Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-4075/2024 26.12.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abbasov Zaur Vahid oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, müəyyən etdi : İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Cəbrayıl Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 4500 (dörd min beş yüz) manat məbləğində və dövlət rüsumu olaraq ödənilmiş 180 (yüz səksən) manat məbləğində pulun məcburi qaydada alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı, X3 ilə birlikdə Bakı şəhərində mebel sexi yaradıb birgə fəaliyyət göstərmək qərarına gələrək işə başlamışlar. İşin maliyyə tərəfi Azər Əliyev tərəfindən görülərək birgə işə 30000 manat pul qoyulmuş, ilin sonunda iş uğurlu alınmadığından iddiaçının Azər Əliyevə 30000 manat borcu yaranmışdır. İddiaçı həmin borcun 14000 manat hissəsini notarial qaydada, 16000 manat hissəsini isə məhkəmə qaydasında Azər Əliyevə qaytarmışdır. İddiaçı borclu olduğu pulu qaytararkən həmin puldan 4500 manat hissəsini X2 tapşırığı və göstərişi ilə Cavabdeh adlı şəxsə vermişdir. İddiaçını Cavabdehla Azər Əliyev tanış etmiş və Cavabdeh Azər Əliyevin adamı olduğunu bildirərək iddiaçıdan hədə-qorxu gələrək pul tələb etmişdir. İddiaçı Cavabdeh göstərişi ilə 1000 manat pulu xalası oğlu kimi təqdim etdiyi şəxsə Bayıl ərazisində, 1000 manat pulu şəxsən özünə, 2500 manat pulu isə Cavabdeh tapdığı ilə onun tanışı olan X1 adına Bakı şəhərində Kapital Bankdan kredit götürərək iddiaçı tərəfindən ödənilməklə ümumilikdə 4500 manat pulu Cavabdeh vasitəsi ilə Azər Əliyevə ödəmişdir. Qax Rayon Məhkəməsində isə Azər Əliyev iddiaçıdan 16000 manat pul tələb edərkən Cavabdeh ona pul vermədiyini bildirmişdir. Lakin, Cavabdeh Azər Əliyevin adından hərəkət etmiş və iddiaçıdan Azər Əliyev üçün 4500 manat pulu almışdır. Yekunda iddiaçı Azər Əliyevə yenidən həmin 4500 manat pulu ödəməli olmuşdur. Yuxarıda qeyd edilənlərdən birbaşa olaraq görünür ki, Cavabdeh iddiaçıdan Azər Əliyevə vermək adı ilə 4500 manat pul almış və hazırda iddiaçının pulunu geri qaytarmayaraq Azər Əliyevə verdiyini bildirir. Hesab edir ki, 4500 manat pul Cavabdeh məcburi qaydada alınaraq ona ödənilməlidir. Cəbrayıl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(072)-681/2024 nömrəli qərardadı ilə mülki işin baxılması üçün məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə qərardadı onunla əsaslandırılmışdır ki, həm iddaçı İddiaçı, həm də Cavabdeh vergi ödəyicisi kimi Azərbaycan Respublikasının İqtisadiyyat Naziliyi yanında Dövlət Vergi Xidmətində qeydiyyatdadırlar, yəni İddiaçı fərdi sahibkar statusu olan fiziki şəxs (VÖEN: **********) və Cavabdeh fərdi sahibkar statusu olan fiziki şəxsdir. (VÖEN: 1********). Bundan başqa, tələb edilən pul məbləği məhz birgə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə qoyulmuş kapitaldır. Mübahisənin predmetini istehlak münasibətlərindən irəli gələn tələb təşkil etmir. Bundan başqa, iddia edildiyi kimi, cavabdeh (fərdi sahibkar) Cavabdeh birgə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə kapital qoyulmuş və tələb edilən pul məbləğinin geri qaytarılmasında tapşırıq əsasında iştirak etmişdir. Mübahisə tərəflərin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəlir, baxmayaraq ki, cavabdeh (fərdi sahibkar) Cavabdeh tələb edilən pul məbləğinin geri qaytarılmasında tapşırıq əsasında vəkalət alan şəxs qismində iştirak etmişdir. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər və vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Tələb üzrə mübahisə tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəlir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab etmişdir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə, işin hallarını və iş materiallarında olan sənədləri nəzərə alaraq hesab edir ki, baxılan işin tərəflərin birgə və ya ayrı-ayrılıqda sahibkarlıq fəaliyyəti ilə əlaqədar olması mübahisəlidir. Məhkəmə aidiyyətinin pozuntusuna yol verilməməsi üçün məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti ilə əlaqədar yaranmış fikir ayrılığına aydınlıq gətirilməsi zəruridir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 10 nömrəli qərarının 10-cu bəndində qeyd olunmuşdur ki, “2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur.” Məhkəmə iş materiallarında olan müvafiq sənədlərə əsasən onu da qeyd edir ki, hazırki mübahisənin tərəflərinin hər ikisi fərdi sahibkar statusuna malikdirlər. Lakin, mövcud qanunvericilik normalarının tələblərinə, həmçinin Ali Məhkəmənin Plenumunun yuxarıda adı çəkilən qərarının tövsiyələrinə uyğun olaraq hazırki mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün mübahisə tərəflərinin subyekt tərkibi ilə yanaşı, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri düzgün müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, baxılan işin predmetinin və tərəflərin daxil olduqları hüquq münasibətlərinin xarakterinin müəyyən edilməsi üçün ilk növbədə işin hazırki vaxta kimi müəyyən edilmiş faktiki halları qiymətləndirilməlidir. İddia ərizəsinin məzmununa, iddiaçının izahatına və işdə olan sənədlərə əsasən müəyyən olunur ki, iddiaçı bir müddət birgə biznes fəaliyyəti ilə məşğul olduğu şəxsə (şərti olaraq “üçüncü şəxs”) həmin fəaliyyət nəticəsində yaranmış borcunu ödəmək məqsədi ilə cavabdehə və cavabdehin göstərdiyi digər şəxslərə ümumilikdə 4500 manat məbləğində pul verdiyini, lakin sonradan cavabdehin həmin pulu üçüncü şəxsə vermədiyini öyrəndiyini, bununla əlaqədar şikayət ərizəsi ilə polisə müraciət etdiyini, üçüncü şəxsin də başqa məhkəmə prosesində verdiyi izahatında cavabdeh tərəfindən ona həmin pulun verilmədiyini bildirdiyini, cavabdehin üçüncü şəxsə vermək adı ilə iddiaçıdan 4500 manat pul almasına baxmayaraq pulu qaytarmadığını bildirir. Beləliklə, işin iddiaçı tərəfindən bildirilən və işdə olan sənədlərlə təsdiq olunan faktiki hallarının təhlili bu nəticəyə gəlməyə əsas verir ki, iş üzrə iddiaçı və cavabdeh arasında hər hansı bir əqddən irəli gələn hüquq münasibəti mövcud olmamışdır, iddiaçının cavabdehə qarşı hazırki tələbinin faktiki halları isə əsassız varlanma ilə bağlı münasibətləri tənzimləyən mülki hüquq normalarının dispozisiya şərtlərinə uyğun gəlir. Buna görə də qeyd etmək olar ki, baxılan iş üzrə mübahisənin predmetini cavabdehin heç bir müqavilə və ya digər hüquqi əsas olmadan iddiaçıdan pul alaraq əsassız varlanması nəticəsində iddiaçının pozulmuş hüquqlarının müdafiəsi və bərpası ilə bağlı subyektiv hüququ təşkil edir. Məhkəmə, yuxarıda şərh olunan xüsusatları nəzərə almaqla mübahisənin kommersiya məhkəmələrinin baxış predmetinə aid olmasını müəyyən edən əsas və həlledici meyarla, tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakteri ilə bağlı qeyd edir ki, tərəflərin mübahisə predmeti ilə əlaqədar hüquq münasibətlərinə daxil olarkən güddükləri niyyət və məqsədləri onların istər ayrı-ayrı, istərsə də birgə sahibkarlıq fəaliyyətlərinin həyata keçirilməsinə yönəlməmişdir. Məhkəmə qeyd edir ki, hazırki işdə iddiaçı tərəfindən ödənilən pul vəsaitinin üçüncü şəxslə birgə sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranmış borc öhdəliyinin üçüncü şəxs qarşısında icrası məqsədi daşıdığını nəzərə alaraq sahibkarlıq fəaliyyəti ilə əlaqələndirmək mümkün olsa da, bunu cavabdeh haqqında söyləmək olmaz. Belə ki, işin hallarından göründüyü kimi iddiaçı pul vəsaitini cavabdehə, sonuncuya qarşı hər hansı bir öhdəliyini yerinə yetirmək üçün verməmişdir və qeyd edilməlidir ki, ümumiyyətlə iş üzrə iddiaçı və cavabdeh arasında əvvəlcədən heç bir öhdəlik hüquq münasibətləri mövcud olmamışdır. Öhdəliyin əsassız varlanma nəticəsində yarandığı ehtimal olunur ki, bu halda da həmin öhdəlik cavabdehin aldatma, hədə-qorxu və ya digər şəkildə iddiaçıdan pul vəsaitini almağa nail olması ilə baş tutmuşdur. Şərh olunanları yekunlaşdıraraq məhkəmə belə qənaətə gəlir ki, cavabdehin baxılan iş üzrə fəaliyyətini heç bir şəkildə onun sahibkarlıq fəaliyyəti kimi xarakterizə etmək mümkün deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 10 nömrəli qərarının 11 və 12-ci bəndlərində göstərilir ki, “O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.” Beləliklə, şərh olunanlara əsasən məhkəmə, tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakterinin tərəflərin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmadığı qənaətinə gəlir. İşin məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi baxımından mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin həlledici meyar təşkil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki mübahisəyə ümumi məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1-ci maddəsinin qeyd hissəsində göstərilir ki, bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının və qanunverciliyin yuxarıda qeyd olunan normalarının tələbləri baxımından, məhkəmə hesab edir ki, hazırki mübahisəyə ümumi məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.7-ci maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24, 25, 26, 32, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə iş məhkəmə aidiyyətinə dair fikir ayrılığının həll edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-4075/2024
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-4075/2024
26.12.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver