Məhkəmə qərarları › İş №e-2-2(121)-43/2020

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-43/2020

18.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-43/2020 18.02.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Pərviz Taleh oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti X8 Təşkilatının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti X8 Təşkilatının Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti X8 Təşkilatı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12.724,68 manat məbləğində əsas borc, 642,17 manat faiz borcuolmaqla, cəmi 13.366,85 (on üç min üç yüz altmış altı manat, səksən beş qəpik) manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı Qapalı Səhmdar Cəmiyyəti X8 Təşkilatının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, fərdi sahibkar Cavabdeh ilə İddiaçı QSC Bank olmayan X3 filialı arasında pambıq istehsalı üçün 9 ay müddətinə, illik 10 faizlə, 22.200 manat məbləğində kredit verilməsinə dair xx xxxxx 2018-ci il tarixli, P-312 saylı kredit müqaviləsi bağlanmış, həmin müqavilə əsasında Cavabdeh 17.390 manat kredit verilmişdir. Cavabdeh ilə bağlanmış müqavilənin 2.2.2-ci bəndinə görə Borcalan aşağıdakılar üçün öhdəlik daşıyır: 2.2.2.c. “Xam pambığın yığılması ilə tədarükünə dair təlimat”ın tələblərinə uyğun olaraq istehsal etdiyi xam pambığı yalnız tədarükçüyə təhvil vermək; 2.2.2.d. Məhsulu pambıq mövsümü ilində vaxtında və tam həcmdə təhvil verilməsini təmin etmək; 2.2.2.f. Xam pambığı digər fiziki və hüquqi şəxslərə satmamaq; 2.2.2.g. Borcverəndən aldığı krediti faizi ilə birlikdə tam həcmdə və vaxtında ödəmək; 2.2.2.k. Bu müqavilədə nəzərdə tutulan işlərin icrası ilə əlaqədar yaranan bütün problem və mübahisələrin qarşılıqlı anlaşma şəraitində həllinə çalışmaq, müqavilə şərtlərinin pozulmasına yönəldilmiş hərəkətlər etməmək, tütün istehsalı və kreditin ödənişində yarana biləcək problemlər barədə dərhal Borcverənə məlumat vermək. Cavabdeh ilə Kredit Təşkilatına olan kredit borcunun tam ödənilməməsinə görə onunla bağlanmış kredit müqaviləsinin yuxarıda qeyd edilən şərtlərini pozaraq borcverən qarşısında olan öhdəliyini icra etməmişdir. Son nəticədə o, kredit müqaviləsi üzrə aldığı 17.390 manat kredit borcundan 4.665,32 manat əsas borc və hesablanmış faiz borcundan 563,66 manat ödəniş etmişdir. Bununla da cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuşdur. Cavabdeh İddiaçı QSC X8 Təşkilatına olan borcu - 12.724,68 manat əsas borc, 642,17 manat faiz borcu olmaqla, cəmi 13.366,85 manat təşkil edir. Borcun ödənilməsi barədə Cavabdeh müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımi nəticə əldə olunmamışdır. Qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı QSC X8 Təşkilatının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, həmin şəxs onların müştərisi olmuş, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə pambıqçılığın inkişaf etdirilməsi ilə əlaqədar fermerlərə pambıq əkini üçün kredit verilməsi nəzərdə tutlmuşdur. Bununla əlaqədar həmin şəxsə kredit verilmişdir. Lakin pambıq sezonu bitdikdən sonra cavabdeh tərəfindən heç bir ödəniş olunmamışdır. Qeyd olunanlara əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli, P-312 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı X5 (borcverən) ilə Cavabdeh (borcalan), “CTS-Aqro” Məhdud Məsuliyyətli Cəmiyyəti (alıcı), X7 və Emalı Zavodu (tədarükçü) arasında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən borcverən borcalana pambıq istehsalı üçün xx xxxxxx 2018-ci il tarixədək, illik 10 faizlə, 22.200 manat kredit verilməsi barədə öhdəlik götürmüşdür. Həmin müqavilənin şərtlərinə uyğun olaraq borcalan Saatlı rayonu, Şirinbəy kəndində 41 ha. torpaq sahəsində borcverəndən kredit şəklində aldığı pul vəsaiti ilə yüksək məhsuldarlıqlı pambıq əkib becərməyi və əldə edilmiş xam pambığı bu müqavilə ilə müəyyən edilmiş qiymətlə, “Xam pambığın yığılması və tədarükü üzrə təlimat”ın tələblərinə uyğun olaraq tədarükçüyə təhvil verməyi, tədarükçü məhsulu qəbul etməyi, tədarükçünün tabe olduğu alıcı isə məhsulun dəyərini borcalana ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh məxsus hesabdan çıxarışdan görünür ki, İddiaçı X5 tərəfindən hissə-hissə olmaqla, ona ümumilikdə 17.390 manat kredit verilmişdir. Onun tərəfindən hissə-hissə olmaqla ümumilikdə 4.665,32 manat əsas borcdan və 563,66 manat faiz borcundan ödənişlər olmuşdur. İş materiallarında olan Cavabdeh İddiaçı X4 xx.xx.2019-cu il tarixə olan kredit və faiz borcunun ödənilməsi barədə məlumatdan görünür ki, kredit müqaviləsi üzrə Cavabdeh 17.390 manat kredit verilmişdir. Həmin kredit məbləğindən Cavabdeh 4.665,32 manat əsas borcu, 563,66 manat faiz borcunu ödəsə də 12.724,68 manat əsas borcu, 642,17 manat faiz borcu olmaqla cəmi 13.366,85 manat məbləğində borcu qalmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 514 saylı bildirişin (pretenziyanın) surətindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti X8 Təşkilatı Cavabdeh məktub ünvanlayaraq onun aralarında bağlanmış xx.xx.2018-ci il tarixli, P-312 nömrəli kredit müqaviləsinə əsasən borcunun olduğunu bildirmiş, həmin borcun 10 gün müddətində ödənilməsini ondan tələb etmiş, əks təqdirdə həmin borcun məcburi qaydada alınması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə orqanlarına müraciət ediləcəyi barədə onu xəbərdar etmişdir. İş materiallarında olan ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə qeyd edir ki, tələbin hüquqi əsasını tərəflər arasında bağlanılmış xx.xx.2018-ci il tarixli, P-312 saylı kredit müqaviləsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmənəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2018-ci il tarixli, P-312 saylı kredit müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavadeh müqavilə üzrə öhdəliyə əməl etməmişdir. İddiaçı xx.xx.2019-cu il tarixli, 514 saylı məktubla cavabdehə borcun qaytarılması ilə bağlı xəbərdarlıq (bildiriş) göndərərək, borcun qaytarılmasını tələb etsə də, cavabdeh həmin müddət ərzində borcun ödənilməsini təmin etməmişdir. Borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. İş materialları ilə iddiaçı tərəfindən cavabdehə 17.390 manat kredit verildiyi, cavabdeh tərəfindən həmin kredit məbləğindən 4.665,32 manat əsas borc, 563,66 manat faiz borcu ödənildiyi, lakin 12.724,68 manat əsas borc, 642,17 manat faiz borcu olmaqla cəmi 13.366,85 manat məbləğində borcun qaldığı müəyyən edildiyindən, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Bundan başqa İddiaçı Qapalı Səhmdar Cəmiyyəti X8 Təşkilatı tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinə əlavə edilmiş mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti X8 Təşkilatı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia kredit borcunun tutulması hissəsində iddia tələbi təmin edildiyindən, cavabdehdən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə belə hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə yaranmış 12.724,68 manat məbləğində əsas borc, 642,17 manat faiz borcuolmaqla, cəmi 13.366,85 (on üç min üç yüz altmış altı manat, səksən beş qəpik) manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti X8 Təşkilatına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Cavabdeh kredit müqaviləsi üzrə yaranmış 12.724,68 manat məbləğində əsas borc, 642,17 manat faiz borcuolmaqla, cəmi 13.366,85 (on üç min üç yüz altmış altı manat, səksən beş qəpik) manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti X8 Təşkilatına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar