Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-3772/2025 17.02.2026 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya dəymiş 12207 manat məbləğində ziyanın əvəzinin Cavabdeh alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 07 mart 2025-ci ildə Beyləqan rayon Şərq qəsəbə sakini X8 oğlundan 1500 ədəd yumurtadan təzə çıxmış cücə almışdır. 12 aprel 2025-ci ildə isə Ağcabədi rayon Sarıcalı kənd sakini X5 1000 ədəd yumurtadan təzə çıxmış cücə almışdır. Cücələri qapıda saxlamaq üçün lazimi şəraitə malik olmuşdur. Cücələri aldıqdan sonra cari ilin mart ayının 8-də Beyləqan şəhərində baytarlıq apteki işlədən Cavabdeh oğlunun yanına gəlmiş və onunla razılaşmışlar ki, cavabdeh cücələrini vaxtlı-vaxtında lazimi dərmanlarla təmin edəcəkdir. Cavabdeh bildirmişdir ki, cücələrin sağlam böyüməsi üçün cücələrə yalnız onun verdiyi dərmanları dediyi vaxt versin, eyni zamanda cücələri o dediyi yemlərlə bəsləsin. Dediyini tam şəkildə yerinə yetirərsə cücələrdə ölüm hadisəsi demək olar ki, olmayacaq. Cavabdeh hər 1000 cücədən 900- 950 ədədinin salamat qalacağına zəmanət vermişdir. Ancaq yalnız onun verdiyi dərmanlardan istifadə etməlidir. İddiaçı cavabdehin dediyi kimi də etmişdir. Başqa heç bir həkimlə məsləhətləşmədən yalnız cavabdehin təlimatları ilə hərəkət etmişdir. Cavabdehin dediyi dərmanları və yemləri, onun dediyi vaxtda və miqdarda vermişdir. Cücələr yaxşı inkişaf etsələrdə, lakin birdən-birə kütləvi surətdə qırılmağa başlamışlar. Cavabdeh yenə dərmanlar vermişdir, lakin heç bir xeyri olmamış, əksinə daha kütləvi surətdə cücələr məhv olmağa davam etmişlər. Artıq avqust ayının 15-nə kimi cücələrin çox hissəsi məhv olmuşdur. Bundan sonra iddiaçı Azərbaycan Qida Təhlükəsizliyi X3 Laboratoriyasını, Azərbaycan Qida Təhlükəsizliyi X6 Laboratoriyasını çağırmışdır. Onlar gəlib müayinə aparmışlar. Dərmanların təsirindən kütləvi zəhərlənmə baş vermişdir. Bu da cücələrin kütləvi qırılmasına səbəb olmuşdur. Onların araşdırması nəticəsində məlum olmuşdur ki, cücələrinin məhv olmasına səbəb cavabdehin verdiyi dərmanlar və məsləhətlər olmuşdur. Cavabdehin səhv dərmanlar verməsi nəticəsində iddiaçıya külli miqdarda ziyan dəymişdir. Belə ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşları gələnə kimi artıq kəsilməli çolpa vəziyyətinə gəlmiş 2500 cücədən 1518 ədədi ölmüşdür. Cücələrin alınmasına hər biri 0,85 manat olmaqla 2500 x 0,85 = 2125 manat vermişdir. Cavabdehdən 1430 manatlıq dərman almışdır. Cücələrin yemlənməsi üçün kisəsi 54,50 manat olmaqla 132 kisə mayalanma yemi, kisəsi 41 manat olmaqla 96 kisə kənd-1 yemi, kisəsi 12,50 manat olmaqla 140 kisə qara un alınmasına, kilosu 0,40 manat olmaqla 8000 kq taxıl alınmasına, göy yonca alınmasına 470 manat olmaqla, 7194+3936+1750+3200+470=16550 manat xərc çəkmişdir. Beləliklə cücələrin alınması və saxlanması üçün 2125+1430+16550=20105 manat vəsait xərcləmişdir. 2500 cücədən yalnız Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müdaxiləsindən sonra 982 ədədi salamat qalmışdır. Yəni cücələrin 60,72 % hissəsi ölmüşdür. Beləliklə cavabdehin səhv dərmanları nəticəsində ona 20105 manat x 60,72% =12207 manat ziyan dəymişdir. Cavabdeh savadsızlığı və səriştəsizliyi nəticəsində bilərək və ya bilməyərək iddiaçıya 12207 manat ziyan vurmuşdur. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmuna uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh iddianın rədd olunmasını xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə, tərəflərin məhkəmə iclaslarında verdikləri izahatlarına və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsassız olduğuna görə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan fiziki şəxs haqqında məlumatdan görünür ki, İddiaçı xx.xx.2007-ci il tarixdə ********** vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) ilə, Cavabdeh xx.xx.2005-ci il tarixdə ********** vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) ilə vergi ödəyicisi kimi qeydiyyata alınmışlar. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Ağcabədi rayon Sarıcalı kəndində yaşayan X7 tərəfindən yazılmış izahatdan görünür ki, xx.xx.2025-ci il tarixində İddiaçı 1000 ədəd cücə vermiş, pulun almamışdır. İş materiallarında olan Beyləqan rayonu Bünyadlı kənd bələdiyyəsinin sədri tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışlarda göstərilir ki, Beyləqan rayonu Bünyadlı kənd sakini İddiaçı tərəfindən 2025-ci il 7 mart tarixində Beyləqan rayonu Şərq qəsəbə sakini X2 1500 ədəd, 2025-ci il 12 aprel tarixində Ağcabədi rayonu Sarıcallı kənd sakini X5 1000 ədəd yumurtadan təzə çıxmış cücə almışdır. İş materiallarında olan “Dezinfeksiya işlərinin aparılması haqqında Akt”dan görünür ki, 07 avqust 2025-ci il tarixində İddiaçı məxsus təsərrüfat obyektində dezinfeksiya işləri aparılmışdır. İş materiallarında olan Azərbaycan Qida Təhlükəsiziliyi İnstitutunun xx.xx.2025-ci il tarixli xxxxxxx/LAB05-25002-R nömrəli rəyində görünür ki, xxxxxxx/LAB05-25002-T-002 nömrəli sınaq protokoluna əsasən müayinəsi aparılmış nümunələrdə toksiklik aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Qida Təhlükəsizliyi X6 Laboratoriyası tərəfindən həyata keçirilmiş sınaq nəticələrinə dair rəydə göstərilmişdir ki, İddiaçı təsərrüfatında olan ev quşu patoloji materialında Salmonella spp və Askaridia galli aşkar edilmişdir. Həmin infeksiyaların patoloji materialda aşkar edilməsi quşların orqanizmində qarışıq infeksiyanın mövcudluğuna dəlalət edir ki, bu da xəstəliyin gedişatını ağırlaşdırır. Vaxtında zəruri profilaktik və müalicə tədbirləri görülmədiyi təqdirdə aşkar olunan xəstəliklərin assosiativ şəkildə baş verməsi quş ölümü ilə nəticələnə bilər. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 22 avqust 2025-ci il tarixli qərardan görünür ki, İddiaçı Daxili İşlər Nazirliyinin “102 – Xidmət zəng mərkəzi” sisteminə daxil olmuş müraciət əsasında toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı izahatında Cavabdeh hazırladığı dərmanın təsirindən 1818 ədəd cücəsinin öldüyünü, nəticədə ona 30550 manat məbləğində ziyan dəydiyini bildirmişdir. Cavabdeh isə izahatında Beyləqan şəhəri, Akif Əkbərov küçəsində baytarlıq aptekinin olduğunu, özünün baytarlıq fəaliyyəti ilə məşqul olması üçün müvafiq ali təhsilinin olduğunu və xüsusi lisenziya əldə etdiyini, İddiaçı ondan ev quşları üçün dərman aldığını, həmin dərmanların təlimata uyğun istifadə qaydasını İddiaçı izah etdiyini, quşların hansı səbəbdən tələf olmalarını bilmədiyini, İddiaçı nisyə aldığı dərmanlara görə ona 409 manat borclu qaldığını, borcunu vermək istəmədiyinə görə onun barəsində yalan və əsassız müraciətlər etdiyini bildirmişdir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı pretenziya məktubunun surətindən görünür ki, iddiaçı 12207 manat maddi ziyanın 5 gün ərzində ona ödənilməsini xahiş etmişdir. Əks halda öz hüququndan istifadə edərək məhkəməyə müraciət edəcəyi barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında olan məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli, 3-22-1/2-257/2026 nömrəli arayışda bildirilmişdir ki, Şirvan Kommersiya Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair müraciətə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində baxılmışdır. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun X1 sınaq nəticələrinin rəyinə əsaslanaraq bildirilir ki, Cavabdeh tərəfindən təyin olunmuş müalicə məqsədəmüvafiq hesab olunur və quşların ölümünə səbəb ola bilməz. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2025-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, vurulmuş ziyanın tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı cavabdehə xəbərdarlıq olunmuşdur. Məhkəmə qeyd edir ki, işin müəyyən edilmiş faktiki hallarından göründüyü kimi, iddia tələbinin predmetini cavabdehin qanunsuz hərəkətləri nəticəsində məruz qaldığı zərərin əvəzinin ödənilməsi barədə iddiaçının tələbi təşkil edir. Məhkəmə, iddianın predmeti ilə bağlı gəldiyi qənaətə əsasən hesab edir ki, iddia tələbinin maddi hüquqi əsasını qanunsuz hərəkət (hərəkətsizlik) nəticəsində vurulmuş zərərin yaranması və tələb edilə bilinməsinin normativ tənzimlənməsini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096 və 1097-ci maddələri təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1 və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə hesab edir ki, baxılan iş üzrə iddianın uğurluluğu işin faktiki hallarının yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərini ödəməsi ilə mümkündür. Məhkəmə, baxılan işin müəyyən edilmiş faktiki hallarını yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən qiymətləndirərərk bu nəticəyə gəlir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Belə ki, məlum olduğu kimi, zərərin əvəzinin ödənilməsinin əsas məqsədi zərərçəkmiş şəxsin əmlakında mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərlə əmələ gələn ziyanın aradan qaldırılmasından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsində mülki hüquq pozuntusu nəticəsində mülki məsuliyyətin əsaslarını müəyyən edən maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin yaranması, həmin zərərin yaranmasında borclunun təqsirinin müəyyən olunması və borclunun hüquqa zidd əməli ilə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Baxılan işin hallarından görünür ki, iddiaçıya məxsus olan ev quşlarının tələf olmasına cavabdehin hazırladığı dərman qarışığının səbəb olmasına dair heç bir dəlil öz təsdiqini tapmamışdır. Belə ki, aidiyyəti orqanların rəy və arayışlarından görünür ki, tələf olmuş quşlardan götürülərək müayinə olunmuş nümunələrdə toksiklik aşkar edilməmişdir. Bu isə cücələrin dərman və ya yem vasitəsilə zəhərlənməsi ehtimalını istisna edir. Eyni zamanda X1 sınaq nəticələrinə görə tələf olmuş quşlarda salmonella bakteriyası və askarcia galli paraziti aşkar edilmiş, lakin zəhərlənmə faktı müəyyən olunmamışdır. İddiaçı cavabdehin verdiyi dərmanların konkret olaraq hansı təsir mexanizmi ilə kütləvi ölümə səbəb olduğunu sübut edən mötəbər və birbaşa səbəb-nəticə əlaqəsini təsdiq edən sübut təqdim etməmişdir. Əksinə, rəsmi laborator rəyində toksiklik müəyyən olunmaması, eyni zamanda infeksion və parazitar göstəricilərin aşkar edilməsi cücələrin tələfatının xəstəliklə bağlı olmasını təsdiq edir. Bununla yanaşı məhkəmənin sorğusuna Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən verilmiş arayışda da, Cavabdeh tərəfindən təyin olunmuş müalicənin məqsədəmüvafiq hesab olunduğu və quşların ölümünə səbəb ola bilməməsi qeyd edilmişdir. Beləliklə, şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, işin məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən hüquqa zidd təqsirli hərəkət və ya hərəkətsizliyə yol verilməsi nəticəsində iddiaçıya ziyan vurulması faktı aşkar edilməmişdir. Buna görə də, İddiaçı Cavabdeh dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-3772/2025
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-3772/2025
17.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver