Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-46/2021 28.04.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tatiyeva Günel Əli qızının katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Qanuni nümayəndə, Cavabdeh1 iştirakları ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Cavabdeh1 7.171,59 manat əsas, 299,56 manat faiz, 994,09 manat məbləğində cərimə və 1.092 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan RespublikasıMM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 9.557,24 manat kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan, ünvan 1 ünvanında yerləşən 13 saylı mənzilə tutmanın yönəldilməsi, həmin mənzilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh1 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1 tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 27.05.2014-cü il tarixli, 149/14 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 36 ay müddətinə, illik 6% ödənilmək şərtilə, 14.500 manat məbləğində kredit vəsaiti verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh2 ilə həmin tarixdə 149/14/1 saylı ipoteka müqaviləsi bağlanmış və həmin ipoteka müqaviləsinə əsasən, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan, ünvan 1 ünvanında yerləşən 13 saylı mənzil İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Müqaviləyə əsasən borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri Banka ödəməlidir. Lakin buna baxmayaraq borclu Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Sonuncu dəfə cavabdeh 24.10.2017-ci il tarixdə 200 manat vəsait ödəmişdir. Hazırda borclunun Banka ödənilməmiş 7.171,59 manat əsas, 299,56 manat müddət sonuna hesablanan faiz, 994,09 manat məbləğində cərimə və 1.092 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan RespublikasıMM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 9.557,24 manat borcu mövcuddur. Borc ödənilmədiyindən məhkəməyə müraciət olunmuşdur. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 əsas borc məbləğini, faiz və cərimə borcunu qəbul etdiyini, lakin kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faiz borcunu qəbul etmədiyini bildirdi və iddia tələbinin qismən təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 27 may 2014-cü il tarixli, 149/14 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh1 illik 6 faiz dərəcəsi ilə, 36 ay müddətinə kənd təsərrüfatı məhsullarının istehsalı, heyvandarlığın inkişafı məqsədilə 14.500 (on dörd min beş yüz) manat məbləğində kreditin verilməsi barədə tərəflər razılığa gəlmişlər. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 27 may 2014cü il tarixli, 149/14/1 saylı ipoteka müqaviləsinə əsasən, 27 may 2014-cü il tarixli, 149/14 saylı kredit müqaviləsin təminatı kimi Cavabdeh2 məxsus, ünvan 1 ünvanında yerləşən 37,2 m2 yaşayış sahəsindən, 26,8 m2 köməkçi sahədən, 64 m2 ümumi sahədən ibarət 3 otaqlı, 13 saylı fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 12.04.2014-cü il tarixli, RX seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 13 saylı fərdi yaşayış evi Cavabdeh2 xüsusi mülkiyyətindədir. İş materiallarında olan 14.07.2014-cü il tarixli, RX seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən 13 saylı fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Ləğv prosesində olan İddiaçı ASC-nin 08.05.2020-ci il tarixli, **********196 saylı arayışından görünür ki, Ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 27 may 2014-cü il tarixli, 149/14 saylı kredit müqaviləsi üzrə cavabdehin 28.04.2020-ci il tarixə banka 7.171,59 manat əsas, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz 299,56 manat, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 994,09 manat, həmçinin Mülki Məcəllənin 445.7ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 1.092 manat, müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 9.557,24 manat təşkil edir. İş materiallarında olan, Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh1 ünvanlanmış 08.05.2020-ci il tarixli pretenziyadan görünür ki, tərəflər arasında bağlanılmış 27 may 2014-cü il tarixli, 149/14 saylı kredit müqaviləsi üzrə cəmi 9.557,24 manat borcun 3 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materialında olan, Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış “ipoteka predmetinə tutmanının yönəldilməsi barədə” 18.05.2020-ci il tarixli bildirişdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanılmış 27 may 2014-cü il tarixli, 149/14 saylı kredit müqaviləsi əsasında aldığı 14.500 manat kredit müqaviləsi üzrə cəmi 9.557,24 manat borcunun olması və qeyd olunan borc ödənilmədiyi halda ipoteka predmetinə tutmanın yönəldilməsi üçün məhkəməyə müraciət olunacağı barədə Cavabdeh1 və Cavabdeh2 məlumatlandırılmışlar. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsi tərəfindən Ləğv prosesində olan İddiaçı ASC-yə ünvanlanmış 30.06.2020-ci il tarixli, 2546 saylı məktubdan görünür ki, Cavabdeh2 mülkiyyətində olan daşınmaz əmlak üzərində ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş qeydiyyata alınmışdır. İşdə olan ləğv prosesində olan İddiaçı ASC-nin məhkəməyə ünvanladığı müraciətindən və portaldan çıxarışdan görünür ki, cavabdehin borcu Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28.02.2019-cu il tarixli Fərmanının təsirinə düşmür. İş materiallarında olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin 15 mart 2021-ci il tarixli, 101/ZB/21 saylı fərdi yaşayış evinin qiymətləndirilməsi rəyindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 27 may 2014-cü il tarixli, 149/14/1 saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən 37,2 m2 yaşayış sahəsindən, 26,8 m2 köməkçi sahədən, 64 m2 ümumi sahədən ibarət 3 otaqlı, 13 saylı fərdi yaşayış evinin likvid dəyəri 36.000 manat təşkil edir. İş materiallarında olan Cavabdeh1 tərəfindən məhkəməyə ünvanlanmış 28.04.2021ci il tarixli ərizədən görünür ki, Cavabdeh1 7.171,59 manat əsas borcdan ödədiyi 250 manat məbləğ çıxılmaqla, qalan 6.921,59 manat əsas, 299,56 manat faiz və 994,09 manat cərimə borcunu qəbul edir, lakin kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 1.092 manat məbləğində faiz borcunu qəbul etmir. Məhkəmə müəyyən etdi ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 27 may 2014-cü il tarixli, 149/14 saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən, Cavabdeh1 illik 6 faiz dərəcəsi ilə, 36 ay müddətinə 14.500 manat məbləğində kredit verilmişdir. Eyni zamanda İddiaçı ASC ilə Cavabdeh2 arasında 27 may 2014-cü il tarixli, 149/14/1 saylı ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən, Cavabdeh2 məxsus, ünvan 1 ünvanında yerləşən 37,2 m2 yaşayış sahəsindən, 26,8 m2 köməkçi sahədən, 64 m2 ümumi sahədən ibarət 3 otaqlı, 13 saylı fərdi yaşayış evi sözügedən kredit müqaviləsinin təminatı kimi, İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh1 həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh1 tərəflər arasında bağlanmış 27 may 2014-cü il tarixli, 149/14 saylı kredit müqaviləsi üzrə 6.921,59 manat əsas, 299,56 manat faiz və 994,09 manat cərimə borcunun olması iş materialları ilə sübut olunduğundan və Cavabdeh1 həmin hissədə iddianı qəbul etdiyindən, iddia həmin hissədə qismən (7.171,59 manat əsas borcdan ödənilmiş 250 manat məbləğ çıxılmaqla) təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən Cavabdeh1 7.171,59 manat əsas borc tələb edilsə də, Cavabdeh1 tərəfindən 20 fevral 2017-ci il tarixdə ödənilmiş 250 manat məbləğində pul hazırki əsas borc hesablanarkən nəzərə alınmamış, həmin məbləğ hesabdan çıxarışda öz əksini tapmamışdır. İddiaçının nümayəndəsi həmin ödənişin aparılmasını qəbul etməsə də, 20 fevral 2017-ci il tarixli ödəniş qəbzinin mötəbər sübut kimi qəbul edilməsinin yolverilməzliyini əsaslandıra bilməmiş, bununla bağlı məhkəməyə hər-hansı sübut təqdim etməmişdir. Belə olan halda isə məhkəmə hesab edir ki, 20 fevral 2017-ci il tarixdə ödənilmiş 250 manat məbləğində pul əsas borc məbləğindən çıxılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 27 may 2014-cü il tarixli, 149/14 saylı kredit müqaviləsinin 2.4-cü bəndinə əsasən, əgər borcalan kredit müqaviləsinin müddəti başa çatanadək kredit məbləğini banka qaytarmazsa, illik 12% vaxtı keçmiş və ya aylıq faiz borcunun ödənişini gecikdirərsə, bank borcalanın kredit qalığına illik 1% cərimə hesablayacaq. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Cavabeh Cavabdeh1 faiz və dəbbə pulunu tam şəkildə qəbul etdiyindən, məhkəmə hesab edir ki, 299,56 manat faiz və 994,09 manat cərimə borcu Cavabeh Cavabdeh1 tutulmalıdır. Məhkəmə iddia tələbinin gecikdirilmiş vaxt üçün hesablanan illik 5 faiz olmaqla 1.092 manat faiz borcunun tutulması tələbinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə gecikdirmə nəticəsində dəyən ziyan qarşılamaq üçün dəbbə pulu nəzərdə tutulmuşdur, yəni Mülki Məcəllənin 466.2.1-ci maddəsinə əsasən kredit müqaviləsi üzrə zərərin deyil, yalnız dəbbə pulunun tutulması barədə tərəflər razılaşmışlar. Bundan başqa dəbbə pulundan əlavə dəymiş ziyanla əlaqədar məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Odur ki, məhkəmə həmin tələbi əsassız hesab edir. Bundan əlavə, məhkəmə qeyd edir ki, tərəflər arasında 27 may 2014-cü il tarixli, 149/14/1 saylı ipoteka müqaviləsi bağlanılmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsində ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması əsasları göstərilmişdir. Həmin Qanunun 34.1.1-ci və 34.1.3-cü maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aiddir. Həmin Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndircinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Azərbaycan Respublikası Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli, 01 saylı Qərardadında qeyd olunmuşdur ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin 15 mart 2021-ci il tarixli, 101/ZB/21 saylı fərdi yaşayış evinin qiymətləndirilməsi rəyinə əsasən, Cavabdeh2 məxsus İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, ünvan 1 ünvanında yerləşən 37,2 m2 yaşayış sahəsindən, 26,8 m2 köməkçi sahədən, 64 m2 ümumi sahədən ibarət 3 otaqlı, 13 saylı fərdi yaşayış evinin likvid dəyəri 36.000 manat müəyyən edilmişdir. Məhkəmə borcun ipoteka predmetinə yönəldilərək, həmin əmlakın açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, yuxarıda sadalanan hüquq normalarına əsasən iddia tələbi həmin hissədə əsaslıdır. Odur ki, iddia həmin hissədə təmin edilməli, ipoteka predmetinin, yəni Cavabdeh2 məxsus İddiaçı ASCnin xeyrinə ipoteka ilə yüklü edilmiş, ünvan 1 ünvanında yerləşən 37,2 m2 yaşayış sahəsindən, 26,8 m2 köməkçi sahədən, 64 m2 ümumi sahədən ibarət 3 otaqlı, 13 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 36.000 manat müəyyən edilməklə, həmin əmlak açıq hərracda satılmalı və satışdan əldə ediləcək vəsait hesabına borc tələbi ödənilməlidir. Məhkəmə iddia tələbinin “ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-ci maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir. Odur ki, iddianın həmin hissəsi əsassızdır. Buna görə də iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 7,20 manatı iddiaçıya aid edilməli, 22,80 manatı isə Cavabdeh1 iddiaçının xeyrinə tutulmalı, iş üzrə təyin edilmiş məhkəməəmtəəşünaslıq (qiymətləndirmə) ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan cəmi 300 (üç yüz) manat müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq “xxxx” MMC-yə ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 6.921,59 manat əsas borc, 299,56 manat faiz borcu, 994,09 manat cərimə (dəbbə pulu) borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 22,80 manat olmaqla, cəmi 8.238,04 (səkkiz min iki yüz otuz səkkiz manat, dörd qəpik) manat məbləğində pul tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməli, ipoteka predmetinin ilkin satış qiyməti 36.000 (otuz altı min) manat müəyyən edilərək, tutulacaq məbləğ ipoteka qoyan Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən 37,2 m2 yaşayış sahəsindən, 26,8 m2 köməkçi sahədən, 64 m2 ümumi sahədən ibarət 3 otaqlı, 13 saylı fərdi yaşayış evinə yönəldilməli həmin əmlak açıq hərrac yolu ilə satılmalı, satışdan əldə ediləcək vəsait hesabına Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna olan borc ödənilməli, əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsi Cavabdeh2 qaytarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 6.921,59 manat əsas borc, 299,56 manat faiz borcu, 994,09 manat cərimə (dəbbə pulu) borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 22,80 manat olmaqla, cəmi 8.238,04 (səkkiz min iki yüz otuz səkkiz manat, dörd qəpik) manat məbləğində pul tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. İpoteka predmetinin ilkin satış qiyməti 36.000 (otuz altı min) manat müəyyən edilərək, tutulacaq məbləğ ipoteka qoyan Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən 37,2 m2 yaşayış sahəsindən, 26,8 m2 köməkçi sahədən, 64 m2 ümumi sahədən ibarət 3 otaqlı, 13 saylı mənzilə yönəldilsin, həmin əmlak açıq hərrac yolu ilə satılsın, satışdan əldə ediləcək vəsait hesabına Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna olan borc ödənilsin. Əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsi Cavabdeh2 qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq (qiymətləndirmə) ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan cəmi 300 (üç yüz) manat müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq “xxxx” MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2-2(121)-46/2021
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-46/2021
28.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver