Məhkəmə qərarları › İş №e-2-2(121)-451/2023

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-451/2023

14.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-451/2023 14.07.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənli Pərviz Taleh oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit razılaşmasının ləğv edilməsi, kredit müqaviləsi üzrə borc və s. tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 025R********** saylı krеdit razılaşmasının ləğv edilməsi, cavabdеhlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 025R********** saylı krеdit razılaşması üzrə 11.054,1 manat məbləğində krеdit bоrcu, 998,63 manat məbləğində faiz bоrcu və 1.841,88 manat məbləğində cərimə borcu olmaqla, cəmi 13.894,61 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 200 manat məbləğində mediasiya xərcinin tutulması, tutmanın Cavabdeh3 məxsus olan MAZ642208-232P12 YÜK markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməsi, həmin nəqliyyat vasitəsinin açıq hərracdan satılması və cəmi 13.894,61 manat məbləğində borcun və ödənilmiş 200 manat mediasiya xərcinin MAZ-642208- 232P12 YÜK markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 ümumi qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 "xxxx" QSC ilə bağladığı xx.xx.2020-ci il tarixli 025L**********12 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 500.000 manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh3, "xxxx" QSC ilə bağladığı xx.xx.2020-ci il tarixli 025R********** saylı krеdit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20.000 manat məbləğində krеdit götürmüşdür. Cavabdeh3 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2021-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh3 götürdüyü krеdit bоrcundan 8945.9 manat ödəmiş, onun 11054.1 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, Cavabdeh3 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 165 gün üçün hesablanmış faiz borcu 998.63 manat təşkiledir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 165 gün üçün hеsablanmış cərimə 1841.88 manat təşkil edir. Uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh2, Cavabdeh1 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh3 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdeh – ipoteka verən Cavabdeh3 ilə Bank arasında bağlanılmış xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsi (Bakı şəhəri 12 saylı notariat ofisinin xüsusi notariusu H.Z.Hacıyev tərəfindən təsdiq edilib) əsasında MAZ-642208-232P12 YÜK markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin Ağcabədi Regional Qİ və TBŞ tərəfindən verilmiş AA № 118626 saylı çıxarışa əsasən Cavabdeh3 məxsus olan MAZ- 642208-232P12 YÜK markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Cavabdeh3 kredit öhdəliklərinin icrasını təmin еtmək üçün "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İddiaçı QSC-nin nümayəndəsi X2 məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, iş materiallarında olan sənədlərə və digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğuna görə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 025L**********12 nömrəli uzunmüddətlli kredit müqaviləsinin surətindən görünür ki, həmin müqavilə ilə Cavabdeh3 120 ay müddətinə 500.000 manat məbləğində krеdit xətti açılmışdır. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2020ci il tarixli, 025L**********12 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixli, 025R********** nömrəli krеdit razılaşmasının: 1.1-ci bəndinə əsasən, Bank məbləği 20.000 manat olan krediti aylıq faiz dərəcəsi 1.75% olmaqla 24 ay müddətinə Kredit Alana verir; 1.2-ci bəndinə əsasən, Kredit Alan bu Kredit Razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş Ödəniş Planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə Banka qaytarmağı öz öhdəsinə götürür; 2.1-ci bəndinə əsasən, Bank krediti Kredit Alanın cari hesabına köçürür. Kreditin Kredit Alanın hesabına köçürüldüyü tarix kreditin verildiyi tarix hesab olunur; 2.3-cü bəndinə əsasən, faiz qaytarılmalı kreditin məbləği üzrə hər gün üçün Bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşdırılmasının 1.1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1\30 hissəsi kimi hesablanır; 4.2.2-ci bəndinə əsasən, Kredit Alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 faiz məbləğində cərimə ödəməyə borcludur. İş materiallarında olan kreditin verilməsinə dair qəbzin surətindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh3 bank hesabına xx.xx.2020-ci il tarixdə 0 manat komissiya çıxılmaqla 20.000 manat məbləğində kredit məbləği köçürülmüşdür. İş materiallarında olan “Ödəniş planı”nın surətindən görünür ki, xx.xx.2020-ci il tarixli, 025R********** nömrəli krеdit müqaviləsi üzrə ilk ödəniş tarixi kimi xx.xx.2020-ci il, son ödəniş tarixi isə xx.xx.2022-ci il kimi qeyd olunmuşdur. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 025M**********01 nömrəli ipoteka müqaviləsindən görünür ki, MAZ642208-232P12 YÜK markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilə ilə ipoteka predmeti tərəflərin razılığı ilə 10.000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X4 İdarəsinin Ağcabədi Regional Qİ və TBŞ tərəfindən verilmiş AA seriyalı, 118626 nömrəli ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən xx.xx.2020-ci il tarixli, 118626 nömrəli çıxarışın surətindən görünür ki, MAZ YÜK markalı, yəhərli dartıcı, **-VN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı QSC-nin xeyrinə yüklü edilmişdir. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020ci il tarixli, 025S**********01 nömrəli zaminlik müqaviləsindən görünür ki, həmin müqavilənin 1.1-ci bəndinə əsasən, borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə borc alanla birgə məsuliyyəti öz üzərinə götürür. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020ci il tarixli, 025S**********02 nömrəli zaminlik müqaviləsindən görünür ki, həmin müqavilənin 1.1-ci bəndinə əsasən, borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə borc alanla birgə məsuliyyəti öz üzərinə götürür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Maliyyə arayışı”nın surətindən görünür ki, Cavabdeh3 xx.xx.2020-ci il tarixli, 025R********** nömrəli kredit müqaviləsinə əsasən əsas borcu 11.054,1 manat, faiz borcu 998,63 manat, cərimə borcu 1.841,88 manat olmaqla, cəmi borc məbləği 13.894,61 manat təşkil edir. İş materiallarında olan iddiaçının cavabdehlərə ünvanladığı xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 025R********** nömrəli kredit müqaviləsinə əsasən yaranmış borcun xx.xx.2022-ci il tarixinədək ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun İddiaçı ASC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xəbərdarlıq edilmişdir. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ın surətindən görünür ki, İddiaçı ASC-nin ərizəsinə əsasən xx.xx.2022-ci il tarixinə təyin edilən ilkin mediasiya sessiyasında cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirak etməmişdirlər. İş materiallarında olan “ödəniş tapşırığı”ın surətindən görünür ki, İddiaçı ASC ilkin mediasiya sessiyasının keçirilməsi üçün Mediasiya Təşkilatının hesabına 200 manat vəsait ödəmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli bildirişin surətindən görünür ki, İddiaçı ASC Cavabdeh3 “ipoteka predmetinə tutmanın yönəldilməsi” barədə bildiriş göndərmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına dair ərizədən görünür ki, İddiaçı ASC Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin Qeydiyyat İmtahan Şöbəsinə müraciət edərək ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmişdir. İş materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2-2(121)-451/2023 nömrəli qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/2559 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 025R********** nömrəli krеdit müqaviləsinə əsasən Cavabdeh3 xx.xx.2022-ci il tarixə əsas borcu üzrə 9.919,31 manat, faiz borcu üzrə 1.012,60 manat borcunun olması müəyyən olunur. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 145 manat təşkil edir. İş materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2-2(121)-451/2023 nömrəli qərardadı ilə ipoteka predmeti daşınar əmlakın bazar qiymətinə uyğun qiymətləndirilməsi "xxxx" MMC-yə həvalə olunmuş və həmin MMC-nin əmlakın dəyərinin müəyyən edilməsinə dair xx.xx.2023-cü il tarixli qiymətləndirmə hesabatı ilə Cavabdeh3 məxsus, Ağcabədi RQİ və TBŞ ünvanında qeydiyyata alınmış, qeydiyyat nişanı **-VN-*** olan, 1 ədəd MAZ-**********6824 YÜK markalı yəhərli dartıcının xx.xx.2023-cü il tarixə bazar dəyəri 16.000 manat, likvid dəyəri 14.400 manat məbləğində olması müəyyən olunmuşdur. Hesabata əlavə edilən “hesab faktura”dan görünür ki, iş üzrə daşınar əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyəri 500 manat təşkil edir. Həmin tədqiqat dəyərinin 300 manatı iddiaçı tərəfindən ödənilmiş, digər hissə olan 200 manat məbləğin isə cavabdehdən alınması xahiş edilmişdir. Beləliklə, müəyyən edilmiş işin faktiki hallarını nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında etibarlı şəkildə bağlanılmış kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə İddiaçı ASC Cavabdeh3 borc (kredit) verməyi, Cavabdeh3 isə aldığı borcu (krediti) faizi ilə birgə hissə-hissə olmaqla iddiaçıya qaytarmağı öhdələrinə götürmüşlər. İşin bu qeyd olunan halları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinin dispozisiya şərtləri uyğun gəlir. Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə müəyyən edir ki, işdə olan sənədlərə əsasən iddiaçı tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh3 həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında bağlanılmış müqavilənin şərtlərinə uyğun olaraq iddiaçının Cavabdeh3 kredit verməsi və sonuncunun həmin krediti alması işin mübahisəsiz hallarını təşkil edir. Lakin işdə olan “Maliyyə arayışında”da və hesabdan çıxarışda əksini tapan məlumatlardan müəyyən olunur ki, Cavabdeh3 əsas və faiz borcundən ibarət ödənilməmiş kredit borcu qalmışdır. Belə olan halda məhkəmə, tərəflərin iradə ifadəsini əks etdirən müqaviləni, hesabdan çıxarışı, maliyyə arayışını və işin müəyyən edilmiş digər hallarını nəzərə alaraq hesab edir ki, iddia edildiyi kimi Cavabdeh3 tərəfindən kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin vaxtında və lazımınca icra edilmədiyi aşkar olunur. Tələb olunan əsas və faizdən ibarət borc qalığının iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh iddiaya qarşı etiraz verməmiş və ya iddia tələbinin əsassızlığına dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Bu halda məhkəmə, tələb olunan kredit müqaviləsi üzrə borcun cavabdeh tərəfindən iddiaçıya ödənilməməsinin tam sübut olunduğu qənaətinə gəlir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına dair tələbi hüquqi və əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə, iddia tələbinin kredit müqaviləsi üzrə əsas borcun məbləği hissəsini qismən əsaslı hesab edərək qeyd edir ki, məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən, iddia ərizəsi və maliyyə arayışında göstərilən xx.xx.2022-ci il tarixə cavabdehin əsas borc üzrə borcunun 9.919,31 manat olması müəyyən edilmişdir. Məhkəmə, əsas borcun hesablanması ilə əlaqədar ekspertin gəldiyi nəticə ilə razılaşaraq bu qənaətə gəlir ki, əsas borcun hesablanmasında iddiaçı tərəfindən yalnışlığa yol verilərək əsas borcun məbləği olduğundan artıq göstərilmişdir. Bununla yanaşı məhkəmə, kreditdən istifadəyə görə hesablanmış faiz məbləğinin iddia ərizəsində göstərilən məbləğdə qəbul edilməli olmasını belə əsaslandırır ki, iddiaçı tələbində həmin məbləğin 998,63 manat olduğunu qeyd etmiş, ekspert rəyi alındıqdan sonra isə faiz məbləğinə aid hissədə iddia tələbinin həcminin artırılmasını tələb etməmiş, bununla da iddia ərizəsində qeyd olunan faiz məbləği ilə razılaşdığını ifadə etmişdir. Azərbaycan Respublikası MPM-nin 218.3-ci maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxardığına görə, məhkəmə hesab edir ki, faiz məbləği iddia ərizəsində göstərilən həddə müəyyən edilməlidir. Şərh edilənlərə yekun vuraraq məhkəmə bu qənaətə gəlir ki, kredit müqaviləsi üzrə cavabdehlərdən tutulacaq məbləğ, əsas borca münasibətdə 9.919,31 manat, faiz borcuna münasibətdə isə 998,63 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə, iddia tələbini cərimənin tutulması hissəsində qismən əsaslı hesab edərək qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 4.2.2-ci bəndinə əsasən, ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 faiz məbləğində cərimə ödəmək öhdəliyini Cavabdeh3 öz üzərinə götürmüşdür. İşin halları ilə Cavabdeh3 tərəfindən kreditin və ona hesablanmış faizin ödənilməsini gecikdirdiyi müəyyən olunduğuna görə, onun iddiaçıya cərimə ödəmək öhdəliyi yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd edilən maddi hüquq normalarının tələblərinə görə borclu pul vəsaitinin qaytarılmasına dair öhdəliyini pozduqda və ya lazımınca icra etmədikdə kreditorun əsas borcun qaytarılmasını tələb etməklə yanaşı, gecikmə nəticəsində cavabdehin vurduğu zərərin də ödənilməsini tələb etmək hüququ vardır. Mülki qanunvercilik belə vəziyyətlərdə müqavilə şərtlərindən asılı olaraq kreditora dəymiş zərərin əvəzi olaraq borcun məbləğindən faiz tələb etmək və ya dəbbə (cərimə, penya) tələb etmək kimi alternativ tələb imkanları tanımışdır. Hazırki işdə tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə gecikdirmə nəticəsində dəyən ziyanı qarşılamaq üçün cərimənin ödənilməsi nəzərdə tutulmuşdur, yəni Mülki Məcəllənin 466.2.1-ci maddəsinə əsasən kredit müqaviləsi üzrə zərərin deyil, yalnız dəbbə pulunun tutulması barədə tərəflər razılaşmışlar. Buna görə də iddiaçının cərimə tələbi mahiyyət etibarı ilə əsaslıdır. Lakin məhkəmə, cərimənin məbləğinin əsas və faiz borcuna nisbətini, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini nəzərə alaraq hesab edir ki, iddia tələbi cavabdehlərdən 1.841,88 manat məbləğində cərimənin tutulması hissəsində əsaslı və mütənasib deyildir. Buna görə də məhkəmə bu nəticəyə gəlir ki, cavabdehdən tutulacaq cərimə məbləğinin azaldılaraq 150 manat məbləğində müəyyən edilməsi işin hallarına mütənasib və ədalətli olar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə həmçinin iddianın 200 manat mediasiya xərcinin tutulmasına dair hissəsini də əsaslı hesab edir. Belə ki, Cavabdeh3 imzaladığı müqavilədən irəli gələn vəzifələrini lazımınca icra etmədiyinə görə iddiaçının məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə iddiaçıya əlavə zərər vurmuşdur. Buna görə də, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə xərc də cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə, iş üzrə əsas borclu ilə yanaşı digər cavabdehlərin də iddiaçı qarşısında mülki məsuliyyətinin faktiki və hüquqi əsasları ilə əlaqədar qeyd edir ki, iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 imzaladıqları zaminlik müqavilələri ilə borclu Cavabdeh3 kredit müqaviləsi üzrə öhdəliyin tamamı ilə icra edilməsini, o cümlədən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə və birgə məsuliyyəti üzərlərinə götürmüşlər. Kredit müqaviləsi üzrə borclu Cavabdeh3 öhdəliyini pozduğuna görə zaminlərin də onunla birgə kreditor qarşısında birgə (solidar) məsuliyyətləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472-ci maddəsinin tələblərinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1); Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (472.2); Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.3). Məhkəmə həmçinin iddianın “tələbin ipoteka qoyulmuş daşınar əmlaka tutmanın yönəldilməsi, açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Mülki Məcəllənin əşyanın ipoteka ilə yüklü edilməsinə dair münasibətləri tənzimləyən normalarının tələblərinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur (269.1), girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın (269.7.), ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır (307.6), ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir (307.7.), daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır (309.1), borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər (317.1), satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir (317.2). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəsində nəzərdə tutulmuşdur ki, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi (34.1.1), ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi (34.1.3) ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardır. Məhkəmə, sadalanan maddi hüquq normalarının tələblərinə əsasən baxılan işin faktiki hallarına qiymət verərək bu nəticəyə gəlir ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında etibarlı şəkildə ipoteka müqaviləsi bağlanmışdır və ipoteka hüququ daşınar əmlakın müvafiq rəsmi reyestrində qeydiyyata alınmışdır. İpoteka müqaviləsi ilə təminat verilmiş kredit müqaviləsindən irəli gələn əsas öhdəlik lazımınca icra edilmədiyinə görə, ipoteka müqaviləsinin şərtlərinə əsasən ipoteka saxlayan iddiaçının tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. Buna görə də, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş daşınar əmlaka yönəldilməsini məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş daşınar əmlaka yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakın açıq hərracdan satışı yolu ilə realizə edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 41.1-ci maddəsinə əsasən, iipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Məhkəmə, ipoteka predmeti əşyanın ilkin satış qiymətinin müəyyən edilməsi ilə əlaqədar qeyd edir ki, Mülki Məcəllənin 319.4-cü maddəsinə əsasən, açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 01 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə qərara alınmışdır ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti qiymətləndiricinin hesabatı əsasında məhkəmə tərəfindən müəyyən edilməklə, qeyd edilən əmlak açıq hərracdan satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, hazırki iş üzrə iddia ərizəsinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddiaçı 123,2 manat rüsum ödənməli olduğuna, lakin həmin Qanunun 9.1-1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunduğuna, həmçinin iddia tələbi qismən təmin olunduğuna görə qeyd edilən dövlət rüsumu müştərək qaydada cavabdehlərdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza xərci və əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyəri tələbin təmin edilməsinə mütənasib qaydada tərəflərdən tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər–əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatının dəyəri olaraq 500 manat məbləğin ödənilmiş 300 manat hissəsi iddiaçıya aid edilməli, ödənilməmiş 200 manat hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınaraq "xxxx" MMC-nin hesabına, həmçinin ekspertiza tədqiqatının dəyərini təşkil edən 145 manat məbləğində vəsait cavabdehlərdən tutularaq ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddia tələbinin xx.xx.2020-ci il tarixli, 025R********** saylı krеdit razılaşmasının ləğv edilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə kredit razılaşmasının qüvvədə olma müddətinin bitməsindən sonra müraciət etmişdir. Belə ki, işdə olan sənədlərə əsasən müəyyən edilir ki, kredit razılaşmasının müddəti 24 ay olaraq razılaşdırılmışdır və kredit razılaşmasında tərəflərin müqavilə üzrə öhdəliklərinin müqavilə müddətinin qurtarması ilə şərtləndirilməsi nəzərdə tutulmamışdır. Müqaviləyə əlavə olan “Ödəniş planı”nda isə cavabdehin öhdəliyinin icrasının qurtardığı müddət xx.xx.2022-ci il tarixi kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Göstərilənləri nəzərə alaraq müəyyən edilir ki, müqavilənin qüvvədə olma müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir. Lakin, iddiaçı müqavilənin qüvvədə olma müddəti bitdikdən sonra (xx.xx.2023-cü il tarixdə) məhkəməyə müraciət edərək artıq qüvvədə olmayan müqavilənin ləğv edilməsini tələb etmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə vurğulayır ki, artıq qüvvədə olmayan müqavilənin ləğv edilməsinə dair tələb qanuni hesab edilə bilməz və buna görə də tələb həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx.xx.2020ci il tarixli, 025R********** nömrəli kredit razılaşması üzrə 9.919,31 manat məbləğində əsas borc, 998,63 manat məbləğində faiz borcu, 150 manat məbləğində cərimə borcu, 200 manat ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş məbləğ olmaqla, ümumilikdə 11.267,94 manat məbləğində pul tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Tələb Cavabdeh3 məxsus olan MAZ-642208-232P12 YÜK markalı, 99VN715 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilsin. MAZ-642208-232P12 YÜK markalı, 99VN715 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ilkin satış qiyməti 14.400 manat məbləğində müəyyən edilsin, həmin nəqliyyat vasitəsi açıq hərracdan satılsın və satışdan əldə edilən vəsaitdən 11.267,94 manat məbləğində kredit borcu İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə nəzərdə tutulan 123,2 manat məbləğində dövlət rüsumu cavabdehlərə aid edilsin və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq dövlət büdcəsinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 145 manat məbləğində pul vəsaiti cavabdehlərdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə (VÖEN **********1, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22. Hesab №AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) ödənilsin. Daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyəri olan 500 manat məbləğin ödənilməmiş 200 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınaraq "xxxx" MMC-nin hesabına ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar