Məhkəmə qərarları › İş №e-2-2(121)-481/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-481/2024

22.08.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-481/2024 22.08.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9718 (doqquz min yeddi yüz on səkkiz) manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Masallı rayonunun Qodman kəndində qeydiyyatda olmaqla orada yaşayır. 1987-ci ildə həmkəndlisi Ramiz Əliyev ilə ailə həyatı qurmuşdur. Birgə yaşadıqları dövrdə Fəqan və Fərman adlı iki oğlan övladları dünyaya gəlmişdir. Həyat yoldaşı Ramiz 1996-cı il tarixdə 32 yaşında zəhərlənmədən vəfat etmişdir. Həyat yoldaşının vəfatından sonra azyaşlı övladlarını boya başa çatdırmaq üçün hər cür əzaba, zəhmətə qatlaşmalı olmuşdur. Bir tikə çörək əldə etmək üçün evlərə təmizliyə getmişr və kənd əhalisindən süd yığaraq süd toplanış məntəqələrinə vermişdir. İllərlə tədarük etdiyi südü əsas alıcı kimi “süd-pendir tədarükü sexi” olan Masallı rayonunun Ərkivan qəsəbə sakini Cavabdeh təhvil verib pulunu almışdır. Lakin bir müddət belə davam etdikdən sonra Cavabdeh təhvil verilmiş südün pulunun ödəməsini gecikdirməyə başlamışdır. Bir müddət belə davam etdiyindən iddiaçı cavabdehə müraciət edərək süd pulunun ödəniləmədiyini bildirərək, pulun ödənilməsini xahiş etmişdir. Cavabdeh əvvəlcə belə bir halın mümkün olmadığını bildirsə də, iddiaçının təkidlərindən sonra süd toplanışına dair “dəftərləri” təftiş edərək, həmçinin bu işə məsul olan işçiləri dindirərək tələbinin haqlı olduğuna qənaət gətirmiş və tezliklə məsələnin həll ediləcəyini söyləmişdir. Lakin ödəmələrin gecikdirilməsi davam etdiyindən və iddiaçı süd tədarük etdiyi insanlar qarşısında borclu vəziyyətinə düşdüyündən, məcburən yenidən cavabdehə müraciət etmişdir. Lakin, iddiaçı pulu almaq üçün hər dəfə ona müraciət etdikdə, o, işlərinin zəif olduğunu, yaxın zamanlarda daha yaxşı olacağını və iddiaçıya bütün ödəmələrini həyata keçirəcəyini bildirmiş, həmçinin süd gətirilməsinin davam etdirilməsini xahiş etmişdir. Yeganə qazanc yeri olduğu üçün, iddiaçı ödəmələrin ediləcəyi ümidi ilə çarəsizlikdən cavabdehlə əlaqəni kəsməyərək ona süd təhvilini davam etdirmişdir. Nəticədə cavabdehlə aralarındakı borcun məbləği 21702 (iyirmi bir min yeddi yüz iki) manatadək artmışdır. İddiaçının süd aldığı və borclu olduğu insanlar əvvəllər ona mərhəmətlə yanaşsalar da, sonradan hər kəs haqlı olaraq haqqını tələb etməyə başlamışdır. İddiaçı dəfələrlə cavabdehə müraciət edərək yığılan borcu ödəməsini istəmişdir. Dəfələrlə müxtəlif insanlar, ağsaqqallar vasitəsilə ondan xahiş-minnət etmişdir. Nəticədə cavabdeh iddiaçının süd təhvilini davam etdirməsini, özünün isə borcunu hissəhissə ödəyəcəyini bildirmişdir. İddiaçı çarəsizlikdən onunla razılaşmış və Cavabdeh 22 may 2022-ci il tarixə kimi iddiaçıya olan borcunun boyük bir hissəsini kiçik məbləğlərdə, hissə-hissə ödəyərək, borcun məbləğini 9718 (doqquz min yeddi yüz on səkkiz) manatadək azaltmışdır. Lakin sonradan cavbadeh qalan pulu ödəyəcəyini bildirsə də, halhazıra kimi həmin pulu ödəməmişdir. Cavabdeh razılaşmadan yayındığı üçün, iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddia tələbini müdafiə etdiyini, cavabdehlə əməkdaşlıq etdikləri müddətdə ona təqribi 31000 manat dəyərində süd tədarük etdiyini, qarşılığında cavabdehin ona hissə-hissə olmaqla cəmi 21000 manat məbləğində ödəniş etdiyini, qalan məbləği ödəməkdən yayındığını, cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş üzləşmə aktından məlumatının olmadığını, həmin aktın tərtib edilməsində özünün və övladlarının iştirak etmədiyini, aktdakı imzaların ona və övladı X5 aid olmadığını bildirdi və həmin məsələnin araşdırılması üçün məhkəmə xətşünaslıq ekspertizasının təyin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirak etdiyi məhkəmə iclaslarında iddianı qəbul etmədiklərini, iddiaçıya olan borcun tam şəkildə ödənildiyini, bu barədə tərəflər arasında üzləşmə aktının tərtib olunduğunu, həmin aktla da borcun tam ödənildiyinin təsbit olunduğunu bildirmiş və iddianın təmin olunmamasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə keçirimiş məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq ekspert rəyi ilə razı olmadıqlarını, təkrar ekspertiza keçirilməsini xahiş etdiklərini, üzləşmə aktında olan imza onlara aid olmasa da, həmin aktın məzmunundan cavabdehin onlara borclu olduğunun müəyyən edildiyini, cavabdehin işçisinin onlara verilən südün miqdarı və məbləği barədə dəftərdə qeydlər apardığını, son olaraq xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən onlara 500 manat məbləğində pul verildiyini bildirdi və iddianın tam təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini, cavabdehin iddia tələbini qəbul etmədiyini, iddianın tamamı ilə əsassız və qanunsuz olduğunu, cavabdehin iddiaçıya heç bir borcunun olmadığını, iş materiallarına əlavə edilmiş ekspert rəyinin də bunu tam şəkildə sübuta yetirdiyini, iş üzrə şahid qismində dindirilmiş Fərman Əliyevin məhkəmə iclasında bilə-bilə yalan ifadə verdiyini bildirmiş və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini və X3 barəsində xüsusi qərar çıxarıb prokurorluğa göndərilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarını nəzərə alaraq, iş materiallarında olan sənədlərə, işdə iştirak edən proses iştirakçılarının verdikləri izahatlarına və məhkəmə iclasında tədqiq edilən digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə ********** vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) ilə, Cavabdeh xx.xx.2004-cü il tarixdə ********** vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) ilə sahibkarlıq subyektləri kimi qeydiyyata alınmışlar. İş materiallarında olan Cavabdeh, X6 və Ş.Haşimi tərəfindən imzalanmış xx.xx.2022ci il tarixli “Üzləşmə aktı”na əsasən, həmin aktla təsdiq edilir ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hissə-hissə olmaqla Cavabdeh tərəfindən İddiaçı ümumilikdə cəmi 10010 manat məbləğində pul ödənilib və borc tamamlandıqdan sonra tərəflərin keçmiş və gələcək dövrlər üçün bir-birinə heç bir iddiaları yoxdur. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, həmin məktubda cavabdeh tərəfindən təhvil verilmiş süd məhsuluna görə yaranmış 21.702 manat borcdan ödənilməmiş qalan 9718 manat borcun 3 gün müddətində iddiaçıya ödənilməsi tələb edilmişdir. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ın surətindən görünür ki, İddiaçı ərizəsinə əsasən xx.xx.2023-cü il tarixinə təyin edilən ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. X1 verdiyi ifadəsində atası Cavabdeh (cavabdeh) tərəfindən İddiaçı ümumilikdə cəmi 10000 manat pul verildiyini, üləşmə aktı tərtib olunarkən orada iştirak etdiyini, özünün də həmin aktı imzaladığını, iddiaçının oğlu X4 orada iştirak etdiyini və iddiaçı tərəfindən aktı imzaladığını bildirmişdir. X3 verdiyi ifadəsində üzləşmə aktını imzalamadığını, aktda ad, soyadı və ata adının onun tərəfindən yazılmadığını və imzanın da ona məxsus olmadığını bidirmişdir. İş materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(121)-481/2024 nömrəli qərardadı əsasında təyin edilmiş məhkəmə xətşünaslıq ekspertizasının nəticəsinə dair xx.xx.2024-cü il tarixli, 4/803 nömrəli rəydə bildirilir ki, ekspertizaya təqdim edilmiş mülki işin 39-cu vərəqində olan xx.xx.2022-ci il tarixli Üzləşmə aktındakı “Ş.Həşimova” spzlərinin qarşısındakı imza, aktın aşağı hissəsində yazılmış “X8” sözləri və həmin sözlərin altındakı imza X6 tərəfindən icra olunmuşdur. Məhkəmənin iş materiallarında olan sənədlərə, tərəflərin, onların nümayəndələrinin və şahidlərin məhkəmə iclaslarında verdikləri izahatlara əsasən müəyyən etdiyi işin faktiki halları belədir ki, iddiaçı tədarük etdiyi ümumi dəyəri 31000 manat (iddiaçının məhkəmə iclasında verdiyi izahatına əsasən) və ya 21702 manat (iddia ərizəsinə və pretenziyaya əsasən) olan süd məhsulunu cavabdehə təhvil verdiyini, cavabdehin isə təhvil aldığı məhsulun dəyərini tam ödəmədiyini, nəticədə cavabdehin ödənilməmiş 9718 manat borcunun qaldığını və həmin borcu ödəməkdən yayındığını iddia edir. Cavabdeh isə iddianı qəbul etməyərək iddiaçıya olan borcun tam şəkildə ödənildiyini bildirir. Məhkəmə hesab edir ki, işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün ilk növbədə tərəflər arasında mövcud olmuş münasibətlərin xarakterinin, həmin münasibətlərə tətbiq ediləcək maddi hüquq normalarının, həmçinin işin mübahisəsiz və mübahisəli hallarının aşkar edilməsi, mübahisəli halların kimin tərəfindən sübut edilməsinin sübutetmə yükünün bölüşdürülməsi prinsipinə əsasən müəyyən edilməsi zəruridir. Məhkəmə ilk növbədə tərəflər arasında yaranmış münasibətin xarakterinə hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, tərəflər arasında satılan əşyanın qiymətinin müəyyən müddət sonra ödənilməsi şərti ilə alqı-satqı müqaviləsi bağlanılmışdır və işin müəyyən edilmiş faktiki halları Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulan alqısatqı müqaviləsinə dair müvafiq normaların dispozisiya şərtlərinə uyğun gəldiyinə görə iddia tələbinin maddi hüquqi əsasını həmin normalar təşkil edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, iş üçün əhəmiyyət kəsb edən sübutlar tərəflər arasında imzalanmış üzləşmə aktından, tərəflərin (onların nümayəndələrinin) və şahidlərin məhkəmə iclaslarında verdikləri izahatlarından və ekspert rəyindən ibarətdir. Buna görə də, ilk növbədə həmin sübutlara istinad edilərək işin mübahisəsiz və mübahisəli halları müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən yaranan münasibətlərin mövcud olması, cavabdeh tərəfindən alınan malın qarşılığında iddiaçıya təxminən 10000 manat məbləğində pulun verildiyi işin mübahisəsiz hallarınıtəşkil edir. İşin mübahisəli halları belədir ki, iddiaçı ümumi dəyəri 21702 və ya 31000 manat məbləğində süd məhsulunu cavabdehə təhvil verdiyini, cavabdehin isə təhvil aldığı məhsulun dəyərini tam ödəmədiyini, nəticədə cavabdehin ödənilməmiş 9718 manat borcunun qaldığını, cavabdeh isə iddiaçıya borcunu tam ödədiyini iddia edirlər. Məhkəmə müəyyən edir ki, mübahisənin predmetini satılan malın həcminin (miqdarının) və dəyərinin tam və ya qismən ödənilməsinin müəyyən və sübut edilməsi təşkil edir. Buna görə də məhkəmə hesab edir ki, mübahisə üzrə bildirilən dəlillər sübutetmə ilə əlaqədardır və baxılan iş üzrə mübahisə sübutların mümkünlüyü, yetərliliyi və mötəbərliliyi əsasında sübutetmə vəzifəsinin, yükünün tərəflər arasında bölüşdürülməsi prinsipinə uyğun həll edilməlidir Məhkəmə hesab edir ki, cavabdehə hansı miqdarda və məbləğdə malın təhvil verilməsini sübut etmə yükü iddiaçının, alınan malların dəyərinin tam şəkildə ödənilməsini sübut etmə vəzifəsi isə cavabdehin üzərinə düşür. Məhkəmə qeyd edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları mötəbər dəlillərlə sübut edə bilməmişdir. Belə ki, iddiaçı ümumi dəyəri 21702 və ya 31000 manat məbləğində süd məhsulunu cavabdehə təhvil verdiyini iddia etsə də, bunu təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin iddiaçı təhvil verdiyi məhsullara görə cavabdehin ödənilməmiş 9718 manat məbləğində borcunun qaldığına dair tələbini də heç bir mötəbər sübutla əsaslandıra bilməmişdir. Cavabdeh isə işdə olan üzləşmə aktına əsasən iddiaçıya olan borcunu tam şəkildə ödədiyini sübut edə bilmişdir. Belə ki, həmin aktın məzmunundan göründüyü kimi, cavabdeh və iddiaçının oğlu X6 aktı imzalayaraq iddiaçıya cəmi 9510 manat pul verildiyini, borc qalığının 490 manat təşkil etdiyini təsdiq etmişlər. İddiaçının nümayəndəsi Nümayəndə isə məhkəmə iclasında son olaraq xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən onlara 500 manat məbləğində pul verildiyini bildirmişdir. Üzləşmə aktının mötəbərliyi iddiaçı tərəfindən mübahisələndirisə də, təyin edilmiş ekspertizanın nəticəsinə dair rəydə iddiaçının həmin tələbinin əsassız olduğu müəyyən edilmişdir. Şərh olunanları yekunlaşdıraraq məhkəmə bu nətcəyə gəlir ki, iddiaçı tələbini əsaslandıran halları mötəbər və yetərli dəlillərlə sübut edə bilməmişdir. Buna görə də iddia əsassız olduğuna görə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsi təmin edilmədiyinə görə ödənilmiş dövlət rüsumu məbləğinin cavabdehdən tutulmasına dair hissəsində də iddia təmin edilməməli, həmin məsrəflər iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə: qət etdi: İddia ərizəsi təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar