Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-447/2022 30.03.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əlizadə Aynur Zaur qızının katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 qarşı 2.857,29 manat əsas, 332,86 manat faiz, 139,08 manat cərimə, 395,60 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 449.1-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 3.724,83 manat məbləğində kredit borcunun və ilkin mediasiya sessiyasın keçirilməsi ilə bağlı ödənilmiş 200 manat məbləğində xərcin müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 qarşı 2.857,29 manat əsas, 332,86 manat faiz, 139,08 manat cərimə, 395,60 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 449.1-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 3.724,83 manat məbləğində kredit borcunun və ilkin mediasiya sessiyasın keçirilməsi ilə bağlı ödənilmiş 200 manat məbləğində xərcin müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “İmişli” filialı ilə Cavabdeh3 arasında bağlanmış 596 SF №-li 10.11.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə heyvandarlığın inkişafı məqsədi ilə 36 (otuz altı) ay müddətinə illik 6 (altı) faiz dərəcəsi ilə 5.000 (beş min) manat məbləğində kredit verilmişdir. Cavabdeh3 kredit verilərkən Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 ilə Bank arasında 10.11.2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.2-ci bəndinə əsasən zamin durmuş şəxslər kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 2-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********323 saylı, 10.08.2021-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh3 26.07.2021-ci il tarixə kredit üzrə cəmi borcu 3.724,83 təşkil edir. Bundan 2.857,29 manat əsas, 332,86 manat faiz, 139,08 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 395,60 faiz borcu təşkil edir. Borc ödənilmədiyindən məhkəməyə müraciət olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh3 və digərləri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci və 185.6-cı maddələrinə əsasən işə cavabdehlər Cavabdeh3 və digərlərinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iddia ərizəsini, iddia ərizəsinə əlavə edilmiş sənədləri və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC-nin İmişli filialı ilə Cavabdeh3 arasında bağlanmış 10.11.2015-ci il tarixli, 596 SF saylı kredit müqaviləsinə əsasən, Cavabdeh3 illik 6 faiz dərəcəsi ilə 36 ay müddətinə, heyvandarlığın inkişafı üçün 5.000 manat məbləğində kreditin verilməsi barədə tərəflər razılığa gəlmişlər. İş materiallarında olan 10.11.2015-ci il tarixli, 7085 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC-nin İmişli filialı ilə cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Göstərilən zaminlik müqaviləsinə əsasən, zaminlər bütün daşınar və daşınmaz əmlakları ilə bankla borcalan arasında 10.11.2015-ci il tarixli, 596 SF saylı kredit müqaviləsi üzrə Cavabdeh3 bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərilərinə götürmüşlər. İş materiallarında olan ləğv prosesində olan İddiaçı ASC-nin 04.08.2021-ci il tarixli, **********166 saylı arayışından görünür ki, ləğv prosesində olan İddiaçı ASC-nin İmişli filialı ilə Cavabdeh3 arasında bağlanmış 10.11.2015-ci il tarixli, 596 SF saylı kredit müqaviləsi üzrə cavabdehin 26.07.2021-ci il tarixə banka 2.857,29 manat əsas, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz 332,86 manat, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 139,08 manat, həmçinin Mülki Məcəllənin 445.7ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 395,60 manat, ümumi borc 3.724,83 manat təşkil edir. İş materiallarında olan 10.08.2021-ci il tarixli, **********323 saylı bildirişdən görünür ki, İddiaçı ASC-nin İmişli filialı ilə Cavabdeh3 arasında bağlanmış 10.11.2015-ci il tarixli, 596 SF saylı kredit müqaviləsi əsasında aldığı kreditə görə 2.857,29 manat əsas, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz 332,86 manat, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 139,08 manat, həmçinin Mülki Məcəllənin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 395,60 manat, ümumi borc 3.724,83 manat məbləğində kredit borcunun olması, borc ödənilmədiyi halda borcun və hesablanmış faizlərin tutulması ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 məlumatlandırılmışlar. İş materiallarından görünür ki, Cavabdeh3 borcu Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28.02.2019-cu il tarixli Fərmanının təsirinə düşmür, ona hazırki iş üzrə kreditin restrukturizasiya olunması təklif olunmamışdır. Məhkəmə müəyyən etdi ki, hazırkı işdə iddiaçının kredit müqaviləsi üzrə Cavabdeh3 kredit verməsi və sonuncunun həmin krediti alması, eyni zamanda iddiaçı ilə digər cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 arasında zaminlik müqaviləsinin bağlanılması işin mübahisəsiz halını təşkil edir. İddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh3 həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Belə ki, Cavabdeh3 tərəflər arasında bağlanmış 10.11.2015-ci il tarixli, 596 SF saylı kredit müqaviləsi üzrə 2.857,29 manat əsas, 332,86 manat faiz və müqavilə müddəti bitdikdən sonra hesablanmış 395,60 manat faiz borcunun olması iş materialları ilə sübut olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24.12.2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh3 kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh3 kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini qaytarmalı olmasına dair vəzifəsini isə icra etməyərək, kredit müqaviləsi üzrə pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də iddianın 2.857,29 manat məbləğində əsas borcun, hesablanmış 332,86 manat məbləğində faiz borcun və müqavilə müddəti bitdikdən sonra hesablanmış 395,60 manat faiz borcunun ödənilməsinə dair hissələri Cavabdeh3 münasibətdə əsaslıdır. Odur ki, iddianın həmin hissələri Cavabdeh3 münasibətdə təmin edilməlidir. Məhkəmə digər cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 münasibətdə qeyd edir ki, öhdəliyi zaminliklə təmin olunmuş əsas öhdəliyin yarandığı andan əmələ gəlmişdir. Kredit və zaminlik müqaviləsindən görünür ki, əsas öhdəliyin icrası vaxtı 10.11.2018-ci il tarixdə başa çatmış, lakin iddiaçı yalnız 01.02.2022-ci il tarixdə icra edilməmiş öhdəlik üzrə zaminlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Belə olan halda Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə zaminliyə qanunun imperativ tələbi əsasında xitam verildiyindən, məhkəmə hesab edir ki, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 münasibətdə iddia tələbi əsassızdır. Məhkəmə iddianın 139,08 manat cərimənin ödənilməsi barəsdə hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh3 2.857,29 manat əsas borc, 332,86 manat faiz borcu, 139,08 manat cərimə (dəbbə pulu) borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış 395,60 manat faiz borcu və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 200 manat olmaqla, ümumilikdə 3.924,83 manat məbləğində pul tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №e-2-2(121)-447/2022
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-447/2022
30.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver