Məhkəmə qərarları › İş №e-2-2(121)-3846/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-3846/2025

16.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-3846/2025 16.02.2026 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 və Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 62600 ABŞ dolları və 5000 manat pulun, həmçinin 402 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 2021-ci ilin sentyabr ayında qonşusu Cavabdeh özünə avtomobil almaq üçün ondan ilk dəfə 11500 manat borc pul almış, bir müddətdən sonra həmin pulu ona qaytarmışdır. Daha sonralar da cavabdeh ondan müəyyən məbləğlərdə borc pullar almış, qismən də olsa borclarını qaytarmış, aralarında olan uzun müddətli münasibətə görə borclarını tam qaytarmadığı halda ona yenidən borc pullar vermişdir. 2022-ci ilin may ayında Cavabdeh Avropadan 21 avtomobil seçdiyini, vəsait olduğu halda gətizdirib həmin avtomobilləri satacağını və ona olan borclarını qaytaracağını söyləmişdir. Həmin avtomobillərin idxalı üçün Cavabdeh ondan 70000 ABŞ dollar məbləğində pul vəsaiti almış, daha sonra həmin pul vəsaiti hesabına ölkəyə 21 ədəd avtomobil idxal etdiyini bildirmişdir. Cavabdeh idxal etdiyini bildirdiyi avtomobillərdən cəmi 4 ədədini ona göstərə bilmiş, qalan avtomobillər barədə ondan soruşduqda isə gah avtomobillərin ölkəyə gəlmədiyini, gah avtomobilləri Lənkəran şəhərinə göndərdiyini bildirmişdir. Daha sonra isə cavabdeh ondan aldığı pulu Bakı şəhərində tanışına avtomobil almaq üçün verdiyini, lakin həmin şəxsin özünü asdığını bəhanə etmişdir. Bir qədər sonra isə həmin şəxsin özünü asmadığını, pulu alıb qaçdığını bildirmişdir. Cavabdeh ondan aldığı pulu qaytaracağını vəd etsə də, qaytarmamış, ondan pulunu tələb etdikdə isə pis vəziyyətdə olduğunu, özünü öldürəcəyini söyləmişdir. Nəticədə aldadıldığını başa düşərək 2022-ci ilin sentyabr ayında Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə müraciət etmişdir. Ərizəsində Cavabdeh sonuncu dəfə verdiyi 70000 ABŞ dollarından əlavə daha əvvəldən ona qalan borclarını də nəzərə alaraq onun 80000 ABŞ dolları və 10000 manat pulunu ələ keçirdiyini bildirmişdir. Müraciəti əsasında Nərimanov RPİ-nin İstintaq şöbəsində aparılan araşdırma zamanı verdiyi izahatında Cavabdeh ondan borc aldığını etiraf etmiş, amma şikayətində qeyd etdiyi məbləğdən daha az borcu olduğunu bildirmişdir. Hətta cavabdeh ondan aldığı pullarla başqa şəxsə olan “təcili” borclarını qaytardığını qeyd etmişdir. Lakin daha sonra istintaq orqanında borc məbləğinin dəqiqləşdirilməsi zamanı Cavabdeh ona 62600 ABŞ dolları və 5000 manat borcu olduğu barədə aralarında razılıq əldə olunmuş və bu barədə protokol imzalanmışdır. Polis əməkdaşlarının yanında qısa müddət ərzində ona olan borcunu qaytaracağına dair söz verdiyi üçün iddiaçı borcdan ona müəyyən qədər güzəştə getmiş, 62600 ABŞ dolları və 5000 manat borcla razılaşmışdır. Nərimanov RPİnin İstintaq şöbəsinin müstəntiqi X1 tərəfindən aparılmış araşdırma nəticəsində xx.xx.2022-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş və Cavabdeh əməlində cinayət tərkibi olmadığı üçün yaranmış mübahisənin mülki xarakter daşıdığı qeyd edilmişdir. Hazırki tarixədək Cavabdeh iddiaçıya olan borcundan heç bir ödəniş etməmiş, pul vəsaitinin qaytarılmasından yayınmaq məqsədi ilə 2023-cü ilin yanvar ayında ölkəni tərk edərək Rusiya Federasiyasına getmiş, həmin tarixdən sonra bir daha ölkəyə qayıtmamışdır. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2026-cı il tarixdə iddia müddətinin tətbiqinə dair elektron ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində göstərmişdir ki, cavabdehə 2022-ci ilin may ayında avtomobil alınması üçün 70000 ABŞ dolları məbləğində pul vəsaiti vermişdir. İddia ərizəsinə əlavə edilmiş Nərimanov RPİ-nin İstintaq şöbəsinin müstəntiqi X1 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, cinayət işinin başlanması rədd edilmiş və Cavabdeh əməlində cinayət tərkibi olmadığı, yaranmış mübahisənin mülki xarakter daşıdığı qeyd edilmişdir. Qeyd edilənlərdən məlum olur ki, iddiaçı artıq 2022-ci ilin may ayında pulu verdikdən sonra onun geri qaytarılması üçün Polisə müraciət etmişdir. Nəticədə isə 03 dekabr 2022-ci il tarixli qərar ilə ona izah olunmuşdur ki, tələbi məhkəmə qaydasında verilməlidir. Lakin buna baxmayaraq iddiaçı tərəfindən məhkəməyə müraciət yalnız xx.xx.2025-ci ildə, yəni borcun verilməsindən 3 il 3 ay sonra olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.1-ci maddəsində qeyd edilir ki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Həmin Məcəllənin 373.2-ci maddəsində qeyd edilir ki, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Yuxarıda yazılanlara əsasən, məhkəmədən iddia müddətinin tətbiq edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia müddətinin ötürüldüyünü bildirdi və iddianın rədd olunmasını xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə, tərəflərin nümayəndələrinin məhkəmə iclaslarında verdikləri izahatlarına, məhkəmə iclasında tədqiq edilmiş digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı sahibkarlıq subyekti kimi xx.xx.2010cu il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********) verilmişdir və hal-hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarından görünür ki, Cavabdeh sahibkarlıq subyekti kimi xx.xx.2014-cü il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********) verilmişdir və halhazırda Cəlilabad Rayonu, Göytəpə şəhəri, Babək küçəsi, ev 12 qeydiyyatdadır. İş materiallarında olan Nərimanov RPİ İstintaq Şöbəsinin müstəntiqi X1 tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, İddiaçı ona qarşı talama cinayəti törədilməsinə dair məlumatı əsasında aparılmış araşdırma zamanı Cavabdeh əməllərində talama və dələduzluq cinayətinin əlamətləri aşkar olunmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Nərimanov RPİ İstintaq Şöbəsinin müstəntiqi X1 tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Cavabdeh verdiyi izahatında göstərmişdir ki, faktiki avtomobillərin gətirilməsi və satışı ilə məşğul olur. Avtomobilləri Amerikadan, Avropadan və Gürcüstan Respublikasından gətirir. Avtomobilləri onlayn vasitəsi ilə alır. Gətirdiyi avtomobillər işlənmiş olur. Gömrükdə il ərzində gətirdiyi avtomobillərdən 2-3 ədədini özünün, qalanlarını isə tanışlarının adına sənədləşdirilir. Avtomobil idxal və ixracı ilə 2014-cü ildən məşğul olmağa başlamışdır. Təzə işə başlayanda avtomobillərı Bakı şəhərində alıb satırmış, sonradan xaricdən gətizdirib satmağa başlamışdır. Kənan qonşusudur, onu 12 ildir tanıyır. Münasibətləri yaxşı olub. Kənanla şərik kimi fəaliyyət göstərməmiş və bu barədə heç bir razılaşmaları olmamışdır. Buna baxmayaraq avtomobil almaq üçün pul lazım olanda ondan 5-10 faizlə borc almışdır. Hazırda Kənana 19100 ABŞ dolları və 11000 manat borcu qalmışdır. Ümumilikdə hissə-hissə Kənandan 62600 ABŞ dolları almışdır. Həmin məbləği hissə-hissə 2020-ci lin yanvar ayından başlayaraq, müxtəlif məbləğlərlə almışdır. Sonuncu dəfə ondan 30.000 ABS dollarını Bakı şəhəri, Nəsimi rayonu ərazisində aerokassanın yaxınlığında almışdır. Həmin məbləği Kənan verəndə ona 10.000 ABS dolları borclu olduğunu nəzərə alıb 2000 ABS dolları yox, 20.000 ABS dolları vermişdir 2020-cı ilin yanvar ayından təxminən 40-45 avtomobil Respublikaya idxal etmişdir. Həmin avtomobillər “Hyundai” “KİA”, “Toyota”, “BMV”, “Mercedes” markalı olmuşdur. Gətirdiyi avtomobillərdən 1 ədədi Hyundai markalı avtomobil tam yararsız vəziyyətdə olmuş, 1 ədəd “KİA”, 2 ədəd Toyota markalı avtomobillərin təmirə ehtiyacları olub, zədələnmiş vəziyyətdə və texniki cəhətdən nasaz olduğu üçün onları təmir etdirmişdir. Həmin avtomobillər nağd satılmamışdır. Həmin avtomobillərdən «Hyundai» markalı avtomobil avtoservisdə təmirdədir. 2 ədəd isə satdığı şəxslərdədir. Avtomobillərdən bəzilərini tanıdığı şəxslərə nisyə satmışdır. Həmin şəxslər avtomobilləri taksi xidmətində istifadə edir və aylıq pul vermişdirlər. Cəmi 3 avtomobilin pulu tam ödənilməmişdir. Avtomobil almaq üçün Kənana qədər tanışı Elbrusdan 35000 ABS dolları borc almışdır. Həmin ərəfədə Elbrus vəsaitini tələb etdiyi üçun onun pulunu ilk növbədə qaytarmışdır. Kənana ayba-ay faiz borcu vermiş, əsas məbləği isə avtomobillərin alışına sərf etmişdır. Bundan başqa aldığı avtomobillər Respublikaya gec gətirilir. Kənan isə faizını tələb etdiyindən məcbur olub borc alib ona faiz ödəmişdir. Avtomobilləri gətirəndən sonra onları ya mülkiyyət etibarnaməsi ilə satmış. bəzi avtomobillər isə birbaşa BDYPİ-də müştərinin adına sənədləşdirilmişdir. İddiaçı şikayətində göstərdiklərini təsdiq etmır. Sonuncu dəfə hesablama aparanda ondan 62300 ABŞ dolları aldığını, əsas borcdan 43500 ABŞ dollar qaytarması müəyyən olunmuşdur. Pulu Kənandan təklikdə almış, heç bir sənəd yazmamışlar. İş materiallarında olan Nərimanov RPİ İstintaq Şöbəsinin müstəntiqi X1 tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, tərəflər arasında yaranmış borc məbləğinin dəqiqləşdirilməsi zamanı hər iki tərəf Cavabdeh 62600 ABŞ dolları və 5000 manat borcu olması ilə razılaşmış və bu barədə protokol imzalanmışdır. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2025-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, cavabdehdən borclu olduğu pulun tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə borcun və digər xərclərin ödənilməsi barədə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarına əsasən belə qənaətə gəlir ki, tərəflər arasında avtomobillərin xarici ölkələrdən gətirilərək satışı ilə əlaqədar birgə fəaliyyət nəticəsində əldə olunacaq gəlirin bölüşdürülməsinə dair razılıq öldə olunmuşdur. Bu zaman, hər bir tərəf öz üzərinə müəyyən vəzifəni yerinə yetirmək haqqında öhdəlik götürmüşdür. Məhkəmənin, iş materiallarında olan sənədlərə və təqdim olunmuş dəlillərə əsasən müəyyən etdiyi işin faktiki halları belədir ki, Cavabdeh müxtəlif vaxtlarda İddiaçı avtomobillərin xarici ölkələrdən gətirilərək satılması məqsədi ilə pul vəsaitləri almışdır. Bu hal cavabdehin istintaq orqanında verdiyi izahatı ilə təsdiq olunur. Polis araşdırması zamanı tərəflər arasında borc məbləğinin dəqiqləşdirilməsi aparılmış, nəticədə cavabdehin iddiaçıya 62.600 ABŞ dolları və 5.000 manat məbləğində borcu olması barədə razılıq əldə edilmişdir. Məhkəmə, işin yuxarıda göstərilən faktiki hallarına əsasən iddia tələbinin maddi hüquqi əsasının müəyyən edilməsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsində birbaşa şərikli ticarət (biznes) fəaliyyəti ilə bağlı münasibətləri tənzimləyən müqavilə konstruksiyası nəzərdə tutulmamışdır. Lakin, Mülki Məcəllənin 6.2ci maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmçinin, Mülki Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsində isə, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər göstərilmişdir. Məhkəmə işin mübahisəsiz hallarına istinadən müəyyən edir ki, iş üzrə tərəflər öz aralarında şifahi əqd bağlayaraq şərikli ticarət fəaliyyəti barədə razılığa gəlmişlər. Həmin razılaşmanın şərtlərinə görə, iddiaçı cavabdehə müəyyən məbləğdə pul verməyi, bunun müqabilində isə cavabdeh həyata keçirdikləri ticarət fəaliyyəti nəticəsində əldə edilmiş gəlirdən iddiaçıya müvafiq pay verilməsini öhdələrinə götürmüşlər. İşin məhkəmə araşdırması zamanı iddiaçı ilə cavabdeh arasında ziyana məruz qalınacağı halda iddiaçının verdiyi pulun ona geri qaytarılmayacağı barədə razılığın əldə olunması faktı müəyyən olunmamışdır. Əksinə, cavabdeh polis araşdırması zamanı verdiyi izahatında iddiaçıdan borc qismində pul vəsaitləri aldığını bildirmişdir Bununla da, cavabdeh iddiaçıdan aldığı pulu qaytarmaqla bağlı öhdəliyin daşıyıcısı olmasını təsdiq etmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında olan razılaşma onların sərbəst iradəsi əsasında yaranmışdır və həmin razılaşmanın qanunvericiliyə zidd olmasına və ya etibarsızlığına dəlalət edən hallar məhkəmə araşdırması zamanı aşkar edilməmişdir. Cavabdeh polis araşdırması zamanı iddiaçıya ümumilkdə 62600 ABŞ dolları və 5000 manat məbləğlərində borcu olmasını etiraf etmişdir. Buna görə də məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Məhkəmə, iddianın maddi hüquqi əsaslandırılması ilə əlaqədar qeyd edir ki, işin hallarına əsasən tərəflər arasında şifahi qaydada bağlanmış əqd üzrə hüquq və vəzifələr yarandığına görə, mübahisəyə öhdəlik hüquq münasibətlərini tənzimləyən normalar tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2 və 329.3-cü maddələrinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə, hazırki mübahisəyə iddia müddətinin tətbiqinə dair iddiaçının nümayəndəsi tərəfindən verilmiş ərizə ilə əlaqədar qeyd edir ki, cavabdehin nümayəndəsi ona qarşı yönəldilmiş iddia tələbinin obyekti olan pul məbləğinin geri tələb edilməsi üçün qanunla müəyyən edilmiş iddia müddətinin iddiaçı tərəfindən ötürüldüyünü iddia edir. Məhkəmə, cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiqi barədə ərizəsinə hüquqi qiymət verərək qeyd edir ki, Mülki Məcəllənin 372.1-ci, 372.2-ci, 373.2-ci, 375.1, 375.2-ci, 377.1, 377.2, 377.3-cü və 380.1-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Sadalanan maddi hüquq normalarının tələblərindən aydın olur ki, bir şəxsin başqa şəxsdən tələb etmək hüququna müddət şamil edilir və bu müddət əgər pozulmuş hüququn bərpası məhkəmə müdafiəsi yolu ilə həyata keçirilirsə iddia müddəti sayılır. İddia müddətinin keçməsi hüququ pozulmuş şəxsin tələblə məhkəməyə müraciət etməsinə mane olmasa da, digər tərəfin iddia müddətinin keçməsinə istinad etməsi və bu barədə məhkəməyə ərizə verməsi məhkəmənin həmin əsasla iddianı rədd etməsi üçün hüquqi zəmin yaradır. O da qeyd edilməlidir ki, iddia müddətinin tətbiqinə dair məsələlərin həlli zamanı həmin müddətin axımının başlanması anının dəqiq müəyyən edilməsi, həmçinin hər bir konkret iş üzrə iddia müddətinin axımının dayandırılması və ya kəsilməsi hallarının mövcud olub-olmamasının araşdırılması zəruridir. Hazırki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı sonuncu dəfə cavabdehə pulu 2022-ci ilin may ayında vermişdir, sonradan cavabdehin qanunsuz hərəkətləri barədə şikayət ərizəsi ilə polis orqanlarına müraciət etmişdir. İşin polis orqanında araşdırılması zamanı Cavabdeh iddiaçıya ümumilkdə 62600 ABŞ dolları və 5000 manat məbləğlərində borcu olmasını etiraf etmişdir, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar isə xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. Bununla da müəyyən olunur ki, Cavabdeh polis araşdırması zamanı borcunu etiraf etdiyinə görə, iddia müddətinin axımı kəsilmişdir və cinayət işinin başlanmasından imtina edilməsi barədə qərarın qəbul edildiyi tarixdən (xx.xx.2022-ci il) yenidən başlamışdır. İddiaçı isə hazırki iddia tələbi ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə, yəni iddia müddəti daxilində müraciət etmişdir. Beləliklə məhkəmə müəyyən edir ki, tərəflər arasında öhdəlik hüququ üzrə müqavilə münasibətləri mövcud olduğuna və həmin münasibətlərdən irəli gələn tələblər üzrə iddia müddəti 3 il təşkil etdiyinə görə, həmçinin cavabdeh tərəfindən borcun etiraf edildiyi və bununla da iddia müddətinin axımının kəsildiyi müddətdən sonra iddiaçı tərəfindən 3 illik iddia müddəti daxilində iddia qaldırıldığına görə iddia müddətinin tətbiqi üçün faktiki və hüquqi əsas baxılan işdə mövcud deyildir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 380.1-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmin Məcəllənin 380.2-ci maddəsinə əsasən, fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin olunduğuna görə iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməli, yaranmış borc məbləği, həmçinin məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş xərclər cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdeh 62600 ABŞ dolları (ödəniş gününə Azərbaycan manatının məzənnəsinə uyğun olaraq), 5000 manat məbləğində pul və ödənilmiş 402 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar