Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-4328/2025 05.01.2026 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi ilə, İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kiçik iddiaya dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında sadələşdirilmiş qaydada baxaraq müəyyənetdi: İddiaçı QSC Cavabdeh MMC-yə qarşı – 5.914,75 manat icarə və 1.064,66 manat ƏDV məbləği olmaqla, cəmi 6.979,41 manat məbləğində borcun və 697 manat məbləğində dəbbə pulunun, eləcə də iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün ödənilmiş 109 manat dövlət rüsumunun və vəkilin göstərdiyi yardıma görə ödənilmiş 1.220 manat məbləğində xərcin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında AZ-026-2024 nömrəli, xx.xx.2024-cü il tarixli icarə müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən iddiaçı razılaşma protokolunda təsvir olunan və özünün mülkiyyətində olan nəqliyyat vasitələrini, texnikaları və ya avadanlıqları cavabdehə icarəyə verməyi, cavabdeh isə bunun müqabilində iddiaçıya icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa, tərəflər eyni tarixdə müqaviləyə əlavə imzalayaraq avadanlıqların növünü, sayını, icrarə haqqını və s. şərtlərini razılaşdırmışlar. Müqavilə bağlandıqdan sonra tərəflər arasında normal işgüzar münasibətlər olmuş, qarşılıqlı olaraq öhdəliklər icra edilmişdir. Lakin 2024-cü ilin sentyabr ayı üzrə cavabdeh müqavilə öhdəliklərini pozmağa və icarə haqqı ödənişini yubadmağa başlamışdır. Belə ki, müqavilə və onun şərtlərinə uyğun olaraq, xx.xx.2024–xx.xx.2024 tarixlərini əhatə edən dövr üzrə tərəflər arasında təhviltəslim aktı imzalanmışdır. Həmin aktla cavabdeh göstərilən dövr ərzində icarəsində olmuş avadanlığa görə 8.213,68 manat icarə haqqı, 1.478,46 manat ƏDV məbləği olmaqla, cəmi 9.692,14 manat məbləğində vəsaiti iddiaçıya borclu olduğunu təsdiq etmişdir. Qeyd olunan təhvil-təslim aktından irəli gələrək, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli hesab faktura hazırlanmış, eləcə də MT2409 seriyalı, 11340498 nömrəli elektron qaimə-faktura xx.xx.2024-cü il tarixində qarşı tərəfə təqdim etmişdir. Elektron qaimə-faktura cavabdeh tərəfindən qəbul və təsdiq edilmişdir. Məlumat üçün elektron qaimə-faktura üzrə cavabdeh tərəfindən müəyyən ödənişlər həyata keçirilsə də, hazırkı tarixədək 5.914,75 manat icarə borcu və 1.064,66 manat ƏDV borcu olmaqla, cəmi 6.979,41 manat məbləğində borc iddiaçıya ödənilməmiş qalmaqdadır. İş materiallara əlavə edilən xx.xx.2025-ci il tarixli maliyyə arayışından aydın olduğu üzrə hazırda cavabdehin müqavilə üzrə iddiaçıya 5.914,75 manat icarə və 1.064,66 manat ƏDV olmaqla, cəmi 6.979,41 manat məbləğində borcu mövcuddur. Bundan əlavə, müqavilənin 5.1.2-ci bəndinə əsasən cavabdeh müqavilə üzrə öhdəliklərini vaxtında və ya lazımınca icra etmədikdə, öhdəliyin gecikdirildiyi hər gün üçün müqavilə üzrə gecikdirilən məbləğin 0.1%-i həcmində, lakin gecikdirilən məbləğin 10 faizdən artıq olmamaqla, dəbbə pulu ödəməlidir. Qeyd olunan tələbdən irəli gələrək hesab edirik ki, cavabdeh gecikmə günlərinə müqabil 697 manat məbləğində dəbbə pulu ödəməlidir. Tərəflər arasında dəfələrlə borcun ödənilməsi ilə bağlı şifahi danışıqlar aparılmasına, bu məqsədlə cavabdehə müvafiq qaydada pretenziya məktubu ünvanlanmasına baxmayaraq bugündək ödənişlər həyata keçirilməmişdir. Nəticədə iddiaçının mülkiyyət hüquqları pozulmuş və məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır. Cavabdehin Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İşin materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı QSC ilə Cavabdeh MMC arasında AZ- 026-2024 saylı, xx.xx.2024-cü il tarixli icarə müqaviləsi bağlanmışdır. İş materiallarında olan sənədlərdən (razılaşma protokolunun, təhvil-təslim aktının, qaimə-fakturaların, hesab fakturaların surətlərindən) görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə WA470-3 markalı Buldozer Komatsu icarəyə verilmişdir. Cavabdehin 5.914,75 manat məbləğində əsas borc və 1.064,66 manat məbləğində ödənilməmiş ƏDV olmaqla, cəmi 6.979,41 manat məbləğində borcu qalmışdır. İşin materiallarında olan maliyyə arayışının surətindən görünür ki, cavabdehin qeyd edilən müqavilə üzrə 5.914,75 manat məbləğində əsas borc və 1.064,66 manat məbləğində ödənilməmiş ƏDV olmaqla, cəmi 6.979,41 manat məbləğində borcu vardır. İşin materiallarından görünür ki, iddiaçı cavabdehə borcunu ödəməsinə dair pretenziya məktubu göndərmişdir. Göründüyü kimi, cavabdehin icarə borcu yaranmış və həmin borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Buna görə də, iddiaçı mövcud tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Qeyd olunan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh icarə müqavilə(lər)si əsasında buldozer icarəyə götürmək hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə(lər) ilə müəyyən edilmiş icarə haqqını ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olduğundan, lakin cavabdeh icarə haqqını ödəməli olmasına dair vəzifəsini yerinə yetirmədiyindən, icarə haqqının ödənilməsinə dair iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı əsas borcun və ƏDV borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddianın həmin hissələri əsaslıdır. Odur ki, iddianın qeyd edilən hissələri təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 153.1-ci maddəsinə əsasən, əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Məhkəmə həmçinin iddianın dəbbə pulunun ödənilməsinə dair hissələrini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia ərizəsində göstərilən cərimənin 697 manat məbləğində deyil, 296 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq və ədalətli sayır. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə eyni zamanda iddia tələbinin “hüquqi yardımla bağlı çəkdiyi 1.220 manat xərcin cavabdehdən tutulması”na dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.5 və 115.0.6-cı maddələrinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Göstərilən Məcəllənin 121.1.-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğ müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunduğundan, iddia isə qismən təmin edilməli olduğundan, göstərilən məbləğ ağlabatan məbləğdə, yəni 610 manat məbləğində cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, iddia qismən təmin edilməli olduğundan, məhkəmə xərcinə daxil olan iddiaçı tərəfindən ödənilmiş 109 manat dövlət rüsumunun 92,75 manatı (yəni, 7.275,41 manata münasibətdə) cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-260-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 6.979,41 manat (5.914,75 manat əsas borc + 1.064,66 manat ƏDV) borc, 296 manat məbləğində dəbbə pulu, 610 manat hüquqi yardıma görə ödənilmiş xərc və 92,75 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 7.978,16 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən alınaraq İddiaçı QSC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-4328/2025
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-4328/2025
05.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver