Məhkəmə qərarları › İş №e-2-2(121)-400/2023

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-400/2023

19.04.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-400/2023 19.04.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, məhkəmə iclas katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borca görə 5.371,83 manat və ödənilmiş mediasiya rüsumuna görə 100 manat olmaqla cəmi 5.471, 83 manat pulun alınaraq İddiaçı MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh arasında bağlanmış şifahi əqdə əsasən, cavabdeh 2018-ci il mövsümündə xam-pambıq əkilməsi məqsədilə iddiaçıdan avans xidmətlər göstərilməsini, bunun müqabilində isə tədarük mövsümü vaxtı xam-pambıq verməklə təhvil götürdüyü avansın dəyərini əvəzləşdirməyi öhdəsinə götürmüşdür. AR Mülki Məcəlləsinin 329.3-cü bəndinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Belə ki, cavabdeh tərəfindən iddiaçıdan avans olaraq ümumi dəyəri 18.811,21 manat təşkil edən aqrotexniki xidmətlərin, mal-materialın, nağd vəsaitin və s. təhvil alınması özündə şifahi əqdi ehtiva edir. Həmçinin cavabdeh tərəfindən iddiaçıya təhvil götürdüyü avansın müqabilində ümumi dəyəri 12.016,88 manat təşkil edən xam-pambıq təhvil verilmişdir. Bundan başqa cavabdeh tərəfindən əlavə olaraq 1.422,50 manat dəyərində vəsait iddiaçıya geri qaytarılmışdır. Son nəticədə cavabdehin iddiaçıya təhvil götürdüyü avans vəsaitlərin dəyərinə görə 5.371,83 manat borcu yaranmışdır. Cavabdehin borclu qalması, onun iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsi ilə də təsdiq edilir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, həmçinin gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarını nəzərə alaraq, iş materiallarında olan sənədlərə və digər sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan görülən işlər, xidmətlər və ödənilən vəsaitlər haqqında məlumatı özündə əks etdirən cədvəldən görünür ki, Cavabdeh aid sahəyə xx.xx.2017-ci il tarixdən etibarən müxtəlif aqrotexniki xidmətlər göstərilmiş, həmçinin həmin sahədə əkilməsi üçün toxumluq çiyidlər və Cavabdeh nağd pul vəsaiti verilmişdir. Həmin cədvələ əsasən ümumilikdə iddiaçı tərəfindən cavabdehə göstərilən xidmətin, görülən işlərin və ödənilən nağd vəsaitin ümumi dəyəri 18811,21 manat olmuş, cavabdeh tərəfindən iddiaçıya isə 13439,38 manat dəyərində xammal və pul ödənilmişdir. İş materiallarında olan Cavabdeh “MTK Beyləqan” rayon filialına ünlanladığı xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, həmin ərizə ilə o, hava şəraiti ilə bağlı üzərinə düşən öhdəliyi lazımi şəkildə icra edə bilmədiyini, nəticədə cəmi 5571 manat 83 qəpik borcu qaldığını, həmin borcdan 2022-ci ilin fevral ayında 100 manat ödəniş etdiyini bildirmiş və 2022-ci ilin dekabr ayına kimi bütün borcunu bağlayacağını öhdəsinə götürmüşdür. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ın surətindən görünür ki, İddiaçı MMC-nin ərizəsinə əsasən xx.xx.2022-ci il tarixinə təyin edilən ilkin mediasiya sessiyasından sonra Cavabdeh mediasiya prosesinin davam etdirməyə razılıq verməmişdir. İş materiallarında olan “ödəniş tapşırığı”ın surətindən görünür ki, İddiaçı MMC ilkin mediasiya sessiyasının keçirilməsi üçün Cəbrayıl 1 saylı Mediasiya Təşkilatının hesabına 100 manat vəsait ödəmişdir. Beləliklə işin müəyyən edilmiş hallarına əsasən aşkar olunur ki, iş üzrə tərəflər şifahi qaydada razılığa gəlmişlər ki, iddiaçı cavabdehə məxsus olan sahədə xam pambıq əkilməsi və tədarük mövsümündə yığılmış xam pambığın iddiaçıya satılması müqabilində cavabdehə müxtəlif aqrotexniki xidmətlərin göstərilməsini, həmçinin cavabdehə toxumluq çiyidlər və avans olaraq nağd pul vəsaitinin verilməsini, cavabdeh isə tədarük etdiyi xampambığın ilk olaraq iddiaçı tərəfindən göstərilmiş xidmətlərin, verilmiş malların və nağd pul vəsaitinin qaytarılması məqsədi ilə iddiaçıya verilməsini, bundan sonra tədarük ediləcək xam pambığın isə razılaşdırılmış qiymətə iddiaçıya satılmasını öhdələrinə götürürlər. İşdə olan görülən işlər, xidmətlər və ödənilən vəsaitlər haqqında məlumatı özündə əks etdirən cədvəldən və cavabdehin iddiaçıya ünvanladığı ərizəsindən görünür ki, iddiaçı razılaşmaya əməl edərək öz üzərinə düşən öhdəliyi tam icra etmişdir, Cavabdeh isə həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Belə ki, Cavabdeh iddiaçıdan avans olaraq ümumi dəyəri 18.811,21 manat təşkil edən aqrotexniki xidmətləri, mal-materialı, nağd vəsaiti və s. təhvil alsa da, bunun müqabilində iddiaçıya ümumi dəyəri 12.016,88 manat təşkil edən xam-pambıq təhvil vermişdir, bundan başqa əlavə olaraq 1.422,50 manat dəyərində vəsaiti iddiaçıya geri qaytarmışdır. Son nəticədə cavabdehin iddiaçıya 5.371,83 manat borcu yaranmışdır. Bununla da Cavabdeh müqavilə üzrə yaranmış öhdəliklərini vaxtında və lazımınca icra etmədiyi aşkar olunur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh qarşı müqavilə üzrə öhdəliklərinin icrasına dair tələbi hüquqi və əsaslıdır. Məhkəmə, tərəflərin daxil olduqları hüquq münasibətinin mahiyyəti ilə bağlı qeyd edir ki, tərəflər arasında müqavilə münasibətlərindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur və həmin müqavilə münasibətləri struktur baxımından mülki qanunvericilikdə nəzərdə tutulmuş alqı-satqı müqaviləsinə daha çox uyğun gəlir. Belə ki, iddiaçı tərəfindən cavabdehə nağd pul vəsaitinin verilməsi ilə yanaşı, xidmət göstərilməsi və mal-material verilməsi formasında da icra hərəkətləri həyata keçirilsə də, göstərilən xidmətlərin məqsədi konkret olaraq həmin xidmətlərə və mal-material verilməsinə görə mənfəət və ya başqa şəkildə gəlir əldə etmək olmamışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki halları bu nəticəyə gəlməyə əsas verir ki, göstərilən xidmətlərin, verilən mal-materialın və nağd pul vəsaitinin əsas məqsədi cavabdehin ona məxsus olan sahədən daha çox məhsul əldə etməsinə və sonradan həmin məhsulun razılaşdırılmış qiymətlərlə iddiaçıya göndərilməsinə (satılmasına) nail olmaqdan ibarət olmuşdur. Bu isə son nəticədə tərəflər arasında cavabdehin istehsal etdiyi məhsulun alqısatqısının həyata keçirilməsi barədə razılığın əldə edildiyini göstərir. Bu konteksdən yanaşdıqda məhkəmə hesab edir ki, tərəflər arasında olan razılaşma mülki qanunvericilikdə nəzərdə tutulmuş klassik mənada alqı-satqı müqaviləsi sayılmasa da (belə ki, Mülki Məcəllənin alqı-satqı müqaviləsinin leqal tərifini nəzərdə tutan 567-ci maddəsinə görə, alqı-satqı müqaviləsinə əsasən alıcı mülkiyyətinə qəbul etdiyi əşyanın qarşılığında xidmət, digər əşya və s. deyil, yalnız müəyyənləşdirilmiş pul məbləği ödəməyi öhdəsinə götürür), tərəflərin müqavilə münasibətlərinə daxil olarkən güddükləri hüquqi niyyət və məqsəd nəzərə alındıqda alqı-satqıya oxşar müqavilə kimi qiymətləndirilməlidir. Buna görə də, hazırki işə Azərbaycan Respublikası Mülki Məcəlləsinin alqı-satqı müqaviləsinə dair müvafiq normaları tətbiq edilməldir. Məhkəmə hesab edir ki, iddianın maddi hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı normaları təşkil edir. Mülki Məcəlləinin 604-cü maddəsinə əsasən, hazırlanmalı və ya istehsal edilməli malların göndərilməsinə dair müqavilələr, əgər sifarişçi həmin malların hazırlanması və ya istehsalı üçün zəruri materialların mühüm hissəsini göndərməyi öz öhdəsinə götürürsə, habelə əgər mal göndərən tərəfin vəzifələrinin daha böyük hissəsi işlərin görülməsindən və ya başqa xidmətlərin göstərilməsindən ibarət deyildirsə, alqı-satqı müqavilələrinə vərabər tutulur. Mülki Məcəllənin 599.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirir. Mülki Məcəllənin 599.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. İddiaçının icra tələbi həmçinin öhdəlik hüququnun ümumi normalarının tələblərindən də irəli gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə həmçinin iddianın 100 manat mediasiya xərcinin cavabdehdən tutulmasına dair hissəsini də əsaslı hesab edir. Belə ki, Cavabdeh müqavilədən irəli gələn vəzifələrini lazımınca icra etmədiyinə görə iddiaçının məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə iddiaçıya əlavə zərər vurmuşdur. Buna görə də, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə xərc də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 5.371,83 manat məbləğində əsas borc, 100 manat ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş məbləğ olmaqla, ümumilikdə 5.471,83 manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar