Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-40/2022 12.01.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X2, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və.s tələbinə dair işə Masallı Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cəmi 18.044,80 (on səkkiz min qırx dörd manat 80 qəpik) manat - bundan 13.681,28 (on üç min altı yüz səksən bir manat 28 qəpik) manat əsas, 1171,92 (min yüz yetmiş bir manat 92 qəpik) manat faiz, 1204,20 (min iki yüz dörd manat 20 qəpik) manat cərimə və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1987,40 (min doqquz yüz səksən yeddi manat 40 qəpik) manat faiz borcunun və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun Cavabdeh1 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan Masallı rayonu, Sərçuvar kəndində mülkiyyətində olan 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 66,9 kv.m. yaşayış, 252,6 kv.m. köməkçi sahəsindən ibarət fərdi yaşayış evinə yönəlməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin yaşayış sahəsinin boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Masallı rayon filialı ilə Cavabdeh1 arasında bağlanmış 12.03.2015-ci il tarixli 106 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 36 (otuz altı) ay müddətinə illik 6 (altı) faiz dərəcəsi ilə 15.000 (on beş min) manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 19.03.2015-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus Masallı rayonu, Sərçuvar kəndində mülkiyyətində olan 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 66,9 kv.m. yaşayış, 252,6 kv.m. köməkçi sahəsindən ibarət fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Masallı rayonu, Sərçuvar kəndində mülkiyyətində olan 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 66,9 kv.m. yaşayış, 252,6 kv.m. köməkçi sahəsindən ibarət fərdi yaşayış evinin ipotekaya qoyulması barədə Bank ilə Cavabdeh2 arasında 12.03.2015-ci il tarixli 106/1 saylı ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə notariat qaydada təsdiq edildikdən sonra fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 19.03.2015-ci il tarixli RX seriyalı ******* saylı Çıxarış verilmişdir. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 2.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********283 saylı 27.01.2021-ci il tarixli və **********893 saylı 19.02.2021-ci il tarixli bildirişlərin göndərilməsinə baxmayaraq, cavabdehlər Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdirlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. 22.01.2021-ci il tarixinə Cavabdeh1nın kredit üzrə cəmi borcu 18.044,80 (on səkkiz min qırx dörd manat 80 qəpik) manat təşkil edir. Bundan 13.681,28 (on üç min altı yüz səksən bir manat 28 qəpik) manat əsas, 1171,92 (min yüz yetmiş bir manat 92 qəpik) manat faiz, 1204,20 (min iki yüz dörd manat 20 qəpik) manat cərimə və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1987,40 (min doqquz yüz səksən yeddi manat 40 qəpik) manat faiz borcu təşkil edir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında İddiaçı ASC-dən 15.000 manat kredit götürdüyünü, lakin sonradan təsərrüfatına xəstəlik düşdüyündən krediti qaytara bilmədiyini bildirdi. Eyni zamanda, vaxt verilərsə, krediti qaytaracağını bildirdi. Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatında ona məxsus fərdi yaşayış evini kreditin təminatı kimi ipotekaya qoyduğunu bildirərək qanuna müvafiq qaydada qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 12 mart 2015-ci il tarixli, 106 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh1 illik 6 faiz dərəcəsi ilə, 36 ay müddətinə heyvandarlığın inkişaf etdirilməsi məqsədilə 15.000 (on beş min) manat məbləğində kreditin verilməsi barədə tərəflər razılığa gəlmişlər. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 12 mart 2015ci il tarixli, 106/1 saylı sonrakı ipoteka müqaviləsinə əsasən, 12 mart 2015-ci il tarixli, 106 saylı kredit müqaviləsin təminatı kimi Cavabdeh2 məxsus, Masallı rayonu, Sərçuvar kəndində, 0.12 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 3 otaqlı, yaşayış sahəsi 66.9 kv.m, yardımçı sahəsi 252.6 kv.m olan fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 19.03.2015-ci il tarixli, RX seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh2 məxsus Masallı rayonu, Sərçuvar kəndində yerləşən fərdi yaşayış evi, mülkiyyətində olan 0.12 ha torpaq sahəsi ilə birlikdə İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan ləğv prosesində olan İddiaçı ASC-nin 29.01.2021-ci il tarixli, **********340 saylı arayışından görünür ki, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 12 mart 2015-ci il tarixli, 106 saylı kredit müqaviləsi üzrə cavabdehin 22.01.2021-ci il tarixə banka 13.681,28 manat əsas, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz 1.171,92 manat, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 1.204,20 manat, həmçinin Mülki Məcəllənin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 1.987,40 manat, müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 18.044,80 manat təşkil edir. İş materiallarında olan, ləğv prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh1 ünvanlanmış 27.01.2021-ci il tarixli pretenziyadan görünür ki, tərəflər arasında bağlanılmış 12 mart 2015-ci il tarixli, 106 saylı kredit müqaviləsi üzrə borcun 3 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan ləğv prosesində olan İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 08 saylı Cəlilabad Ərazi İdarəsinə ünvanlanmış 12 fevral 2021-ci il tarixli, **********797 saylı ərizədən görünür ki, ləğv prosesində olan İddiaçı ASC ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 08 saylı Ərazi İdarəsinə müraciət edərək, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınmasını xahiş etmişdir. İş materiallarında olan müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişlərindən görünür ki, 10 manat məbləğində dövlət rüsumu və 30 manat məbləğində xidmət haqqı ödənilmişdir. İş materialında olan, ləğv prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış 19.02.2021-ci il tarixli “ipoteka predmetinə tutmanının yönəldilməsi barədə” bildirişdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanılmış 12 mart 2015-ci il tarixli, 106 saylı kredit müqaviləsi əsasında aldığı 15.000 (on beş min) manat kredit müqaviləsi üzrə cəmi 18.044,80 manat borcunun olması və qeyd olunan borc ödənilmədiyi halda ipoteka predmetinə tutmanın yönəldilməsi üçün məhkəməyə müraciət olunacağı barədə Cavabdeh1 və Cavabdeh2 məlumatlandırılmışdır. İş materiallarında olan ləğv prosesində olan İddiaçı ASC-nin məhkəməyə ünvanladığı məktubdan görünür ki, cavabdehin borcu Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28.02.2019-cu il tarixli Fərmanının təsirinə düşmür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 iyul 2021-ci il tarixli, 9/4401 saylı ekspert rəyində qeyd olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materillarında olan cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış 03.2015-ci il tarixli, 106 SF saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla müqavilə müddəti bitən tarixə, yəni 13.03.2018-ci il tarixinə və 13.03.2018-ci il tarixindən iddia tələbinin tarixinə, yəni 22.01.2021-ci il tarixinədək illik 5 faiz hesablanmaqla Cavabdeh1 İddiaçı ASC-yə olan borcu qeyd edilən tarixlər üzrə ayrı ayrılıqda 13 mart 2018-ci il tarixinə əsas borc üzrə 14.489,80 manat, faiz borcu üzrə 725,97 manat, 22.01.2021-ci il tarixinə əsas borc üzrə 13.969,69 manat, faiz borcu üzrə 2.071,39 manat müəyyən edilir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 07 dekabr 2021-ci il tarixli, 461/ZB/21 saylı fərdi yaşayış evinin qiymətləndirilməsi rəyindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 12 mart 2015-ci il tarixli, 106/1 saylı sonrakı ipoteka müqaviləsinə əsasən, Masallı rayonu, Sərçuvar kəndində yerləşən fərdi yaşayış evinin likvid dəyəri 48.000 manat təşkil edir. "xxxx" MMC tərəfindən təqdim olunmuş 340 saylı hesab fakturaya əsasən qiymətləndirmə haqqı 300 manat təşkil etmişdir. Məhkəmə müəyyən etdi ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 12 mart 2015-ci il tarixli, 106 saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən, Cavabdeh1 illik 6 faiz dərəcəsi ilə, 36 ay müddətinə 15.000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda İddiaçı ASC Cavabdeh2 arasında 12 mart 2015-ci il tarixli, 106/1 saylı sonrakı ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən, Cavabdeh2 məxsus, Masallı rayonu, Sərçuvar kəndində, 0.12 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 3 otaqlı, yaşayış sahəsi 66.9 kv.m, yardımçı sahəsi 252.6 kv.m olan fərdi yaşayış evi sözügedən kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh1 həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin 17 iyul 2021-ci il tarixli, 9/4401 saylı ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, faiz və müqavilə müddəti bitdikdən sonra hesablanmış faiz borcları üzrə ekspertin gəldiyi nəticə iş materiallarına əlavə olunmuş sübutlara və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 iyul 2021-ci il tarixli, 9/4401 saylı rəyi ilə kredit müqaviləsi üzrə əsas borcun iddiada tələb olunan məbləğdən artıq olması müəyyən olunsa da, verilmiş tələblər üzrə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, Cavabdeh1 tərəflər arasında bağlanmış 12 mart 2015-ci il tarixli, 106 saylı kredit müqaviləsi üzrə 13.681,28 manat əsas, 725,97 manat faiz və müqavilə müddəti bitdikdən sonra hesablanmış 1.344,42 manat faiz borcunun olması iş materialları ilə öz təsdiqini tapmışdır. Qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, əsas borcunun tutulması hissəsində iddia tam, faiz və müqavilə müddəti bitdikdən sonra hesablanmış faiz borcunun tutulması hissəsində iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24.12.2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə iddianın 1.204,20 manat cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə cərimənin 1.204,20 manat məbləğində deyil, 20 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Bundan əlavə, məhkəmə qeyd edir ki, tərəflər arasında 12 mart 2015-ci il tarixli, 106/1 saylı sonrakı ipoteka müqaviləsi bağlanılmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən qanunla və ya əvvəlki ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka qoyan digər öhdəliklərini təmin etmək üçün əvvəldən ipoteka qoyulmuş əşyanı yenidən girov qoya bilər (sonrakı ipoteka). Həmin Qanunun 34-cü maddəsində ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması əsasları göstərilmişdir. Həmin Qanunun 34.1.1-ci və 34.1.3-cü maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aiddir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndircinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli, 01 saylı Qərardadında qeyd olunmuşdur ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə borcun ipoteka predmetinə yönəldilərək, həmin əmlakın açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, yuxarıda sadalanan hüquq normalarına əsasən iddia tələbi həmin hissədə əsaslıdır. Odur ki, iddia həmin hissədə təmin edilməli, ipoteka predmetinin, yəni Cavabdeh2 məxsus İddiaçı ASCnin xeyrinə ipoteka ilə yüklü edilmiş, Masallı rayonu, Sərçuvar kəndində 0,12 hekar torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 48.000 manat müəyyən edilməklə, həmin əmlak açıq hərracda satılmalı və satışdan əldə ediləcək vəsait hesabına borc tələbi ödənilməlidir. Məhkəmə iddia tələbinin “ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-ci maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir. Odur ki, iddianın həmin hissəsi əsassızdır. Buna görə də iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə eyni zamanda, iddia tələbinin “ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evinin boşaldılması” hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Göründüyü kimi, ipoteka müqaviləsi üzrə kredit götürmüş şəxs həmin ipoteka predmeti olan fərdi yaşayış evində qeydiyyatda olan şəxslərlə birlikdə ipoteka predmeti olan yaşayış sahəsindən çıxmaq öhdəliyini qəbul etmiş və bu öhdəliyin icrası üçün ayrıca məhkəmə qərarı tələb olunmur. Məhkəmə o cümlədən, iddia ərizəsinin “ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evinin ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi” tələbinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan rədd edilməlidir. Məhkəmə qeyd edir ki, fərdi yaşayış evi satıldıqdan sonra, həmin fərdi yaşayış evinin mülkiyyətçisi iddiaçı, yəni ləğv prosesində olan İddiaçı ASC olmaya da bilər. Buna görə də iddiaçının fərdi yaşayış evinin ona təhvil verilməsini tələb etməsi əsassızdır. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 4 manatı iddiaçıya aid edilməli, dövlət rüsumunun 26 manatı və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat isə Cavabdeh1 iddiaçının xeyrinə tutulmalı, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq (qiymətləndirmə) ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat Cavabdeh2 tutularaq "xxxx" MMC-yə, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın 65 (altmış beş) manatı Cavabdeh1, 35 (otuz beş) manatı isə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 13.681,28 manat məbləğində əsas borc, 725,97 manat faiz borcu, 20 manat cərimə (dəbbə pulu) borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış 1.344,42 manat faiz borcu, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 26 manat və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat rüsum olmaqla, ümumilikdə 15.837,67 (on beş min səkkiz yüz otuz yeddi manat, altmış yeddi qəpik) manat məbləğində pul tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Tələb Cavabdeh2 məxsus Masallı rayonu, Sərçuvar kəndində, 0.12 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 3 otaqlı, yaşayış sahəsi 66.9 kv.m, yardımçı sahəsi 252.6 kv.m olan fərdi yaşayış evinə yönəldilsin. Cavabdeh2 məxsus Masallı rayonu, Sərçuvar kəndində, 0.12 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 3 otaqlı, yaşayış sahəsi 66.9 kv.m, yardımçı sahəsi 252.6 kv.m olan fərdi yaşayış evinin ilkin satış qiyməti 48.000 manat məbləğində olmaqla açıq hərracda satılsın və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən 13.681,28 manat məbləğində əsas borc, 725,97 manat faiz borcu, 20 manat cərimə (dəbbə pulu) borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış 1.344,42 manat faiz borcu, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 26 manat və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat rüsum ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsi Cavabdeh2 qaytarılsın. İddia tələbi qalan hissədə rədd edilsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın 65 (altmış beş) manatı Cavabdeh1, 35 (otuz beş) manatı isə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. İş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatının dəyəri olan 300 manat məbləğində pul vəsaiti Cavabdeh2 alınaraq "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-40/2022
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-40/2022
12.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver