Məhkəmə qərarları › İş №e-2-2(121)-477/2022

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-477/2022

24.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-477/2022 24.05.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı – kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barəsində iddiasına dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı - 15.000 (on beş min) manat əsas, 2.737,50 (iki min yeddi yüz otuz yeddi manat 50 qəpik) manat faiz, 1.155,00 (bir min bir yüz əlli beş manat) manat cərimə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2.148,64 (iki min bir yüz qırx səkkiz manat 64 qəpik) manat faiz borcu, ilkin mediasiya sessiyasın keçirilməsi ilə bağlı ödənilmiş 200 (iki yüz) manat məbləğində xərc Cavabdeh İsrahil oğlundan ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh İsrahil oğlu arasında bağlanmış 07.05.2015-ci il tarixli, 456/15 saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, illik faiz dərəcəsi 6% ödənilmək şərtilə 15.000 AZN (on beş min) manat məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinə əsasən borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Borclu mütamadə ödənişlər etmişdir. Tərəfimizdən cavabdehə 07.05.2015-ci il tarixli, 456/15 saylı kredit müqaviləsi üzrə borcu üzrə yaranmış borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması üçün mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. Cavabdeh təklifə cavab vermədiyi üçün tərəfimizdən Mediasiya Şurasına yaranmış borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması üçün müraciət olunmuşdur. 05.03.2021-ci il tarixinə Cavabdeh İsrahil oğlunun kredit üzrə cəmi borcu 21.041,14 (iyirmi bir min qırx bir manat 14 qəpik) manat təşkil edir. Bundan 15.000 (on beş min) manat əsas, 2.737,50 (iki min yeddi yüz otuz yeddi manat 50 qəpik) manat faiz, 1.155,00 (bir min bir yüz əlli beş manat) manat cərimə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2.148,64 (iki min bir yüz qırx səkkiz manat 64 qəpik) manat faiz borcu təşkil edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Lakin iddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək məhkəmə prosesinin iştirakları olmadan keçirilməsini xahiş etmiş, o cümlədən iddia tələbini tam müdafiə etdiklərini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək iddia müddəti ötürüldüyündən iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyərək, iş materiallarını araşdıraraq və bütün sübutları tədqiq edərək hesab edir ki, iddia müddəti ötürüldüyündən, iddia rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında 456/15 saylı, 07.05.2015-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Göstərilən kredit müqaviləsinə əsasən cavabdehə illik 6 faiz ödəmək şərti ilə 36 ay müddətinə 15.000 manat məbləğində kreditin verilməsi barədə tərəflər razılığa gəlmişlər. İş materiallarında olan 07 may 2015-ci il tarixli məxaric orderindən görünür ki, Cavabdeh 15.000 manat kredit verilmişdir. İşdən görünür ki, iddiaçı tərəfindən cavabdehə 30.03.2021-ci il tarixli pretenziya məktubu göndərilmişdir. İşin materiallarında olan 30.03.2021-ci il tarixli arayışdan görünür ki, cavabdehin qeyd edilən kredit müqaviləsi üzrə 15.000 manat məbləğində əsas borc, 2.737,50 manat məbləğində faiz borcu, 1.155 manat məbləğində cərimə borcu, 2.148,64 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu, cəmi 21.041,14 manat məbləğində kredit borcu vardır. İş materiallarında olan ləğv prosesində olan İddiaçı ASC-nin məhkəməyə ünvanladığı məktubdan görünür ki, cavabdehin borcu Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28.02.2019-cu il tarixli Fərmanının təsirinə düşmür. İş materiallarına əlavə edilən hesabdan çıxarışdan görünür ki, Cavabdeh sonuncu dəfə 14.12.2016-cı il tarixdə 75 manat məbləğində kredit ödənişi etmişdir. İş materiallarında olan ləğv prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh 23.09.2021-ci il tarixində ünvanlanmış “Mediasiya prosesinin tətbiqi barədə təklif”dən görünür ki, ləğv prosesində olan İddiaçı ASC tərəfindən aralarında olan mübahisənin mediasiya vasitəsi ilə həll edilməsini və mediasiyaya dair xərclərin tərəflər arasında bərabər şəkildə bölünməsi Cavabdeh təklif edilmişdir. İş materiallarında olan 01/M/006776/2021 saylı, 12 noyabr 2021-ci il tarixli “ilkin mediasiya prosesində iştirak edilməməsi barədə” arayışdan görünür ki, ləğv prosesində olan İddiaçı ASC ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 210 manat məbləğində mediasiya xərci ödəmişdir. İşə əlavə edilən Cavabdeh məhkəməyə ünvanladığı 28.03.2022-ci il tarixli ərizədən görünür ki, cavabdeh iddia tələbinə iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Odur ki, iddia tələbi iddia müddəti ötürüldüyündən rədd edilməlidir. Belə ki, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında 07.05.2015-ci il tarixində bağlanmış kredit müqaviləsinə əsasən ona 07.05.2018-ci il tarixədək qaytarılması şərtilə, illik 6 faiz hesablanmaqla 15.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh sonuncu dəfə 14.12.2016-cı il tarixdə 75 manat məbləğində kredit ödənişi etmişdir. Belə olan halda, iddiaçı üçün iddia müddətinin axımı 07.05.2018-ci ildən başlamışdır. İşin materiallarından isə görünür ki, iddiaçının mövcud iddia ərizəsi 07.02.2022-ci il tarixdə məhkəməyə verilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət edənədək, göstərilən tələb üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası MM-nin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Məhkəmə, eyni zamanda qeyd edir ki, iddiaçı tərəfindən cavabehə mediasiya prosesinin tətbiqi barədə təklif 23.09.2021-ci il tarixində, yəni iddia müddətinin bitdiyi 07.05.2021-ci il tarixdən sonra göndərilmişdir. Belə olduğu təqdirdə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsinə əsasən iddia müddətinin axımının dayandırılmasına səbəb olan hallar mövcud olmamışdır. Məhkəmə sadalanmış normaların məzmununa əsasən qeyd edir ki, mülki qanunvericilik müəyyən edilmiş müddət ərzində başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququnu müdafiə edir ki, müqavilə münasibətlərində bu müddət 3 (üç) il təşkil edir. Müddətin axımı icra müddəti müəyyən edilmiş öhdəliklər üzrə həmin müddət bitdikdə başlanır və həmin andan şəxs öz hüququnun pozulduğunu bilməlidir. İddia müddətinin tətbiqinin mümkünlüyü mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında aparılmalıdır. Lakin, iddiaçı müqavilə öhdəlikləri üzrə qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürmüş, bu vaxt ərzində hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməmişdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 399-cu maddəsi müqavilənin qüvvədə olma müddətinə aid müddəaları müəyyən edir ki, kredit müqaviləsində də yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Bununla bağlı, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03.06.2013-cü il tarixli qərarında göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Göründüyü kimi, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 456/15 saylı, 07.05.2015-ci il tarixli kredit müqaviləsi üzrə icra müddəti 07.05.2018-ci il tarixdə bitərək iddia müddətinin axımı başladığından, iddia müddəti 07.05.2021-ci il tarixdə bitmişdir. Odur ki, iddia ərizəsi iddia müddəti ötürülməklə, yəni 07.02.2022-ci il tarixində verildiyindən iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı bu cür tələblər üçün qanunla müəyyən edilmiş müqavilə tələbləri üzrə iddia müddətini ötürdüyündən, habelə mübahisə tərəfi olan cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə verdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, iddia müddətinin ötürülməsinə görə iddia rədd edilməlidir. Məhkəmə iddia tələbinin “müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcunun ödənilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən, bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Qeyd edilən Məcəllənin 445.7-ci maddəsinə əsasə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Göründüyü kimi, Mülki Məcəllənin “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iş üzrə iddia müddəti tətbiq edilərək, iddia müddətinin ötürülməsinə görə iddia tələbi digər hissələrdə rədd edilməli olduğundan, iddianın qeyd edilən hissəsi də əsassızdır. Buna görə də, iddia bu hissədə də rədd edilməlidir. Məhkəmə eyni zamanda iddianın 200 manat mediasiya xərcinin cavabdehdən alınmasına dair hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia isə rədd edilməli olduğundan məhkəmə xərci olan 200 manat məbləğində mediasiya xərci iddiaçıya aid edilməlidir. Buna görə də iddianın mediasiya xərcinin cavabdehdən alınmasına dair hissəsi də rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki, iddia müddəti ötürüldüyündən iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı – kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar