Məhkəmə qərarları › İş №e-2-2(121)-447/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-447/2025

07.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki dövriyyənin iştirakçıları arasında hesablaşmalar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-447/2025 07.05.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Tələb:

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, müqavilə üzrə 37700 manat borcun və 3000 manat maddi zərərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə aralarında bağlanmış olan 03 yanvar 2019-ci il tarixli 02 nömrəli icarə müqaviləsinə əsasən cavabdeh bu müqavilənin 1-ci maddəsində göstərilən icarəyə verənin yəni onun mülkiyyətində olan Beyləqan rayonu X1 Kanalı şosse yolundan m k-2 kollektoru boyunda Əlinəzərli kəndinə gedən yol istiqamətində yerləşən 200 m2 əsas sahəsi olan, 0 m2 yardımçı sahəsi olan əmlakı ticarət fəaliyyəti üçün icarəyə götürür, əvəzində isə icarə haqqı kimi aylıq 400 manat ödəməyi öz öhdəsinə götürmüşdür. Onun tərəfindən müqavilə üzrə öhdəliklər vaxtında icra olunsa da, cavabdeh tərəfindən müqavilə ilə müəyyənləşdirilmiş qaydada ödəniş həyata keçirilməmişdir. Beləliklə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu ilə dək 9 aylıq icarə haqqı 3600 manat olmaqla borc məbləği yaranmışdır. Həmin müqavilənin davamı kimi imzalanan xx.xx.2019-cu il tarixli, 03/2019 saylı müqavilə ilə 33 aylıq müddət ərzində ümumilikdə 13200 manat borc yaranmışdır. Lakin aralarında işguzar dostluq münasibətləri və əməkdaşlıq olduğu üçün, həmçinin onun cavabdehə olan etibarı və inamı olduğu üçün həmin borc məbləğlərini cavabdehdən tələb etməmişdir. Cavabdeh onun ona olan işgüzar etibarından sui-istifadə etmişdir. İddiaçı və cavabdeh hər ikisi fiziki şəxs qismində sahibkarlıq fəaliyyəti ilə məşğul olur və hər birinin adına VÖEN mövcuddur. Həmçinin xx.xx.2019-cu il tarixli, 004/2019 nömrəli icarə müqaviləsi ilə mülkiyyətində olan 2001-ci il istehsalı olan, **-CE-*** dövlət qeydiyyat nişanlı X3-Yük avtomobilini cavabdehə icarəyə vermişdir. Həmin müqavilə üzrə ödənişi vaxtında icra etmədiyinə görə 33 ay ərzində aylıq 300 manat olmaqla ümumilikdə 9900 manat borc məbləği yaranmışdır. Müqavilə cavabdeh tərəfindən tam və vaxtında icra edilmədiyinə görə ona 3000 manat əlavə ziyan dəymişdir. Tərəfindən xx.xx.2024-cü il tarixdə qarşı tərəfə həm poçt, həm də elektron formada pretenziya məktubu da göndərilmişdir. Cavabdehlə aralarında olan digər oxşar pul tələbinə dair məhkəmə mübahisəsi həm birinci insansiya, həm də apelyasiya və kasasiya mərhələsində onun xeyrimə yekunlaşmış və məhkəmə borcun ödənilməsini Cavabdeh üzərinə qoymuşdur. Cavabdehə qarşı hazırki borc tələbi də digərləri kimi əsaslıdır və təmin edilməlidir.

Tərəflərin izahatları:

3. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən aralarında bağlanmış icarə müqavilələrinə görə ona hər hansı ödəniş edilməmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş ödəniş qəbzləri onların birgə həyata keçirdiyi sahibkarlıq fəaliyyəti zamanı edilmiş ödənişlərlə əlaqədardır. İcarə müqaviləsinin predmeti olan əmlaklar təxminən 15 iyul 2023-cü il tarixində ona qaytarılmışdır. 3000 manat maddi ziyan ipoteka predmeti olan nəqliyyat vasitəsinə dəymiş ziyandır. O, cavabdeh ilə şəxsi münasibətlərinə görə bu günə kimi hazırki tələb üzrə məhkəməyə müraciət etməmişdir. O, qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş etdi.

4. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul etmədi və bildirdi ki, iddiaçı ilə aralarında bağlanmış icarə müqavilələri üzrə iddiaçıya olan borcunu tam olaraq ödəmişdir. O, icarə müqaviləsinin predmeti olan əmlakları 15 iyul 2023-cü ildə iddiaçıya qaytarmışdır. Qeyd olunanları nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında bildirdi ki, cavabdehin iddiaçıya borcu yoxdur. İddiaçı iddia ərizəsində ona hər hansı bir ödənişin olmadığını göstərsə də, onların təqdim etdikləri qəbzlər cavabdehin iddiaçıya borclu olmadığını təsdiq edir. İddiaçı tərəfindən uzun müddət keçməsinə baxmayaraq, cavabdehə qarşı iddia qaldırılmaması da cavabdehin iddiaçıya borcunun olmadığına dəlalət edir. Hesab edir ki, iddiaçı hüquqlarından sui-istifadə edir. O, qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

6. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin onlar məhkəmə iclasına gəlməmişlər, həmçinin iddiaçı məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, cavabdeh isə gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.

8. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

İddia ərizəsinə etiraz:

9. Cavabdeh tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.

Əsaslandırıcı hissə: a) İş materialları və sübutların tədqiqi:

10. İddiaçı (İcarəyə verən) ilə Cavabdeh (İcarəçi) arasında 02 nömrəli, xx.xx.2019-cu il tarixli “İcarə Müqaviləsi”nin: -1.1-ci bəndinə əsasən “İcarəyə verən”in mülkiyyətində olan Beyləqan rayonu, X1 Kanalı şosse yolun m k-2 kollektoru boyunda Əlinəzərli kəndində gedən yol istiqamətində yerləşən 200 m2 əsas sahəsi olan, 0 m2 yardımcıl sahəsi olan əmlakı ticarət fəaliyyəti üçün icarəyə verir. “İcarəçi” isə həmin sahəni, yardımcı sahəni, əmlakı təhvil alır. -1.2-ci bəndinə əsasən Bu icarə müqaviləsi “03” yanvar 2020-ci il tarixədək bağlanır və imzalandığı andan qüvvəyə minir. Müqavilə icarəyə verən tərəfindən icarəyə götürəni bir ay qabaqcadan xəbərdar etməsi ilə vaxtından əvvəl pozula bilər. Müqavilənin qüvvədə olma müddəti qurtardıqdan sonra, əgər tərəflər onun şərtlərini yerinə yetirməkdə davam edərlərsə müqavilə qeyri müəyyən müddətə təzələnmiş olunur.

11. İddiaçı (İcarəyə verən) ilə Cavabdeh (İcarəçi) arasında 003/2019 nömrəli, xx.xx.2019-cu il tarixli “İcarə Müqaviləsi”nin: -1.1-ci bəndində əsasən “İcarəyə verən” ona məxsus olan Beyləqan şəhər, X1 Kanalı Şosse yolundan m.k-2 Kollektoru boyunda Əlnəzərli kəndinə gedən yol istiqamətində yerləşən ümumi sahəsi 200 m2 olan obyektin 100m2 sahəsini “İcarəçi”yə icarəyə verir. -4.1-ci bəndinə əsasən icarə müqaviləsi 1 (bir) il (xx.xx.2019-xx.xx.2020) müddətinə qüvvədədir. -5.1-ci bəndində əsasən “İcarəçi” “İcarəyə verən” in tərtib etdiyi hesablara əsasən hər ay 400 (dörd yüz manat) AZN icarə haqqını (14% ödəmə mənbəyindən tutulan vergi daxil) ödəməyi öz öhdəsinə götürür.

12. İddiaçı (İcarəyə verən) ilə Cavabdeh (İcarəçi) arasında 004/2019 nömrəli, xx.xx.2019-cu il tarixli “İcarə Müqaviləsi”nin: -1.1-ci bəndinə əsasən Aşağıda siyahı edilən yük maşınları (2001-ci il istehsalı olan **- CE-*** dövlət nömrə nişanlı X4-Yük markalı) “İcarəyə verən” tərəfindən “İcarəçi” yə icarəyə verilir. -3.1-ci bəndinə əsasən qeyd olunan avtomobillərdən yalnız müqavilədə nəzərdə tutulmuş məqsəd üçün istifadə etmək; -3.2-ci bəndində əsasən İcarəyə götürdüyü avtomobilləri gələcəkdə özəlləşdirmə hüququna malik deyildir; -3.3-cü bəndinə əsasən İcarəyə götürdüyü avtomobilləri başqa icarəçiyə və ya kirayə verməmək; -4.1-ci bəndində əsasən İcarə müqaviləsi 1 (bir) il (xx.xx.2019 - xx.xx.2020) müddətinə qüvvədədir; -4.2-ci bəndinə əsasən Tərəflərdən biri müqavilənin müddəti bitmədən qarşı tərəfə 1 ay qabəğcadan yazılı şəkildə xəbərdarlıq etməklə müqaviləyə birtərəfli xitam verə bilər, əks həldə sözü gedən müqavilə eyni şərtlərin növbəti 1ay müddətinə uzadılmış hesab edilir. -5.1-ci bəndinə əsasən “İcarəçi” “İcarəyə verən”in tərtib etdiyi hesablara əsasən hər ay 300 (üç yüz) AZN (ÖMV daxil) icarə haqqını ödəməyi öz öhdəsinə götürür.

13. Məhkəmənin sorğusu əsasında iş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin 004/2019 nömrəli, xx.xx.2019-cu il tarixli, 003/2019 nömrəli, xx.xx.2019-cu il tarixli və 02 nömrəli, xx.xx.2019-cu il tarixli “İcarə Müqaviləsi”ləri təyinatı üzrə köçürülən vəsaitlər barədə 11561 nömrəli, xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş məlumatdan görünür ki, fərdi sahibkar Cavabdeh "xxxx" ASC-də mövcud olan hesabından fərdi sahibkar İddiaçı hesabına xx.xx.2019-cu il tarixdə 1032 manat, xx.xx.2019-cu il tarixdə 688 manat, xx.xx.2019-cu il tarixdə 344 manat, xx.xx.2019-cu il tarixdə 344 manat, xx.xx.2019-cu il tarixdə 344 manat, xx.xx.2019-cu il tarixdə 2408 manat, xx.xx.2020-ci il tarixdə 3612 manat, xx.xx.2020-ci il tarixdə 602 manat, xx.xx.2020-ci il tarixdə 602 manat, xx.xx.2020-ci il tarixdə 602 manat. xx.xx.2020-ci il tarixdə 602 manat, xx.xx.2020-ci il tarixdə 602 manat, xx.xx.2020-ci il tarixdə 602 manat, xx.xx.2021-ci il tarixdə 602 manat, xx.xx.2021-ci il tarixdə 602 manat, xx.xx.2021-ci il tarixdə 1806 manat, xx.xx.2021-ci il tarixdə 2408 manat və xx.xx.2021-ci il tarixdə 602 manat (ümumilikdə 18404 manat) icarə müqavilələri üzrə ödənişlər edilmişdir.

14. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış 05 noyabr 2024cü il tarixli, pretenziya məktubunun surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanılmış icarə müqaviləsi üzrə yaranmış borcun 5 gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh məlumatlandırılmışdır.

15. **********09 nömrəli nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 204 manat dövlət rüsumu ödənilmişdir.

16. **********74 nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 9 manat dövlət rüsumu ödənilmişdir.

b) Tətbiq edilən hüquq:

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

-700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. -700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. - 700.3-cü maddəsinə əsasən Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. - 697.4-cü maddəsinə əsasən kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. -386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

18. “İcarə haqqında” Azərbaycan Respublikasının Qanununun:

7-ci maddəsinin 1-ci bəndinə əsasən İcarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. 8-ci madddəsinin 1-ci bəndinə əsasən İcarə haqqının məbləği və ödənilməsi qaydası müqavilədə şərtləşdirilir. həm də icarə ödənişinin məbləği icarəyə götürülən əsas fondların dəyəri və vəziyyəti, müəssisənin inkişaf perspektivləri və digər amillər, habelə icarəyə götürülmüş əmlakın istismarından əldə edilməli olan minimum gəlir nəzərə alınmaqla müəyyənləşdirilir.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

- 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

20. Məhkəmə baxışının hədləri:

- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi:

21. Məhkəmə iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir.

22. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin müəyyən olunan hallarına əsasən hesab edir ki, hazırki mübahisə iddiaçı ilə cavabdehin sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə etibarlı şəkildə bağladığı icarə müqavilələrindən irəli gəlir. Belə ki, ilk olaraq qeyd olunmalıdır ki, mübahisənin əsasında xüsusi mülkiyyətdə olan qeyri-yaşayış sahəsinin və nəqliyyat vasitəsinin sahibkarlıq subyektinə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olaraq icarəyə verilməsi dayanır. Mülki-hüquqi əqd olan icarə müqaviləsi mahiyyət etibarı ilə gəlir (mənfəət) əldə edilməsi məqsədi ilə bağlandığına görə həmin müqavilədən yaranan münasibətin iqtisadi xarakterli olması şübhəsizdir. Digər bir hal ondan ibarətdir ki, iddiaçının tələbi də mahiyyətcə iqtisadi məzmunludur. Ona görə ki, cavabdehdən tələb olunan pul, onun sahibkarlıq məqsədi ilə icarəyə götürdüyü qeyriyaşayış sahəsinin və nəqliyyat vasitəsinin əvəzli istifadəyə verilməsi nəticəsində yaranan borcdur. Hazırki mübahisənin kommersiya xarakterli olmasını şərtləndirən başqa bir əsas odur ki, mübahisəyə tətbiq olunan maddi hüquq normaları əmlak kirayəsi müqaviləsinə (icarəyə götürülən qeyri-yaşayış sahəsinin və nəqliyyat vasitəsinin istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququnu, bunun müqabilində icarə haqqı ödəmək vəzifəsini ehtiva edən) aid normalar olmaqla sahibkarlıq fəaliyyəti ilə əlaqəli normalardır.

23. Məhkəmə tərəfindən işin araşdırılan hallarına əsasən müəyyən olunur ki, tərəflər X2 şosse yolun m k-2 kollektoru boyunda Əlinəzərli kəndində gedən yol istiqamətində yerləşən 200 m2 əsas sahəsi olan, 0 m2 yardımcıl sahəsi olan əmlaka dair 02 nömrəli, xx.xx.2019-cu il tarixli “İcarə Müqaviləsi”ni bağladıqan sonra, Beyləqan şəhər, X1 Kanalı Şosse yolundan m.k-2 Kollektoru boyunda Əlnəzərli kəndinə gedən yol istiqamətində yerləşən ümumi sahəsi 200 m2 olan obyektin 100m2 sahəsinə dair xx.xx.2019-cu il tarixdə 003/2019 nömrəli yeni “İcarə Müqaviləsi”ni bağlamaqla, 02 nömrəli, xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə faktiki olaraq xitam vermişlər. Görünüdüyü kimi tərəflər 003/2019 nömrəli icarə müqaviləsini bağlamaqla, 02 nömrəli icarə müqaviləsinin bağlanması ilə başlayan icarə münasibətlərini davam etdirmişlər.

24. Bundan başqa işin araşdırılan hallarına əsasən müəyyən olunur ki, qeyri-yaşayış sahəsinə dair tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 003/2019 nömrəli və nəqliyyat vasitəsinə dair xx.xx.2019-cu il tarixli, 004/2019 saylı “İcarə Müqavilələri”nin müdəti 1 il olmaqla, xx.xx.2020-ci il tarixədək müəyyən olunsa da, tərəflər olunan həmin əmlaklara dair icarə münasibətlərini faktiki olaraq 15 iyul 2023-cü il tarixədək davam etdirmişdirlər.

25. Eyni zamanda iş materiallarından müəyyən olunur ki, qeyri-yaşayış sahəsinə dair bağlanmış 02 nömrəli, xx.xx.2019-cu il tarixli və 003/2019 nömrəli və xx.xx.2019-cu il tarixli icarə müqavələrində icarə haqqı 400 manat, nəqliyyat vasitəsinə dair bağlanmış 004/2019 saylı icarə müqaviləsində isə icarə haqqı 300 manat olaraq müəyyən edilmişdir.

26. Hazırda iddiaçı iddia tələbini əsaslandırarkən bağlanmış icarə müqavilələri üzrə cavabdeh tərəfindən ödəniş edilmədiyinə və cavabdehin icarə haqqı üzrə borcunun ümumilikdə 33700 manat təşkil etdiyinə istinad edir. Cavabdeh isə qeyd olunan icarə müqavilələri üzrə borcunu tam olaraq ödədiyini bildirir və bunu təsdiq edən sübut kimi Azərbaycan Sənaye Bankı” ASC-nin “Sumqayıt” filialı tərəfindən təsdiq edilmiş hesabdan çıxarışları məhkəməyə təqdim etmişdir.

27. Məhkəmə ilk öncə qeyd edir ki, iddiaçı tərəfindən yuxarıda qeyd olunan icarə müqavilələrinin predmeti olan əmlakların cavabdehin icarəsinə (istifadəsinə) verilməsi işin mübahisə edilməyən halı olduğundan və iddiaçı cavabdehin icarə haqqını ödəmək öhdəliklərini yerinə yetirmədiyi iddia etdiyindən, cavabdeh isə icarə müqavilələri üzrə borcunu tam olaraq ödədiyini bildirdiyindən, məhkəmə hesab edir ki, icarə haqqının ödənilməsini sübutetmə yükü cavabdehin üzərinə düşür.

28. Məhkəmə qeyd edir ki, icarə haqqlarının ümumi məbləği hesablanarkən icarə müqavilələrinin bağlandığı tarix və icarə müqaviləsinin predmeti olmuş əmlakların cavabdehə qaytarıldığı tarix nəzərə alınmalıdır. Belə olan halda, qeyri-yaşayış sahəsinin cavabdehin icarəsində olma müddəti “02" nömrəli icarə müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək və 003/2019 nömrəli icarə müqaviləsi üzrə isə xx.xx.2019-cu il tarixdən 15 iyul 2023-cü il tarixədək (8+46) 54 ay təşkil etdiyindən, bu müddət üçün ödənilməli olan icarə haqqı (54*400=21600) 21600 manat müəyyən edilir.

29. Məhkəmə icarə müqaviləsinin predmeti olmuş nəqliyyat vasitəsinə münasibətdə də eyni əsaslarla qeyd edir ki, 004/2019 nömrəli icarə müqaviləsi üzrə isə xx.xx.2019-cu il tarixdən 15 iyul 2023-cü il tarixədək 46 ay təşkil etdiyindən, bu müddət üçün ödənilməli olan icarə haqqı (46*300=13800) 13800 manat müəyyən edilir.

30. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, qeyri-yaşayış sahəsinə və nəqliyyat vasitəsinə dair icarə müqavilələri üzrə ödənilməli olan məbləğ ümumilikdə 35400 manat təşkil edir.

31. İş materiallarında olan və məhkəmənin sorğusu əsasında əldə edilmiş 004/2019 nömrəli, xx.xx.2019-cu il tarixli, 003/2019 nömrəli, xx.xx.2019-cu il tarixli və 02 nömrəli, xx.xx.2019-cu il tarixli “İcarə Müqaviləsi”ləri təyinatı üzrə köçürülən vəsaitlər barədə "xxxx" ASC-nin 11561 nömrəli, xx.xx.2025-ci il tarixli məlumatından müəyyən olunur ki, qeyd olunan icarə müqavilələri üzrə fərdi sahibkar Cavabdeh "xxxx" ASC-də mövcud olan hesabından fərdi sahibkar İddiaçı hesabına ümumilikdə 18404 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

32. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə iddiaçının icarə müqavilələri üzrə cavabdeh tərəfindən hər hansı ödəniş edilməməsi ilə bağlı, eyni zamanda cavabdeh tərəfindən icarə müqavilələri üzrə ödənişlərin tam olaraq icra edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Ona görə ki, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, müvafiq icarə müqavilələri üzrə fərdi sahibkar Cavabdeh "xxxx" ASC-də mövcud olan hesabından fərdi sahibkar İddiaçı hesabına ümumilikdə 18404 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

33. Göstərinlərə əsasən məhkəmə hesab edir ki, qeyri-yaşayış sahəsinə və nəqliyyat vasitəsinə dair icarə müqavilələri üzrə ödənilməli olan ümumilikdə 35400 manatdan, Cavabdeh tərəfindən İddiaçı hesabına köçürülmüş 18404 manat çıxılmalıdır. Belə olan halda cavabdehin iddiaçıya olan icarə müqavilələri üzrə borcu (35400-18404) 16996 manat təşkil edir.

34. Məhkəmə cavabdeh tərəfindən məhkəməyə təqdim edimiş "xxxx" ASC-nin “Sumqayıt” filialı tərəfindən təsdiq edilmiş hesabdan çıxarışlara münasibət bildirərək qeyd edir ki, həmin hesabdan çıxarışlar icarə haqqının ödənilməsini təsdiq edən sübut kimi nəzərə alına bilməz, çünki sözügedən çıxarışlarda ödəniş təyinatı nəzərdə tutulmadığından, edilmiş ödənişlərin icarə haqqı və ya digər təyinat məqsədli olduğunu müəyyən etmək mümkün deyildir.

35. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi icarə borcuna münasibətdə qismən təmin edilməli, Cavabdeh 16996 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir.

36. Məhkəmə, Mülki Məcəllənin 700.3-cü maddəsinə əsasən hesab edir ki, iddiaçının dəymiş maddi ziyanla bağlı tələbi Mülki Məcəllənin 697.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla həll edilməlidir. Həmin maddəyə əsasən kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür.

37. Məhkəmə, qanunvericiliyin yuxarıda qeyd olunan normasının məzmununa əsasən qeyd edir ki, kirayəyə verənin maddi zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun icarəyə verilmiş əşyanı, əmlakı geri aldığı andan başlanır. Həmin normada müəyyən edilmiş 6 aylıq müddət kəsici müddətdir və qanunda bu müddətin dayandırılması və ya kəsilməsi mümkünlüyü müəyyən edilməmişdir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, iddiaçı icarə predmetini alandan geri aldığı andan 6 (altı) ay ərzində həmin əmlaka dəymiş maddi ziyanın ödənilməsinə dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə iddiaçı bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir.

38. Yuxarıda qeyd olunuduğu kimi icarə müqaviləsinin predmeti olan nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdə iddiaçıya geri qaytarılmış, belə olduğu təqdirdə iddiaçı öz hüquqlarının cavabdeh tərəfindən pozulduğunu xx.xx.2023-cü il tarixdə bilmiş, hazırkı iddianı isə 21 noyabr 2024-cü ildə, yəni hüququnun pozulduğunu bildiyi vaxtdan qanunla müəyyən olunan 6 aylıq müddət keçdikdən sonra qaldırmışdır.

39. Məhkəmə, qanunvericiliyin yuxarıda sadalanan normalarına əsasən hesab edir ki, tərəflər arasında bağlanılmış icarə müqaviləsinin şərtlərinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq normalarına əsasən iddiaçının cavabdehə qarşı maddi zərərin ödənilməsi ilə bağlı tələb hüququ olsa da, onun tələb etmək hüququ Mülki Məcəllənin 697.4-cü maddəsinin tələbinə uyğun olaraq müddətin keçməsinə görə qüvvədən düşdüyündən, iddia tələbi maddi ziyanın ödənilməsi hissəsində təmin edilə bilməz.

Məhkəmə xərcləri:

40. Məhkəmə, həmçinin prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli və iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumuna görə 140,99 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş qalan 72,01 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.

Nəticə

41. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

q ə t e t d i:

İddia qismən təmin edilsin. Cavabdeh 16996 (on altı min doqquz yüz doxsan altı) manat məbləğində icarə borcu və ödənilmiş dövlət rüsumuna görə 140,99 (bir yüz qırx manat, doxsan doqquz qəpik) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş qalan 72,01 (yetmiş iki manat, bir qəpik) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Rəmzi Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar