Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-393/2021 02.04.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abdullayev Elşən Uğur oğlu, İddiaçı MMCnin Cavabdeh MMC-yə qarşı müqavilə üzrə borcun ödənilməsi və.s tələbi üzrə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası, Sabirabad şəhəri, Heydər Əliyev prospekti 95 ünvanında, “Gənclər Mərkəzi” Binasının 2-ci mərtəbəsində yerləşən, sahəsi 96.40 kv.m. təşkil edən qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx xxx 2018-ci il tarixli, 465 №li müqavilə üzrə xx xxxxxxx 2019-cu il tarixinə yığılmış əsas borc üzrə ƏDV daxil 1.646,52 manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş 30.00 manat məbləğində dövlət rüsumunun və 0.40 manat məbləğində bank komissiyası haqqının, cəmi ƏDV daxil 1,676.92 manat məbləğinin Cavabdeh MMCdən İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (VÖEN: **********) ilə Cavabdeh MMC (VÖEN: **********) arasında Azərbaycan Respublikası, Sabirabad şəhəri, Heydər Əliyev prospekti 95 ünvanında, “Gənclər Mərkəzi” binasının 2-ci mərtəbəsində yerləşən, sahəsi 96.40 kv.m. təşkil edən qeyri yaşayış sahəsinin (bundan sonra “X1”) icarəyə verilməsi haqqında xx xxx 2018-ci il tarixli, 465 №li müqavilə bağlanmışdır. İcarə Müqaviləsinin 3.1-ci bəndinə uyğun olaraq xx xxx 2018-ci il tarixindən başlayaraq İcarə Müqaviləsinin qüvvədə olduğu müddət ərzində X1 üçün aylıq icarə haqqı ƏDV daxil 300.00 AZN (üç yüz Azərbaycan manatı, 00 qəpik) məbləğində müəyyən edilmişdir. İcarə Müqaviləsinin 3.2-ci bəndinə əsasən icarə haqqı hər cari ayın əvvəlində təqdim olunmuş hesab-faktura əsasında 3 (üç) iş günündən gec olmayaraq, iddiaçının bank hesabına köçürmə yolu ilə hər ay üzrə əvvəlcədən ödənilməlidir. İcarə Müqaviləsinin 3.3-cü bəndinə əsasən cavabdeh X1da icarə müddəti ərzində istifadə etdiyi su, kanalizasiya, qaz, elektrik enerjisi, telefon (o cümlədən beynəlxalq, mobil telefon danışıqları və internet xidmətləri) və digər kommunal xidmətlərə görə xərclər də daxil olmaqla, bütün kommunal xidmət haqlarının ödənilməsi öhdəliyini daşıyacaqdır. İcarə Müqaviləsinin 5.1.1-ci yarımbəndinə uyğun olaraq icarə haqqı və xidmət haqlarını vaxtlı-vaxtında ödəmək cavabdehin əsas öhdəliyi kimi nəzərdə tutulmuşdur. Bununla belə, icarə müqaviləsi üzrə ödənişlərin vaxtlıvaxtında təmin edilməsi barədə cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə və möhlət verilməsinə baxmayaraq (xx xxxxxxxx 2019-cu il tarixli, FMG 01/19/379 №-li və xx xxxxxxx 2019-cu il tarixli, FMG 01/19/439 №-li xəbərdarlıq məktubları cavabdehə göndərilmişdir) cavabdeh tərəfindən icarə müqaviləsi üzrə ödəniş öhdəliklərinə və şərtlərinə riayət edilməmiş və iddiaçının etibarından, yaxşı niyyətindən sui-istifadə edilərək ona xeyli miqdarda ziyan vurulmuşdur. Bu səbəbdən icarə müqaviləsinin 8.5.2-ci və 8.5.3cü yarımbəndlərinin müddəaları rəhbər tutularaq xx xxxxxxx 2019-cu il tarixində (bundan sonra “Xitam tarixi”) iddiaçının tələbi ilə xəbərdarlıq müddətini gözləmədən icarə müqaviləsinə birtərəfli qaydada xitam verilmişdir. İcarə Müqaviləsinin müvafiq olaraq 8.5.2ci və 8.5.3-cü bəndlərinə əsasən iki ardıcıl müddət üçün icarə haqqının və ya onun xeyli hissəsinin ödənilməsinin gecikdirilməsi və ikidən çox müddət üçün iki aylıq icarə haqqı məbləğinə çatan məbləğdə icarə haqqının ödənilməsinin gecikdirilməsi iddiaçıya xəbərdarlıq müddətini gözləmədən icarə müqaviləsini birtərəfli qaydada ləğv etmək səlahiyyəti verir. Beləliklə, X1ın icarəsi ilə əlaqədar ödənişlərin cavabdeh tərəfindən həyata keçirilməməsi və cavabdehin üzərinə düşən öhdəlikləri sistematik olaraq pozması nəticəsində ümumilikdə ƏDV daxil 1,646.52 AZN (bir min altı yüz qırx altı Azərbaycan manatı, əlli iki qəpik) əsas borc məbləği yığılmışdır. xx xxxxxxx 2019-cu il tarixli, FMG 01/19/521 №-li İcarə Müqaviləsinə xitam verilməsi və müqavilə üzrə borcun ödənilməsi tələbi barədə xitam və pretenziya bildirişində də qeyd edildiyi kimi İcarə Müqaviləsinə xitam verilməsi qanunvericiliyə və İcarə Müqaviləsinin müvafiq şərtlərinə əsasən cavabdehi xitam tarixinədək İcarə Müqaviləsi üzrə təmin etməli olduğu öhdəliklərin icrasından azad etmir. Sözügedən xitam və pretenziya bildirişində müvafiq borc məbləğinin ödənişinin bildirişin verildiyi tarixdən etibarən 10 (on) iş günü ərzində cavabdeh tərəfindən təmin edilmədiyi təqdirdə iddiaçının pozulmuş hüquq, maraq və mənafelərinin bərpası hüququndan istifadə edərək məhkəmə və hüquq-mühafizə orqanlarına müraciət edəcəyi və bu zaman yalnız borc məbləğinin deyil, həm də dəbbə pulu daxil olmaqla, Cavabdehin iddiaçıya vurduğu bütün zərərin əvəzinin ödənilməsini tələb edəcəyi bildirilmişdir. Lakin cavabdeh sözügedən pretenziya bildirişinə də məhəl qoymamış və xitam tarixindən 1 il 1 aydan artıq bir müddətin keçməsinə baxmayaraq müvafiq borc məbləğinin ödənilməsi istiqamətində heç bir addım atmamışdır. İddiaçı tərəfindən mübahisənin məhkəmədən kənar qaydada həlledilməsinə nail olmaq niyyəti ilə cavabdehin direktoru olduğu N.İsmayılov adına Əlicanlı kənd tam orta məktəbin tabe olduğu Sabirabad rayon Təhsil şöbəsinin rəhbərliyinə də məktubla müraciət edilərək, (xx xxxxxx 2020-ci il tarixli, FMG 01/20/031 №-li məktub) borc məbləğinin ödənilməsinin təmin edilməsi üzrə səy göstərilsə də, heç bir müsbət nəticə əldə edilməmişdir. Qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.1-284-5.3-cü maddələrinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verdikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin maddələrin tələbinə uyğun olaraq cavabdehə məhkəmə tərəfindən rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən qanunla müəyyən edilmiş müddətdə etiraz təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması mümkündür. İş materiallarında olan “xxxx” MMC ilə İddiaçı MMC arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli, PMD-27.12.17-856 nömrəli daşınmaz əmlakın icarə və idarəetməyə verilməsi haqqında müqavilədən və ona 1.25 nömrəli əlavədən görünür ki, bu müqaviləyə görə mülkiyyətçi “xxxx” MMC-nin mülkiyyətində olan Sabirabad rayonu, H.Əliyev prospekti 95 ünvanında yerləşən, sahəsi 2.851,10 m2 təşkil edən qeyri-yaşayış sahəsini İddiaçı MMC-yə icarə və idarəetməyə vermişdir. İdarə edən (İddiaçı MMC) obyekti və yaxud onun hər hansı bir hissəsini üçüncü şəxslərə icarəyə, kirayəyə, idarəetməyə, qanunvericiliklə müəyyən edilmiş digər əsaslarda istifadəyə vermək və yaxud obyekti birgə istifadə etmək hüququna malikdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin RX seriyalı, ******* saylı, xx.xx.2015-ci il tarixli çıxarışından görünür ki, Sabirabad şəhəri, Heydər Əliyev prospekti, 95 ünvanında yerləşən sahəsi 2851.1 m2 təşkil edən qeyri-yaşayış binası “xxxx” MMC-nin mülkiyyətindədir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx xxx 2018-ci il tarixli, 465 nömrəli qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında icarə müqaviləsinin surətindən görünür ki, bu müqaviləyə görə “icarəyə verən” (İddiaçı MMC) icarə və idarəetmə hüququ əsasında istifadəsində olan, Azərbaycan Respublikası, Sabirabad şəhəri, Heydər Əliyev prospekti 95 ünvanında, “Gənclər Mərkəzi” binasının 2-ci mərtəbəsində yerləşən, sahəsi 96.4 m2 təşkil edən qeyri-yaşayış sahəsini “icarəçiyə” (Cavabdeh MMC-yə) “icarəçi”nin müddətli istifadəsinə verir. Bir aylıq icarə haqqı ƏDV daxil olmaqla 300,00 (üç yüz) manatdır. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış “qeyriyaşayış sahəsinin icarəyə verilməsi haqqında” xx xxx 2018-ci il tarixli, 465 saylı müqavilənin 1 saylı Əlavəsindən görünür ki, binanın müvafiq mərtəbəsinin və X1ın planı İddiaçı MMC və Cavabdeh MMC tərəfindən təsdiq edilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx xxxxxxxx 2019-cu il tarixli, FMG 01/19/379 №-li pretenziya bildirişinin surətindən görünür ki, Cavabdeh MMC-yə onunla bağlanılmış xx xxx 2018-ci il tarixli, 465 nömrəli qeyriyaşayış sahəsinin icarəyə verilməsinə dair icarə müqaviləsi üzrə ƏDV daxil 1.346,52 manat məbləğində icarə haqqı borcunun olması bildirilmiş, borcun 3 iş günü müddətində ödənilməsinin təmin edilməsi təklif edilmiş, əks halda qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin həyata keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx xxxxxxx 2019-cu il tarixli, FMG 01/19/439 №-li pretenziya bildirişinin surətindən görünür ki, Cavabdeh MMC-yə onunla bağlanılmış xx xxx 2018-ci il tarixli, 465 nömrəli qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair icarə müqaviləsi üzrə ƏDV daxil 1.646,52 manat məbləğində icarə haqqı borcunun olması bildirilmiş, borcun 5 iş günü müddətində ödənilməsinin təmin edilməsi təklif edilmiş, əks halda qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin həyata keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2018-ci il tarixli, 465 nömrəli qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında icarə müqaviləsi bağlanılmışdır. Tərəflər arasında bağlanmış “qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında” xx xxx 2018-ci il tarixli, 465 saylı müqavilənin 1 saylı Əlavəsinə əsasən, binanın müvafiq mərtəbəsinin və X1ın planı tərəflər tərəfindən təsdiq edilmişdir. Həmin müqaviləyə əsasən iddiaçı tərəfindən Sabirabad şəhəri, Heydər Əliyev prospekti 95 ünvanında, “Gənclər Mərkəzi” binasının 2-ci mərtəbəsində yerləşən, sahəsi 96.4 m2 təşkil edən qeyriyaşayış sahəsi cavabdehə icarəyə verilsə də, cavabdeh müqavilə üzrə öhdəliyə əməl etməmişdir. İddiaçı xx xxxxxxxx 2019-cu il tarixli, FMG 01/19/379 №-li və xx xxxxxxx 2019cu il tarixli, FMG 01/19/439 №-li məktublarla cavabdehə icarə haqqı borcunun ödənilməsi ilə bağlı xəbərdarlıq göndərərək, icarə haqqı borcunun ödənilməsini tələb etsə də, cavabdeh həmin müddət ərzində borcun ödənilməsini təmin etməmişdir. Borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin iddiaçıya 1.646,52 manat icarə haqqı borcunun mövcud olduğu iş materialları ilə təsdiq edildiyindən, iddia tələbi təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. İcarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək, o cümlədən müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilə ilə müəyyən edilən məsuliyyət daşıyırlar. Həmin Qanunun 14-cü maddəsinə əsasən icarə müqaviləsinin bağlanması, icrası, dəyişdirilməsi və pozulması zamanı əmələ gələn mübahisələrə məhkəmə baxır. Bundan başqa İddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0.40 (qırx qəpik) manat məbləğində bank komissiyası ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehdən 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0.40 (qırx qəpik) manat məbləğində bank komissiyası tutularaq, iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi əsaslı olduğundan təmin edilməli, Cavabdeh MMC-dən 1.646,52 (bir min altı yüz qırx altı manat, əlli iki qəpik) manat məbləğində icarə haqqı borcu, 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0.40 (qırx qəpik) manat məbləğində bank komissiyası, ümumilikdə 1.676,92 (bir min altı yüz yetmiş altı manat, doxsan iki qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-5 və 284-6-cı maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehndən 1.646,52 (bir min altı yüz qırx altı manat, əlli iki qəpik) manat məbləğində borc, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat məbləğində bank komissiyası olmaqla, ümumilikdə 1.676,92 (bir min altı yüz yetmiş altı manat, doxsan iki qəpik) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 284-6.3-cü maddəsinə görə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-393/2021
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-393/2021
02.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver