ki, xx.xx.2023-cü il tarixli KBSK2999875B252 nömrəli müqavilə üzrə son ödəniş tarixi xx.xx.2025-ci il kimi qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Maliyyə arayışı”nın surətindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə əsas borc üzrə 11175,03 manat əsas, 2672,66 manat faiz olmaqla, cəmi borc məbləği 13847,96 manat təşkil edir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən yaranmış borcun məktub alındığı tarixdən ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun İddiaçı ASC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İşin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, İddiaçı ASC ilə Cavabdeh arasında etibarlı şəkildə bağlanılmış kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə, İddiaçı ASC Cavabdeh borc (kredit) verməyi, Cavabdeh isə aldığı borcu (krediti) faizi ilə birgə hissə-hissə olmaqla iddiaçıya qaytarmağı öhdələrinə götürmüşlər. Məhkəmə hesab edir ki, iddia tələbinin maddi hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin borc (kredit) hüquq münasibətlərini tənzimləyən müvafiq normaları təşkil edir. Belə ki, işin müəyyən edilmiş faktiki halları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743.1-ci maddəsinin dispozisiya şərtləri uyğun gəlir. Mülki Məcəllənin 743.1ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Məhkəmə qeyd edir ki, müqavilə və ya onun ayrı-ayrı şərtləri onun işitrakçıları tərəfindən mübahisələndirilməmişdir, həmçinin müqavilənin etibarsızlığına dair hallar məhkəmə tərəfindən aşkar edilməmişdir. Məhkəmə işdə olan sənədlərə əsasən müəyyən edir ki, iddiaçı tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında bağlanılmış müqavilənin şərtlərinə uyğun olaraq iddiaçının Cavabdeh kredit verməsi və sonuncunun həmin krediti alması işin mübahisəsiz hallarını təşkil edir. İşdə olan “Maliyyə arayışında” əksini tapan məlumatlardan müəyyən olunur ki, Cavabdeh xx.xx.2024-cü il tarixə əsas borc üzrə 11175,03 manat əsas, 2672,66 manat faiz olmaqla, cəmi 13847,96 məbləğində borcu yaranmışdır. Bununla da Cavabdehnın kredit müqaviləsi üzrə yaranmış öhdəliklərini vaxtında və lazımınca icra etmədiyi aşkar olunur. Məhkəmə qeyd edir ki, tələb olunan əsas və faizdən ibarət borc qalığının iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin Cavabdeh iddia ərizəsinə qarşı etiraz verməmiş, həmçinin iddia tələbinin əsassızlığına dair sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə, tələb olunan kredit müqaviləsi üzrə borcun cavabdeh tərəfindən iddiaçıya ödənilməməsinin tam sübut olunduğu qənaətinə gəlir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh qarşı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına dair tələbi qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən, Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.3-cü maddəsinə əsasən, Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. 740.1-ci maddəsinə əsasən, Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 741.1-ci maddəsinə əsasən, Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıq-aşkar bəlli olduqda, yaxud borcalan borcun verilməsi üçün borc müqaviləsində nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə, o cümlədən təminat təqdim etmədikdə, borcverən borc vermək öhdəliyini tam və ya qismən icra etməkdən birtərəfli qaydada imtina edə bilər. 742.1-ci maddəsinə əsasən, Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. 742.5-ci və 742.5.2-ci maddələrinə əsasən, qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla) halında borcverən müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər. Məhkəmə, iddia tələbini cərimənin tutulması hissəsində əsaslı hesab edərək qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən, ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda cərimə ödəmək öhdəliyini Cavabdeh öz üzərinə götürmüşdür. İşin halları ilə Cavabdeh tərəfindən kreditin və ona hesablanmış faizin ödənilməsini gecikdirdiyi müəyyən olunduğuna görə, onun iddiaçıya cərimə ödəmək öhdəliyi yaranmışdır. Məhkəmə, kreditorun fəaliyyətinin xarakterindən irəli gələn, verdiyi kreditləri faizləri ilə birlikdə vaxtında geri alması ilə bağlı əsaslı mənafeyini nəzərə alaraq iddia ərizəsində tələb olunan cərimə məbləğinin ədalətli və mütənasib olduğu qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd edilən maddi hüquq normalarının tələblərinə görə borclu pul vəsaitinin qaytarılmasına dair öhdəliyini pozduqda və ya lazımınca icra etmədikdə kreditorun əsas borcun qaytarılmasını tələb etməklə yanaşı, gecikmə nəticəsində cavabdehin vurduğu zərərin də ödənilməsini tələb etmək hüququ vardır. Mülki qanunvercilik belə vəziyyətlərdə müqavilə şərtlərindən asılı olaraq kreditora dəymiş zərərin əvəzi olaraq borcun məbləğindən faiz tələb etmək və ya dəbbə (cərimə, penya) tələb etmək kimi alternativ tələb imkanları tanımışdır. Hazırki işdə tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə gecikdirmə nəticəsində dəyən ziyanı qarşılamaq üçün cərimənin ödənilməsi nəzərdə tutulmuşdur, yəni Mülki Məcəllənin 466.2.1-ci maddəsinə əsasən kredit müqaviləsi üzrə zərərin deyil, yalnız dəbbə pulunun tutulması barədə tərəflər razılaşmışlar. Buna görə də iddiaçının cərimə tələbi əsaslıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin olunduğuna görə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 11175,03 manat məbləğində əsas borc, 2672,66 manat məbləğində faiz borcu və 131,54 manat ödənilmiş dövlət rüsumu məbləği olmaqla, ümumilikdə 13979,5 manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar