Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-466/2021 05.08.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsi Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qurbanov Cəlal Əli oğlunun katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə, Cavabdeh3 iştirakları ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı cavabdehlərdən 4.194,63 manat əsas borc, 789,89 manat faiz borcu, 419,25 manat cərimə borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 613,06 manat faiz borcu olmaqla, cəmi 6.016,83 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin İmişli filialı ilə Cavabdeh2 arasında bağlanmış 02.03.2015-ci il tarixli, 419 SF saylı kredit müqaviləsinə əsasən, Cavabdeh2 36 ay müddətinə, illik 6 faiz dərəcəsi ilə, 5.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən, Cavabdeh2 müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh3 və Cavabdeh1 ilə bank arasında 02 mart 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.1-ci bəndinə əsasən, zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahat verərək, iddia tələbinin qismən təmin olunmasını və borcun Cavabdeh2 tutulmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC-nin İmişli filialı ilə Cavabdeh2 arasında bağlanmış 02 mart 2015-ci il tarixli, 419 SF saylı kredit müqaviləsinə əsasən, Cavabdeh2 illik 6 faiz dərəcəsi ilə, 36 ay müddətinə, heyvandarlığın inkişafı üçün 5.000 manat məbləğində kreditin verilməsi barədə tərəflər razılığa gəlmişlər. İş materiallarında olan 05.03.2015-ci il tarixli, 11 saylı kassa məxaric orderindən görünür ki, Cavabdeh2 5.000 manat kredit verilmişdir. İş materiallarında olan 02.03.2015-ci il tarixli, 6655 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC-nin İmişli filialı ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. Göstərilən zaminlik müqaviləsinə əsasən, zaminlər bütün daşınar və daşınmaz əmlakları ilə bankla borcalan arasında 02 mart 2015ci il tarixli, 419 SF saylı kredit müqaviləsi üzrə Cavabdeh2 bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərilərinə götürmüşlər. İş materiallarında olan Ləğv prosesində olan İddiaçı ASC-nin 29.01.2021-ci il tarixli, **********350 saylı arayışından görünür ki, Ləğv prosesində olan İddiaçı ASC-nin İmişli filialı ilə Cavabdeh2 arasında bağlanmış 02 mart 2015-ci il tarixli, 419 SF saylı kredit müqaviləsi üzrə cavabdehin 22.01.2021-ci il tarixə banka 4.194,63 manat əsas, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz 789,89 manat, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 419,25 manat, həmçinin Mülki Məcəllənin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 613,06 manat, ümumi borc 6.016,83 manat təşkil edir. İş materiallarında olan 26 yanvar 2021-ci il tarixli, **********230 saylı bildirişdən görünür ki, İddiaçı ASC-nin İmişli filialı ilə Cavabdeh2 arasında bağlanmış 02 mart 2015-ci il tarixli, 419 SF saylı kredit müqaviləsi əsasında aldığı kreditə görə 4.194,63 manat əsas, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz 789,89 manat, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 419,25 manat, həmçinin Mülki Məcəllənin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 613,06 manat, müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 6.016,83 manat məbləğində kredit borcunun olması, borc ödənilmədiyi halda borcun və hesablanmış faizlərin tutulması ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 məlumatlandırılmışlar. İş materiallarından görünür ki, Cavabdeh2 borcu Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28.02.2019-cu il tarixli Fərmanının təsirinə düşmür, ona hazırki iş üzrə kreditin restrukturizasiya olunması (restrukturizasiya təklifi digər kredit borcu ilə bağlıdır) təklif olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 iyul 2021-ci il tarixli, 9/4369 saylı ekspert rəyində qeyd olunur ki, iş materiallarında olan cari hesabdan çıxarış, maliyyə arayışı məlumatları və tərəflər arasında bağlanılmış 02 mart 2015-ci il tarixli, 419 SF saylı kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə, Cavabdeh2 02.03.2018-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) əsas kredit borcu 4.983,84 manat, faiz borcu 473,97 manat, 22.01.2021-ci il tarixə (maliyyə arayışı tarixinə) əsas kredit borcu 4.234,53 manat, faiz borcu 1.127,98 manat müəyyən edilir. Məhkəmə müəyyən etdi ki, İddiaçı ASC-nin İmişli filialı ilə Cavabdeh2 arasında 02 mart 2015-ci il tarixli, 419 SF saylı kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən, Cavabdeh2 illik 6 faiz dərəcəsi ilə, 36 ay müddətinə 5.000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda İddiaçı ASC-nin İmişli filialı ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh1 arasında 02.03.2015-ci il tarixli, 6655 saylı zaminlik müqaviləsi bağlanmışdır. Göstərilən zaminlik müqaviləsinə əsasən, zaminlər bütün daşınar və daşınmaz əmlakları ilə bankla borcalan arasında 02 mart 2015-ci il tarixli, 419 SF saylı kredit müqaviləsi üzrə Cavabdeh2 bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərilərinə götürmüşlər. İddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh2 həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 02 mart 2015-ci il tarixli, 419 SF saylı kredit müqaviləsi üzrə Cavabdeh2 4.194,63 manat əsas kredit borcunun mövcud olduğu iş materialları ilə təsdiq edildiyindən (ekspert rəyi ilə 05.07.2021-ci il tarixə 4.234,53 manat əsas kredit borcunun olduğu müəyyən olunur) və iddiaçı əsas borc kimi həmin məbləği tələb etdiyindən, məhkəmə hesab edir ki, əsas borc hissəsində Cavabdeh2 münasibətdə iddia təmin edilməli, 4.194,63 manat əsas borc Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Cavabdehlərdən iddiaçının xeyrinə 789,89 manat faiz borcunun tutulması hissəsində isə məhkəmə iddianı qismən, yəni 473,97 manat faiz borcunun tutulması hissəsində və Cavabdeh2 münasibətdə əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 iyul 2021-ci il tarixli, 9/4369 saylı ekspert rəyi ilə 02 mart 2015-ci il tarixli, 419 SF saylı kredit müqaviləsi üzrə Cavabdeh2 02.03.2018-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) faiz borcu 473,97 manat müəyyən edilir. Cavabdehlərdən iddiaçının xeyrinə kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 613,06 manat faiz borcunun tutulması hissəsində də məhkəmə iddianı qismən, yəni 613,06 manat faiz borcunun Cavabdeh2 tutulması hissəsində əsaslı hesab edir. Belə ki, 05 iyul 2021-ci il tarixli, 9/4369 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, 02 mart 2015-ci il tarixli, 419 SF saylı kredit müqaviləsi üzrə Cavabdeh2 02.03.2018-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) faiz borcu 473,97 manat, 22.01.2021-ci il tarixə (maliyyə arayışı tarixinə) faiz borcu 1.127,98 manat təşkil edir. Göründüyü kimi, kredit müqaviləsi üzrə müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış faiz borcu 654,01 (1.127,98 – 473,97) manat təşkil edir. Lakin iddiaçı müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesblanmış 613,06 manat faiz borcunun tutulmasını xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən,, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh2 kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini qaytarmalı olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də iddianın 4.194,63 manat məbləğində əsas borcun, hesablanmış 473,97 manat məbləğində faiz borcun və müqavilə müddəti bitdikdən sonra hesablanmış 613,06 manat faiz borcunun ödənilməsinə dair hissələri Cavabdeh2 münasibətdə əsaslıdır. Məhkəmə digər cavabdehlər Cavabdeh3 və Cavabdeh1 münasibətdə qeyd edir ki, öhdəliyi zaminliklə təmin olunmuş əsas öhdəliyin yarandığı andan əmələ gəlmişdir. Kredit və zaminlik müqaviləsindən görünür ki, əsas öhdəliyin icrası vaxtı 02.03.2018-ci il tarixdə başa çatmış, lakin iddiaçı yalnız 02.03.2021-ci il tarixdə icra edilməmiş öhdəlik üzrə zaminlər Cavabdeh3 və Cavabdeh1 qarşı iddia irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Belə olan halda Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə zaminliyə qanunun imperativ tələbi əsasında xitam verildiyindən, məhkəmə hesab edir ki, Cavabdeh3 və Cavabdeh1 münasibətdə iddia tələbi əsassızdır. Məhkəmə iddianın 419,25 manat cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə cərimənin 419,25 manat məbləğində deyil, 25 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 4 manatı iddiaçıya aid edilməli, 26 manatı isə Cavabdeh2 iddiaçının xeyrinə tutulmal, iş üzrə təyin edilmiş məhkəməmühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 150 manatın 132 manat hissəsi Cavabdeh2, 18 manat hissəsi isə Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 4.194,63 manat əsas borc, 473,97 manat faiz borcu, 25 manat cərimə (dəbbə pulu) borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış 613,06 manat faiz borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 26 manat olmaqla, cəmi 5.332,66 (beş min üç yüz otuz iki manat, altmış altı qəpik) manat məbləğində pul tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 4.194,63 manat əsas borc, 473,97 manat faiz borcu, 25 manat cərimə (dəbbə pulu) borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış 613,06 manat faiz borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 26 manat olmaqla, cəmi 5.332,66 (beş min üç yüz otuz iki manat, altmış altı qəpik) manat məbləğində pul tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manatın 132 (bir yüz otuz iki) manat hissəsi Cavabdeh2, 18 (on səkkiz) manat hissəsi isə Ləğv prosesində olan İddiaçı ASCnin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22. Hesab №AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2-2(121)-466/2021
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-466/2021
05.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver