Məhkəmə qərarları › İş №e-2-2(121)-396/2021

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-396/2021

10.06.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-396/2021 10.06.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4, Cavabdeh Beyləqan Rayon İcra Hakimiyyətinin şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin nümayəndələri X5 və X7, Mütəxəssis Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji X1 İmişli filialının böyük müfəttişi X6 iştirakları ilə, İddiaçı “xxxx” ASC-nin cavabdeh Beyləqan Rayon İcra Hakimiyyətinin Beyləqan şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə qarşı borcun ödənilməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxx” ASC cavabdeh Beyləqan Rayon İcra Hakimiyyətinə qarşı məhkəmədə iddia qaldıraraq, Beyləqan Rayon İcra Hakimiyyətinin (Beyləqan şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin) istifadə etdiyi elektrik enerjisi ürə yaranmış 84.065,25 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdeh Beyləqan Rayon İcra Hakimiyyətindən (Beyləqan şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən) tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 10.02.2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş “xxxx” ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. İddia ərizəsinə əlavə edilmiş arayışdan və abunə haqqında bildirişlərdən göründüyü kimi, Beyləqan rayon İcra Hakimiyyətinin (Beyləqan şəhər İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyi) **********0 saylı abonent kodu üzrə elektrik enerjisindən istifadə etməsi ilə bağlı iddiaçı “xxxx” ASC-yə cəmi 84.065,25 (səksən dörd min altmış beş manat iyirmi beş qəpik) manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı cavabdeh Beyləqan rayon İcra Hakimiyyətinə (Beyləqan şəhər İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyi) dəfələrlə müraciət olunmuş, lakin cavabdeh müxtəlif bəhanələrlə istifadə etdiyi elekrik enerjisinin haqqı olan 84.065,25 manat borcu bu günə qədər ödəməyərək “xxxx” ASC-yə zərər vurmuşdur. İddiaçı “xxxx” ASC-nin nümayəndələri hər ay cavabdeh Beyləqan rayon İcra Hakimiyyətinin (Beyləqan şəhər İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyi) ünvanına gələrək, sayğacın göstəricisini götürməklə ona borcu haqqında bildiriş xəbərdarlıq (hesab-faktura) təqdim etməsini tələbin irəli sürülməsi və cavabdeh tərəfindən isə vaxtaşırı müəyyən miqdarda ödənişlərin edilməsi onun öz öhdəliklərini etiraf etməsi kimi qiymətləndirilməlidir. İddiaçının yazılı razılığı əsasında Şirvan Kommersiya Məhkəməsinin 27 aprel 2021-ci il tarixli qərarı ilə iş üzrə cavabdeh Beyləqan Rayon İcra Hakimiyyəti əsl cavabdeh Beyləqan Rayon İcra Hakimiyyətinin Beyləqan şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi ilə əvəz olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxx” ASC-nin nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Beyləqan Rayon İcra Hakimiyyətinin şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin səlahiyyətli nümayəndəsi X8 iddia tələbi üzrə borcu qəbul etmədiyini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Beyləqan Rayon İcra Hakimiyyətinin şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin səlahiyyətli nümayəndəsi X9 iddia tələbi üzrə borcu qəbul etmədiyini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Nümayəndə eyni zamanda iddia müddətini tətbiqi ilə bağlı məhkəməyə ərizə təqdim etdi. Mütəxəssis - Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji X1nin İmişli Filialının nümayəndəsi Ağalar Əliyev məhkəmə iclasında verdiyi izahatında qeyd etdi ki, X3 Agentliyinin İmişli filialına daxil olmuş, Şirvan Kommersiya Məhkəməsinin icraatında olan iddiaçı “xxxx” ASC-nin cavabdeh Beyləqan şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə qarşı elektrik enerjisinə görə yaranmış borcun ödənilməsinə dair aparılan iş üzrə təqdim edilmiş sənədlərə və digər aidiyyəti materiallara baxış keçirilmişdir. Təqdim edilmiş sənədlərin təhlili zamanı müəyyən olunmuşdur ki, iddiaçı “xxxx” ASC tərəfindən cavabdeh Beyləqan şəhər İnzibati Ərazi üzrə Nümayəndəliyinə qarşı iddiasında istifadə olunmuş elektrik enerjisi sərfinə görə yaranmış borca dair sənədlərin əksəriyyəti enerjitəchizatı müəssisəsi bir tərəfli qaydada tərtib etmişdir. 2020-ci il üzrə sərfiyyat vərəqələri, abonent haqqında cədvəllər istehlakçı tərəfindən təsdiq olunmamışdır. Bundan əlavə elektrik enerjisindən istifadə nəticəsində yaranmış borclar barədə qarşılıqlı üzləşmə aktları məhkəmə araşdırması materiallarına əlavə olunmamışdır. “xxxx” ASC tərəfindən tələb olunan ümumi borc məbləği, eləcə də “xxxx” ASC-nin fəaliyyəti dövründə yaranmış borcun hesablanması metodikası **********0 saylı abonent koduna bağlı olan uçot nöqtələrinin hər birinin abunə haqqında cədvəllərində ETAİS proqram bazasında 3129,85 manat məbləğində borc göstərilmişdir. Həmin proqram bazasından keçirilmiş borc ümumilikdə 68.856,70 manat təşkil edir. Bu məbləğin dövrlər üzrə yaranmasına aydınlıq gətirilməmişdir. Mütəxəssis eyni zamanda “xxxx” ASC-nin fəaliyyəti dövründə 58.692,62 manat dəyərində 743658 kVts elektrik enerjisin sərfiyyatı, 212,12 manat dəyərində 3298 kVts transformator itkisi, 1719.43 manat dəyərində cərimə, 978,58 manat məbləğində yeni sayğacın quraşdırılması üçün dəyər hesablandığını bildirdi. İstehlakçı tərəfindən “xxxx” ASC-nin fəaliyyəti dövründə 47.520,09 manat vəsait ödənilmiş və 14.082,66 manat məbləğində qalıq borc yaranmışdır. ETAİS proqram bazasından keçirilmiş 68.856,70 manat izahı olmayan və müvafiq təsdiqedici sənədləri təqdim edilməyən borcla birlikdə 82.939,36 manat borc abonent haqqında cədvəllərin ümumi yekununda toplanmışdır. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən çıxarışdan görünür ki, Beyləqan şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi (VÖEN: **********) hüquqi şəxs kimi vergi orqanında qeydiyyatdan keçmişdir. İş materiallarında olan 07.01.2020-ci il tarixli, 026133 saylı enerjitəchizatı müəssisəsi ilə büdcədən maliyyələşdirilən təşkilat (bundan sonra-abonent) arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsindən görünür ki, tərəflər arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2-ci bəndinə əsasən abonentə büdcədən ayrılmış vəsaitə uyğun illik buraxılacaq elektrik enerjisinin miqdarı 125142 kvts və dəyəri 11262,78 manat müəyyən edilmişdir. Həmin müqavilənin 11-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşma dövrü 1 ay qəbul olunmuş, elektrik enerjitəchizatı müəssisəsi hesablaşma dövründə abonentə buraxılmış elektrik enerjisinə görə ödəniş sənədini növbəti hesabat dövrünədək (ayadək) abonentə təqdim edməsi, sonrakı bir ay müddətində hesablaşma dövründəki elektrik enerjisinin haqqı abonent tərəfindən ödənilməsi qeyd edilmişdir. İş materiallarında olan 2018-ci il üçün tərtib edilən elektron qaimələrdən və ödəniş tapşırıqlarından görünür ki, elektrik enerjisinə görə 7.666,49 manat məbləğində borc yaranmış və cavabdeh tərəfindən 7.253,66 manat məbləğində borc ödənilmişdir. İş materiallarında olan 2019-cu il üçün tərtib edilən elektron qaimələrdən və ödəniş tapşırıqlarından görünür ki, elektrik enerjisinə görə 11.214,45 manat məbləğində borc yaranmış və cavabdeh tərəfindən 14.523,39 manat məbləğində borc ödənilmişdir. İş materiallarında olan 2020-ci il üçün tərtib edilən sərfiyyat vərəqlərindən görünür ki, Beyləqan Rayon İcra Hakimiyyətinin şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin yanvar ayına 1352,07 manat, fevral ayına 2216,07 manat, mart ayına 1451,52 manat, aprel ayına 595,71 manat, may ayına 429,84 manat, iyun ayına 421,65 manat, iyul ayı üçün 354,42 manat, avqust ayına 485,55 manat, sentyabr ayına 437,4 manat, oktyabr ayına 566,82 manat, noyabr ayına 332,1 manat, dekabr ayına 324,72 manat dəyərində elektrik enerji serfiyyatı olmuşdur. İş materiallarında olan 2020-ci il üçün tərtib edilən elektron qaimələrdən və ödəniş tapşırıqlarında görünür ki, Beyləqan Rayon İcra Hakimiyyətinin şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin elektrik enerjisindən istifadəyə görə yanvar ayına 1352,07 manat, fevral ayına 2216,07 manat, mart ayına 1451,52 manat, aprel ayına 595,71 manat, may ayına 429,84 manat, iyun ayına 421,65 manat, iyul ayı üçün 354,42 manat, avqust ayına 485,55 manat, sentyabr ayına 437,4 manat, oktyabr ayına 566,82 manat, noyabr ayına 332,1 manat, dekabr ayına 324,72 manat məbləğində borcu yaranmış və sadalanan borclar tam şəkildə ödənilmişdir. İş materiallarında olan abunə haqqında məlumatlardan görünür ki, abonent Beyləqan Rayon İcra Hakimiyyətinin şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə ümumilikdə 84.065,25 manat borc hesablanmışdır. İş materiallarında olan “xxxx” ASC tərəfindən Beyləqan Rayon İcra Hakimiyyətinə ünvanlanmış pretenziya məktubundan görünür ki, Beyləqan Rayon İcra Hakimiyyətinin şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin elektrik enerjisindən istifadəyə görə 19.10.2020-ci il tarixinə “xxxx” ASC-yə 84.885,87 manat məbləğində borcunun olması bildirilmiş, borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Beyləqan Rayon İcra Hakimiyyətinin şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi elektrik enerjisinin dəyərini sayğacın göstəricilərinə uyğun olaraq iddiaçı tərəfindən təqdim edilən hesaba əsasən vaxtında ödəməmiş, nəticədə iddiaçıya 14.082,66 manat məbləğində ödənilməmiş borcu müəyyən edilmişdir. Odur ki, iddia həmin hissədə təmin edilməlidir. Belə ki, 07.01.2020-ci il tarixli, 026133 saylı müqaviləyə əsasən elektrik enerjisinə görə hesablaşma dövrü 1 ay qəbul olunur. Enerjitəchizatı müəssisəsi hesablaşma dövründə abonentə buraxılmış elektrik enerjisinə görə ödəniş sənədini növbəti hesabat dövrünün sonunadək abonentə təqdim edir, sonrakı bir ay müddətində hesablaşma dövründəki elektrik enerjisinin haqqı abonent tərəfindən ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-cı il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.14-cü bəndinə əsasən istehlakçı hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 440.1-ci maddəsinə əsasən, əgər kreditorun xeyrinə olaraq borcluya müxtəlif öhdəliklərdən irəli gələn bir neçə oxşar icra həvalə edilmişdirsə və icra edilənlər bütün borcların ödənilməsi üçün yetərli deyildirsə, borclunun icra zamanı seçdiyi öhdəlik ödənilir, borclu seçmədikdə isə ödəniş müddəti birinci çatan borc ödənilir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə müəyyən etdi ki, cavabdehin iddiaçıya “ETAİS” proqramından keçən borc məbləği 68.856,70 manat, “xxxx” ASC-nin fəaliyyəti dövründə 58.692,62 manat dəyərində 743658 kVts elektrik enerjisinin sərfiyyatı, 212,12 manat dəyərində 3298 kVts transformator itkisi, 1719.43 manat dəyərində cərimə, 978,58 manat məbləğində yeni sayğacın quraşdırılma dəyəri, ödənilmiş vəsait 47.520,09 manat, yaranmış borc 14.082,66 manat və dövrün sonuna ümumi borc 82.939,36 manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC cavabdeh Beyləqan Rayon İcra Hakimiyyətinin şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən borcun tutulmasını tələb etməyə dair subyektiv hüquqa malikdir. Belə ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti haqqında Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2015-ci il tarixli, 1045 saylı Sərəncamına əsasən “xxxx” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “xxxx” Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 mart tarixli, 121 nömrəli qərarı ilə “xxxx” Açıq Səhmdar Cəmiyyəti və “xxxx” Açıq Səhmdar Cəmiyyəti arasında Elektrik enerjisinin satınalma Müqaviləsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 17 sentyabr tarixli 138 nömrəli qərarında dəyişikliklər edilmişdir. Dəyişikliyə əsasən 2007-ci il 17 sentyabr tarixli 138 nömrəli qərarın adında, preambulasında və 1-ci hissəsində “xxxx” sözü “xxxx” sözü ilə əvəz edilmişdir. Məhkəmə eyni zamanda müəyyən etdi ki, “xxxx” ASC tərəfindən Beyləqan Rayon İcra Hakimiyyətinin şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən ödənilməsi tələb olunan 84.065,25 manat borcun 14.082,66 manat hissəsi “xxxx” ASC-nin fəaliyyəti dövründə sayğac üzrə elektrik enerji sərfiyyatının borcudur, 68.856,70 manat hissəsi “ETAİS”-dən gələn borcdur, 1.125,89 manatı abonentin hesabında müəyyən edilməyən borcdur. “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Beyləqan Rayon İcra Hakimiyyətinin şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə “ETAİS”dən gələn 68.856,70 manat borcun və abonentin hesabında müəyyən edilməyən 1.125,89 manat borcun yaranma əsasına, o cümlədən borcun nə zaman yaranmasına dair iddiaçı tərəfindən məhkəməyə hər-hansı sübut təqdim edilməmişdir. Yən, iddiaçı tərəfindən cavabdehə 68.856,70 manat borcun və abonentin hesabında müəyyən edilməyən 1.125,89 manat borcun hansı əsaslarla hesablanması, nə zaman yarandığı və digər hallar əsaslandırılmamış və bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim olunmamışdır. Odur ki, iddia 69.982,59 manat hissədə rədd edilməlidir. Həmçinin, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 550-ci maddəsinə əsasən, tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. 551.2.1-ci maddəsinə əsasən, kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. 554.1-ci maddəsinə əsasən, müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Məhkəmədə hazırkı iş üzrə mülki qanunvericilikdə nəzərdə tutulan öhdəliklərin xitamı üçün nəzərdə tutulmuş müddətin kəsilməsi halları müəyyən edilməmişdir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericiliyin normalarına əsasən “ETAİS” proqramından keçən 68.856,70 manat borc məbləğinin 10.02.2015-ci il tarixdən əvvəlki tarixlərə aid olmasını nəzərə alaraq hesab edir ki, qanunla müəyyən edilmiş vaxtaşırı ödənişlər haqqında tələblərə şamil edilən 5 illik müddətin keçməsi nəticəsində cavabdeh 10.02.2020-ci il tarixindən həmin öhdəliyi icra etmək vəzifəsinin daşıyıcısı deyildir. Eyni zamanda, iddiaçı bu məbləğin cavabdehdən məhkəmə qaydasında tutulmasını heç vaxt tələb etməmişdir. Odur ki, iddia 68.856,70 manat borc hissəsində əsassız olduğundan rədd edilməlidir. Məhkəmə qeyd edir ki, müddətin keçməsi elə bir əsasdır ki, bunun ötməsi nəticəsində öhdəliyə xitam verilir. Daha doğrusu, öhdəliklərdən əmələ gələn tələblər müddətin keçməsinə görə ləğv edilir. Mülki hüquqların həyata keçirilmə müddətindən fərqli olaraq mülki hüquqların mövcud olma müddəti odur ki, əgər səlahiyyətli şəxs həmin müddət ərzində bu hüquqları həyata keçirməsə, onda onlara xitam verilir. Yəni, həmin müddət ötürülərsə, səlahiyyətli şəxs borclu şəxsdən müəyyən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququnu itirir və buna görə də o ləğv edilir. Nəticədə tələb etmək hüququnu yaradan öhdəliyin özü xitam olunur, borclu isə öhdəlikdən azad edilir. Bundan əlavə, işə əlavə edilən cavabdehin məhkəməyə ünvanladığı 09.06.2021-ci il tarixli ərizədən görünür ki, iddia müddətini tətbiq etməklə iddiadan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Məhkəmədə hazırkı iş üzrə mülki qanunvericilikdə nəzərdə tutulan müddətin axımının dayandırılması və kəsilməsi halları müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə “ETAİS” proqramından keçən 68.856,70 manat borc məbləğinin 10.02.2015-ci il tarixdən əvvəlki dövrü əhatə edən elektrik enerjisindən istifadə nəticəsində yarandığını, lakin cavabdeh tərəfindən həmin borc üzrə ödənişin aparılmadığını nəzərə alaraq hesab edir ki, iddiaçı 15.02.2021-ci il tarixdə məhkəməyə müraciət etməklə vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə qanunla müəyyən edilmiş 3 illik iddia müddətini ötürmüş və bu vaxt ərzində hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı qanunla müəyyən edilmiş vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddətini ötürdüyündən, habelə mübahisə tərəfi olan cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə verdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, iddia müddətinin ötürülməsinə görə də iddia 68.856,70 manat hissədə rədd edilməlidir. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 25 manatı iddiaçıya aid edilməli, 5 manatı isə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh elektrik enerjisindən istifadəyə görə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etmədiyindən iddia qismən təmin edilməli, cavabdehdən elektrik enerjisindən istifadəyə görə yaranmış 14.082,66 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 5 manat, ümumilikdə 14087,66 manat məbləğində pul iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Beyləqan Rayon İcra Hakimiyyətinin şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən elektrik enerjisindən istifadəyə görə yaranmış 14082,66 manat (on dörd min səksən iki manat, altımış altı qəpik) borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 5 (beş) manat olmaqla, ümumilikdə 14087,66 manat (on dörd min səksən yeddi manat, altmış altı qəpik) məbləğində pul "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin kommersiya kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar