Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-388/2021 17.05.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tatiyeva Günel Əli qızının katibliyi ilə, İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh X2 qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 16.10.2020-ci il tarixə olan dövlət büdcəsinə ödənilməmiş 3.115,22 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 12.418,08 manat və işsizlikdən siğorta fonduna ödənilməmiş 482,43 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 6.030 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmin iş e-2-2(121)- 388/2021 nömrə ilə qeydiyyata alınmışdır. Həmçinin iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 16.10.2020-ci il tarixə olan dövlət büdcəsinə ödənilməmiş 4.830,35 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 12.418,08 manat və işsizlikdən siğorta fonduna ödənilməmiş 482,43 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 6.630 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmin iş e-2- 2(121)-389/2021 nömrə ilə qeydiyyata alınmışdır. Bundan başqa, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 16.10.2020-ci il tarixə olan dövlət büdcəsinə ödənilməmiş 376,81 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 12.418,08 manat və işsizlikdən siğorta fonduna ödənilməmiş 482,43 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 550 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmin iş e-2-2(121)-390/2021 nömrə ilə qeydiyyata alınmışdır. Şirvan Kommersiya Məhkəməsinin 30.03.2021-ci il tarixli qərardadı ilə, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh X2 qarşı e-2-2(121)-388/2021 saylı, e-2-2(121)-389/2021 saylı və e-2-2(121)- 390/2021 saylı işlərin baxılmaq üçün bir icraatada birləşdirilməsi və işə e-2-2(121)- 388/2021 nömrə ilə baxılmasının davam etdirilməsi qərara alınmışdır. Soradan iddiaçı tərəfindən elektron qaydada məhkəməyə iddianın dəyişdirilməsi (həcminin azaldılması) barədə ərizə təqdim edilərək, cavabdehin 16.10.2020-ci il tarixə olan dövlət büdcəsinə ödənilməmiş 1.102,06 manat vergi borcunun və 702,03 manat məcburi dövlət sosial sığorta haqqı borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış əmlaklarının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. İddia ərizələri və iddianın dəyişdirilməsi (həcminin azaldılması) haqqında ərizə onunla əsaslandırılmışdır ki, cavabdehin dövlət büdcəsinə vergi, məcburi dövlət sosial sığorta borcu və işsizlikdən siğorta fonduna borcu yaranmış, bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləğini büdcəyə ödəmədiyinə görə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsinin təminetmə üsulu kimi cavabdehin əmlakının siyahıya alınması barədə qərar çıxarılmış, həmin qərar əsasında yaranan vergi borcuna görə əmlakı siyahıya alınmışdır. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borcun dövlət büdcəsinə ödənilməyəcəyi təqdirdə siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq məktubu göndərilsə də, cavabdeh tərəfindən vergi borcu ödənilməmişdir. Cavabdehin 16.10.2020-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 1.102,06 manat vergi borcu və 702,03 manat məcburi dövlət sosial sığorta haqqı borcu vardır. Qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə ərizə ünvanlayaraq, işə onların iştirakı olmadan baxılaraq, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh X4 məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan vergi ödəyicisinin şəxsi hesab vərəqəsinin surətindən görünür ki, X1 ödənilməmiş borcları vardır. İş materiallarında olan borcun ödənilməsinə dair 21.07.2020-ci il tarixli, **********0 saylı, 17.08.2020-ci il tarixli, **********6 saylı və **********0 saylı bildirişlərdən görünür ki, yaranmış borcların 5 gün müddətində dövlət büdcəsinə ödənilməsinin təmin edilməsi cavabdehdən tələb edilmişdir. Cavabdehin həmin müddət ərzində borcun ödənilməsini təmin etməsi iş materialları ilə müəyyən olunmur. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin əmlakının siyahıya alınması haqqında 15 oktyabr 2020-ci tarixli, **********7, **********6 və **********7 nömrəli qərarların surətlərindən görünür ki, vergi öhdəliyi Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədiyi üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən X1 əmlaklarının siyahıya alınması qərara alınmışdır. İş materiallarında olan əmlakının siyahıya alınması haqqında 16 oktyabr 2020-ci il tarixli protokolların və protokollara əlavə edilmiş siyahıların surətlərindən görünür ki, cavabdeh X1 ünvan 2 ünvanında yerləşən “Cafe de Baku” restoranında ayrı-ayrılıqda 6.030 (altı min otuz) manat, 6.630 (altı min altı yüz otuz) manat və 550 (beş yüz əlli) manat dəyərində əmlakları siyahıya alınmışdır. İş materiallarında olan “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında” 16 oktyabr 2020-ci il tarixli aktların surətlərindən görünür ki, siyahıya alınmış əmlaklar X2 məsul saxlanmaya verilmişdir. X1 nümayəndəsi qismində X3 aktları və protokolları imzalayaraq, surətlərini almışdır. İş materiallarında olan 10.02.2020-ci il tarixli, **********4 saylı, 23.09.2020-ci il tarixli, **********3 saylı və 15.10.2020-ci il tarixli, **********3 saylı sərəncamların surətlərindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən cavabdeh X1 (VÖEN: **********) “xxxx” ASC-nin Elmlər Akademiyası filialında olan hesabından borcların dövlət büdcəsinə alınması üçün icra sənədi olan sərəncamlar verilmişdir. İş materiallarında olan X2 ünvanlanmış 23 oktyabr 2020-ci il tarixli xəbərdarlıqların surətlərindən görünür ki, qanunverciliyin müddəalarını nəzərə alaraq, məsul saxlamaya qoyulmaq üçün X2 təhvil verilmiş siyahıya alınmış əmlakların israf edilməsinə, özgəninkiləşdirilməsinə, gizlədilməsinə və dəyişdirilməsinə yol verdiyi təqdirdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 303-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh X4 vergi borcunun və məcburi dövlət sosial sığorta haqqı borcunun ödənilməsini təmin etməmişdir. Buna görə də iddiaçı tərəfindən cavabdehin əmlakları siyahıya alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1 və 16.1.1-ci maddələrinin tələbinə görə qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirirlər. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 78.1-ci maddəsində vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsinin məcburi olması təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qanunvericiliyin tələbinə görə vergiləri tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Lakin cavabdeh qanunla üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməyərək, borclarını ödəməmişdir. İddiaçı tərəfindən məhkəməyə müraciət olunanadək, borcun dövlət büdcəsinə ödənilməsinin təmin olunması üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65-ci maddəsində nəzərdə tutulmuş tələblər yerinə yetirilmiş, lakin borcun ödənilməsi müəyyən olunmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdən sonrakı 3 ay ərzində yerinə yetirmədikdə həmin öhdəliyin yerinə yetirilməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakını siyahıya ala bilər. Həmin Məcəllənin 89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Həmin Məcəllənin 89.10-cu maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135-ci maddəsinə görə əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Əşyalar daşınmaz və daşınar ola bilər. Həmin Məcəllənin 166.1-ci maddəsinə görə daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Həmin Məcəllənin 203.3-cü maddəsinə görə öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi əmlakın mülkiyyətçidən alnması əsaslarından biridir. Həmin Məcəllənin 205-ci maddəsinə əsasən mülkiyyətçinin öhdəlikləri üzrə tutmanın əmlaka yönəldilməsi yolu ilə əmlakın alınması, müqavilədə tutmanın yönəldilməsinin ayrı qaydası nəzərdə tutulmayıbsa, məhkəmə qərarı əsasında həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 02 mart 2011-ci il tarixli Qərarında, həmçinin qeyd etmişdir ki, Konstitusiyanın 73-cü maddəsində təsbit olunmuş vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Vergi ödəyicisinin bu vəzifəsində cəmiyyətin bütün üzvlərinin ictimai maraqları öz əksini tapmışdır. Buna görə də dövlət yalnız vergi ödəyicilərinin deyil, həmçinin cəmiyyətin digər üzvlərinin də hüquq və qanuni mənafelərinin qorunması məqsədilə vergi hüquq münasibətlərini tənzimləmək sahəsində qanuni tədbirlər görmək hüququna və vəzifələrinə malikdir. Məhkəmə, işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən müddəalarını nəzərə alaraq hesab edir ki, cavabdeh X4 qanunla üzərinə düşən ödənişləri (borcları) tam həcmdə və vaxtında ödəmək üzrə vəzifəsini lazımınca həyata keçirmədiyindən, borcların onun əmlakına yönəldilməsi barədə iddiaçının tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 20.3-cü maddəsinə görə vergi orqanları məhkəmələrə iddia ərizələrinin verilməsi üçün dövlət rüsumunu ödəməkdən azaddırlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.4.7-ci maddəsinin tələbinə görə vergi ödəmələri barədə mübahisələr üzrə iddia ərizələrindən 10 manat dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdeh X1 16.10.2020-ci il tarixə olan dövlət büdcəsinə ödənilməmiş 1.102,06 manat vergi borcunun və 702,03 manat məcburi dövlət sosial sığorta haqqı borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 15 oktyabr 2020-ci tarixli, **********7, **********6 və **********7 nömrəli qərarlarına əsasən siyahıya alınmış ümumi dəyəri 13.210 manat məbləğində əmlakı ixtisaslaşdırılmış açıq hərracda satılmalı, həmin əmlakın satılmasından əldə edilmiş məbləğdən 1.102,06 manat vergi borcu, 702,03 manat məcburi dövlət sosial sığorta haqqı borcu və 10 manat məbləğində dövlət rüsumu vəsaiti tutularaq dövlət büdcəsinə ödənilməli, əmlakın satışından əldə edilmiş pulun qalan hissəsi cavabdehə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh X1 16.10.2020-ci il tarixə 1.102,06 manat vergi borcunun və 702,03 manat məcburi dövlət sosial sığorta haqqı borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 15 oktyabr 2020-ci tarixli, **********7, **********6 və **********7 nömrəli qərarlarına əsasən siyahıya alınmış ümumi dəyəri 13.210 (on üç min iki yüz on) manat məbləğində əmlakı ixtisaslaşdırılmış açıq hərracda satılsın. Əmlakın satılmasından əldə edilmiş məbləğdən 1.102,06 manat vergi borcu, 702,03 manat məcburi dövlət sosial sığorta haqqı borcu və 10 manat məbləğində dövlət rüsumu vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. Əmlakın satışından əldə edilmiş pulun qalan hissəsi cavabdehə qaytarılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2-2(121)-388/2021
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-388/2021
17.05.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver