Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-461/2021 14.04.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tatiyeva Günel Əli qızının katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakları ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı 4.047,94 manat əsas borc, 345,27 manat faiz borcu, 353,32 manat cərimə borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 585,76 manat borc olmaqla, cəmi 5.332,29 manat kredit borcunun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tutularaq, ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin İmişli filialı ilə Cavabdeh1 arasında bağlanmış 440SF saylı 13 mart 2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə heyvandarlığın inkişafı üçün 36 ay müddətinə illik 6 faiz dərəcəsi ilə 5.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh3 və Cavabdeh2 ilə Bank arasında 18 mart 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinə əsasən Cavabdeh1 müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. 22.01.2021-ci il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 5.332,29 manat təşkil edir. Bundan 4.047,94 manat əsas, 345,27 manat faiz, 353,32 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 585,76 manat faiz borcu təşkil edir. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********247 saylı 27.01.2021-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 borc məbləğini qismən qəbul etdiyini və ödəyəcəyini bildirdi, həmçinin məhkəmədən ədalətli qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 məhkəmədən ədalətli qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC-nin İmişli filialı ilə Cavabdeh1 arasında bağlanmış 13 mart 2015-ci il tarixli, 440 SF saylı kredit müqaviləsinə əsasən, Cavabdeh1 illik 6 faiz dərəcəsi ilə, 36 ay müddətinə, heyvandarlığın inkişafı üçün 5.000 manat məbləğində kreditin verilməsi barədə tərəflər razılığa gəlmişlər. İş materiallarında olan 18.03.2015-ci il tarixli, 07 saylı kassa məxaric orderindən görünür ki, Cavabdeh1 5.000 manat kredit verilmişdir. İş materiallarında olan 18.03.2015-ci il tarixli, 6674 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC-nin İmişli filialı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmışdır. Göstərilən zaminlik müqaviləsinə əsasən zaminlər bütün daşınar və daşınmaz əmlakları ilə bankla borcalan arasında 13 mart 2015ci il tarixli, 440 SF saylı kredit müqaviləsi üzrə Cavabdeh1 bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərilərinə götürmüşlər. İş materiallarında olan Ləğv prosesində olan İddiaçı ASC-nin 29.01.2021-ci il tarixli, **********345 saylı arayışından görünür ki, Ləğv prosesində olan İddiaçı ASC-nin İmişli filialı ilə Cavabdeh1 arasında bağlanmış 13 mart 2015-ci il tarixli, 440 SF saylı kredit müqaviləsi üzrə cavabdehin 22.01.2021-ci il tarixə banka 4.047,94 manat əsas, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz 345,27 manat, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 353,32 manat, həmçinin Mülki Məcəllənin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 585,76 manat, ümumi borc 5.332,29 manat təşkil edir. İş materialında olan 27.01.2021-ci il tarixli xəbərdarlıq məktubunun (bildirişin) surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanılmış 13 mart 2015-ci il tarixli, 440 SF saylı kredit müqaviləsi əsasında aldığı kreditə görə 22 yanvar 2021-ci il tarixinə banka 4.047,94 manat əsas, 345,27 manat müddət sonuna hesablanan faiz, 353,32 manat məbləğində cərimə və 585,76 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 5.332,29 manat məbləğində kredit borcunun olması barədə xəbərdar edilmişdir. Əks təqdirdə əsas borcun və hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehlər məlumatlandırılmışlar. İş materialından görünür ki, Cavabdeh1 borcu Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28.02.2019-cu il tarixli Fərmanının təsirinə düşmür. İş materiallarında olan Cavabdeh1 tərəfindən məhkəməyə ünvanlanmış 14.04.2021ci il tarixli ərizədən görünür ki, Cavabdeh1 4.047,94 manat əsas borcu və 345,27 manat faiz borcunu qəbul edir, lakin , 353,32 manat məbləğində cərimə borcunu və 585,76 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faiz borcunu qəbul etmir. Məhkəmə müəyyən etdi ki, İddiaçı ASC-nin İmişli filialı ilə Cavabdeh1 arasında 13 mart 2015-ci il tarixli, 440 SF saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən, Cavabdeh1 illik 6 faiz dərəcəsi ilə, 36 ay müddətinə 5.000 (beş min) manat məbləğində kredit verilmişdir. İddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh1 tərəflər arasında bağlanmış 13 mart 2015-ci il tarixli, 440 SF saylı kredit müqaviləsi üzrə 4.047,94 manat əsas və 345,27 manat faiz borcunun olması iş materialları ilə sübut olunduğundan və Cavabdeh1 həmin hissədə iddianı qəbul etdiyindən, iddia həmin hissədə Cavabdeh1 münasibətdə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh1 kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini qaytarmalı olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də iddianın 4.047,94 manat məbləğində əsas borcun və hesablanmış 345,27 manat məbləğində faiz borcunun Cavabdeh1 tutulmasına dair hissələri əsaslıdır. Odur ki, iddianın həmin hissələri təmin edilməlidir. Məhkəmə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə qeyd edir ki, öhdəliyi zaminliklə təmin olunmuş əsas öhdəliyin yarandığı andan əmələ gəlmişdir. Kredit və zaminlik müqaviləsindən görünür ki, əsas öhdəliyin icrası vaxtı 13.03.2018-ci il tarixdə başa çatmış, lakin iddiaçı yalnız 02.03.2021-ci il tarixdə icra edilməmiş öhdəlik üzrə zaminlər Cavabdeh2 və Cavabdeh3 qarşı iddia irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Belə olan halda Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə zaminliyə qanunun imperativ tələbi əsasında xitam verildiyindən, məhkəmə hesab edir ki, Cavabdeh2 və Cavabdeh3 münasibətdə iddia tələbi əsassızdır. Məhkəmə iddia tələbinin gecikdirilmiş vaxt üçün hesablanan illik 5 faiz olmaqla 585,76 manat faiz borcunun tutulması tələbinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə gecikdirmə nəticəsində dəyən ziyan qarşılamaq üçün dəbbə pulu nəzərdə tutulmuşdur, yəni Mülki Məcəllənin 466.2.1-ci maddəsinə əsasən kredit müqaviləsi üzrə zərərin deyil, yalnız dəbbə pulunun tutulması barədə tərəflər razılaşmışlar. Bundan başqa dəbbə pulundan əlavə dəymiş ziyanla əlaqədar məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Odur ki, məhkəmə həmin tələbi əsassız hesab edir. Məhkəmə iddianın 353,32 manat cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə cərimənin 353,32 manat məbləğində deyil, 20 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması Cavabdeh1 əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 5,18 manatı iddiaçıya aid edilməli, 24,82 manatı isə Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 4.047,94 manat əsas borc, 345,27 manat faiz borcu, 20 manat cərimə (dəbbə pulu) borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 24,82 manat olmaqla, cəmi 4.438,03 manat məbləğində pul tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 4.047,94 manat əsas borc, 345,27 manat faiz borcu, 20 manat cərimə (dəbbə pulu) borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 24,82 manat olmaqla, cəmi 4.438,03 (dörd min dörd yüz otuz səkkiz manat, üç qəpik) manat məbləğində pul tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2-2(121)-461/2021
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-461/2021
14.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver