Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-449/2021 13.04.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclas katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi ilə İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2020-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 5.650,17 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 1.521,71 manat məbləğində borcunun ödənilməsini təmin etmək məqsədilə cavabdehə məxsus 11.100 manat məbləğində siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə, Dövlət Sosial Müdafıə Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2020-ci il tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2020-ci il tarixə yaranan 7.868,86 manat borcuna görə 11.100 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2020-ci il tarixli **********5 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə və müvafıq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2020-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 5650.17 manat, Dövlət Sosial Müdafıə Fonduna 1.521,71 manat ödənilməmiş borcu qalmışdır. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi və cavabdeh X1 işə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə nümayəndənin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, cavabdeh isə məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan vergi borcunun ödənilməsinə dair xx xxxxx 2020-ci il tarixli, **********3 saylı bildirişdən görünür ki, Cavabdeh xx xxxxx 2020-ci il tarixə dövlət büdcəsinə ümumilikdə 6.788,77 manat (vergilər üzrə 6.788,77 manat) məbləğində borcunun olması bildirilərək göstərilən borcun 5 gün müddətində ödəməsi təklif olunmuşdur. İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli, **********6 saylı sərəncamdan görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Cavabdeh (VÖEN: **********) “xxxx” ASC-nin 3 saylı filialında olan hesabından vergi borcunun dövlət büdcəsinə alınması üçün icra sənədi olan sərəncam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” xx xxxxxxx 2020-ci il tarixli, **********5 saylı qərarından görünür ki, vergi öhdəliyi Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədiyi üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən Cavabdeh əmlaklarının siyahıya alınmasının həyata keçirilməsi baş dövlət vergi müfəttişi X3 və böyük dövlət vergi müfəttişi X2 tapşırılmışdır. İş materiallarında olan “Əmlakın siyahıya alınması haqqında” xx xxxxxxx 2020-ci il tarixli, **********5 saylı protokoldan və **********6 saylı protokola əlavə edilmiş siyahıdan görünür ki, Cavabdeh ünvan 1 ünvanındakı “Lavaş Ocaqüstü” restoranında olan dəyəri 11.100 (on bir min, yüz) manat olan əmlakları siyahıya alınmışdır. İş materiallarında olan “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında” xx xxxxxxx 2020-ci il tarixli aktdan görünür ki, siyahıya alınmış əmlak Cavabdeh məsul saxlanmaya verilmişdir. Cavabdeh aktı və protokolu imzalayaraq, surətini almışdır. İş materiallarında olan Cavabdeh ünvanlanmış xx xxxxxxx 2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, əmlakının siyahıya alındığı vaxtdan 30 gün müddətində vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcları dövlət büdcəsinə tam ödənilmədikdə siyahıya alınmış əmlakların satılması üçün məhkəmədə iddia qaldırılacağı bildirilmişdir. İş materiallarında olan vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən görünür ki, Cavabdeh xx xxxxxx 2021-ci il tarixə vergi borcu 4.400,22 manat təşkil etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, vergi ödəyicisi olan Cavabdeh vergi öhdəliyini lazımınca yerinə yetirməyərək, vergi borcunun dövlət büdcəsinə ödənilməsini təmin etməmişdir. Belə ki, cavabdehin şəxsi hesab vərəqəsində cəmi ödənilməli borc xx xxxxxx 2021-ci il tarixə vergi borcu 4.400,22 manat göstərilsə də, iddiaçı xx xxxxxxx 2020-ci il tarixə dövlət büdcəsinə olan borc məbləğindən ödənilməmiş 5.650,17 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 1.521,71 manat olduğunu qeyd etmiş və həmin borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə 11.100 manat dəyərində əmlakı siyahıya alınmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1 və 16.1.1-ci maddələrinin tələbinə görə qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirirlər. Qanunvericiliyin tələbinə görə vergiləri tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Lakin cavabdeh qanunla üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməyərək, vergi borcunu ödəməmişdir. İddiaçı tərəfindən məhkəməyə müraciət olunanadək, vergi borcunun dövlət büdcəsinə ödənilməsinin təmin olunması üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65-ci maddəsində nəzərdə tutulmuş tələblər yerinə yetirilmiş, lakin borcun ödənilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdən sonrakı 3 ay ərzində yerinə yetirmədikdə həmin öhdəliyin yerinə yetirilməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakını siyahıya ala bilər. Həmin Məcəllənin 89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Həmin Məcəllənin 89.10-cu maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. Həmin Məcəllənin 166.1-ci maddəsinə görə daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.3-cü maddəsinə görə öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi əmlakın mülkiyyətçidən alnması əsaslarından biridir. Həmin Məcəllənin 205-ci maddəsinə əsasən mülkiyyətçinin öhdəlikləri üzrə tutmanın əmlaka yönəldilməsi yolu ilə əmlakın alınması, müqavilədə tutmanın yönəldilməsinin ayrı qaydası nəzərdə tutulmayıbsa, məhkəmə qərarı əsasında həyata keçirilir. Məhkəmə, işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən müddəalarını nəzərə alaraq hesab edir ki, Cavabdeh qanunla üzərinə düşən vergiləri tam həcmdə və vaxtında ödəmək üzrə vəzifəsini lazımınca həyata keçirmədiyindən, vergi borcunun onun əmlakına yönəldilməsi barədə iddiaçının tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 20.3-cü maddəsinə görə vergi orqanları məhkəmələrə iddia ərizələrinin verilməsi üçün dövlət rüsumunu ödəməkdən azaddırlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.4.7-ci maddəsinin tələbinə görə vergi ödəmələri barədə mübahisələr üzrə iddia ərizələrindən 10 manat dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh xx xxxxxxx 2020-ci il tarixə dövlət büdcəsinə olan borc məbləğindən 7.171,88 manat hissəsinin ödənilməsinin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx xxxxxxx 2020-ci il tarixli, **********5 saylı qərarına əsasən siyahıya alınmış 11.100 manat məbləğində əmlakı ixtisaslaşdırılmış açıq hərracda satılmalı, həmin əmlakın satılmasından əldə edilmiş məbləğdən xx.xx.2020-ci il tarixə olan 7.171,88 manat məbləğində vergi borcu və 10 manat məbləğində dövlət rüsumu vəsaiti tutularaq dövlət büdcəsinə ödənilməli, əmlakın satışından əldə edilmiş pulun qalan hissəsi cavabdehə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx xxxxxxx 2020-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş olan borc məbləğindən 5.650,17 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 1.521,71 manat, ümumilikdə 7.171,88 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx xxxxxxx 2020-ci il tarixli, **********5 saylı qərarına əsasən siyahıya alınmış 11.100 (on bir min yüz) manat məbləğində əmlakı ixtisaslaşdırılmış açıq hərracda satılsın. Əmlakın satılmasından əldə edilmiş məbləğdən 7.171,88 (yeddi min yüz yetmiş bir manat səksən səkkiz qəpik) manat məbləğində vergi borcu və 10 (on) manat məbləğində dövlət rüsumu vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. Əmlakın satışından əldə edilmiş pulun qalan hissəsi cavabdehə qaytarılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-449/2021
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-449/2021
13.04.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver