Məhkəmə qərarları › İş №e-2-2(121)-432/2021

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-432/2021

08.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-432/2021 08.04.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tatiyeva Günel Əli qızının katibliyi, İddiaçı nümayəndəsi X1 və vəkili Vəkil, Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6.136 manat əsas borcun, ödənişin gecikdirilməsinə görə Mərkəzi Bankının müəyyən etdiyi 15% bank uçot dərəcəsi ilə 920 manat pulun, hüquqi xidmətlərə görə ödənilmiş 300 manat pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 7.086 manat pulun cavabdeh “xxxx” MMCdən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh arasında bağlanmış 14.06.2019-cu il tarixli, 30-İMG-T-19 saylı “Nəqliyyat vasitəsinin icarəyə verilməsinə dair” Müqaviləyə əsasən, İddiaçı MMC icarə məqsədi ilə “Amman 170D/T3 markalı, AZ90N680 seriyalı” Dişli Vərdənə texnikasını “xxxx” MMC-yə vermişdir. “xxxx” MMC texnikanı istifadə edib, əvəzində icarə haqqı ödəməyi öz üzərinə götürmüşdür. Müqavilə üzrə icarəyə verilən texnikanın 2 ay müddətinə cəmi 13.216 manat təşkil etmişdir. Cavabdeh tərəfindən icarəyə götürülmüş texnikaya görə iddiaçıya 7.080 manat ödəniş edilsə də, 6.136 manat borc bu günə kimi ödənilməmiş qalmışdır. Bununla bağlı dəfələrlə şifahi şəkildə “xxxx” MMC-nin rəhbərliyinə və səlahiyyətli şəxslərə müraciət edilməsinə, danışıqlar aparılmasına baxmayaraq onlar tərəfindən pulun ödənilməsi istiqamətində heç bir tədbir görülmür və hazırda həmin pullar iddiaçıya ödənilmir. Qeyd edilən borcun könüllü olaraq ödənilməsi ilə bağlı pretenziya məktubu ilə cavabdehə müraciət edilməsinə baxmayaraq, cavabdeh yaranmış borcun məhkəmədən kənar qaydada ödənilməsinə heç bir təşəbbüs göstərməmiş, pretenziyanı cavabsız qoymuşdur. Daha sonra iddiaçı məcburiyyət qarşısında qalaraq ərazi üzrə DİN-nin 23-cü Polis Bölməsinə müraciət etmişdir. Polis tərəfindən araşdırma aparılmış, cavabdeh şirkətin direktoru çağırılaraq izahatı alınmışdır. X3 polisdə verdiyi izahatında icarə haqqına görə borcun olduğunu etiraf etmişdir və borcu son qəpiyinə qədər ödəyəcəyinə söz vermişdir. Beləliklə, iddiaçı müqavilə üzrə üzərlərinə götürdüyü bütün öhdəlikləri qüsursuz şəkildə yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öz öhdəliklərinin yerinə yetirilməsindən qərəzli şəkildə boyun qaçırır. Cavabdeh iddiaçıya məxsus pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmışdır. Bu pulların ödənilməsini gecikdirməklə özündə saxlayaraq, həmin vəsaitlərdən faydalanmışdır. Buna görə cavabdeh həmin pul vəsaitinin məbləğindən icra edildiyi gün üçün Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyənləşdirdiyi bank uçot dərəcəsi ilə faizlər ödəməlidir. Məhkəməyə iddia verilən günə Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi bank uçot dərəcəsi 15% təşkil etdir. 6.136 manatın 15%-i 920 manat təşkil edir. Həmçinin iddiaçı ilə Bakı şəhəri 8 Saylı Vəkil Bürosu arasında 18.12.2020-ci il tarixdə 829 saylı “Hüquqi yardım göstərilməsi haqqında” Müqavilə bağlanılmışdır. Həmin müqaviləyə görə, 8 Saylı Vəkil Bürosunun vəkili Vəkil cavabdehin iddiaçıya olan borcunun könüllü qaydada ödənilməsini və ya məhkəmə vasitəsi ilə borcun ödənilməsini təmin etməyi və bu sahədə hüquqi xidmətin göstərilməsini öz üzərinə götürmüşdür. Həmin müqaviləyə əsasən, Bakı şəhəri 8 Saylı Vəkil Bürosuna İddiaçı MMC tərəfindən 300 manat məbləğində xidmət haqqı ödənilmişdir. Odur ki, 6.136 manat əsas borcun, ödənişin gecikdirilməsinə görə Mərkəzi Bankının müəyyən etdiyi 15% bank uçot dərəcəsi ilə 920 manat pulun, hüquqi xidmətlərə görə ödənilmiş 300 manatın və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 7.086 manat pulun cavabdeh “xxxx” MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi X4 və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdilər və iddianı müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 izahat verərək bildirdi ki, iddiaçı ilə müqavilə bağlamışdır və onun həmin müqavilə üzrə 6.136 manat icarə haqqı borcu qalmışdır. Borcunu qəbul edir, lakin halhazırda o borcu ödəməyə maddi imkanı yoxdur. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 14.06.2019-cu il tarixli, 30-İMG-T-19 saylı Nəqliyyat vasitəsinin icarə müqaviləsindən görünür ki, İddiaçı MMC (İcarəyə verən) ilə “xxxx” MMC (İcarəçi) arasında icarəyə verənə məxsus və müqavilənin 1.2 bəndinə əlavə edilmiş Cədvəl 1-də göstərilən texnikanın icarəyə verilməsinə dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, icarəçi həmin texnikanı öz xidməti ehtiyaclarını ödəmək üçün təyinatına uyğun olaraq istifadə edir. Müqaviləyə əsasən, “İcarəyə verən” bu müqavilənin 1.2-ci bəndində qeyd edilmiş texnikanı 14.06.2019-cu il tarixdə icarəçiyə təhvil verməyi, icarəçi isə 14.05.2019-cu il tarixdə texnikanı qəbul etməyi və texnikanın icarəsinə görə nəzərdə tutulan icarə haqqını bu müqavilədə qeyd edilən müddətdə və məbləğdə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 03.08.2019-cu il tarixli icarə-təhvil təslim aktından görünür ki, Ammann 170D/T3 AZ90N680 seriyalı dişli vərdənə texnikasına görə “xxxx” MMC-nin İddiaçı MMC-yə 2019-cu ilin iyul ayı üzrə (cəmi 1 ay) 7.080 manat borcunun olmasını tərəflər təsdiq etmişlər. İş materiallarında olan 03.09.2019-cu il tarixli icarə-təhvil təslim aktından görünür ki, Ammann 170D/T3 AZ90N680 seriyalı dişli vərdənə texnikasına görə “xxxx” MMC-nin İddiaçı MMC-yə 2019-cu ilin avqust ayı üzrə (cəmi 26 gün) 6.136 manat borcunun olmasını tərəflər təsdiq etmişlər. İş materiallarında olan elektron qaimələrdən görünür ki, icarə haqlarının ödənilməsi ilə bağlı İddiaçı MMC tərəfindən “xxxx” MMC-yə elektron qaimələr göndərilmişdir. İş materiallarında olan 06.10.2020-ci il tarixli şikayətdən görünür ki, “xxxx” MMC-nin 6.136 manat borcunun ödənilməməsi ilə bağlı İddiaçı MMC tərəfindən AR DİN Bakı şəhəri, Nizami RPİ-nin 23 saylı PB-yə müraciət edilmişdir. İş materiallarında olan “xxxx” MMC-nin nümayəndəsi (qanuni təmsilçisi) X2 Nizami RPİ-nin 23 saylı PB-yə verdiyi izahatında qeyd edilmişdir ki, İddiaçı MMC-dən icarəyə götürdüyü texnikaya görə icarə haqqını maddi çətinliklərlə əlaqədar ödəyə bilmədiyini, lakin borcu qaytaracağını bildirmişdir. İş materiallarında olan Nizami RPİ-nin 23 saylı PB tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 15.10.2020-ci il tarixli, 10/05/3220 saylı məktubda qeyd olunmuşdur ki, müraciətlərində qeyd olunan borc ilə bağlı mübahisəli məsələnin mülki xarakterli olduğu müəyyən edilmiş, mülki qaydada məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İş materiallarında olan 29.01.2021-ci il tarixli arayışda qeyd olunmuşdur ki, 14.06.2019-cu il tarixli, 30-İMG-T-19 saylı icarə müqaviləsinə əsasən “xxxx” MMC şirkətinə Ammann 170D/T3 AZ90N680 seriyalı dişli vərdənə 2 aylıq icarəyə verilmişdir və bunun əsasında icarə haqqı 13.216 manat hesablanmışdır. 10.10.2019-cu il tarixində 7.080 manat İddiaçı MMC hesabına ödənilmişdir, qalıq 6.136 manat borc hələdə qarşı tərəfdən ödənilməmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən “xxxx” MMC-yə ünvanlanmış 12.01.2021-ci il tarixli pretenziya məktubundan görünür ki, tərəflər arasında bağlanmış 14.06.2019-cu il tarixli, 30-İMG-T-19 saylı Nəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən, 6.136 manat borcun 5 gün ərzində İddiaçı MMC-nin hesabına ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə “xxxx” MMC məlumatlandırılmışdır. İş materiallarında olan 21.12.2020-ci il tarixli vəkil orderindən, hüquq yardımın göstərilməsi haqqında 18.12.2020-ci il tarixli, 829 saylı müqavilədən və 21.12.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki İddiaçı MMC ilə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Vəkil arasında hüquqi yardımın göstərilməsi haqqında müqavilə bağlanılmış, İddiaçı MMC tərəfindən 8 saylı Vəkil Bürosunun hesabına həmin müqavilə üzrə 300 manat pul köçürülmüşdür. İş materiallarında olan 08.04.2021-ci il tarixli ərizədən görünür ki, cavabdeh “xxxx” MMC-nin qanuni təmsilçisi X3 ərizə ilə məhkəməyə müraciət edərək, hazırki iş üzrə 6.136 manat icarə haqqı borcunu qəbul etdiyini, ödənişin gecikdirilməsinə görə hesablanmış 15% bank uçot dərəcəsi ilə 920 manatın, 300 manat hüquqi xidmətə görə ödənilmiş məbləğin tutulması hissəsində iddianı qəbul etmədiyini bildirmişdir. İş materiallarından görünür ki, İddiaçı MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə “xxxx” MMC arasında 14.06.2019-cu il tarixli, 30-İMG-T-19 saylı nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanılmış, müqaviləyə əsasən, “İcarəyə verən” bu müqavilənin 1.2-ci bəndində qeyd edilmiş texnikanı 14.06.2019-cu il tarixdə icarəçiyə təhvil verməyi, icarəçi isə 14.05.2019-cu il tarixdə texnikanı qəbul etməyi və texnikanın icarəsinə görə nəzərdə tutulan icarə haqqını bu müqavilədə qeyd edilən müddətdə və məbləğdə ödəməyi öhdəsinə götürmüşlər. Həmin icarə müqaviləsi əsasında icarəyə verənə məxsus texnika 14.06.2019-cu il tarixdən icarəçinin təyin etdiyi ərazilərdə fəaliyyət göstərmiş və qeyd olunan müddət ərzində ümumilikdə 13.216 manat icarə haqqı hesablanmışdır. Hesalanmış icarə haqqı üzrə icarəçi tərəfindən icarəyə verənə 6.136 manat ödənilməmiş borc qalmışdır. İddiaçı MMC tərəfindən “xxxx” MMC-yə 12.01.2021-ci il tarixli pretenziya məktubu göndərilərək həmin borcun 5 gün ərzində İddiaçı MMC-nin hesabına ödənilməsi tələb edilmişdir. Borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi tərəflər arasında yaranan hüquq münasibətləri 14.06.2019-cu il tarixli, 30-İMG-T-19 saylı icarə müqaviləsindən irəli gəlir. Cavabdeh “xxxx” MMC-nin 14.06.2019-cu il tarixli, 30-İMG-T-19 saylı icarə müqaviləsi üzrə İddiaçı MMC-yə 6.136 manat icarə haqqı borcunun mövcud olduğu iş materialları ilə tam təsdiq olunduğundan və cavabdehin nümayəndəsi də bu hissədə iddianı qəbul etdiyindən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir Həmin Məcəllənin 700.1-ci və 700.2-ci maddələrinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Məhkəmə İddiaçı MMC-nin ödənişin gecikdirilməsinə görə Mərkəzi Bankının müəyyən etdiyi 15% bank uçot dərəcəsi ilə 920 manat pulun tutulmasına münasibətdə hesab edir ki, həmin hissədə iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin plenumunun 09 iyul 2009-cu il tarixli qərarınnda göstərilmişdir ki, mülki qanunvericilik öhdəliklərin icra edilməməsinə görə məsuliyyət müəyyən edir. Belə ki, MMnin 449.1-ci maddəsi nəzərdə tutur ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank üçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; - qaytarmaqdan boyun qaçırma; - ödənilməsini digər şəkildə gecikdirmə; - başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-nin bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-nin «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Məhkəmə hesab edir ki, iddiaçı ona məxsus pul vəsaitinin cavabdehdə qanunsuz saxlanılması nəticəsində ondan faydalanmasını (gəlir, artım, bəhər əldə etdiyini) məhkəmə araşdırması zamanı sübuta yetirə bilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu, həmçinin hüquqi yardım üçün 300 manat məbləğində pul ödənilmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını və işin hallarını nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 4 manatı iddiaçıya aid edilməli, 26 manatı isə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin məhkəmə, hüquqi yardıma görə ödənilmiş 300 manat pulun 200 manat hissəsinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 119.1-ci və 121.1-ci maddələrinə uyğun hesab edir və qalıq 100 manatın iddiaçıya aid edilməli olduğu qənaətinə gəlir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən 6.136 manat əsas borc, hüquqi yardıma görə ödənilmiş 200 manat və ödənilmiş dövlət rüsumuna görə 26 manat olmaqla, cəmi 6.362 (altı min üç yüz altmış iki) manat məbləğində pul tutularaq İddiaçınə MMC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-cı, 220-ci, 227-ci, 358-ci, 360-cı və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən 6.136 manat əsas borc, hüquqi yardıma görə ödənilmiş 200 manat və ödənilmiş dövlət rüsumuna görə 26 manat olmaqla, cəmi 6.362 (altı min üç yüz altmış iki) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar