Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-471/2025 18.03.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi ilə İddiaçı Cavabdeh MMC-nə qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cаvаbdеh Cavabdeh MMC-dən ödənilməmiş 900 manat icarə haqqının, avtomobilə vurulmuş 1760 manat ziyanın, ödənilmiş 47 manat dövlət rüsumunun аlınаrаq iddiaçıya vеrilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli 01 saylı avtomobil icarəsi haqqında müqavilə əsasında mülkiyyətində olan Nissan Note markalı ** CO *** dövlət nömrə nişanlı avtomobili cavabdehə aylıq ödənişi 600 manat olmaqla 36 ay müddətinə icarəyə vermişdir. Lakin iyul və avqust ayları ərzində heç bir ödəniş olmamış, avqust ayının 14-də isə avtomobil cavabdehdən 1760 manat dəyərində qüsurla götürülmüşdür. Həmin günədək isə 900 manat ödənilməmiş icarə haqqı borcu qalmışdır. Nəticədə cavabdeh tərəfindən icarə müqaviləsinin 2.1.2, 2.1.4, 2.1.5-ci maddələrinin tələbləri pozulmuşdur. Müqavilənin 3.2-ci bəndinə əsasən cavabdeh ümumilikdə ödəməli olduğu 2660 (1760+900) manat pulu gecikdirdiyi hər gün üçün 1% cərimə ödəməlidir. İddiaçı ərizə verərək məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə baxış iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə baxış iclasının Cavabdeh nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarını nəzərə alaraq, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiq edilən digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə (VÖEN) sahibkarlıq subyekti kimi qeydiyyata alınmışdır. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə (VÖEN) sahibkarlıq subyekti kimi qeydiyyata alınmışdır. İş materiallarında olan iddiaçı (İcarəyə verən) İddiaçı ilə cavabdeh (İcarəçi) Cavabdeh nümayəndəsi X1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 01 nömrəli “Avtomobil icarəsi haqqında müqaviləsi”nin: 1.1-ci bəndinə əsasən, “İcarəyə verən” “İcarəçi”yə bu Müqaviləyə Əlava razılaşmalarda qeyd edilən nəqliyyat vasitələrini icarəyə verir, “İcarəçi” isə həmin nəqliyyat vasitələrini qəbul edir və Müqavilə ilə razılaşdırılmış qaydada icarə haqqını “İcarəyə verən”ə ödəyir. 1.2-ci bəndinə əsasən, bu müqavilədə qeyd edilən nəqliyyat vasitəsi həm icarədara təhvil verilərkən, həm də icarədardan geriyə təhvil alınarkən nəqliyyat vasitələrinin sazlıq dərəcəsini və ümumi vəziyyətini müəyyən edən “təhvil-təslim haqqında” akt tərtib edilir və hər iki tərəf bu aktı imzalayır. 2.2.9-cu bəndinə əsasən, İcarəyəverən müqaviləyə xitam vermək istədikdə bu barədə İcarəçini ən azı 15 iş günü öncədən yazılı bildirişlə xəbərdar etməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Ödəniş cədvəli”nin surətindən görünür ki, xx.xx.2024-cü il tarixli, 01 nömrəli icarə müqaviləsi üzrə aylıq ödəniş məbləği 600 manat təşkil edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli təhvil-təslim aktının surətindən görünür ki, İcarəyə verən BAN:E12320397 seriya nömrəli, ** CO ***5 qeydiyyat nişanlı, Nissan Note markalı, 2014-cü il buraxılışlı nəqliyyat vasitəsini xx.xx.2024-cü il tarixli, 01 nömrəli icarə müqaviləsinə uyğun olaraq işlək vəziyyətdə içarəçiyə təhvil verir, icarəçi isə həmin nəqliyyat vasitəsini təhvil alır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Qüsur aktı”ndan görünür ki, nəqliyyat vasitəsinin ehtiyat hissələrinin dəyişdirilməsinə, təmir və zəhmət haqqına görə ümumilikdə cəmi 1760 manat tələb olunur və ya ödənilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, xx.xx.2024-cü il tarixli, 01 nömrəli “Avtomobil icarəsi haqqında” müqavilə” əsasında ödənilməmiş 900 manat icarə haqqının, avtomobilə vurulmuş 1760 manat ziyanın 3 gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdehnə xəbərdarlıq edilmişdir. Beləliklə məhkəmə, iş materiallarında olan sənədlərə əsasən müəyyən edir ki, tərəflər arasında yaranmış mübahisənin predmetini, onların daxil olduqları müqavilə münasibətləri üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində subyektiv hüququnun pozulmasını iddia edərək həmin hüquqlarının bərpa edilməsinə dair iddiaçının tələbi təşkil edir. Məhkəmə qeyd edir ki, mübahisə tərəflərinin hər ikisinin sahibkarlıq subyekti olmaları, mübahisənin predmetinin tərəflər arasında bağlanmış mülki hüquqi əqd (icarə müqaviləsi) üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində pozulmuş hüququnun bərpa edilməsinə dair iddiaçının tələbinin təşkil etməsi və tərəflərin daxil olduqları hüquq münasibətlərinin xarakterinin onların həm birgə, həm də ayrı-ayrı həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə bağlı olması hazırki mübahisənin kommersiya xarakterdə olmasını şərtləndirir. Məhkəmənin, iş materiallarında olan sənədlərə əsasən müəyyən etdiyi işin faktiki halları belədir ki, iddiaçı tərəfindən ona məxsus olan avtomobilin sahibkarlıq məqsədi ilə istifadə edilməsi üçün cavabdehin icarəsinə verilməsinə, cavabdehin isə icarəyə götürdüyü avtomobildən istifadəyə görə şərtləşdirilmiş icarə haqqının iddiaçıya ödənilməsinə dair tərəflər arasında razılıq əldə olunmuşdur və həmin razılığı onlar xx.xx.2024-cü il tarixli “Avtomobil icarəsi haqqında” müqavilə ilə rəsmiləşdirmişlər. İddiaçı qeyd edilən müqavilə üzrə üzərinə düşən öhdəliyi icra edərək icarə obyekti olan avtomobili işlək vəziyyətdə cavabdehə təhvil verdiyini, lakin cavabdehin avtomobil onda olduğu müddət üçün (iyul və avqust ayları) icarə haqqını ödəmədiyini, nəticədə cavabdehin ödənilməmiş 900 manat məbləğində icarə haqqı borcunu qaldığını, xx.xx.2024-cü il tarixdə avtomobili cavabdehdən geri alarkən avtomobildə ümumilkdə 1760 manat həcmində qüsurlar olduğunu, cavabdehin müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməyərək icarə haqqını tam ödəmədiyini, həmçinin avtomobilə vurulmuş ziyanın aradan qaldırılması üçün tələb olunan məbləği ödəməkdən yayındığını bildirir. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq bu qənaətə gəlir ki, iddia tələbinin maddi hüquqi əsasını icarə müqaviləsinə dair münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34-cü fəslində yer alan normalar və zərərin əvəzinin ödənilməsinə dair tələbin hüquqi əsaslarına dair müvafiq müddəalar təşkil edir. Məhkəmə hesab edir ki, mübahisəni tətbiq ediləcək maddi hüquq normalarına əsasən həll etməzdən əvvəl ilk olaraq işin mübahisəsiz və mübahisəli halları müəyyən edilməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsi qaydalarına uyğun olaraq tərəflərin öz tələb və etirazlarının əsası kimi gətirdikləri dəlillərə hüquqi qiymət verilməlidir. Məhkəmə tərəflər arasında etibarlı şəkildə bağlanılmış icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yarandığını müəyyən edərək işdə olan sənədlərə və digər sübut əhəmiyyətli materiallara əsasən bu qənaətə gəlir ki, tərəflər arasında minik avtomobilinin icarəyə verilməsinə dair müqavilənin bağlandığı, həmin müqavilənin etibarsızlığına dəlalət edən halların olmadığı, müqavilə şərtlərinə görə cavabdeh tərəfindən aylıq hər bir avtomobilə görə 600 manat məbləğində icarə haqqı ödənilməsinin razılaşdırıldığı, icarə obyekti olan avtomobilin xx.xx.2024-cü il tarixdən cavabdehə təhvil verildiyi işin mübahisəsiz hallarıdır. İşin mübahisəli hallarını isə, cavabdeh tərəfindən müqavilə üzrə ödənilməmiş 900 manat məbləğində icarə haqqı borcunun olması, icarə obyekti olan avtomobilə cavabdeh tərəfindən 1760 manat məbləğində ziyan vurulması barədə iddiaçının tələbi təşkil edir. Məhkəmə, lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin məhkəmə iclaslarında iştirak etməməsini, həmçinin cavabdehin iddia tələbinə münasibətini bildirməməsini, həmçinin iddiaçının da məhkəmə iclaslarında iştirak etməməsini, işə onun iştirakı olmadan baxılaraq yekun məhkəmə aktı qəbul edilməsinə dair iddiaçının ərizəsini nəzərə alaraq qeyd edir ki, mübahisə işdə olan sübut qismində təqdim edilmiş sənədlərin qiymətləndirilməsi yolu ilə həll edilməlidir. Məhkəmə qeyd edir ki, işin mübahisəli hallarını təşkil edən xüsusatları sübut etmə vəzifəsi iddiaçının üzərinə düşməsinə baxmayaraq, iddiaçı icarə obyekti olan avtomobilin hansı tarixdə cavabdehdən təhvil alınmasını (götürülməsini), avtomobilin hansı müddətdə cavabdehin istifadəsində olmasını, avtomobildə aşkar edilmiş qüsurların onun cavabdehin sahibliyində olduğu zaman yetirildiyini, həmin qüsurların məhz cavabdehin təqsiri nəticəsində yarandığını təsdiq edən mötəbər və yetərli sübutları təqdim etməmişdir. İddia ərizəsinə əlavə edilmiş sübutlar isə yuxarıda sadalanan işin mühüm əhəmiyyət kəsb edən hallarını təsdiq etmək üçün kifayət hesab edilə bilməz. Məhkəmə, həmçinin işdə olan qüsur aktının məzmununu təhlil edərək bu qənaətə gəlir ki, aktda qeyd edilən qüsurların bir hissəsi avtomobillərdə müəyyən vaxt aralıqlarında aparılması zəruri olan cari işlərlə əlaqədardır və bu işlər icarə obyektinin müqavilə şərtlərinə uyğun adi istifadəsi zamanı həyata keçirilməsi zəruri olan işlərdir. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının bildirdiyinə görə icarə obyekti olan avtomobil cəmi 2 ay 14 gün müddətində cavabdehin istifadəsində olmuşdur. Bu müddət ərzində isə qüsur aktında göstərilən digər nasazlıqların əmələ gəlməsi ağlbatanlıq meyarlarına uyğun deyildir. Lakin hər bir halda qeyd olunan qüsurların icarə obyekti olan avtomobilin cavabdehin sahibliyində və istifadəsində olduğu müddətdə yaranmasını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Qeyd olunduğu kimi, belə sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, iddiaçı icarə obyekti olan avtomobilin hansı müddət ərzində cavabdehin sahibliyində və istifadəsində olmasına, avtomobilin hansı tarixdə cavabdehdən təhvil alınmasına (götürülməsinə) dair sübutları təqdim etmədiyinə görə iddia tələbi icarə haqqı borcunun tutulması hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 676.0, 676.0.1, 676.0.2 və 676.0.3-cü maddələrinin birgə tələblərinə görə, kirayəyə verilən əşyanın kirayəçinin istifadəsi üçün yararlı vəziyyətdə olması, kirayəyə verilmiş əşyanın əmlak kirayəsi müqaviləsi ilə qarantiya verilmiş xassələrə malik olması və üçüncü şəxslərin hər hansı hüquqları və ya iddiaları kirayəyə verilmiş əşyanın müqavilədə nəzərdə tutulan istifadəsinə mane olmaması və ya bu istifadəni istisna etməməsi üçün kirayəyə verən məsuliyyət daşıyır. Həmin Məcəllənin 682-ci maddəsinə əsasən, kirayəçi kirayəyə götürdüyü əşyanın müqavilə üzrə istifadəsi nəticəsində dəyişməsi və ya pisləşməsi üçün məsuliyyət daşımır. Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Məhkəmə, iddia tələbinin vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi hissəsində də əsassız olduğu qənaətinə gələrək qeyd edir ki, vurulmuş ziyanın əvəzinin ödənilməsi barədə tələbin hüquqi əsası Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələrində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qeyd edir ki, məlum olduğu kimi, zərərin əvəzinin ödənilməsinin əsas məqsədi zərərçəkmiş şəxsin əmlakında mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərlə əmələ gələn ziyanın aradan qaldırılmasından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsində mülki hüquq pozuntusu nəticəsində mülki məsuliyyətin əsaslarını müəyyən edən maddi hüquq normalarının dispozisiyalarından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin yaranması və borclunun hüquqa zidd əməli ilə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Bu mənada zərər mülki hüquq məsuliyyətinin yaranması üçün vacib ünsürlərdən birini təşkil edir. Əgər mülki hüquq məsuliyyətinin müəyyən edilməsi zamanı, mülki hüququn təqsir prezumpsiyasına görə hüquqa zidd əməlin törədilməməsini sübut etmək yükü borclunun üzərinə düşürsə, zərərçəkən zərər vurulması faktını, həmin faktla zərər formasında nəticə arasında səbəbli əlaqənin olmasını və zərərin həcmini (miqdarını, məbləğini) sübuta yetirməyə borcludur. Məhkəmə qeyd edir ki, baxılan işdə iddiaçı cavabdehin hüquqa zidd əməli nəticəsində zərərə məruz qalmasına, həmin zərərin həcminə dair halları sübut etməklə mükəlləf olmasına baxmayaraq, həmin sübutları məhkəməyə təqdim etməmişdir. Buna görə də, iddia tələbi vurulmuş zərərin ödənilməsi hissəsində də təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsi təmin edilmədiyinə görə ödənilmiş dövlət rüsumu məbləğinin cavabdehdən tutulmasına dair hissəsində də iddia təmin edilməməli, həmin məsrəf iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, İddiaçı Cavabdeh MMC-nə qarşı icarə haqqının və vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi əsassızdır və buna görə də iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-471/2025
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-471/2025
18.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver