Məhkəmə qərarları › İş №e-2-2(121)-395/2021

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-395/2021

03.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-395/2021 03.06.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı – kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barəsində iddiasına dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Paşayev Elyaz Qinyas oğluna, Cavabdeh2 və Cavabdeh1 qarşı – 3.238,92 manat məbləğində əsas borc, 257,58 manat məbləğində faiz borcu, 297,25 manat məbləğində cərimə borcu, 464,95 manat məbləğində müqaviləsi müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu, cəmi 4.257,70 manat məbləğində kredit borcunun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “İmişli” filialı ilə cavabdeh Paşayev Elyaz Qinyas oğlu arasında bağlanmış 398 SF №-li 20 fevral 2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə heyvandarlığın inkişafı məqsədi ilə 36 (otuz altı) ay müddətinə illik 6 (altı) faiz dərəcəsi ilə 5 000 (beş min) manat məbləğində kredit verilmişdir. Cavabdeh Paşayev Elyaz Qinyas oğluna kredit verilərkən Cavabdeh2 və Cavabdeh1 ilə Bank arasında 20 fevral 2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.2-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 2-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********647 saylı 29.12.2020-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh Paşayev Elyaz Qinyas oğlunun 17.12.2020-ci il tarixə kredit üzrə cəmi borcu 4257,70 (dörd min iki yüz əlli yeddi manat 70 qəpik) manat təşkil edir. Bundan 3238,92 (üç min iki yüz otuz səkkiz manat 92 qəpik) manat əsas, 257,58 (iki yüz əlli yeddi manat 58 qəpik) manat faiz, 297,25 (iki yüz doxsan yeddi manat 25 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 464,95 (dörd yüz altmış dörd manat 95 qəpik) manat faiz borcu təşkil edir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh3 prosessual hüquq varisliyi üzrə işə cəlb edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Paşayev Elyaz Qinyas oğlu 23.06.2019-cu il tarixdə ölməsi ilə əlaqədar Paşayev Elyaz Qinyas oğlu sıradan çıxdığından Cavabdeh2 və Cavabdeh3 prosesual hüquq varisliyi üzrə işə cəlb olunaraq baxılmalıdır. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 3238,92 (üç min iki yüz otuz səkkiz manat 92 qəpik) manat əsas, 257,58 (iki yüz əlli yeddi manat 58 qəpik) manat faiz, 297,25 (iki yüz doxsan yeddi manat 25 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 464,95 (dörd yüz altmış dörd manat 95 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, qeyd olunan iddia ərzəsi məhkəməyə verilən zaman cavabdeh X1 vəfat etdiyi və onun hüquqi varisləri olduğu müəyyən edilmişdir. Bu səbəbdən Cavabdeh2 və Cavabdeh3 borc məbləğlərinin tutulması məqsədə uyğundur. Cavabdeh Paşayev Elyaz Qinyas oğlu 23.06.2019-cu il tarixdə ölməsi ilə əlaqədar sıradan çıxdığından, Cavabdeh2 və Cavabdeh3 prosessual hüquq varisliyi üzrə cavabdehlər qismində işə cəlb olunmuşlar. Belə ki, Azərbaycan Respublikası MPM-nin 58.1-ci maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən, hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi və cavabdehlər məhkəmə iclasına gəlməmişdirlər. Həmçinin iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilərək işə mahiyyəti üzrə baxılmasını, iddia tələblərini tam müdafiə etdiklərini və qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən, işə iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsinin, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC ilə cavabdeh Paşayev Elyaz Qinyas oğlu arasında 398 SF saylı, 20.02.2015-cü il tarixli kredit müqaviləsi bağlanmışdır. Göstərilən kredit müqaviləsinə əsasən cavabdehə heyvandarlığın inkişafı məqsədilə illik 6 faiz ödəmək şərti ilə 36 ay müddətinə 5.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 27.02.2015-ci il tarixli, 6636 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC-nin İmişli filialı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Göstərilən zaminlik müqaviləsinə əsasən zaminlər bütün daşınar və daşınmaz əmlakları ilə bankla borcalan arasında 20.02.2015-ci il tarixli, 398 SF saylı kredit müqaviləsi üzrə Paşayev Elyaz Qinyas oğlunun bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərilərinə götürmüşlər. İş materiallarında olan 27.02.2015-ci il tarixli, 14 saylı kassa məxaric orderindən görünür ki, Paşayev Elyaz Qinyas oğluna 5.000 manat kredit verilmişdir. İşin materiallarında olan 25.12.2020-ci il tarixli arayışdan görünür ki, cavabdehin qeyd edilən kredit müqaviləsi üzrə 17 dekabr 2020-ci il tarixinə 3.238,92 manat məbləğində əsas borc, 257,58 manat məbləğində faiz borcu, 297,25 manat məbləğində cərimə borcu, 464,95 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu, cəmi 4.257,70 manat məbləğində kredit borcu vardır. İş materialında olan 29.12.2020-ci il tarixli xəbərdarlıq bildirişindən görünür ki, İddiaçı ASC-nin İmişli filialı ilə Paşayev Elyaz Qinyas oğlu arasında bağlanılmış 20 fevral 2015-ci il tarixli, 398 SF saylı kredit müqaviləsi əsasında aldığı 5.000 manat kreditə görə 17 dekabr 2021-ci il tarixinə banka 3.238,92 manat əsas, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz 257,58 manat, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 297,25 manat, həmçinin Mülki Məcəllənin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 464,95 manat, ümumi borc 4.257,70 manat məbləğində kredit borcunun olması barədə Paşayev Elyaz Qinyas oğlu və həmin kredit müqaviləsinin təminatı olaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2, bağlanmış 27.02.2015-ci il tarixli 6636 saylı zaminlik müqaviləsinə əsasən Paşayev Elyaz Qinyas oğlu ilə birlikdə məsuliyyət daşıdıqları barədə xəbərdar edilmiş, qeyd olunan borc ödənilmədiyi halda qanunvericiliyin tələblərinə əsasən borcun və hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Paşayev Elyaz Qinyas oğlu, Cavabdeh1 və Cavabdeh2 məlumatlandırılmışlar. İş materiallarında olan problemli kreditlərin kompensasiyası üzrə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının rəsmi internet portalından çıxarışdan görünür ki, Paşayev X4 prosesində olan İddiaçı ASC-yə olan əsas kredit borcu 3.238,92 manat təşkil etmiş, həmin kreditin illik faiz dərəcəsi 1% olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə restrukturizasiya olunması təklif olunmuşdur. İş materiallarına əlavə edilmiş iddiaçının cavabdeh Paşayev Elyaz Qinyas oğluna ünvanladığı 07.10.2019-cu il tarixli bildirişin surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28.02.2019-cu il tarixli Fərmanına əsasən kreditin restrukturizasiya edilməsi məqsədi ilə müraciət edə bilməsi göstərilmişdir. Lakin, bildirişin cavabdehə göndərilməsini təsdiq edən poçt xəbərnaməsi əlavə edilməmişdir. İşdə olan ləğv prosesində olan İddiaçı ASC-nin məhkəməyə ünvanladığı müraciətindən görünür ki, cavabdehin borcu Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28.02.2019-cu il tarixli Fərmanının təsirinə düşmüşdür. Lakin, yeni müqavilə bağlanmamışdır. İş materiallarından görünür ki, Paşayev Elyaz Qinyas oğlu və Məmmədova (Paşayeva) Tavad Məmmədxan qızı 08.07.1983-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. Onların birgə nikahlarından uşaqları – 11.08.1988-ci il təvəllüdlü X2 və 28.02.1984-cü il təvəllüdlü Cavabdeh3 anadan olmuşdur. İş materiallarına əlavə edilən ölüm haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, cavabdeh Paşayev Elyaz Qinyas oğlu 23.06.2019-cu il tarixdə ölmüşdür. İş materiallarından görünür ki, X2 və X3 notariat ofisinə ərizə ilə müraciət edərək, ataları Paşayev Elyaz Qinyas oğlunun vəfatından sonra miras əmlakı qəbul etməmişdirlər. İşə əlavə edilən 2V-183 reyestr nömrəli 28.07.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, 23.06.2019-cu il tarixdə vəfat etmiş Paşayev Elyaz Qinyas oğlunun vərəsələri Cavabdeh2 və Cavabdeh3 olmaqla aşağıdakı miras əmlakdan bərabər payda irs almalıdırlar: şəhadətnamə verilən miras əmlak İmişli RQİ və TBŞ tərəfindən verilmiş 07.07.2014-cü il tarixli AC187113 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi XTA212140C2062672, mühərrikin nömrəsi ******* və buraxılış ili 2012 olan VAZ21214 MİNİK markal **-BG-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ibarətdir və İmişli RQİ vəTBŞ tərəfindən verilmiş 24.07.2020-ci il tarixli 11-K-183 nömrəli arayışına əsasən VAZ- 21214 MİNİK markalı **-BG-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərində hər hansı bir həbs, məhdudiyyət (girov) yoxdur. İş materiallarına əlavə edilən İmişi rayon İcra Hakimiyyəti Başçısının Ağamallar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 29.07.2020-ci il tarixli 59 saylı arayışından görünür ki, Cavabdeh2 23.06.2019-cu il tarixdə vəfat etmiş əri Paşayev Elyaz Qinyas oğlu öldüyü günədək İmişli rayon Ağamallar kəndində qeydiyyatda olmuş və faktiki yaşamışdır. Paşayev Elyaz Qinyas oğlunun ölümündən sonra ailə üzvləri - Cavabdeh2 və Cavabdeh3 həqiqətən Paşayev Elyaz Qinyas oğlunun yaşadığı evdə yaşayaraq mirasın tərkibinə daxil olan əmlakı faktiki qəbul etmişlər. Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Paşayev Elyaz Qinyas oğlu arasında 20.02.2015-cü il tarixdə bağlanmış “Kredit müqaviləsi”nə əsasən bank Paşayev Elyaz Qinyas oğluna 36 ay müddətinə, illik 6% ödəmək şərti ilə 5.000 manat məbləğində kredit vəsaiti vermişdir. Qeyd olunan kreditin təminatı kimi İddiaçı ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında 27.02.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Paşayev Elyaz Qinyas oğlunun 23.06.2019-cu il tarixdə ölməsi ilə sıradan çıxdığından, Cavabdeh2 və Cavabdeh3 prosessual hüquq varisliyi üzrə cavabdehlər qismində işə cəlb olunmuşlar. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Paşayev Elyaz Qinyas oğlunun arvadı - Cavabdeh2 və oğlu – Cavabdeh3 Paşayev Elyaz Qinyas oğlu öldüyü zaman mülkiyyətində olmuş İmişli RQİ və TBŞ tərəfindən verilmiş 07.07.2014-cü il tarixli AC187113 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi XTA212140C2062672, mühərrikin nömrəsi ******* və buraxılış ili 2012 olan VAZ21214 MİNİK markal **-BG-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsilə əlaqədar notariat kontoruna mirası qəbul etmələri barədə ərizə verməklə vərəsəliyi qəbul etmişlər. Eyni zamanda müəyyən edilmişdir ki, Cavabdeh2 23.06.2019-cu il tarixdə vəfat etmiş əri Paşayev Elyaz Qinyas oğlu öldüyü günədək İmişli rayon Ağamallar kəndində qeydiyyatda olmuş və faktiki yaşamışdır. Paşayev Elyaz Qinyas oğlunun ölümündən sonra ailə üzvləri - Cavabdeh2 və Cavabdeh3 həqiqətən Paşayev Elyaz Qinyas oğlunun yaşadığı evdə yaşayaraq mirasın tərkibinə daxil olan əmlakı faktiki qəbul etmişlər. Məhkəmə qeyd edir ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Göründüyü kimi, qeyd edilən əmlakın mülkiyyətçisi olmuş Paşayev Elyaz Qinyas oğlunun 23.06.2019-cu il tarixdə ölməsi ilə həmin əmlaka dair vərəsəlik açılmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Vərəsəlik hüququnun əsasını miras qoyanın əmlakının vərəsələrə verilməsi təşkil edir. Bu hüquqi nəticənin əldə edilməsi üçün miras əmlak vərəsələr tərəfindən qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Göründüyü kimi, miras istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsələr qəbul edir. Mirasın qəbul edildiyini vərəsə hərəkətləri ilə şəksiz nümayiş etdirməlidir. Belə ki, mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməlidir. Mirasın qəbul edilməsi haqqında vərəsənin yazılı ərizəsi ona qanunda müəyyən edilmiş qaydalara müvafiq notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə əsas ola bilər. Bundan başqa, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamalıdır. Vərəsənin əmlaka sahibliyə və onu idarə etməyə başlaması faktiki olmalı və heç bir şübhə yaratmamalıdır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Paşayev Elyaz Qinyas oğlunun oğlu və arvadı mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etmələri barədə ərizə vermişlər və mirası qəbul etmişlər. Bununla yanaşı, Paşayev Elyaz Qinyas oğlunun yaşadığı evdə yaşayaraq mirasın tərkibinə daxil olan əmlakı faktiki qəbul etmişlər. Belə ki, Azərbayсan Respublikası Mülki Məсəlləsinin 1159.1.1-сi maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti miras əmlakı notariat kontoruna ərizə verməklə qəbul etmiş və mirasın tərkibinə daxil olan daşınmaz əmlakı faktiki qəbul etmiş Cavabdeh2 və Cavabdeh3 tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göstərilən Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Paşayev Elyaz Qinyas oğlu kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Belə olan halda iddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə, vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd edir ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Eyni zamanda, məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə borclunun ölümü tərəflər arasında mövcud olan müqavilə münasibətlərini başa çatdırmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04.06.2018-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Paşayev Elyaz Qinyas oğlu öldüyündən, Cavabdeh2 və Cavabdeh3 onun vərəsələri olduğundan, bununla da Cavabdeh2 və Cavabdeh3 borclu kimi mövcud kredit borcunu tam ödəməyə borclu olduqlarından, kredit borcu, Cavabdeh2 və Cavabdeh3 onlara çatan miras payı həcmində müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olmasını, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasını və sair halları nəzərə alan ölkə başçısı tərəfindən, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019cu il tarixdə 551 nömrəli Fərman imzalanmışdır. Fərmanın 5-ci bəndinə əsasən fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi, eləcə də, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi qərara alınmışdır. Fərmanın təsir dairəsinə (8.6-cı bəndi) fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. Hazırkı iş üzrə kredit müqaviləsi həm bağlanma tarixi, həm tələb olunan əsas məbləğə və həm də digər əsaslara görə fərmanın təsiri altına düşür. Qeyd olunan fərmanın 1-ci bəndinə əsasən fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənilməli, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlər müəyyən edilərək Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq edilməlidir. Eyni zamanda banklara tövsiyə olunmuşdur ki, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Göründüyü kimi, Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə mübahisələndirilən borc məbləğinə Fərmanda nəzərdə tutulan güzəştlərin tətbiq olunacağı təqdirdə borcun məbləğinin dəyişməsi (azalması) istisnasızdır. Məhz bu məntiqdən çıxış edərək Fərmanın 6.2-ci bəndində qeyd edilmişdir ki, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən, o cümlədən, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölkə başçısının yuxarıda qeyd edilən Fərmanı dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədi güddüyündən, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Fərmandan irəli gələn vəzifəsini icra edərək, hazırki iş üzrə cavabdehə münasibətdə xarici valyutada olan kreditinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etdiyindən, restrukturizasiyaya təklif olunması üçün müəyyən edilmiş kredit məbləğinin restrukturizasiya olunmamasını nəzərə alaraq iddia tələbi yalnız restrukturizasiya olunması təklif olunan borc məbləği həddində təmin edilməli, faiz borcu və cərimə hissəsində iddia rədd edilməlidir. Belə ki, Fərmanın tətbiqi ilə bağlı vətəndaşın müraciət edəcəyi halda da, iddiaçı hazırda irəli sürdüyü tələb üzrə borc məbləğinin yenidən güzəştli şərtlərlə qaytarılmasını deyil, restrukturizasiya olunması təklif olunan məbləği müəyyən edəcəkdi. Məhkəmə iddia tələbinin “müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcunun ödənilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən, bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Qeyd edilən Məcəllənin 445.7-ci maddəsinə əsasə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Göründüyü kimi, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Yəni, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin, sözügedən norma Mülki Məcəllənin 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. İddia tələbindən görünür ki, iddiaçı digər əsaslardan çıxış edərək daha böyük məbləği, yəni cəriməni tələb edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24.12.2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı digər əsaslardan çıxış edərək daha böyük məbləği, yəni cəriməni tələb etdiyindən, iddianın qeyd edilən hissəsi əsassızdır. Belə ki, müqavilə azadlığı, azad sahibkarlıq fəaliyyəti, sosial dövlət və s. kimi konstitusiya dəyərləri arasında balansı gözləyərək, işlə əlaqədar hər hansı qərar qəbul etməmişdən əvvəl qərarın iqtisadi və sosial nəticələrini qabaqcadan görərək məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsində göstərilən faizin hesablanması müqavilədə iqtisadi cəhətdən zəif olan tərəfin, yəni borclunun vəziyyətini daha da ağırlaşdırmaqla yanaşı, bərabərlik prinsipinin kobud surətdə pozulmasına gətirib çıxarar. Odur ki, iddianın qeyd edilən hissəsi əsassızdır. Buna görə də, iddia həmin hissədə rədd edilməlidir. Məhkəmə eyni zamanda iddia tələbinin digər Cavabdeh1 qarşı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, bank zaminə qarşı qanunla müəyyən edilmiş müddət ərzində iddia qaldırmaq hüququna malik olduğu halda, bu haqqından istifadə etməmiş və bu müddətdə zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizəsi verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda qeyd olunmuş normaları və müqavilə şərtləri baxımından hazırki mübahisə üzrə Cavabdeh1 qarşı iddia tələbi ona aid hissədə rədd olunmalıdır. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 7 manatı iddiaçıya aid edilməli, 23 manatı isə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada onlara çatan miras pay həcmində iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 3.238,92 manat əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 23 manat olmaqla, ümumilikdə 3.261,92 (üç min iki yüz altımış bir manat, doxsan iki qəpik) manat məbləğində pul müştərək qaydada onlara çatan miras pay həcmində tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 3.238,92 manat məbləğində əsas borc və 23 manat məbləğində dövlət rüsumu, ümumilikdə 3.261,92 (üç min iki yüz altmış bir manat, doxsan iki qəpik) manat məbləğində pul Cavabdeh2 və Cavabdeh3 onlara çatan miras pay həcmində müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin kommersiya kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar