Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-42/2024 14.03.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Musayev Fərhad Böyükağa oğlunun katibliyi ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və qeyrisinə qarşı - kredit borcunun qaytarılması barədə iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra “iddiaçı”, ləğv prosesində olan İddiaçı ASC və ya İddiaçı ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı – 540,05 ABŞ dolları əsas, 334,10 ABŞ dolları faiz, 2027,01 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 83,84 ABŞ dolları faiz borcunun və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 100 manat məbləğində mediasiyaya dair xərcin cavabdehlərdən müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barəsində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 256-14 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə Mövsümü malın alışı məqsədi ilə 18 ay müddətinə illik 33% olmaqla 6350 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə bank arasında xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. xx.xx.2014-cü il tarixli 256-14 nömrəli kredit müqaviləsi üzrə bağlanmış xx.xx.2015-ci il tarixli, 499/15 saylı Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 3499,74 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2016-cı il tarixədək uzadılmışdır. xx.xx.2014-cü il tarixli 256-14 nömrəli kredit müqaviləsi üzrə bağlanmış xx.xx.2017-ci il tarixli, 02 saylı Əlavə Sazişə əsasən kredit Restrukturizasiya edilmişdir. Kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 4232,09 ABŞ dolları hesablanmışdır. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılır və illik 8% ödənilir. LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış əsas borcun, cərimə və faiz borcunun ödənilməsi tələbi” mübahisəsi ilə əlaqədar xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyası keçirilmiş, lakin cavabdehlər ilkin mediasiya sessiyasında iştirak etmədiklərindən “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə MŞC/1-00838 nömrəli xx.xx.2023-cü il tarixli arayış tərtib edilmişdir. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********571 saylı xx.xx.2023-cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2023-cü il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 2985 ABŞ dolları təşkil edir. Bundan 540,05 ABŞ dolları əsas, 334,10 ABŞ dolları faiz, 2027,01 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 83.84 ABŞ dolları faiz borcu təşkil edir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini, iddia tələbinin tam təmin edilməsinə dair yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, işə iştirakı olmadan baxılaraq, iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında cavabdehə 18 ay müddətinə, illik 33 faiz ödəmək şərtilə 6350 ABŞ dolları məbləğində kredit verilməsinə dair 256-14 saylı, xx.xx.2014-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Göstərilən kredit müqaviləsinə əsasən cavabdehə 6350 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında ZM-265-14 saylı, xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan kredit müqaviləsi üzrə bağlanmış xx.xx.2015-ci il tarixli, 499/15 saylı Əlavə Sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 3499,74 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2016-cı il tarixədək uzadılmışdır. Həmçinin zaminlə xx.xx.2015-ci il tarixli, 499/15 saylı Əlavə Saziş imzalanmışdır. İş materiallarında olan kredit müqaviləsi üzrə bağlanmış xx.xx.2017-ci il tarixli, 02 saylı Əlavə Sazişə əsasən kredit Restrukturizasiya edilmişdir. Kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 4232,09 ABŞ dolları hesablanmışdır. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılır və illik 8% ödənilir. Həmçinin zaminlə xx.xx.2017-ci il tarixli, 02 saylı Əlavə Saziş imzalanmışdır. İş materiallarında olan arayışın surətindən görünür ki, Cavabdeh1 İddiaçı ASC-yə 540,05 ABŞ dolları məbləğində əsas, 334,10 ABŞ dolları məbləğində faiz, 2027,01 ABŞ dolları məbləğində cərimə, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 83,84 ABŞ dolları, cəmi 2985 ABŞ dolları məbləğində borcu vardır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehlərə xx.xx.2023-cü il tarixli bildiriş (pretenziya) göndərilmişdir. İşdən görünür ki, iddiaçı tərəfindən cavabdehlərə xx.xx.2023-cü il tarixdə “Mediasiya prosesinin tətbiqi barədə” təklif göndərilmişdir. İş materiallarından görünür ki, “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış xx.xx.2023-cü il tarixdə verilmişdir. İş materiallarında olan Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, iddia ərizəsinin iddia müddəti keçdiyinə görə təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə olan Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli etirazdan görünür ki, o, iddia müddətinin tətbiqi barədə ərizəsinin nəzərə alınmaqla, iddia müddətini tətbiq edərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiqi barədə ərizəsinə öz etirazını bildirmiş və məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə əlavə olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/7524 saylı, xx.xx.2023-cü il tarixli rəyi ilə İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-ci il tarixli, 256-14 saylı kredit müqaviləsinə əsasən müqavilədə qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1nun banka olan borcu – müqavilə bitən müddətə, yəni xx.xx.2020-ci il tarixə əsas borc üzrə 807,10 ABŞ dolları, faiz borcu üzrə 409,44 ABŞ dolları; xx.xx.2023-cü il tarixə (müqavilə müddətindən sonra illik 5 faizlə) əsas borc üzrə 807,10 ABŞ dolları, faiz borcu üzrə 409,44 ABŞ dolları, faiz borcu 5% ilə 115,91 ABŞ dolları, xx.xx.2023-cü il tarixə (müqavilə müddətindən sonra illik 5 faizlə) əsas borc üzrə 807,10 ABŞ dolları, faiz borcu üzrə 409,44 ABŞ dolları, faiz borcu 5% ilə 129,59 ABŞ dolları müəyyən olunur. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində təşkil edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kredit üzrə əsas borcu və faizləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göstərilən Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqavilə(ləri)si (razılaşma(lar)sı) əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə(lər) əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə iddianın cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə əsassız və şişirdilmiş məbləğdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə cərimənin 2027,01 ABŞ dolları məbləğində deyil, 142 ABŞ dolları məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Məhkəmə, cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan pul məbləğinin ödənilməsi üsulu və qaydasını araşdıraraq hesab edir ki, tərəflər arasında debitor-kreditor hüquq münasibətləri xarici valyuta ilə yaranmış olsa da, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan və pul öhdəliyi manatla ifadə edilməli olduğundan cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan pul vəsaiti manatla ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə əsasən, əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 may 2015-ci il tarixli Plenumunun qərarında göstərilir ki, alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Bundan başqa Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Məhkəmə eyni zamanda iddia tələbinin digər Cavabdeh2 qarşı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, bank zaminə qarşı qanunla müəyyən edilmiş müddət ərzində iddia qaldırmaq hüququna malik olduğu halda, bu haqqından istifadə etməmiş və bu müddətdə zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizəsi verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda qeyd olunmuş normaları və müqavilə şərtləri baxımından hazırki mübahisə üzrə Cavabdeh2 qarşı iddia tələbi ona aid hissədə rədd olunmalıdır. Məhkəmə eyni zamanda iddianın mediasiya xərcinin cavabdeh(lər)dən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. Ona görə ki, cavabdeh(lər) iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilə(lər)dən irəli gələn vəzifələrini icra etməmə(lər)si nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərci ödəmişdir. Odur ki, mediasiya xərci cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli olduğundan, bu hissədə də qismən təmin edilərək cavabdeh(lər)dən 90 manat məbləğində mediasiya xərci tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda iddiaçının mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək imkanını araşdıraraq hesab edir ki, mübahisə edilən hüquq münasibəti üzrə iddia müddəti tətbiq edilə bilməz və iddia müddətinin ötürülməsi əsasına görə rədd edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Göründüyü kimi, qeyd edilən müqavilə borcla bağlı müqavilə olduğundan, müqavilə tələbləri üzrə iddia müddəti şamil edilməlidir. Lakin, “Mediasiya haqqında” Azərbaycan Respubliksı Qanununun 21.8-ci maddəsinə əsasən, tərəflər arasında mediasiyaya dair qeyd-şərtdə mediatorun (mediasiya təşkilatının) adı müəyyən edildiyi halda və bu Qanunun 21.6-cı maddəsinə uyğun olaraq göndərilmiş təklifə 10 gün ərzində cavab verilmədikdə və ya təklif rədd edildikdə, təklifi göndərən tərəf mediasiyaya dair qeyd-şərtdə nəzərdə tutulmuş mediatora (mediasiya təşkilatına) müraciət edir. Həmin mediatorun (mediasiya təşkilatının) bu Qanunun 22-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən mediasiya sessiyası barədə bildirişi tərəflərə təqdim etməsindən sonra tərəflər və ya onlardan biri mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, yaxud “mediasiya prosesinin tətbiqi barədə müqavilə”ni imzalamağa razı olmadıqda, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “Mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin ikinci cümləsində qeyd edilən bildiriş tərəflərə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. Həmin Qanunun 29.2-ci maddəsinə əsasən, tərəflər və ya onlardan biri onlara mediatorun (mediasiya təşkilatının) və ya digər tərəfin bu Qanunun 22-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və ilkin mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən ilkin mediasiya sessiyası barədə bildirişi təqdim etməsindən sonra tərəflər və ya onlardan biri ilkin mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən bildiriş tərəflərə ilkin mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. Qeyd edilən Qanunun 29.3-cü maddəsinə əsasən, tərəflərdən biri və ya hər ikisi mediasiya prosesini davam etdirməyə razılıq vermədikdə, habelə bu Qanunun 3.3-cü və 26.4-cü maddələrinə əsasən mediator mediasiya prosesinin həyata keçirilməsindən imtina etdikdə, mediator mediasiya prosesinə xitam verir və “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” ilə bağlı arayışı tərəflərə təqdim edir. İşdən də aşkar surətdə aydın olur ki, iddiaçı tərəfindən cavabdehlərə xx.xx.2023-cü il tarixdə “Mediasiya prosesinin tətbiqi barədə” təklif göndərilmiş və ona xx.xx.2023-cü il tarixdə “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış verilmişdir. İddiaçı mövcud iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia müddəti iddiaçı tərəfindən ötürülməmişdir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respubliksı Qanununun 32.1.9-cu maddəsinə əsasən, bu Qanunun 21.8-ci, 29.2-ci və 29.3-cü maddələrində göstərilən arayış tərtib olunduqda, mediasiya prosesinə xitam verilir. Həmin Qanunun 32.4.2-ci maddəsinə əsasən, bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən mediasiya prosesinə xitam verilir. Qeyd edilən Qanunun 35.1-ci maddəsinə əsasən, mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Göstərilən Qanunun 35.2-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehlərə xx.xx.2023-cü il tarixdə “Mediasiya prosesinin tətbiqi barədə” təklif göndərilməsi ilə iddia müddətinin axımı dayandırılmış, “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” ilə bağlı xx.xx.2023cü il tarixdə arayışın verilməsi ilə yenidən başlandığından iddia müddəti iddiaçı tərəfinən ötürülməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 379.4-1-ci maddəsinə əsasən, mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir. Məhkəmə hesab edir ki, cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiq edilməsi barəsində ərizəsinin dəlilləri əsassızdır. Buna görə də, mübahisə edilən hüquq münasibəti üzrə iddia müddəti tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, mübahisə tərəfi olan cavabdehin nümayəndəsi iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etsə də, iş üzrə iddia müddəti tətbiq edilərək, iddiadan imtina edilə bilməz. Məhkəmə həmçinin hesab edir ki, ekspertiza xərci tərəflərdən tutulmalıdır. Belə ki, məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğindədir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatlarının dəyəri olaraq 100 manat məbləğində pul vəsaiti Cavabdeh1 alınaraq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdeh(lər)dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, iddia qismən təmin edilməli olduğundan, iddiaçı isə dövlət rüsumunu ödəməkdən azad olunduğundan, məhkəmə xərcinə daxil olan 70,74 manat dövlət rüsumunun 38 manatı cavabdeh(lər)dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Ödəniş gününə qüvvədə olan məzənnə ilə 540,05 ABŞ dolları məbləğində əsas borc, 334,10 ABŞ dolları məbləğində faiz borcu, 142 ABŞ dolları məbləğində cərimə, 83,84 ABŞ dolları məbləğində müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu, cəmi 1099,99 ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı və 90 manat məbləğində mediasiya xərci Cavabdeh1 alınaraq ləğv prosesində olan İddiaçı ASCyə ödənilsin. İddia tələbi qalan hissədə, o cümlədən Cavabdeh2 münasibətdə təmin edilməsin. 38 manat məbləğində dövlət rüsumu Cavabdeh1 alınaraq dövlət büdcəsinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaiti Cavabdeh1 alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-42/2024
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-42/2024
14.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver