Məhkəmə qərarları › İş №e-2-2(121)-426/2021

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-426/2021

22.09.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-426/2021 22.09.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Pərviz Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən ona məxsus Kürdəmir rayonu, Sığırlı kəndində yerləşən mağazaya 09.12.2020-ci il tarixə hesablamış 11.192,95 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Kürdəmir rayonu, Sığırlı kəndində yerləşən mağazası vardır. Eyni zamanda o, fərdi sahibkar kimi lazımi orqanlarda qeydiyyata durmuş və dövlət büdcəsinə ödənilməsi nəzərdə tutulan bütün ödənişləri vaxtıvaxtında həyata keçirmişdir. Bununla yanaşı bütün kommunal ödənişləri, o cümlədən sərf edilmiş elektrik enerjisinə görə də yaranan aylıq ödənişləri də hər ay ödəmişdir. Bütün kommunal xidmət göstərən müəssisələrlə müqavilələr də bağlanmışdır. O cümlədən enerjitəchizatı müəssisəsi ilə onun arasında sonuncu dəfə 11.01.2021-c il tarixdə elektrik enerjisinin alqı-satqısına dair birtipli müqavilə bağlanmışdır. Elektrik enerjisinə görə heç vaxt borcu yaranmamışdır. Lakin, 10.02.2021-ci il tarixdə enerjitəchizatı müəssisənin nümayəndələri obyektə yaxınlaşaraq, 09.12.2020-ci il tarixli xəbərdarlığı ona təqdim etmişlər və guya tərəflərindən sərf edilmiş elektrik enerjisinə görə 11.192,95 manat məbləğində borcun olduğunu bildirmişlər. Enerjitəchizatı müəssisəsinin nümayəndələri bu borcun dərhal ödənilməsini tələb etmişlər. Lakin həmin borcun haradan və nə vaxt yaranmasına dair tərəflərindən verilmiş sualları qarşı tərəf cavablandıra bilməmişdir. Borcun haradan və nə vaxt yaranması bilinmədiyi və o, bu məbləğin əsassız olaraq hesablandığını bildiyi üçün ödəməkdən imtina etmişdir. Qarşı tərəf isə buna cavab olaraq qanunvericilkdə nəzərdə tutulmuş qaydada bildiriş vermədən və qanunda nəzərdə tutulmuş müddəti gözləmədən obyektə elektrik enerjisinin verilişini dayandırmışlar. Bu qanunsuz hərəkətlər nəticəsində mağazada olan mallar xarab olmağa başlamışdır. İddiaçı dəyən maddi ziyanın ödənilməsi məqsədi ilə müxtəlif dövlət orqanlarına müraciət etmişdir. Qarşı tərəf bu günədək ona verilmiş müəyyən rəsmi sənədlərdə debitor borcun olmasını qeyd etmiş, lakin, o, bu borcu heç vaxt qəbul etməmiş, buna dair də hər bir sənəddə borcu qəbul etmədiyini qeyd etmişdir. Hətta enerjitəchizatı müəssisənin əməkdaşları da bu borcun əsassız olduğunu bilirlər və daxili sənədləşmədə bunu qeyd etmişlər. Borc məbləğinin yaranma mənbəyinin araşdırılması məqsədi ilə tərəflərindən enerjitəchizatı müəssisəsinə müraciət edilmişdir. Bu zaman qeyd edilən borc məbləğinin əsassız olaraq hesablandığı müəyyən edilmişdir. Belə ki, enerjitəchizatı müəssisəsinin nümayəndələri bildirmişlər ki, 2014-cü ilin sentyabr ayında onlara məxsus obyektə sayğac 10 kv-luq “Dəyirman” hava xəttinə yüksək tərəfə (yarımstansiyada) quraşdırılmışdır. Həmin ilin oktyabr ayından hesablaşma bu sayğacın göstəricisinə əsasən aparılmağa başlanmışdır. 2014-cü ilin oktyabr ayından 2015-ci ilin oktyabr ayına kimi Habil Qaybalıyevə məxsus və həmin hava xəttindən elektrik enerjisi ilə təmin edilən cücə sexinin sərf etdiyi 6.663,78 manat elektrik enerjisinin dəyəri onlardan çıxılmalı idi. Bundan başqa, onun digər obyekti olan yeməkxananın həmin dövrdə istehlak etdiyi 2.454,78 manat elektrik enerjisinin dəyəri də "xxxx" ASC tərəfindən verilmiş səhv bildirişlər əsasında ona məxsus **********6 saylı koda ödənilmək əvəzinə, **********5 saylı koda ödənilmişdir. Qeyd edilənlərə əsasən, belə qənaətə gəlinmişdir ki, obyektin borcu guya 2.107,33 manat təşkil edir. Abunə haqqında məlumatdan görünür ki, **********5 saylı koda enerjitəchizatı müəssisəsində abunə kimi qeydiyyatda olan ona məxsus yeməkxananın istehlak edilimiş elektrik enerjisinə görə 2.454,78 manat artıq ödəməsi vardır. Bununla da "xxxx" ASC tərəfindən bu borcun ödənilməsi məqsədi ilə səhvən verilmiş bildirişlər əsasında səhv koda ödənilməsi sübut edilir. Göründüyü kimi enerjitəchizatı müəssisəsinin nümayəndələri özləri bu borcun əsassız olduğunu bilirlər və hətta Kürdəmir elektrik şəbəkəsinin rəhbərliyi tabe olduğu “Mərkəzi Aran” RETSİ-nin rəhbərliyinə rəsmi məktubla müraciət edərək qanunsuz borcun onun dövriyyəsindən silinməsini xahiş etmişdir. 09.12.2020-ci il tarixə yaranmış borcdan qalan 2.107,33 manat borcun haradan, necə və nə vaxt yarandığını enerjitəchizatı müəssisəsinin əməkdaşları izah edə bilmədilər. Hal-hazırda tələb edilən borc məbləğinin 8.998 manat hissəsinin, o zamanlar borc bu qədər göstərildiyi üçün 2018-ci ildə məcburi qaydada silinməsi məqsədi ilə İddiaçı tərəfindən məhkəməyə müraciət olunmuşdur. "xxxx" ASC-nin nümayəndəsi bu borcun əsassız olmasını etiraf etmiş və borcun məhkəmədən kənar qaydada silinəcəyini bildirmişdir. Buna görə də İddiaçı iddiası məhkəmə tərəfindən baxılmamış saxlanılmışdır. Hazırda iddiaçı yenidən məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 məhkəmə iclasında iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən, qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 11.01.2021-ci il tarixli, 040745 nömrəli enerjitəchizatı müəssisəsi ilə istehsal, dəmir yolu nəqliyyatı, elektrikləşdirilmiş şəhər nəqliyyatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında elekrtik enerjisinin alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarında olan elektrik enerjisinin sərfiyyatı haqqında aktlardan görünür ki, 31.10.2020-ci il tarixə İddiaçı elektrik enerji sərfiyyatı 10017 kvst x 0,09=901,53 manat, 30.11.2020-ci il tarixə isə 9311 kvst x 0,09=837,99 manat dəyərində olmuşdur. İş materiallarında olan "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanan 31.10.2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, İddiaçı **********6 saylı abunə kodu üzrə 31.10.2020-ci il tarixə olan elektrik enerji sərfiyyatına görə borcu 10.766,37 manat təşkil edir. İş materiallarında olan "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanan 30.11.2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, İddiaçı **********6 saylı abunə kodu üzrə 30.11.2020-ci il tarixə olan elektrik enerji sərfiyyatına görə borcu 11.204,36 manat təşkil edir. İş materiallarında olan "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanan 09.12.2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, İddiaçı **********6 saylı abunə kodu üzrə 09.12.2020-ci il tarixə olan elektrik enerji sərfiyyatına görə borcu 11.192,95 manat təşkil edir. İş materiallarında olan "xxxx" ASC-nin abunə haqqında məlumatından görünür ki, İddiaçı **********01003 (**********5) saylı abunə kodu üzrə istifadəsində olan obyektə görə "xxxx" ASC-yə -2.454,78 manat borcu vardır (yəni 2.454,78 manat artıq ödəməsi vardır). İş materiallarında olan "xxxx" ASC-nin abunə haqqında məlumatından görünür ki, İddiaçı **********02651 (**********6) saylı abunə kodu üzrə istifadəsində olan obyektə (10 kv-luq Dəyirman h/x) görə "xxxx" ASC-yə 11.575,71 manat borcu vardır. İş materiallarında olan "xxxx" ASC-nin abunə haqqında məlumatından görünür ki, Habil Qaybalıyevin **********01015 (**********0) saylı abunə kodu üzrə istifadəsində olan obyektə (cücə sexi) görə "xxxx" ASC-yə -0,21 manat borcu vardır. İş materiallarında olan İddiaçı tərəfindən "xxxx" ASC-yə ünvanlanmış pretenziya məktubundan görünür ki, ona məxsus mağazaya hesablanmış 11.192,95 manat borcun silinməsini və elektrik enerjisinin verilişinin bərpa edilməsi "xxxx" ASC-dən xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə cavabdeh məlumatlandırılmışdır. İş materiallarında olan 26.04.2021-ci il tarixli, 378 saylı arayışda qeyd olunur ki, Sığırlı kəndində yerləşən kodu **********6 olan İddiaçı məxsus obyektin elektirik enerjisinə görə 26.04.2021 tarixə 11.278.24 manat borcu yaranmışdır. Dövriyyə sənədləri araşdırılan zaman məlum oldu ki, 31.10.2015-ci il tarixdən 26.04.2021-ci il tarixə qədər obyekt 71.146,14 manat dəyərində elektirik enerjisi istifadə etmiş, 64.803 manat ödəmişdir. Nəticədə bu dövr ərzində 6.343,14 manat borc yaranmışdır. 31.10.2015-ci il tarixdə Oracle bazasına keçid zamanı abonentin ümumi borcu 9.090,20 manat olmaqla borcun 4.155,10 manat hissəsi "xxxx" ASC dövründən qalma, 4.935,10 manat hissəsi isə 15.04.2015- 31.10.2015 tarix aralığında "xxxx" ASC dövründə yaranan borc təşkil etmişdir. İş materiallarında olan 26.04.2021-ci il tarixli, 378 saylı digər arayışda qeyd olunur ki, Sığırlı kəndində yerləşən kodu **********6 olan İddiaçı məxsus obyektin elektirik enerjisinə görə 26.04.2021-ci il tarixə 11.278.15 manat borcu yaranmışdır. 01.01.2016-cı il tarixdən 26.04.2021-ci il tarixə qədər obyekt 66.161,15 manat dəyərində elektirik enerjisi istifadə edilmiş, 63.853 manat ödənilmişdir. Nəticədə bu dövr ərzində 2.308,15 manat borc yaranmışdır. Qalan 8.970 manat yaranan borc 01.01.2016-cı il tarixə qədər olan dövrü əhatə edir. İş materiallarında olan "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanan 12.03.2021-ci il tarixli, 0199/Ə-195/1975 saylı müraciətin araşdırılmasına dair məktubda qeyd edilir ki, **********6 saylı kod üzrə obyektin elektrik enerji hesabatı haqqında abunə hesabı təhlil olunmuşdur. Obyektin sayğacı 10 kv-luq Dəyirman h/x-də quraşdırılmışdır. İddiaçı məxsus olan sayğacdan əlavə olaraq, abunə kodu **********0, sayğac nömrəsi 66810589 olan, Habil Qaybalıyevə məxsus cücə sexi və abunə kodu **********5 olan və İddiaçı məxsus yeməkxana elektrik enerjisi ilə təmin olunmuşdur. Həmçinin qeyd edilir ki, 10 kv-luq Dəyirman h/x-də quraşdırılmış sayğac 2014-cü ilin sentyabr ayında İddiaçı 2.098,78 göstərici ilə təhvil verilmiş və 2014-cü ilin oktyabr ayından etibarən həmin sayğacla hesabat aparılmağa başlanmışdır. Lakin 2014-cü ilin oktyabr ayından 2015-ci ilin oktyabr ayına kimi Habil Qaybalıyevə məxsus cücə sexinin sərf etdiyi 111.063 kvts yəni 6.663,78 manat elektrik enerjisinin dəyəri ondan çıxılmalı idi. Bundan əlavə **********5 nömrəli kod üzrə həmin dövrdə ödənilən 2.454,78 manat vəsait **********6 nömrəli koda ödənilməli idi. İş materiallarında olan Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji X1 Kürdəmir Filialı tərəfindən məhkəməyə ünvanlanan 02.04.2021-ci il tarixli, AERA-27-27- 27-323/21 saylı məktubda (mütəxəssis rəyində) qeyd edilir ki, İddiaçı məxsus hər 2 obyektin (“dəyirman” abunə kodu - **********6 və “yeməkxana” abunə kodu - **********5) enerji təchizatı 110/10 kv-luq “Sığırlı” yarımstansiyasından çıxan 10 kv-luq “Dəyirman” hava xəttindən qidalanan 160 kvA gücündə 10/0,4 kv-luq transformator yarımstansiyasının 0,4 kv-luq tərəfindən həyata keçirilir. 10 kv-luq qidalandırıcı hava xətti və obyektdə fəaliyyət göstərən transformator İddiaçı balansındadır. Eyni zamanda bu 10 kv-luq xətdən budaqlanma götürülməklə və 100 kVA gücündə 10/0,4 kV-luq transformator yarımstansiyası quraşdırılmaqla Habil Qaybalıyevə məxsus cücə sexinin (abunə kodu - **********0) enerji təchizatı həyata keçirilir. Əvvəllər elektrik enerjisi sərfinə görə hesablaşmalar hər üç obyektin girişində, yəni transformatorların alçaq tərəfində quraşdırılmış sayğaclar vasitəsilə aparılmışdır. 2014-cü ilin oktyabr ayından etibarən hesablaşma 110/10 kv-luq “Sığırlı" yarımstansiyasında 10 kv-luq “Dəyirman” hava xəttinin başlanğıcında quraşdırılmış baş sayğacla aparılmağa başlanmışdır. Lakin enerjitəchizatı müəssisəsi subabonent ilə (H.Qaybalıyevə məxsus cücə sexi **********0) bilavasitə hesablaşma apardığı halda “X2 Qaydaları”nın 1.4 və 8.13-cü bəndlərinin tələbləri nəzərə alınmadan 2014-cü ilin oktyabr ayından 2015-ci ilin oktyabr ayına kimi subabonent tərəfindən sərf olunmuş 111.063 kVts elektrik enerjisinin dəyəri, yəni 6.663,78 manat məbləğ əsas istehlakçının (**********6) hesabından çıxılmamışdır. Eyni zamanda həmin dövrdə **********6 nömrəli koda ödənilməli olan 2.454,78 manat məbləğ yanlışlıqla **********5 nömrəli koda ödənilmişdir. Digər tərəfdən subabonentin hesabat elektrik sayğacı ona məxsus ikidolaqlı transformatorun alçaq tərəfində quraşdırıldığından “X2 Qaydaları’’nın 8.10-cu bəndinə əsasən, subabonent tərəfindən 2014-cü ilin oktyabr ayından 2021-ci ilin mart ayına kimi sərf olunmuş (111.063 kVts + 617.722 kVts) elektrik enerjisi (3%) itkisinin (texnoloji sərfiyyat) dəyəri (199,91 manat +1.580,42 manat) 1.780,33 manat məbləğ əsas istehlakçının (**********6) hesabından çıxılmamışdır. Yekun rəy olaraq bildirilir ki, ümumilikdə 10.898,89 manat məbləğ İddiaçı hesabına əsassız olaraq əlavə olunmuşdur. Məhkəmənin 01.04.2021-ci il tarixdə keçirilmiş iclasında mütəxəssis qismində iştirak edən X7 izahatında bildirmişdir ki, 2014-cü ilin sentyabr ayında iddiaçı İddiaçı məxsus obyektə 10 kv-luq “Dəyirman” hava xəttinə yüksək tərəfə Sığırlı yarımstansiyasında sayğac quraşdırılmışdır. Həmin ilin oktyabr ayından hesablaşma bu sayğacın göstəricisinə əsasən aparılmağa başlanmışdır. Ümumi olaraq hesablaşma əsas istehlakçı olan İddiaçı məxsus obyektin elektrik enerjisinin sərfiyyatından subabonent Qaybalıyev Habilin elektrik enerjisinin sərfiyyatı çıxılmalı idi. Lakin 2014-cü ilin sentyabr ayından 2015-ci ilin oktyabr ayına kimi olan müddətdə Qaybalıyev Habilə məxsus cücə sexinin elektrik enerjisinin sərfiyyatı əsas istehlakçının sərfiyyatından çıxılmamışdır. Belə ki, 2014-cü ilin oktyabr ayından 2015-ci ilin oktyabr ayına kimi Qaybalıyev Habilə məxsus və həmin hava xəttindən elektrik enerjisi ilə təmin edilən cücə sexinin sərf etdiyi 6.663,78 manat elektrik enerjisinin dəyəri İddiaçı sərfiyyatından çıxılmalı idi. Bundan başqa İddiaçı məxsus digər obyekti olan yeməkxananın həmin dövrdə istehlak etdiyi 2.454,78 manat elektrik enerjisinin dəyəri də İddiaçı məxsus **********6 saylı koda ödənilmək əvəzinə **********5 saylı koda ödənilmişdir. Nəticə etibarilə, İddiaçı abonent koduna iddiaçının özünə məxsus obyektinin, yeməkxananın, X5 məxsus cücə sexinin elektrik enerjisinin sərfiyyatı hesablanmışdır. Yeməkxana fəaliyyətini dayandırdıqdan sonra belə, iddiaçı həmin hesaba pul ödəmiş və nəticədə 2.454,78 manat məbləğində artıq ödəmə etmişdir ki, bu göstəricini "xxxx" ASC İddiaçı ünvanladığı 12.03.2021-ci il tarixli məktubda qeyd olunmuşdur. X5 məxsus cücə sexinin transformatoru olduğundan və transformator sayğacdan əvvəl quraşdırıldığı üçün transformator itkisi və elektrik enerjisinin sərfiyyatı iddiaçıya məxsus abonent koduna hesablanmışdır. Elektrik enerjisinin sərfiyyatı kimi yaranan 2.454,78 manat və 6.663,78 manat məbləğində pul iddiaçıya məxsus məxsus obyektin elektrik enerjisinin sərfiyyatından çıxılmalı olduğu halda çıxılmamışdır. 2015-ci ilin oktyabr ayından 2021-ci ilin fevral ayına qədər Qaybalıyev Habilə məxsus cücə sexinin 52.680,69 manat dəyərində qeydə alınan elektrik enerjisinin sərfiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada 3%-lə hesablanaraq 1.580,42 manat dəyərində transformator itkisi iddiaçının abunə koduna hesablanmışdır. Qeyd olunan məbləğdə transformator itkisi iddiaçının hesabından silinməlidir. İş materiallarında olan "xxxx" ASC-nin nümayəndəsi tərəfindən məhkəməyə ünvanlanmış 28.04.2021-ci il tarixli ərizədən (vəsatətdən) görünür ki, cavabdeh iddia müddətinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə müəyyən etdi ki, İddiaçı məxsus **********01003 (**********5) saylı və **********02651 (**********6) saylı 2 abunə kodu vardır. **********01003 (**********5) saylı abunə kodu üzrə (yeməkxana) onun borcu mövcud deyildir. Əksinə 2.454,78 manat artıq ödəməsi vardır. **********02651 (**********6) saylı abunə kodu üzrə isə (market) ona 09.12.2020-ci il tarixə 11.192,95 manat borc hesablanmışdır. İddiaçı həmin borcun silinməsi ilə bağlı cavabdehə müraciət etmiş, borc silinmədiyindən məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş “X2 Qaydaları”nın 1.4-cü bəndinə əsasən, abonentin (əsas istehlakçının) şəbəkəsinə qoşulmuş istehlakçılar (subabonentlər), elektrik enerjisinin alqı-satqı müqaviləsini onunla bağlayırlar. Abonent ilə enerjitəchizatı müəssisəsi arasında bağlanılmış elektrik enerjisinin alqı-satqı müqaviləsində və bu müqaviləyə əlavədə onun şəbəkəsinə qoşulmuş subabonentlər haqqında məlumatlar, o cümlədən idarənin adı, elektrik enerjisi istehlakı, hesablaşma elektrik sayğacları, tarif və digər məlumatlar göstərilir. Həmin Qaydaların 8.3-cü bəndinə əsasən, enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 8.4-cü bəndinə əsasən, enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin Qaydaların 8.10-cu bəndinə əsasən, istehlakçının (məişət abonenti istisna olmaqla) baş transformatoru enerjitəchizatı müəssisəsinin elektrik veriliş xəttinə bilavasitə qoşulduqda və hesablaşma elektrik sayğacı baş transformatordan sonra orta (alçaq) gərginlik tərəfində quraşdırıldıqda istehlakçı ilə (məişət abonenti istisna ol-maqla) elektrik enerjisi sərfinə görə hesablaşmada hər 1 kVts elektrik enerjisinə görə nəzərdə tutulmuş ödənişi müvafiq olaraq ikidolaqlı transformatorlar üçün 1,03 və üçdolaqlı transformatorlar üçün 1,05 yüksəldici əmsala vurulur. Bu halda baş transformatordakı elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyənləşdirilir, hesablaşma elektrik sayğacının göstərişi ilə cəmlənir və həmin elektrik enerjisi itkilərinə (texnoloji sərfiyyat) görə istehlakçıdan əlavə ödəniş tutulmur. Həmin Qaydaların 8.13-cü bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar enerjitəchizatı müəssisəsinin abonentə təqdim etdiyi ödəniş sənədlərinə əsasən aparılır. Abonentin subabonenti olduğu hallarda, onun və subabonentlərin sərf etdiyi elektrik enerjisinə görə bir ödəniş sənədi yazılır. İş materiallarından göründüyü kimi, iddiaçının silinməsini tələb etdiyi 11.192,95 manat məbləğində borcun 6.663,78 manat hissəsi **********0, sayğac nömrəsi 66810589 olan Habil Qaybalıyevə məxsus cücə sexinə hesablanmalı olduğu halda, **********6 saylı kod üzrə İddiaçı hesablanmışdır. Qeyd olunan hal "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanan 12.03.2021-ci il tarixli, 0199/Ə-195/1975 saylı məktubda da cavabdeh tərəfindən etiraf edilir. Həmçinin Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji X1 Kürdəmir Filialı tərəfindən məhkəməyə ünvanlanan 02.04.2021-ci il tarixli, AERA-27- 27-27-323/21 saylı məktubu (mütəxəssis rəyi) və məhkəmə iclasında iştirak etmiş mütəxəssisin izahatı ilə də öz təsdiqini tapır. Belə olan halda isə məhkəmə hesab edir ki, 6.663,78 manat borc qanunsuz olaraq İddiaçı hesablandığı üçün silinməlidir. Silinməsi tələb olunan 11.192,95 manat məbləğində borcun 2.454,78 manat hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, İddiaçı **********01003 (**********5) saylı abunə kodu üzrə 2.454,78 manat artıq ödəməsi vardır. Qeyd olunan ödəniş **********02651 (**********6) saylı abunə kodu üzrə hesaba mədaxil olunmalı olduğuna baxmayaraq, **********01003 (**********5) saylı abunə kodu üzrə hesaba mədaxil edilmişdir. Başqa sözlə iddiaçı 2.454,78 manat borcu faktiki olaraq ödəmiş, lakin borc iddiaçıya məxsus, lakin hazırda fəaliyyət göstərməyən **********01003 (**********5) saylı digər abunə kodunda əks etdirilmişdir. Belə olan halda isə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 2.454,78 manat pul **********01003 (**********5) saylı abunə kodundan **********02651 (**********6) saylı abunə koduna keçirilməli, nəticədə isə **********02651 (**********6) saylı abunə kodundan 2.454,78 manat borc silinməlidir. Silinməsi tələb olunan 11.192,95 manat məbləğində borcun 1.780,33 manat hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, subabonent olan Habil Qeybalıyevin hesabat elektrik sayğacı ona məxsus ikidolaqlı transformatorun alçaq tərəfində quraşdırıldığından “X2 Qaydaları’’nın 8.10-cu bəndinə əsasən, subabonent tərəfindən 2014-cü ilin oktyabr ayından 2021-ci ilin mart ayına kimi sərf olunmuş (111063 kVts + 617722 kVts) elektrik enerjisi (3%) itkisinin (texnoloji sərfiyyat) dəyəri (199,91 manat +1.580,42 manat) 1.780,33 manat məbləğ əsas istehlakçının (**********6) hesabından çıxılmamışdır. Qeyd olunan hal mütəxəssis rəyi ilə öz təsdiqini tapır. Belə olan halda isə məhkəmə hesab edir ki, iddiaçıya **********6 saylı abunə kodu üzrə hesablanmış 1.780,33 manat borc da silinməlidir. Silinməsi tələb olunan 11.192,95 manat məbləğində borcun 294,06 manat hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, bu hissədə iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, qeyd olunan borcun əsassız hesablanması ilə bağlı məhkəməyə hər-hansı sübut təqdim edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçıya **********6 saylı abunə kodu üzrə ümumilikdə 10.898,89 manat (6.663,78 manat Habil Qaybalıyevə aid borc + 2.454,78 manat iddiaçının digər abunə koduna işlənilmiş və artıq ödəmə kimi əks edilən məbləğ + 1.780,33 manat Habil Qeybalıyevə aid transformator itkisi) borc iddiaçıya əsassız olaraq hesablandığı üçün silinməlidir. "xxxx" ASC-nin nümayəndəsi tərəfindən məhkəməyə ünvanlanmış 28.04.2021-ci il tarixli iddia müddətinin tətbiq edilməsinə dair ərizəyə münasibətdə məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia müddəti tətbiq olunmaqla iddia rədd edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 373-cü maddəsinə əsasən, ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əsasən məhkəmə hesab edir ki, hazırki iddia ilə iddiaçı cavabdehdən hər hansı hərəkəti yerinə yetirməyi, yəni borcun silinməsini tələb edir. Lakin hesablanmış borc məbləği nə müqavilə üzrə, nə daşınmaz əşyalarla nə də vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gəlməmişdir. Hazırki iş üzrə iddia tələbi ümumi iddia müddətinə aiddir ki, həmin müddət iddiaçı tərəfindən ötürülməmişdir. Digər tərəfdən iddiaçı iddia ərizəsində bildirmişdir ki, onun borc barədə 10.02.2021-ci il tarixdə məlumatı olmuşdur. Həmçinin iş materiallarında 31.10.2020-ci il, 30.11.2020-ci il və 09.12.2020-ci il tarixli xəbərdarlıqlar mövcuddur. İddia müddətinin axımının şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlandığını nəzərə alaraq, məhkəmə hesab edir ki, hətta üç illik iddia müddəti tətbiq olunarsa belə, iddia müddəti yenə də ötürülməmişdir. Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, "xxxx" ASC tərəfindən İddiaçı (**********6 saylı abunə kodu üzrə) hesablanmış 10.898,89 manat borc silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 121.1, 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. "xxxx" ASC tərəfindən İddiaçı (**********6 saylı abunə kodu üzrə) hesablanmış 10.898,89 manat borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar