Məhkəmə qərarları › İş №e-2-2(121)-451/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-451/2025

18.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-451/2025 18.03.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nin Cavabdeh qarşı “X4 üzrə yaranmış borcun tutulması tələbi”nə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Tələb:

1. İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti və Cavabdeh arasında bağlanmış 08 sentyabr 2022-ci il tarixli ML/4195nömrəli X4 üzrə 11912,17 manat məbləğdə qalıq əsas borcun və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 125,74 manat məbləğdə dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı - İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti (bundan sonra mətndə "xxxx" MMC adlandırılacaq) ilə Cavabdeh arasında 08 sentyabr 2022-ci il tarixli ML/4195 nömrəli X4 bağlanıb. Həmin müqaviləyə əsasən, Cavabdeh 1 (bir) ədəd 2012-ci il buraxılışı olan “X9 Prado” minik markalı, JTEBX3FJ10K083721 ban nömrəli nəqliyyat vasitəsi (lizinq obyekti) 22 (iyirmi iki)% dərəcəsi ilə 36 (otuz altı) ay müddətinə lizinqə verilmişdir. Müqavilə üzrə lizinq məbləği 28500 manat təşkil edir. Sözügedən müqavilə üzrə ödəniş cədvəlinə uyğun olaraq, lizinq alan xx.xx.2022-ci ildən xx.xx.2025-ci ilədək hər ayın 08-i tarixində lizinq verənin bank hesabına 1088,43 manat məbləğdə lizinq haqqı ödəməli idi. Lakin lizinq alan Cavabdeh müqavilə üzrə öhdəliyini uzun müddət icra etməyib, lizinq haqqı ödənişini həyata keçirməyib. Belə olan halda qanunvericiliyə uyğun olaraq iddiaçı lizinq predmeti olan nəqliyyat vasitəsini cavabdehin istifadəsindən geri alıb. Lizinq predmeti olan 2012-ci il buraxılışı olan “X9 Prado” minik markalı, JTEBX3FJ10K083721 ban nömrəli nəqliyyat vasitəsi geri alınarkən zədəli olmuş və işlək vəziyyətdə olmamışdır. "xxxx" MMC tərəfindən tərtib edilmiş“avtomobilin qiymətləndirilməsi barədə” Ekspert rəyinə əsasən, 2012-ci il buraxılışı olan “X9 Prado” minik markalı, JTEBX3FJ10K083721ban nömrəli nəqliyyat vasitəsinin bazar dəyəri 21.000 (iyirmi bir min) manat məbləğdə müəyyənləşdirilib. (həmin rəy iddia ərizəsinə əlavə edilir). xx.xx.2024-cü il tarixli 04 nömrəli alqı-satqı müqaviləsinə əsasən, həmin nəqliyyat vasitəsi satış qiyməti 25000 (iyirmi beş min) manat məbləğdə razılaşdırılmaqla, "xxxx" MMC (satıcı) tərəfindən X3 (alıcı) satılıb. Beləliklə, sözügedən nəqliyyat vasitəsinin satışından əldə edilən 25000 (iyirmi beş min) manat məbləğdə pul vəsaiti Cavabdeh iddiaçı "xxxx" MMC-yə olan borcundan çıxılıb. "xxxx" MMC tərəfindən tərtib olunan maliyyə arayışına əsasən, Cavabdeh iddiaçı "xxxx" MMC-yə olan qalıq əsas borcu, cəmi 11912,17 (on bir min doqquz yüz on iki manat on yeddi qəpik) manat təşkil edir. İddiaçı tərəfindən cavabdehə lizinq öhdəliyinin icra edilməsinə dair müxtəlif vaxtlarda pretenziya məktubları ünvanlanıb (pretenzitya məktubu və onun cavabdehə çatdırılmasına dair qəbz iddia ərizəsinə əlavə edilir). Sonuncu pretenziya tələbi isə Azərbaycan Respublikasının İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin Onlayn kargüzarlıq bölməsi vasitəsilə rəsmi qaydada göndərilsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir.

Tərəflərin izahatları:

3. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclaslarının üst-üstə düşdüyünə görə məhkəmə iclasına gələ bilməyəcəyini bildirmiş, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə iş üzrə yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir.

5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.

6. Məhkəmə, həmçinin Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Hakim işdə iştirak edən şəxsin vəsatəti ilə onun nümayəndəsinin, yaxud vəkilinin üzürlü səbəbdən gəlməməsi ilə əlaqədar işin baxılmasını təxirə sala bilər.

8. Qeyd olunanları nəzərə alaraq məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab edilmişdir.

İddia ərizəsinə etiraz:

9. Cavabdeh tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.

Əsaslandırıcı hissə:

a) İş materialları və sübutların tədqiqi:

10. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 3-21-2-2-1/2-7360/2024 nömrəli İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin çıxarışından görünür ki, Qurumun adı (əvvəlki PSG Finans BOKT” MMC), Qurumun adı (hazırki) İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyəti xx.xx.2013-cü il tarixdə qeydə alınmışdır.

11. “Lizinq verən” "xxxx" MMC və “lizinq alan” Cavabdeh (VÖEN:**********) arasında xx.xx.2022-ci il tarixli ML/4195 nömrəli “Maliyyə lizinq müqaviləsi” bağlanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən, Lizinqverən Lizinq alan tərəfindən seçilmiş 1 (bir) ədəd 2012ci il buraxılışı olan, X7 Prado minik markalı, JTEBX3FJWK083721 ban nömrəli nəqliyyat vasitəsini öz mülkiyyətinə əldə etməyi va lizinq obyekti qismində Lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik va istifadəyə verməyi, Lizinq alan isə lizinq obyektini bu müqavilənin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə qötürür. - 2.2-ci bəndinə əsasən, Alqı-satqı müqaviləsi üzrə əldə edilən, lizinq obyektinin qiyməti 38.000 (otuz səkkiz min) manat təşkil edir. - 3.3.1-ci bəndinə əsasən, Lizinq obyektinin faktiki istifadə edilməsindən asılı olmayaraq, habelə texniki xidmət, təmir və ya lizinq obyektinin itirilməsi dövründə Lizinq alan lizinq müddəti ərzində va ya müqavilənin vaxtından əvvəl ləğv edilməsi anına qədər Lizinq verən tərəfindən hesab təqdim edilmədən Lizinq ödənişləri qrafiki ilə müəyyən edilmiş vaxtda və həcmdə lizinq ödənişlərini ödəməlidir. - 4.1-ci bəndinə əsasən, Lizinq obyektinin, habelə onun ayrılmaz hissəsini təşkil edən bütün ləvazimat və sənədlərin Satıcı tərəfindən Lizinq verənə və Lizinq alana təhvil- təslimi alqı-satqı müqaviləsi itə müəyyən edilmiş yerdə, müddətdə və şərtlərlə həyata keçirilir. Lizinq obyektinin təhvil -təslimi Təhvil-təslim aktı ilə rəsmiləşdirilir. - 4.2-ci bəndinə əsasən, Lizinq obyektinin təhvil-təslim aktı imzalandığı andan lizinq obyektinə mülkiyyət hüququ Lizinq veranə, sahiblik və istifadə hüququ isə Lizinq alana keçir və Lizinq verənin lizinq obyektinin Lizinq alana maliyyə lizinqinə verilməsi üzrə öhdəliyi icra edilmiş sayılır. - 6.1-ci bəndinə əsasən, Lizinq alanın Lizinq Obyektinə sahiblik və istifadə müddəti lizinq müddəti hesab edilir. Lizinq müddəti 36 (otuz altı) ay təşkil edir. Lizinq müddəti lizinq obyektinin təhvil-təslim aktı imzalandığı tarixdən hesablanır. - 6.2-ci bəndinə əsasən, bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir va tərəflər müqavilə üzrə öhdəliklərini tam icra edənə qədər qüvvədədir. - 8.2-ci bəndinə əsasən, Lizinq alanın Lizinq verənə ödəməli olduğu lizinq ödənişlərinin ümumi məbləği 39184 manat 22 (iyirmi iki) % dərəcəsi ilə 36 (otuz altı) ay müddətinə təşkil edir. Bu məbləğdən 10 684 (on min altı yüz səksən dörd) manat Lizinq verənin mükafatını təşkil edir. - 8.3-cü bəndinə əsasən Lizinq alan. 25%- 9500 (doqquz min beş yüz) manat məbləğində ilkin ödənişi bu müqavilə imzalandığı andan 5 (beş) gün ərzində ödəməyi öhdəsinə götürür. Lizinq alan 5 (beş) gün ərzində ilkin ödənişi tam həcmdə ödəmədikdə müqaviləyə Lizinq verənin təşəbbüsü ilə birtərəfli qaydada xitam verilir. - 8.4-cü bəndinə əsasən Lizinq ödənişləri lizinq müddətinin har ayı üçün hesablanır. Lizinq müddətinin hər ayı üçün lizinq ödənişinin mabləği, habelə Lizinq ödənişlərinin ödənilməsi qaydası Lizinq ödənişləri qrafiki (Bu müqaviləyə Əlavə №1) ilə müəyyən edilir. - 12.1-ci bəndinə əsasən, Lizinq alan tərəfindən aşağıdakı şübhəsiz və aşkar pozuntuları yol verildiyi hallarda, Lizinq verən müqavilənin icra etməsindən birtərəfli qaydada imtina edə bilər. - 12.5-ci bəndinə əsasən, Lizinq verən Lizinq alana yazılı məlumat verməklə müqavilənin 13.1 .-ci bəndində nəzərdə tutulmuş hallarda müqaviləni birtərəfli qaydada ləğv edə və lizinq obyektini ağlabatan qiymətə sata bilər. Müqavilə ləğv olunduğu andan 15 təqvim günü ərzində Lizinq alan lizinq obyektinin alınmasında üstünlük, hüququna və lizinq obyektinin alıcısını göstərmək hüququna malikdir, - 12.6-cı bəndinə əsasən, Lizinq obyektinin satışından əldə edilmiş pul məbləği müqavilənin ləğvi məbləğinin ödənilməsinə yönəldilir. Hamin məbləğə lizinq obyektinin cari dəyəri. Lizinq Ödənişləri qrafikinə əsəsən vaxtı çatmış, lakin ödənilməmiş lizinq ödənişləri, müqavilənin ləğv edilməsi gününə Lizinq alan tərəfindən ödənilməli olan cərimə və ya penya, Lizinq obyektinin geri alınması və satışı,müqavilənin icrası nəticəsində Lizinq verənin üçüncü şəxslər qarşısında yaranmış mümkün öhdəliklərin ödənilməsi ilə bağlı Lizinq verənin zərər və itkilərinin ödənilməsi üçün lazım olan məbləğ daxildir. Lizinq obyektinin satışından əldə edilmiş pul məbləği müqavilənin ləğvi məbləğindən azdırsa, Lizinq verən Lizinq alandan bu fərqin ödənilməsini tələb edə bilər. 12.Müqavilə lizinq alan və satıcının imzası, lizinq verənin imzası və möhürü ilə təsdiq edilmişdir.

13. xx.xx.2022-ci il tarixli “Təhvil-Təslim Aktı”na əsasən müəyyən edilir ki, xx.xx.2021-ci il tarixli, ML/4195 nömrəli daxili lizinq müqaviləsində göstərilən lizinq obyekti olan 1 (bir) ədəd 2012-ci il buraxılışı olan, X7 Prado minik markalı, JTEBX3FJWK083721 ban nömrəli nəqliyyat vasitəsi lizinq alana təhvil verilmişdir. “Təhvil-Təslim Aktı” lizinq alanın imzası ilə təsdiq edilmişdir.

14. xx.xx.2022-ci il tarixli ML/4195 nömrəli X4nə əlavə olan ödəniş cədvəlindən görünür ki, lizinq alan tərəfindən xx.xx.2022-ci ildən xx.xx.2025-ci ilədək ayda 1088,43 (bir min səksən səkkiz manat qırx üç qəpik) manat olmaqla, 39183,48 manat məbləğində ödəniş edilməlidir. Bu məbləğin 10683,40 manatı lizinq verənin mükafatıdır.

15. İş materiallarında olan cari hesabdan çıxarışın surətindən görünür ki, Cavabdeh tərəfindən lizinq müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdə ilkin ödəniş olaraq 10071 manat, xx.xx.2022-ci il tarixdə 700 manat lizinq ödənişi və xx.xx.2022-ci il tarixdə 389 manat lizinq ödənişi edilmişdir.

16. İş materialllarında olan “alıcı” qismində "xxxx" MMC ilə “satıcı” qismində X5 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ML/4195 nömrəli alqı-satqı müqaviləsinin 1-ci bəndinə əsasən, “satıcı” X5 1 (bir) ədəd 2012-ci il buraxılışı olan, X7 Prado minik markalı, JTEBX3FJWK083721 ban nömrəli nəqliyyat vasitəsini “alıcı” "xxxx" MMC-nin mülkiyyətinə verir. “Alıcı” bu avtomobili ML/4195 nömrəli X4nə Cavabdeh lizinqə verilməsi məqsədilə alır.

17. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş “avtomobilin qiymətləndirilməsi barədə” Ekspert rəyinə əsasən, 2012-ci il buraxılışı olan “X9 Prado” minik markalı, JTEBX3FJ10K083721ban nömrəli nəqliyyat vasitəsinin bazar dəyəri 21.000 (iyirmi bir min) manat məbləğdə müəyyənləşdirilmişdir.

18. xx.xx.2024-cü il tarixli 04 nömrəli alqı-satqı müqaviləsinə əsasən, 2012-ci il buraxılışı olan “X9 Prado” minik markalı, JTEBX3FJ10K083721ban nömrəli nəqliyyat vasitəsi satış qiyməti 25000 (iyirmi beş min) manat məbləğdə razılaşdırılmaqla, "xxxx" MMC (satıcı) tərəfindən X3 (alıcı) satılmışdır.

19. İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş “Məlumat”dan görünür ki, "xxxx" MMC ilə cavabdeh - Cavabdeh arasında 08 sentyabr 2022-ci il tarixli ML/4195 nömrəli X4 bağlanıb. Həmin müqaviləyə əsasən, cavabdeh - Cavabdeh 1 (bir) ədəd 2012ci il buraxılışı olan “X9 Prado” minik markalı, JTEBX3FJ10K083721 ban nömrəli nəqliyyat vasitəsi (lizinq obyekti) 22 (iyirmi iki) % dərəcəsi ilə 36 (otuz altı) ay müddətinə lizinqə verilmişdir. Müqavilə üzrə lizinq məbləği 28500 (iyirmi səkkiz min beş yüz manat) AZN təşkil edir. Sözügedən müqavilə üzrə ödəniş cədvəlinə uyğun olaraq, lizinq alan xx.xx.2022-ci ildən xx.xx.2025-ci ilədək hər ayın 08-i tarixində lizinq verənin bank hesabına 1088,43 (bir min səksən səkkiz manat qırx üç qəpik) AZN məbləğdə lizinq haqqı ödəməli idi. Lakin lizinq alan – Cavabdeh müqavilə üzrə öhdəliyini uzun müddət icra etməyib, lizinq haqqı ödənişini həyata keçirməyib. Belə olan halda qanunvericiliyə uyğun olaraq iddiaçı lizinq predmeti olan nəqliyyat vasitəsini xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən cavabdehin istifadəsindən geri alıb. xx.xx.2024-cü il tarixli 025/24 nömrəli bildirişə əsasən müqavilənin birtərəfli ləğvi ilə bağlı məktub göndərilmişdir. Lakin cavabdeh "xxxx" MMC-yə gəlməmiş və razılaşma ilə bağlı heç bir danışıq aparmamışdır

20. İş materiallarında olan Cavabdeh xx.xx.2022-ci il tarixli, 4195 saylı kredit müqaviləsi üzrə İddiaçı BOKT MMC-yə olan kredit borcunun hesablanması haqqında xx.xx.2024-cü il tarixli, 1315/24 saylı Arayışının surətindən görünür ki, Cavabdeh İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC qarşısında xx.xx.2022-ci il tarixli, ML/4195 nömrəli Maliyyə lizinq müqaviləsi üzrə ödənilmiş ümumi məbləğ 1089 manat təşkil edir, vaxtı çatan cari aylıq nə əsasən xx.xx.2024-cü il tarixə qədər 11912,17 manat əsas borc öhdəliyi vardır.

21. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı pretenziya məktubunun surətindən görünür ki, İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC ilə bağlanmış müqaviləyə əsasən borc yaranmışdır. Həmin vəsaitin qısa zaman ərzində ödənilməsi xahiş edilmişdir. Əks halda lizinq müqaviləsi üzrə əmələ gəlmiş borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir.

b) Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. - 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. - 750-ci maddəsinə əsasən, lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. - 748-1.12 və 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

- 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.5-ci və 115.0.6-cı maddələrinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. -121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

24. Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarı:

Konstitusiya Məhkəməsinin mövqeyinə görə, Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Məhkəmə qeyd edir ki, lizinq müqaviləsinin ləğvi zamanı tərəfin iradə ifadəsinin təfsirində həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Mülki hüquqda daxili iradənin ifadə üsulları üç qrupa bölünür: düzünə iradə ifadəsi (şifahi və ya yazılı qaydada); dolayı iradə ifadəsi (konklyudent hərəkətlər) və susmaq nəticəsində iradə ifadəsi. Göründüyü kimi, iradə yalnız verbal nitqlə və ya yazılı qaydada deyil, həmçinin konklyudent hərəkətlərdə də ifadə oluna bilir. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 329.3-cü maddəsində təsbit edilmişdir ki, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Bu isə onu göstərir ki, lizinq münasibətlərində lizinq alanın lizinq obyektinə sahiblik və istifadədən lizinq verən tərəfindən məhrum edilməsi də özüözlüyündə konklyudent hərəkətdə ifadə olunan, lizinq verənin müqavilənin ləğvinə yönəlik iradə ifadəsidir (şifahi əqd).

25. Məhkəmə baxışının hədləri:

- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi:

26. Məhkəmə iş materiallarını araşdıraraq və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir.

27. Məhkəmə ilkin olaraq iş materialları və yuxarıda sadalanan maddi hüquq normalarına əsasən qeyd edir ki, hazırki iş üzrə iddiaçı (lizinq verən) ilə cavabdeh (lizinq alan) arasında etibarlı şəkildə bağlanmış xx.xx.2022-ci il tarixli ML/4195 nömrəli X4ndən irəli gələn öhdəlik münasibəti yaranmışdır. Belə ki, iddiaçı cavabdeh tərəfindən seçilmiş 1 (bir) ədəd 2012-ci il buraxılışı olan, X7 Prado minik markalı, JTEBX3FJWK083721 ban nömrəli nəqliyyat vasitəsini öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində cavabdehə müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, cavabdeh isə lizinq obyektini lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürmüşdür.

28. Məhkəmə hesab edir ki, 1 (bir) ədəd 2012-ci il buraxılışı olan, X7 Prado minik markalı, JTEBX3FJWK083721 ban nömrəli nəqliyyat vasitəsini öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində cavabdehə müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi sübut etmək vəzifəsi iddiaçının üzərinə, lizinq müqaviləsi üzrə ödənişləri həmin müqavilənin şərtləri əsasında ödənilməsini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür.

29. İş materialları araşdırılakən müəyyən edildi ki, mübahisəli hüquq münasibətlərində lizinq verən qismində çıxış edən iddiaçı müqavilə üzrə öhdəliklərini icra edərək lizinq obyekti olan 1 (bir) ədəd 2012-ci il buraxılışı olan, X7 Prado minik maıkalı, JTEBX3FJWK083721 ban nömrəli nəqliyyat vasitəsini lizinq alana təhvil versə də, lizinq alan xx.xx.2022-ci il tarixli, ML/4195 nömrəli daxili X4 üzrə ödəniş qrafikinə əsasən lizinq ödənişlərinin ödənilməsini gecikdirmişdir.

30. Eyni zamanda müəyyən edildi ki, xx.xx.2024-cü il tarixdə avtomobil lizinq verənə qaytarılmaqla lizinq münasibətlərinə faktiki olaraq xitam verilmişdir. Hazırda iddiaçı cavabdehdən lizinq müqaviləsi üzrə borcun ödənilməsini tələb edir.

31. İş materiallarından göründüyü kimi, iddia ərizəsi əsaslandırılarkən qeyd olunur ki, lizinq obyekti lizinq alandan təhvil alınandan sonra xx.xx.2024-cü il tarixli, 04 nömrəli alqısatqı müqaviləsinə əsasən, 2012-ci il buraxılışı olan “X9 Prado” minik markalı, JTEBX3FJ10K083721ban nömrəli nəqliyyat vasitəsi satış qiyməti 25000 (iyirmi beş min) manat məbləğdə razılaşdırılmaqla, "xxxx" MMC (satıcı) tərəfindən X3 (alıcı) satılmış və həmin əldə olunan məbləğ cavabdehin borcundan çıxılmış və sonda cavabdehin 11912,17 manat borcu qalmışdır.

32. Məhkəmə hesab edir ki, əvvəlcə bağlanmış lizinq müqaviləsinin hüquqi qüvvəsi məsələsinin şərh edilməsi zəruridir.

33. İş materiallarından göründüyü kimi “X9 Prado” minik markalı, JTEBX3FJ10K083721ban nömrəli nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə cavabdehin istifadəsindən geri alınıb. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan mövqeyinə görə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

34. Məhkəmə qeyd edir ki, lizinq müqaviləsinin ləğvi zamanı tərəfin iradə ifadəsinin təfsirində həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Mülki hüquqda daxili iradənin ifadə üsulları üç qrupa bölünür: düzünə iradə ifadəsi (şifahi və ya yazılı qaydada); dolayı iradə ifadəsi (konklyudent hərəkətlər) və susmaq nəticəsində iradə ifadəsi. Göründüyü kimi, iradə yalnız verbal nitqlə və ya yazılı qaydada deyil, həmçinin konklyudent hərəkətlərdə də ifadə oluna bilir. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 329.3-cü maddəsində təsbit edilmişdir ki, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Bu isə onu göstərir ki, lizinq münasibətlərində lizinq alanın lizinq obyektinə sahiblik və istifadədən lizinq verən tərəfindən məhrum edilməsi də özü-özlüyündə konklyudent hərəkətdə ifadə olunan, lizinq verənin müqavilənin ləğvinə yönəlik iradə ifadəsidir (şifahi əqd).

35. Hazırda isə müəyyən edilməli hal konklyudent hərəkətin baş vermə anıdır. Belə ki, iddiaçı X9 Prado” minik markalı, JTEBX3FJ10K083721ban nömrəli nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə cavabdehin istifadəsindən geri almışdır. Belə olan halda lizinq müqaviləsi xx.xx.2024-cü il tarixdən ləğv edilmiş hesab edilməlidir.

36. Məhkəmə iş materiallarına əsasən qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli ML/4195 nömrəli daxili lizinq müqaviləsinin 8.3-cü bəndinə əsasən Lizinq alan 25%- 9500 (doqquz min beş yüz) manat məbləğində ilkin ödəniş etməlidir. İşdən görünür ki, cavabdeh lizinq obyekti üzrə xx.xx.2022-ci il tarixdə ilkin ödəniş olaraq 10071 manat, xx.xx.2022-ci il tarixdə 700 manat lizinq ödənişi və xx.xx.2022-ci il tarixdə 389 manat lizinq ödənişi etmiş, lakin iddiaçı hazırkı tələblə müraciət edərkən həmin ödənişləri tam olaraq nəzərə almamışdır.

37. Cavabdehdən tutulmalı olan lizinq ödənişlərinin məbləğinə gəldikdə məhkəmə əvvəla qeyd edir ki, xx.xx.2024-cü il tarixdə lizinq müqaviləsinə birtərəfli xitam verildiyindən, iddiaçı yalnız həmin tarixədək olan müddət üçün lizinq ödənişlərinin ödənilməsini tələb etmək hüququna malikdir.

38. Məhkəmə aylıq lizinq ödənişinin 1088,43 manat olduğunu nəzərə alaraq təqdim edilən ödəniş cədvəlinə və hesabdan çıxarışa əsasən hesab edir ki, lizinq müqaviləsinin birtərəfli qaydada ləğv edildiyi xx.xx.2024-cü il tarixə qədər ödənilməli lizinq ödənişlərinin cəmi 17414,88 (lizinq ödənişi: 1088,43 * 16) manat təşkil edir. Lakin iş materiallarından müəyyən olunur ki, həmin məbləğdən yalnız bu günə kimi cəmi 1089 manat, eyni zamanda edilmiş ilkin ödəniş 10071 manat olmaqla, ümumilikdə 11160 manat məbləğində ödəniş edilmiş, 6254,88 manat hissəsi isə ödənilməmiş qalmışdır.

39. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi 6254,88 (17414,88 – 11160) manat hissəsində əsaslıdır.

40. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən xx.xx.2022-ci il tarixli ML/4195 nömrəli daxili X4 üzrə 6254,88 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmə xərcləri:

41. Məhkəmə iddianın “dövlət rüsumu kimi ödənilmiş 125,74 manat məbləğində pulun tutulması” hissəsinə münasibətdə AR MPM-nin 119.1-ci maddəsinə əsasən qeyd edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumuna görə iddinın təmin edilmiş hissəsinə mütənasib olaraq 82,54 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan hissəsi (43,2 manat) isə iddiaçıya aid edilməlidir.

Nəticə

42. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

q ə t e t d i:

İddia qismən təmin edilsin. Cavabdeh 6254,88 (altı min iki yüz əlli dörd manat, səksən səkkiz qəpik) manat əsas borc və ödənilmiş dövlət rüsumuna görə 82,54 (səksən iki manat, əlli dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş qalan 43,2 (qırx üç manat, iyirmi qəpik) manat dövlət rüsumu iddiaçı Monetri” Bank Olmayan Kredit Təşkilatı MMC-nin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Rəmzi Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar