Məhkəmə qərarları › İş №e-2-2(121)-478/2023

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-478/2023

17.05.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-478/2023 17.05.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi barəsində iddiasına dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı 451,64 manat əsas borcun, 20 manat mediasiya xərcinin və 10 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış şifahi əqdə əsasən, cavabdeh 2017-ci il mövsümündə xam-pambıq əkilməsi məqsədilə iddiaçıdan avans olaraq xidmətlər göstərilməsini, nağd, mal-material vəsaitlər verilməsini, bunun müqabilində isə tədarük mövsümü vaxtı xampambıq verməklə təhvil götürdüyü avansın dəyərini əvəzləşdirməyi öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 329.3-cü bəndinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Belə ki, cavabdeh tərəfindən iddiaçıdan avans olaraq ümumi dəyəri 591,64 manat təşkil edən aqrotexniki xidmətlərin, mal-materialın, nağd vəsaitin və s. təhvil alınması özündə şifahi əqdi ehtiva edir. Cavabdeh tərəfindən iddiaçıya təhvil götürdüyü avansın müqabilində xam-pambıq təhvil verilməmişdir. Cavabdeh 140 manat dəyərində təhvil aldığı avans vəsaitini iddiaçıya geri qaytarmışdır. Son nəticədə cavabdehin iddiaçıya təhvil götürdüyü avans vəsaitlərin dəyərinə görə 451,64 manat borcu yaranmışdır. Cavabdeh tərəfindən iddiaçının pretenziyasına cavab verilməmişdir. Bununla da, cavabdeh Mülki Məcəllənin 425.1 və 385.1-ci maddələrinin tələblərini pozmuşdur. Keçirilmiş ilkin mediasiya sessiyasında iddiaçının nümayəndəsi iştirak etmiş, cavabdehin iştirak etməməsi barədə isə iddiaçıya arayış təqdim olunmuşdur. İddiaçı MMC-nin nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək, işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh işlərin görülməsi üçün avans ayrılmış, xidmətlər göstərilmiş və işlər görülmüşdür. Cavabdehin 451,64 manat məbləğində borcunun olması göstərilmişdir. İş materiallarına əlavə edilən məxaric orderi, qaimələr, aktların surətlərindən görünür ki, 365,93 manat məbləğində borcu qalmışdır. İş materialında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış pretenziyanın surətindən görünür ki, İddiaçı MMC və Cavabdeh arasında bağlanmış şifahi alqı-satqısı müqavilə(lər)sinə əsasən Cavabdeh ödənilməmiş 451,64 manat borcun ödənilməsinin təmin edilməsi barədə xəbərdarlıq edilmişdir. Göründüyü kimi, tərəflər arasında ayrıca şəkildə yazılı qaydada müqavilə imzalanmasa da, onlar arasında faktiki olaraq şifahi müqavilə bağlanmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.1-ci maddəsinə əsasən, müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Həmin Məcəllənin 409.4-cü maddəsinə əsasən, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya ofertada ayrı qayda göstərilməyibsə, oferta almış şəxsin onun aksepti üçün müəyyənləşdirilmiş müddətdə ofertada göstərilən müqavilə şərtlərini yerinə yetirmək (malları yola salmaq, xidmətlər göstərmək, işlər görmək, müvafiq məbləği ödəmək və s.) üçün hərəkətlər etməsi aksept sayılır. Məhkəmə hesab edir ki, tərəflər arasında yazılı qaydada müqavilə imzalanmasa da, tərəflər arasında şifahi müqavilə bağlanmış sayılır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.3-cü maddəsinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Digər tərəfdən, bu cür müqavilənin bağlanması üçün ayrıca şəkildə mütləq qaydada yazılı müqavilənin bağlanmasına zərurət yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.4-cü maddəsinə əsasən, susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır. Məhkəmə, müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla hesab edir ki, tərəflər arasında qeyd edilən müqavilə baş tutmuşdur. Beləliklə, iddiaçı ilə cavabdeh arasında bağlanmış şifahi müqaviləyə əsasən iddiaçı tərəfindən həmin sahəyə görə xərc çəkilmişdir (avans ayrılmış, xidmətlər göstərilmiş və işlər görülmüşdür). Lakin, cavabdehin borcu yaranmışdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı aralarında bağlanmış şifahi müqavilə üzrə əsas borcu tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış şifahi müqavilə əsasında cavabdeh iddiaçıdan avans almaq və iddiaçının xidmətlərindən istifadə etmək hüququna malik olduğu kimi, eyni zamanda sahədə pambıq becərərək, iddiaçıya təhvil verilməsinə dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında avans almasına və iddiaçının xidmətlərindən istifadə etməsinə dair hüququndan istifadə etmiş, lakin müqavilə üzrə vəzifələrini tam yerinə yetirməmişdir. Odur ki, iddiaçı göstərilən borcun ödənilməsini tələb etməkdə haqlıdır. Lakin, məhkəmə hesab edir ki, iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Ona görə ki, iş materiallarına əlavə edilən məxaric orderi, qaimələr, aktların surətləri ilə cavabdehin iddiaçıya 451,64 manat məbləğində deyil, 365,93 manat məbləğində borcunun olması müəyyən edilir. Belə ki, Azota (Ammofosa) görə iddiaçının cavabdehə 85,71 manat məbləğində nağd vəsait ödəməsi müəyyən edilmir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, cavabdehdən göstərilən şifahi müqavilə üzrə 365,93 manat (belə ki, 451,64-85,71=365,93 manat) məbləğində borc tutulmalıdır. Məhkəmə eyni zamanda iddianın 20 manat mediasiya xərcinin cavabdeh(lər)dən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. Ona görə ki, cavabdeh(lər) iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilə(lər)dən irəli gələn vəzifələrini icra etməmə(lər)si nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli olduğundan, iddia bu hissədə də qismən təmin edilərək cavabdehdən 18 manat məbləğində mediasiya xərci tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin iddianın 10 manat dövlət rüsumunun cavabdeh(lər)dən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli, iddia qismən təmin edilməli olduğundan, iddiaçı isə dövlət rüsumunu ödəməkdən azad olunduğundan, iddiaçı tərəfindən ödənilən 10 manat dövlət rüsumunun 9 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddiaçı tərəfindən ödənilməyən dövlət rüsumunun 18 manatı isə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 365,93 manat məbləğində borc, 18 manat məbləğində mediasiya xərci, 9 manat məbləğində dövlət rüsumu, cəmi 392,93 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 18 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar